Məhkəmə qərarları › İş №2(004)-101/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-101/2021

05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-101/2021 05.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2, qarşılılqı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı X5 Cavabdeh qarşı “pul tələbinə dair” ilkin, qarşılıqlı iddiaçı Cavabdeh X7 qarşı “pul tələbinə dair” qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X10 Cavabdeh qarşı “pul tələbinə dair” ilkin iddia ərizəsi ilə məhkəməyə müracət edərək, 90057,65 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh Türkiyə Respublikası vətəndaşı Cavabdeh 28.08.2018-ci ildə görüş zamanı ona bildirmişdir ki, iki mərtəbə və iki mansarddan ibarət tikili alacaq və həmin tikilini otel binasına çevirmək ilə əlaqədar işləri ona həvalə etmək istəyir. Bununla əlaqədar olaraq, 31.08.2018-ci il tarixdə ünvan 1 ünvanında yerləşən Cavabdeh məxsus evə baxmış və cəmi 13 otağın tikilməsinin mümkünlüyünü bildirmiş, bundan 3 gün sonra isə təmir-tikinti işləri ilə əlaqədar smeta hazırlayıb Cavabdeh təqdim etmişdir. Cavabdeh smetada nəzərdə tutulmuş 178.000 manat məbləğində təmir-tikinti xərclərini bir qədər aşağı salmağı xahiş etdiyi üçün etiraz etməmiş və təmir-tikinti xərcləri 130.000 manat təşkil edən smeta hazırlamışdır. Aralarında olan razılaşmaya əsasən, təmir-tikinti işləri 45 gün ərzində yekunlaşmalı idi. 10.09.2018-ci il tarixdə işə başlamış, lakin evin köhnə sahibinin bəzi əşyalarının oğurlanması barədə şikayəti ilə əlaqədar tikintidə fəaliyyət göstərən fəhlələrin araşdırmaya çağırılması səbəbindən tikinti bir müddət ləngimişdir. Həmçinin, Cavabdeh sonradan smeta planından kənara çıxaraq əlavə bir otaq tikməyi və digər işləri görməyi də tələb etmişdir. Görülmüş işlərin müqabilində Cavabdeh ona söz verdiyi kimi 130.000 manat əvəzinə 67.000 manat pul və öz hesablamalarına görə dəyəri 50.000 manat olan 2016-cı il istehsalı olan bir ədəd "Wolksvagen Jetta" minik markalı və 2013-cü il istehsalı olan bir ədəd "Citroen DS4" minik markalı avtomobil vermişdir. X6" minik markal avtomobilin dəyərinin 17.600 manat, Citroen DS4" minik markalı avtomobilin isə 20.000 manat dəyərində olmasını niiəyyən etmişdir. Cavabdeh ona ümumilikdə 101.200 manat pul vermişdir. Bununla da Cavabdeh smetada nəzərdə tutulmuş qaydada görülmüş təmir və dizayn işlərinin müqabilində tam ödəniş etməməsi səbəbindən smetada nəzərdə tutulmuş avadanlıqların alınması mümkün olmamışdır. Məhkəmə-tikinti texniki ekspertizasının 28.06.2019-cu il tarixli, 11544 nömrəli rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış sahəsini butik otel təyinatına çevirmək üçün aparılan təmir-tikinti işlərinə sərf olunan vəsait 191.257,65 manat olması müəyyən edilmişdir. Lakin cavabdeh bu puldan ona cəmi 101.200 manat pul vermişdir. Buradan da aydın görünür ki, 90.057,5 manat pul vəsaiti cavabdehdən alınaraq ona ödənilməlidir. İddiaçı Cavabdeh X7 qarşı “pul tələbinə dair” qraşılıqlı iddia ərizəsi ilə məhkəməyə müracət edərək cavabdehdən əlavə ödənilmiş 70000 manat, əldən çıxmış faydaya görə 40000 manat, hüquqi xidmətə görə ödənilmiş 1010 manat və ödənilmiş 30 manat dövlət rüsümu olmaqla, cəmi 111040 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını, həmçinin, Hakan Şengülün "xxxx" (HakanElnarə) dizayn ofis adında blanklar ilə müqavilə bağlaması, vergi ödəyicisi olmadan özlərini memar dizayn kimi təqdim edərək küllü miqdarda vəsaiti onda almasına hüquqi qiymət verilməsi üçün (qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınmaq, dələduzluq) bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddaçının “pul tələbinə barədə” iddia ilə məhkəməyə müraciət etməkdə tək məqsədi şikayət əsasında barəsində cinayət işinin başlanmasından yayınmaqdır. Belə ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış sahəsini 31.08.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən “X8” ASC-dən almış və həmin evi təmir edərək kiçik bir otelə çevirməyə qərar vermişdir. Bununla əlaqədar olaraq görüləcək təmir işlərini illərdir tanıdığı Bakıda yaşayan Türkiyə vətəndaşı Hakan Şengülə etibar etmişdir. Daha sonra Hakan Şengül sözügedən evə baxış keçirmiş və görülməli təmir-tikinti, dekarasyon, həmçinin lazımı əşyaların siyahısını tərtib etmişdir. Hakan Şengül sözü gedən bütün işləri arvadı Elnarə Şengül ilə birlikdə işlətdikləri "xxxx" (HakanElnarə) dizayn ofis şirkəti tərəfindən həll edəbiləcəklərini bildirmişdirlər. Şengül ailəsinə etibarı sonsuz olduğu üçün onların təklifləri ilə 31.08.2018-ci il tarixində razılaşmışdır. Hakan Şengül "xxxx" dizayn ofis blanklı müqavilə və müqaviləyə əlavələr tərtib etdikdən sonra işə başlamışdır. İlkin olaraq 30000 manat, daha sonra müxtəlif tarixlərdə toplamda 71000 manat pul, həmçinin ailəsinə məxsus 50000 manat dəyərində iki ədəd maşın (Volkswagen jetta 2016, Citroen ds4 2012) vermişdir. Hakan Şengül 45 gün ərzində bütün təmir-tikinti işlərini həll edib, lazımi əşyaları alaraq oteli hazır şəkildə ona təslim etməli idi. Lakin üstündən 5 ay keçməsinə baxmayaraq, yəni 2019-cu ilin fevral ayınadək Hakan Şengül verdiyi sözə əməl etməmişdir. Onunla dəfələrlə söhbət etdikdə fərqli bahənələr edərək işi uzatmışdır. Sonuncu dəfə tərəfindən Hakan Şengülə irad bildirdikdə aralarında olan müqavilənin türk dilində olduğunu, notarius tərəfindən təsdiq edildmədiyi üçün məhkəmədə ona heç nə edəbilməyəcəyini bilmişdir. Ondan aldığı pulları xərclədiyini, maşınları arvadının adına keçirdiyini, artıq oteli yekunlaşdırmaq üçün pulunun olmadığını bildirmişdir. Nəticə olaraq Hakan Şengül ondan 70.000 manat pul və 50.000 manat dəyərində 2 avtomobil alaraq, qarşılığında 50208 manat dəyərində təmir-tikinti işləri görmüşdür. Hakan Şengül və arvadı onu aldadaraq, saxta blanklı müqavilələrlə ondan pul adığına görə 23.02.2019-cu il tarixli ərizə ilə Yasamal rayonu 29-cu polis şöbəsinə müraciət etmişdir. X13 və arvadı barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar ekspert rəyinə əsaslanmışdır. Həmin müraciətdən 2 ay sonra ekspertiza təyin edilmiş, lakin bu barədə ona məlumat verilməmişdir. Ekspertiza keçirilməsində iştirak etmədiyi halda ekspert yalandan yazmışdır ki, müstəntiqin və tərəflərin iştirakı ilə. Həmin tarixdə şikayəti təhqiqatçı tərəfindən araşdırılmış, iş üzrə müstəntiq olmamışdır. Şikayətçi tərəf olaraq bildirir ki, H.Şəngül təqribi 50000 manatlıq iş görüb, H.Şəngül özü bildirir ki, 110000 manatlıq iş görmüşdür, ekspert isə deyir ki, 190.000 manatlıq. Çünki ekspertiza otel tam təmir olunduqdan sonra, yəni şikayətdən 4 ay sonra keçirilmişdir. X14 oteldən çıxarıldıqdan sonra Cinayət Prosessaul Məcəllənin tələblərinə uyğun olaraq 1 ay müddətində ekspertiza keçirilməsi üçün gözlənilmiş, oteldə hər-hansı təmir tikinti işi aparılmamışdır. Daha sonra başqa şirkətin xidmət göstərməsi ilə təmir tikinti işləri yekunlaşdırılmış, otelə invertarlar alınmışdır. 28.06.2019-cu il tarixli ekspertizanın qərarında göstərilmişdir ki, 27.07.2019-cu il tarixli mütəxəssis rəyi nəzərə alınaraq təmir tikinti işlərinə 191.257,65 manat məbləğində vəsait sərf olunmuşdur. Görüldüyü kimi, mütəxəssis rəyinin tarixi ilə ekspertiza qərarının tarixinləri arasında ziddiyyətlər var. Təqdim olunmuş mütəxəssis rəyinin tarixi 23.02.2019-cu il, məbləği isə 50.208 manat təşkil edir. Ekspertiza rəyində göstərilmiş məbləğ o dəmək deyildir ki, həmin işlər Hakan Şengül tərəfindən görülmüşdür. Tərəfindən Vergilər Nazirliyinə verdiyi sorğunun cavabından görünür ki, Hakan Şengül və arvadı Elnarə Şengül vergi ödəyicisi deyil, həmçinin "xxxx" (HakanElnarə) dizayn ofis MMC-nin adında şirkət qeydiyyata alınmamışdır. Baş Dövlət Yol Polis İdarəsinə verdiyi sorğunun cavabından görünür ki, şikayətdə qeyd olunan maşınlar hal-hazırda Elnarə Şengülün adınadır. Hakan Şengül öhdəliyini icra etmədiyi üçün yəni, otelin təmiri vaxtında tamamlamadığı, oteli müəyyən edilmiş tarixdən sonra fəaliyyətə başlamasına səbəb olduğu üçün oteldən əldə edəcəyi gəlirdən məhrum olmuşdur. Belə ki, otelin aylıq icarə haqqı 6500 manat müəyyən edilmişdir. Ona görə də ortalama 40000 manat zərər etmişdir. Məhkəmədə hüquqlarını təmsil və müdafiə etmək üçün Bakı Şəhər 12 saylı vəkil bürosunun vəkili Vəkil1 ilə 26.12.2019-cu il tarixdə 1010 manatı dəyərində 1721 saylı müqavilə bağlamış və iddia ərzəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia ərizəsinə etiraz edərək bildirdi ki, qarşılıqlı iddia üzrə iddiaçı görülmüş işlərin qarşılığı kimi ilkin iddiaçıya 71000 manat və 50000 manat dəyərində olan iki ədəd avtomobil vermişdir. Lakin sonradan məlum olmuşdur ki, heç verilmiş avtomobillərin qiymətləri 50000 manat civarında deyil, daha azdır. Bundan başqa hüquqlarını müdafiə etdiyi şəxs sözü gedən əmlakda nəzərdə tutulandan çox işlər görmüşdür. Həmin işlərin aparılması da, polis orqanları tərəfindən aparılmış istintaq zamanı alınmış ekspert rəyi ilə təsdiq edilmişdir. Qeyd edilənlərə əsasən ilkin iddia ərizəsinin təmin olunması, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında qarşılılqı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddia tələbini müdafiə edərək, ilkin iddia tələbinə isə etiraz edərək bildirdi ki, istintiaq zamanı keçirilmiş ekspert rəyi heç də əsaslandırılmamışdır. Belə ki, həmin rəy bir səhifədə olmaqla yanaşı, hansı meyarlar əsasında aparıldığı qeyri-müəyyəndir. Bundan əlavə də, istintaq uzun müddət çəkdiyindən hüquqlarını müdafiə etdiyi şəxs həmin əmlakı bir şəxsə təmir elətdirmişdir. Bundan sonra ekspertiza keçirilmiş və təmir edilmiş əmlaka dair rəy verilmişdir. Qeyd edilənlərə əsasən qarşılıqlı iddia tələbinin təmin olunmasını, ilkin iddia tələbinin əsassız olduğuna görə təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Akıscan Alı ifadəsində göstərdi ki, Azərbaycanda inşaat mühəndisliyi ilə məşğuldur və bu sahə üzrə dizayn təhsili almışdır. Tarverdi Hakan onun uzun illərdir ki, ailəvi tanışıdır. O, binanı alanda əvvəlcə ev tikmək istəyirdi. Daha sonra isə ona Azərbaycanda otelçilik işinin yaxşı inkişaf etdiyini bildirərək, binanı otel kimi təmir etdirərək o işlə məşğul olacağını bildirmişdir. Tarverdi Hakan təmirə başlamazdan əvvəl ondan binanın dizaynı barədə məlumat almış və bu sahədə öz biliklərini onunla paylaşmışdır. Bildiyinə görə Tarverdi Hakan ilə Şengül Hakan sentyabr ayında təmir işləri 45 günə bitəcək deyə razılaşmışdırlar. Lakin bir dəfə Tarverdi Hakan ona təmir işlərinin hələ bitmədiyini bildirmiş və gəlib işlərin gedişatına baxmasını xahiş etmişdir. Dekabr ayının 26-sı binaya getmişdir. Həmin vaxt cavabdeh işlərin artıq yanvar ayının 5-i bitəcəyini bildirmişdir. Ona bu işlərin həmin vaxt bitməyəcəyini demişdir. Bir neçə gün sonra Tarverdi Hakan ona bdirdi ki, Şengül Hakan işlərin hələ yanvar ayının 15-i bitəcəyini bildirib. Təxmini fevral ayının 15-i isə hələ işlərin bitmədiyini bildirdi. Bildiyinə görə artıq aralarında mübahisə yaranmışdı. Daha sonra mart ayının ortalarında Tarverdi Hakan ona necə kömək edə biləcəyini soruşmuş, o isə, ona yalnız konsultasiya xidməti göstərə biləcəyini bildirmişdir. Tarverdi Hakan ilə görülən işlərin müqabilində ödəniş olunacaq deyə razılaşmış və təxmini may ayının 20-si artıq işləri təhvil vermişdir. Binada bütün quraşdırma işlərini görmüş, tavanları rəngləmiş, parketləri deyişdirmiş və cilalamışdır. Çünki 2-ci əl parketlərdən istifadə olunmuşdur. Palıd parketləri cilalamışdır. İşə başlayan zaman cavabdeh tərəfindən oboylar vurulmuşdu, tavanların bəziləri rənglənmişdi, hamamlarda 90 faiz kafel vurulmuşdu, fasadın ön üzünün bəzi hissələri rəngənmişdi. Cavabdeh tərəfindən hamam aksesuarları gətirilmişdi lakin, onlar istifadə olunmadı. Çünki həmin aksesuarlar binaya uyğun deyildi və ölçüləri kiçik idi. Təxmini tikinti olaraq 65 faiz iş görülmüşdü, lakin dekor işləri çox az miqdarda görülmüşdü. Ümumi olaraq isə onun fikrincə 50 faiz iş görülmüşdü. Məhkəmə tərəflərin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia təmin edilməməli, qarşılıqlı iddia tələbi isə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal RPİ-nin İS-nin baş müstəntiqi X1 “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 13.09.2019-cu il tarixli qərarının surətindən görünür ki, Cavabdeh ünvan 2 ünvanında yerləşən tərdi yaşayış evini butik otel təyinatına çevirmək üçün təmir etmək məqsədilə tanışı X10 ilə 31.08.2018-ci il tarixdə müqavilə bağlayaraq sonuncuya təmir işlərinin müqabilində 71.000 manat nağd pul və dəyəri 50.000 manat təşkil edən “Wolksvagen Jetta” və “Citroen DS4” minik markalı iki ədəd avtomobil verməsinə baxmayaraq, Hakan Şengülün təmiri başa çatdırmamasına dair nümayəndəsi Vəkil1 23.02.2019-cu il tarixdə Yasamal RPİ-nin 29-cu polis şöbəsinə ərizə ilə müraciət edərək tədbir görülməsini xahiş etmişdir. X10 araşdırma zamanı hazırki iddia ərizəsində göstərdiklərinə uyğun izahat vermişdir. Təyin edilmiş məhkəmə-tikinti texniki ekspertizasının 28.06.2019-cu il tarixli 11544 nömrəli rəyi ilə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış sahəsini butik otel təyinatına çevirmək üçün aparılan təmir tikinti işlərinə sərf olunan vəsaitin təhqiqat materialına əlavə olunmuş smeta sənədlərinə əsasən 191.257,65 manat məbləğində olması müəyyən edilmişdir. Smeta cədvəlində göstərilən məbləğin iş həcminə uyğun gəldiyi müəyyən edilmişdir. Konkret halda X10 tərəfindən qanunsuz olaraq, o cümlədən dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə Cavabdeh hər hansı məbləğdə pul vəsaitinin, yaxud əmlakının ələ keçirilməsi müəyyən edilmədiyindən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, ərizədə göstərilən xüsusatlar mülki xarakter daşıdığından mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 23.02.2019-cu il mütəxəssis rəyinə görə, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin təmiri zamanı istifadə olunan tikinti materiallarının və işin görülməsi üçün verilməli olan xidmət haqqının ümumi dəyəri 2019-cu ilin fevral ayına bazar qiymətinin dəyəri 50,208 manat müəyyən olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29.09.2020-ci il tarixli, 2(004)-965/2021 saylı qərardadı ilə Cavabdeh məxsus olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış sahəsinin butik otel təyinatına çevirmək üçün (xidmət haqqı və tikinti materialları daxil olmaqla) 22.02.2019-cu il tarixədək görülmüş təmir işləri nəzərə alınmaqla, həmin tarixə təmir-bərpa işlərinin məbləğinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, fərdi yaşayış sahəsi təmir edildiyindən ekspertizanın iş materialları, o cümlədən iş materiallarında olan mübahisəli yaşayış sahəsinin 22.02.2019-cu il tarixdək təmir islərini özündə əks etdirən foto şəkillər, video görüntülər (CD disk) və eləcə də, həmin dövrədək görülmüş təmir işlərinin sərt diskdə olan video görüntüləri nəzərə alınmaqla həyata keçirilməsi qərara alınmışdır. İş materiallarınna əlavə olunmuş 25.06.2021-ci il tarixli, 10/2988 saylı ekspert rəyinə əsasən, Cavabdeh məxsus olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış sahəsinin butik otel təyinatına çevirmək üçün (xidmət haqqı və tikinti materialları daxii olmaqla) 22.02.2019-cu il tarixədək görülmüş söküntü, yenidənqurma və tikinti-təmir işlərinin dəyərinin təqribən 105.298 manat məbləğində olduğu müəyyən edilmişdir. AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin 27.05.2019cu il tarixli məktubundan görünür ki, 2016-cı il istehsalı olan "Wolksvagen Jetta" minik markalı avtomobil 06.12.2018-ci il tarixdə və 2013-cü il istehsalı olan "Citroen DS4" minik markalı avtomobil 05.12.2018-ci il tarixdə X3 adına qeydiyyatdan keçmişdir. Beləliklə, işin məhkəmə baxışı zamanı tərəflərin izahaları və şahidin ifadəsi, həmçinin təqdim edilmiş sübutların və ekspert rəyinin araşdırılması nəticəsində müəyyən olunmuş mübahisəsiz halları ondan ibarətdir ki, sifarişçi Cavabdeh ilə icraçı X10 arasında 31.08.2018-ci il tarixində bağlanmış podrat müqaviləsinə əsasən icraçı sifarişçinin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış sahəsini butik otel təyinatına çevirmək üçün təmir-tikinti işlərini apararaq, 45 günə bitirməyi, sifarişçi isə görülmüş işlərin müqabilində icraşıya 130.000 manat məbləğində pul ödəməyi öhdələrinə götürmüş, sifarişçi tərəfindən icraçıya cəmi 121.000 manat ödənilmiş, icraçı tərəfindən isə tərəflər arasında razılaşdırılmış tikinti-təmir işlərinin dəyərinin təqribən 105.298 manatı məbləğində işlər yerinə yetirilmişdir. Məhkəmə ilk növbədə ilkin iddia tələbi ilə qarşılıqı iddia tələbinin bir biri ilə əlaqəli olması səbəbindən, həmin tələblərin qiymətləndirilməsinin birlikdə aparılmasını məqsədə müvafiq hesab edir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 6.2-ci maddəsinə görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 777.4-cü maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir. 779.1-ci maddəsinə görə vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 779.2-ci maddəsinin tələblərinə görə isə vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: 779.2.1. peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; 779.2.2. vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştrakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-nin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə isə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Təqdim olunmuş ekspert rəylərini digər sübutlarla yanaşı qiymətləndirərək məhkəmə hesab edir ki, mübahisəli fərdi yaşayış evində aparılmış təmir-tikinti işlərinin məbləğinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş 25.06.2021-ci il tarixli, 10/2988 saylı ekspert rəyi əsas götürülməlidir. Beləliklə, məhkəmə işin faktiki halarına əsasən sifarişçi Cavabdeh ilə icraçı X10 arasında 31.08.2018-ci il tarixində bağlanmış podrat müqaviləsinə əsasən icraçı sifarişçinin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış sahəsini butik otel təyinatına çevirmək üçün təmir-tikinti işlərini apararaq, 45 günə bitirməyi, sifarişçi isə görülmüş işlərin müqabilində icraşıya 130.000 manat məbləğində pul ödəməyi öhdələrinə götürməsini, sifarişçi tərəfindən icraçıya cəmi 121.000 manat ödənilməsini, icraçı tərəfindən isə tərəflər arasında razılaşdırılmış tikinti-təmir işlərinin dəyərinin təqribən 105.298 manatı məbləğində işlr yerinə yetirilmməsini nəzərə alıb, qanunvericiliyin qeyd edilən müddəalarına əsaslanaraq hesab edir ki, ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi əlavə ödənilmiş məbləğin ödənilməsi hissəsində qismən təmin edlərək 15702 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İş materiallarına əlavə edilmiş 26.12.2019-cu il tarixli, 1721 saylı müqavilədən və həmin tarixli mədaxil orderindən görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən hüquqi xidmətlərin göstərilməsi üçün Bakı Şəhər 12 saylı vəkil bürosunun vəkili Vəkil1 hesabına 1010 manat ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hazırki üş üzrə nümayəndənin yardımına görə tələb olunan 500 manat məbləğini ağlabatan məbləğ hesab edərək belə qənaətə gəlir ki, həmin məbləğ qarşılıqlı iddia üzrə cavabdehdən alınıb qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.4-cü maddəsinə görə isə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçının əldən çıxmış faydaya görə 40000 manat pulun cavabdehdən tutulması tələbinə münasibətdə hesab edir ki, iddia tələbi həmin hissədə kifayət qədər əsaslandırılmadığından təmin edilə bilməz. Həmçinin, qarşılıqlı iddia üzrə iddiaçının Hakan Şengülün "xxxx" (HakanElnarə) dizayn ofis adında blanklar ilə müqavilə bağlaması, vergi ödəyicisi olmadan özlərini memar dizayn kimi təqdim edərək küllü miqdarda vəsaiti onda almasına hüquqi qiymət verilməsi üçün (qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınmaq, dələduzluq) bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi barədə xahişinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Hakan Şengülün hərəkətlərində cinayət tərkibinin olmaması barədə cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı olduğundan həmin xahiş təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikası CPM-nin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan 25.06.2021-ci il tarixli, 10/2988 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi, aparılmış tədqiqatın dəyəri 200 manat təşkil etməklə Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilmədiyinə görə ödənilmiş 30 manat dövlət rüsumu ilkin iddia üzrə iddiaçıya aid edilməli, qarşılıqlı iddia tələbi təqribən 50% həcmində təmin edildirindən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 200 manat ekspertiza xərcinin 100 manatı X4, 100 manatı Cavabdeh dövlət nəfinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X5 Cavabdeh qarşı” pul tələbinə dair” ilkin iddiası rədd edilsin. İlkin iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddiaçı Cavabdeh X7 qarşı “pul tələbinə dair” qarşılıqlı iddiası qismən təmin edilsin. Cavabdeh X4 15702 (on beş min yeddi yüz iki) manat məbləğində pul vəsaiti, hüquqi yardıma görə ödənilmiş 500 (beş yüz) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 15 (on beş) manatı tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə məsrəfi olan 200 (iki yüz) manat ekspertiza xərcinin 100 (bir yüz) manatı X4, 100 (bir yüz) manatı Cavabdeh tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ**********0000003944 SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar