Məhkəmə qərarları › İş №2(004)-1009/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1009/2024

11.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1009/2024 11.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi və əldən çıxmış fayda olaraq 5000 manat məbləğinin ona verilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi və əldən çıxmış fayda olaraq 5000 manat məbləğinin ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 8500 (səkkiz min beş yüz) manat tutulması, əldən çıxmış fayda olaraq 5000 manat məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması və ödənilmiş 131 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, foto və video çəkiliş xidmətlərinin təşkili ilə məşğul olur. 2019-cu ilin noyabr ayında Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında yerləşən “ATLANTİS” adlı restoranda foto çəkiliş xidmətlərinin təşkil edilməsi məqsədilə həmin restoranın rəhbərləri kimi özlərini təqdim edən Fərid və Xəyyam adlı şəxslərlə görüşmüşdür. Onlar ilə aparılan danışıqlara əsasən, 2019-cu ilin noyabr ayında 5000 (beş min), 2020-ci ilin fevral ayında 5000 (beş min) və 2022-ci ilin mart ayında 2000 (iki min) manat məbləğində pul verilib. Həmin pulların 10000 (on min) manat hissəsi “Atlantis” restoranında Fəridə verilib, sonuncu 2000 manat məbləğ isə Fəridin istəyinə uyğun elə həmin restoranda işləyən Elmana təqdim edilib. Əvvəlcədən bu qədər pulun ödənilməsi səbəbi isə, Fərid və Xəyyam bildirirdilər ki, obyektin təmirinə xərclər tələb olunur və narahatçılıq yoxdur, çəkiliş ilə əvəz edəcəklər. O, isə iş birlikləri uğurlu osun və bir birinə inamı daha da möhkəmləndirmək üçün pulları vermişdir. Ancaq sonradan öyrəndi ki, bu şəxslərin özlərinin restoran sahibləri ilə problemi var və bu yollarla pul yığırlar, sonradan isə restorandan çıxıblar. Qeyd etmişdir ki, bu pulların əvəzində 15000 (on beş min) şəkilin çəkilişini həyata keçirməli idi, lakin həmin restoranda heç 3000 (üç min) şəkil çəkilişini həyata keçirməmişdir. 2022-ci ilin sonlarına yaxın, o, həmin restorana gedəndə, artıq bildirdilər ki, nə Fərid, nə də ki digərləri orda işləmirlər. O, dərhal onlarla əlaqə saxladı, ona bildirdilər ki, yerdə qalan borcu geri qaytaracaqlar. Lakin bugünədək, borcun çox kiçik hissəsini qaytarıblar, yerdə qalan 8500 (səkkiz min beş yüz) manat məbləğ ödənilməmiş qalmışdır. Bir müddət ərzində bir neçə dəfə həmin şəxslər ilə əlaqə saxlamış, onlar isə hər dəfə qısa müddət deyərək, borcun geri ödənilməsini uzadırlar. Məsələ ilə əlaqədar Yasamal rayon Polis İdarəsinə müraciət etdi. Yasamal rayon Polis İdarəsinin 28ci Polis Bölməsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə 28 aprel 2023-cü il tarixli qərara əsasən Cavabdeh doğurdan da Elman ilə bilrikdə pul məbləğini götürüldüklərini, yalnız borcun bir qismini etiraf etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizzəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, 2000 manatı Elmana, qalan pulu isə Fəridə vermişdir. 6500 manat borcu qalmışdır, sonradan da 2000 manatda vermişdir. O, pulu Fərid, Xəyyam və Elman bir yerdə olan zaman stolun üstünə qoymuşdur. Onlarla danışarkən Fərid bildirmişdir ki, obyekt onlarındır. Fəridlə Xəyyam xala oğludurlar. Xəyyam orda administrator, Elman isə dayanacağa nəzarət edirdi. Fərid isə obyetkin sahibi olduğu üçün o, onlarla danışıb iş görmüşdür. Çünki bundan əvvəl icarə işlədəndə problemləri olduğundan, indi yalnız obyekt sahibləri ilə iş görür. İlkin olaraq 3000 manat daha sonra isə 7000 manat pul vermişdir və bu pulun qarşılığında 120000 adamla işləməli idi. 3000 (üç min) şəkil çəkilişini həyata keçirmişdir. 8500 manat məbləğ isə ödənilməmiş qalıbdır. Bunların sadəcə məqsədi Fəridi söhbətdən çıxarmaqdır. Pandemiya vaxtı hər yer qapalı olduğu üçün o, onlara heç bir şey deməmişdir. Çünki bilirdi ki, iş yoxdur, bu səbəbdən onlardan pul tələb etməmişdir. Lakin sonradan 50-70 nəfər arası keçirilməyə icazə verilərkən o, obyektə gedərkən ona bildirirlər ki, artıq Fərid gil burda işləmir. O, hətda təsadüf nəticəsində Xəyyamı bir restoranda yemək yeyərkən görmüş və ona yaxınlaşaraq pulun verilməsini xahiş etdikdə ona bildirdi ki, pul Fəridə verilib onluq bir şey yoxdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini qəbul etməyərək və iddia müddətinin tətbiq olunması barədə ərizə təqdim edərək bildirdi ki, pul Fəridə yox, Xəyyama verilib. Xəyyam Fəridin doğma xalası oğludur. Xəyyam sonra insult keçirtdiyi üçün Fərid Xəyyamın yerinə ödəniş etmişdir. Qeyd olunan obyekt sahibi tamam başqa adamdır. Həmçinin iddiaçı pulun Fəridə verildiyini bildirsə də, buna dair məhkəməyə heç bir sübut təqdim etməyib. Hazırda iddiaçı tərəfindən üç illik müddət ötürüldüyündən, iddia müddəti tətbiq olunmaqla iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin təhqiqatçısı Nicat Abdullayevin 28 aprel 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən vətəndaş X5 xx.xx.2023-cü il tarixdə Yasamal RPİ-nin 28-ci PBnə daxil olmuş ərizəsində göstərmişdir ki, 2019-cu ilin noyabr ayında ünvan 2 ünvanında yerləşən «Atlantis» resstoranında foto çəkiliş xidmətlərinin təşkil edilməsi məqsədilə Fərid və Xəyyam adlı şəxslərə əvvəlcə 5000 manat, daha sonralar yenə də 5000 manat və sonda onların inzibatçısı olan Elman adlı şəxsə 2000 manat ödəmiş, lakin sonda onlar icarəyə götürdükləri restorandan çıxaraq ona borclu qaldıqları 8500 manat pulu ödəməyərək ona qarşı dələduzluq etmişlər. Həmin qərara əsasən izahatı alınmış X5 göstərmişdir ki, özü şadlıq saraylarında və ya restoranlarda foto işlərini götürüb tanışlarına həvalə etməklə kiçik sahibkarlıqla da məşğul olur. 2019-cu ilin oktyabr-noyabr aylarında Yasamal rayonunda yerləşən «Atlantis» restoranında foto işlərini görən şəxslərin oradan getmələrini eşitmiş və həmin vaxtlar restoranı icarəyə götürüb işlədən Fərid və Xəyyamla danışıqlar apardıqdan sonra depozit kimi onlara 5000 manat pul vermişdi. Bir neçə aydan sonra, yəni 2020-ci ilin fevral ayında Fərid restoranı təmir edəcəklərini, buna görə də onlara maddi cəhətdən köməklik etməsini təklif etdikdə o, həmin vaxt ona yenə də 5000 manat pul ödəmişdi. Bundan sonra «Covid- 19» pandemiyasına görə obyektlər işləmədikdə o da bu halla razılaşıb gözləmişdi. Pandemiyadan sonra yenidən fəaliyyətə başladıqdan bir neçə ay sonra Xəyyamgilin inzibatçısı olan Elman ona müraciət edərək icarə haqqını ödəyə bilmədiklərindən onlara 2000 manat pul ödəməsini təklif etdikdə o, 2022-ci ilin mart ayında 1000 manat pulu nağd olaraq «Atlantis» restoranında ona ödəmiş, qalan 1000 manat pulu isə öz telefonu vasitəsilə Elmana məxsus kart hesabına göndərmişdi. Bundan bir ay sonra onlar icarəyə götürdükləri «Atlantis» restoranını sahibinə təhvil verib getdikdə o, onların bunu bilərək onu aldadıb son 2000 manatı ondan aldıqlarını anlamışdı. O, restoranda təşkil olunan məclislərdə iştirak edən adam sayına görə hər adambaşına 1 manat puldan hesablayıb onlara depozit kimi 12000 manat verdiyindən və bu müddət ərzində 3500 nəfər şəxslər tədbirlərdə iştirak edib onların ona 8500 manat borcları qaldığından, 2022-ci ilin aprel ayında Xəyyamla Fəridi yığıb onlarla söhbət etdikdə onlar qarşıdan gələn «Məhərrəm» ayı ilə əlaqədar iki ay müddətinə işləməyəcəyini nəzərə alaraq 2022-ci ilin iyun ayında ona borclu qaldıqları 8500 manat pulu tam olaraq ödəyəcəklərini vəd etmişlər və onlarla razılaşmışdı. Lakin onlar vəd etdikləri müddət bitdikdən sonra pullarını qaytaracaqları barədə ondan müxtəlif vaxtlara möhlətlər istəsələr də həmişə onu aldatmışlar. Buna görə də nəhayət onların vədlərinə inanmayıb onlar tərəfindən aldadılmağı barədə Yasamal RPlnə ərizə ilə müraciət etmişdir. İzahatı alınmış Cavabdeh göstərmişdir ki, 2019-cu ilin oktyabr-noyabr aylarında dostu X3 rayonunda yerləşən «Atlantis» restoranını icarəyə götürüb işlədən zaman, tanışları vasitəsilə tanış olduğu Elşadı Xəyyamla tanış etmiş və onlar razılaşdıqdan sonra Elşad restoranda foto işləri aparması üçün Xəyyama depozit kimi 5000 manat pul vermişdi. O Xəyyamla şərik olmadığından, yəni Xəyyam inzibatçısı olan Elmanla restoranı onsuz idarə etdiklərindən sonradan onlar arasında olan pul məsələlərindən məlumatı olmamışdır. 2022-ci ilin yanvar-fevral aylarında Xəyyam paralic olduğundan restorandakı fəaliyyətə nəzarət edə bilməmiş və bir müddət sonra restoranı sahibinə təhvil vermişdi. Həmin vaxtlar Elşad Xəyyama zənglər etdikdə və Xəyyam xəstə olaraq yataqda yatdığından zənglərə cavab vermədikdə ona zəng etmişdi. O bu məsələ ilə maraqlandıqda Elman Elşada həqiqətən borclu qaldıqlarını, lakin Elşadgilin onun göstərdiyi kimi 3500 nəfər deyil, əlavə 1550 nəfər olmaqla cəmi 4550 nəfərin şəkillərini çəksələr də, həmin pulları qeyd edilən məbləğdən çıxmamalarını, eləcə də Elmana 2000 manat verdikdən sonra 980 nəfərlik məclislərdə şəkillər çəkilməsini bildirmişdi. Bundan sonra Elman Elşadın hesabına əvvəlcə 1500, daha sonra 2000 manat ödəməklə ona cəmi 3500 manat ödəmişdir. Elmandan eşitdiyinə görə bununla da Elmangilin Elşada hal-hazırda onun göstərdiyi kimi 8500 manat deyil, cəmi 3070 manat borcları qalmışdır. X1 da eyni məzmunlu izahat verərək Cavabdeh göstərdiklərini təsdiq etmişdir. Beləliklə araşdırma zamanı yuxarıda göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, tərəflər arasında biznes fəaliyyəti ilə əlaqədar mülkü mübahisə mövcuddur ki, həmin münasibətlər mülkü qanunvericilik əsasında tənzim olunmalıdır. Odur ki, göstərilən faktda cinayət hadisəsi müəyyən edilmədiyindən fakt üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan iddiaçı X5 tərəfindən təqdim olunmuş diska məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, Cavabdeh iddiaçı X2 borcunun olduğunu etiraf edir və bildirir ki, obyekt sahibi onun qohumudur. Qisa müddət ərzində ya pulunu qaytaracaq, yada başqa yerdə götürəcəyi obyektdə qalıq borcu üzrə şəkilişini davam etdirəcək. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olundu ki, İddiaçı 2019-cu ilin noyabr ayında, 2020-ci ilin fevral ayında və 2022-ci ilin mart ayında Cavabdeh qaytarmaq şərti ilə ümumilikdə 12000 manat məbləğində borca pul vermiş, həmin məbləğin 2000 manatı Fəridin istəyi ilə “Atlantis” restoranında işləyən Elmana verilmişdir. Həmin borcdan 3500 vabandeh tərəfindən iddiaşıya geri ödənilmişdir. İddiaçı hazırda cavabdehin ona 8500 manat məbləğində borcun olduğunu iddia edir, cavabdeh isə iddianı qəbul etməyərək, pulun ona yox, onun xalası oğlu Xəyyama verildiyini iddia edir və iddia müddətinin tətbiq olunmaqla iddianın rədd olunmasını xahiş edir. Göründüyü kimi qanunvericiliyin tələblərinə görə tərəflər arasında yazılı hər-hansısa bir müqavilə mövcud olmamışdır, tərəflər öz aralarında şifahi razılığa gəlmişlər. Məhkəmə belə hesab edir ki, tərəflər arasında şifahi razılıq bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə görə öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdehin iddiaçıya borcu qalsada, iş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdehin münasibətləri artıq 2021-ci ildən pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095–ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli «Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair» Qərarında qeyd edilmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətinin tətbiq edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktaybr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddiaçı hüququnun müdafiəsi üçün hazırkı tələblə müraciət edənədək, iddia müddətini keçirdiyindən və cavabdeh tərəf iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi və əldən çıxmış fayda olaraq 5000 manat məbləğinin ona verilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd olduğundan, iş üzrə ödənilmiş 131 (yüz otuz bir) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi və əldən çıxmış fayda olaraq 5000 manat məbləğinin ona verilməsi tələbi”nə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar