Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1010/2021 23.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı cavabdehlər Cavabdeh2 QSC BOKT, “xxxx” ASC və “xxxx” MMC-yə qarşı “kredit müqaviləsinin ləğvi və pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh2 QSC BOKT və “xxxx” MMC-yə qarşı “müqavilələrin ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə 26.11.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Xırdalan şəhəri, H.Əliyev prospekti, “xxxx-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən bina 7, mərtəbə 14, ümumi sahəsi 80,9 m2 , iki otaqdan ibarət olan mənzilin alğı-satqısına dair İddiaçı ilə bağlanmış 3-16-04-2015-YS-AAAD-AE saylı təminatlı kredit müqaviləsinin və həmin müqavilənin predmeti olan 16.04.2015-ci il tarixli, “ABB YM-0394” saylı alğı-satqı müqaviləsinin ləğv edilməsi və həmin müqavilənin şərtlərinə uyğun olaraq ödədiyi 10354 manat pulun “xxxx” MMC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 01.04.2021-ci il tarixdə iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə verərək “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış 16.04.2015-ci il tarixli, “ABB YM-0394” saylı alğı-satqı müqaviləsi ləğv edilməsi, “xxxx” MMC-dən 52585 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması və onunla “xxxx” ASC arasında bağlanmış 16.04.2015-ci il tarixli, 3-16-04-2015-YS-AAAD-AE saylı təminatlı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X3 22.04.2021-ci il tarixdə etiraz ərizəsi verərək İddiaçı cavabdehlər Cavabdeh2 QSC BOKT və “xxxx” MMC-yə qarşı “kredit müqaviləsinin ləğvi və pul” tələbinə dair iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi X1 izahat verərək bildirmişdir ki, iddiaçı 16 aprel 2015-ci il tarixli “ABB YM-0394” nömrəli mənzil alğısatqısı haqqında müqaviləsinə əsasən Xırdalan şəh., H.Əliyev prospekti, “xxxx-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən bina 7, mərtəbə 14, ümumi sahəsi 80,9 m2 olan 2 otaqdan ibarət, 52585 manat dəyərində olan 114 saylı mənzili ilkin ödəniş 10 % olan 5265 manat pulu ödəyərək, yerdə qalan məbləği 180 ay müddətinə ödəmək şərti ilə müqavilə imzalayaraq almışdır. Müqavilə bağlanarkən iddiaçıya mənzilin 2018-ci ilin sonuna kimi tikilib təhvil veriləcəyi bildirilmişdir. Lakin 2018-ci ilin sonlarında mənzil hazır olmamışdır və şirkət rəhbərliyi iddiaçıya tikintidə bəzi problemlərin yaranması səbəb ilə inşaatın 2019-cu ilin sonlarına bitəcəyini bildirdilər. Bildirmək istəyir ki, həmin müddət ərzində də iddiaçı ödənişlərini mütəmadi olaraq həyata keçirmişdir. Lakin binanın tikilmədiyini görüb aldığı Xırdalan şəhəri, H.Əliyev prospekti, “xxxx-PARK” yaşayış massivindəki 28 saylı küçə bina 7, mərtəbə 14, 114 saylı mənzil geri qaytarmaq məcburiyyətində qalmış və 15 noyabr 2016-cı il tarixdə şirkət rəhbərliyinə bunla bağlı müraciət edərək 16 aprel 2015-ci il tarixli “ABB YM-0394” nömrəli mənzil alğı-satqısı haqqında müqaviləyə xitam verilməsini xahiş etmişdir. Ərizəsində həmçinin indiyədək ödədiyi ilkin ödəniş olan 5,265 manat və 12 ay ərzində ödədiyi 6,120 manat cəmi 11,385 manat məbləğindən 1051 manat faiz pulunun tutularaq, qalan 10 354 manat vəsaitin ona geri qaytarılmasını da istəmişdir. Beləliklə ərizəni yazıb şirkətə təqdim etdikdən sonra bir neçə dəfə “xxxx” MMC-yə yaxınlaşaraq ərizəyə baxılıb-baxılmaması və nəticəsi barədə məlumat almağa çalışsa da hər dəfəsində müxtəlif bəhanələr gətirilərək bir qədər də gözləməyi tələb etmişlər. Hətta şirkət əməkdaşları tərəfindən “Narahat olmayın, adınızdakı olan faiz borcları silinəcək və ev satıldıqdan sonra, ilkin ödəniş 5265 manat və 12 ay ərzində ödədiyiniz 6120 manat cəmi 11385 manat məbləğin cəmindən 1051 manat faiz tutularaq yerdə qalan pulunuz Sizə qaytaracayıq” olmuşdur. İddiaçı həm şifahi həm də yazılı müraciətlərinə cavab tələb etsə də yazılı cavab verən olmadığından “xxxx” MMC şirkətinin əməkdaşlarının dedikləri ilə qane olub son nəticəni gözləməyi qərara almışdır. Bekəliklə yenidən 2019-cu ildə ipoteka krediti ilə başqa bir ev almaq niyyəti ilə “xxxx” ASCyə müraciət etmişdir. “xxxx” ASC-dən bildirilmişdir ki, adında 3 illik gecikmə var və qara siyahıya salındığı üçün ona ipotekanın verilməsi qeyri mümkündür. Banka müraciətdən sonra araşdırmadan məlum olmuşdur ki, adında olan gecikmə “xxxx” MMC şirkətindən aldığı mənzil ilə bağlıdır. Əsl həqiqətdə isə cavabdeh “xxxx” MMC öhdəliyi öz üzərinə götürməli və gecikmə iddiaçının adına deyil “xxxx” MMC-nin adına yazılmalı idi. Lakin cavabdehlər bu öhdəlikərinə riayət etməmiş, nəticədə iddiaçı hələ də borclu kimi görünür. Eyni zamanda bu 3 illik gecikmə müddəti ərzində nə “xxxx” MMC, nə “xxxx” tərəfindən iddiaçıya gecikmə barədə heç bir məlumat vermilməmişdir. “xxxx” ASC-dən aldığı məlumatdan sonra məsələyə aydınlıq gətirmək üçün “xxxx” MMC-yə yaxınlaşmışdır . Orda bildirilmişdir ki, guya xxxxnda olan borcu və faizləri tələb etmək hüququ “xxxx” Banka ötürülmüşdür. “xxxx” MMC isə evi qaytardığından kredit müqaviləsi üzrə öhdəliyi öz üzərinə götürmüş və yaxın zamanda “xxxx” QSC BOKT qarşısında icra edəcəkdir. Lakin göründüyü kimi “xxxx” MMC əsli olmayan bu cümlələrlə iddiaçını xeyli müddət aldatmışdır. Sonradan “xxxx” QSC BOKT-a yaxınlaşaraq məlumat alaraq öyrənmişdir ki, “xxxx” MMC şirkəti iddiaçı evi qaytardıqdan sonra adında olan borcu öz üzərinə götürmədiyinə və vaxtında ödəmədiyinə görə bu gün üçün adına faiz borcları yaranmışdır. Məhkəmə prosesi zamanı “xxxx MMC-nin nümayəndəsi mənzilin tam dəyəri olan 52585 manat pulun şirkətə tam ödənildiyini bildirmişdir. İddianın təmin olunmasını xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh “AAF-İnşaat MMC-nin nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, iddianı qəbul etmir. “AAF-İnşaat MMC ilə iddiaçı arasında mənzilin dəyərinə uyğun alğı-satqı müqaviləsi bağlanmışdır. Buna uyğun iddiaçı qalan məbləği maliyələşdirmək üçün Beynəlxalq Bankla kredit müqaviləsi bağlamışdır. Həmin müqaviləyə görə bank iddiaçı ilə əsas məbləğdən əlavə öz mənfəəti üçün faiz məbləği müəyyənləşdirir. Bunun “xxxx“AAF-İnşaat MMC ilə münasibətlər mənzilin dəyərinə aid münasibətlərdir. Mənzil hazırda girovdadır. Onların onu satışa çıxarmağı bankın razılığı ilə həyata keçirilə bilər. Əsas ödənişi onlar mübahisələndirmir, xəzinə o pulu qəbul etmişdir. Onu da qeyd edir ki, bugünki, gündə məhkəmə təcrübəsindən presidentdən və işgüzar adətlərdən irəli gələrək tikinti üçün inşa müddəti 3- 5 il arasında nəzərdə tutulub. Onların inşaatı 2019-da forsmajor halla, 2020-ci ildə isə pandemiyaya görə ləngimişdir, buna baxmayaraq 2-3 aya qədər binada kommunikasiya işləri başlanacaq. Hazırki əmlak bankda girovda olduğu üçün iddia tələbini qəbul etmir. Mənzilin pulu bank vasitəsilə “AAF-İnşaat MMC-nin hesabına köçürülmüşdür. 16 aprel 2015-ci il tarixli alğı-satqı müqaviləsi vətəndaşın müraciət etdiyinı görə ləğv prosesindədir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” BOKT-un nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, iddiaçının borcu “xxxx” BOKT-a problemli kredit kimi ötürülmüşdür. Hazırda borc 49100 manat göstərir. Onlara bununla bağlı iddiaçı və xxxx İnşaat tərəfindən heç bir müraciət olmamışdır. İddia əsassızdır. 6120 manatın əsas və faiz məbləği onlara məlum deyil. “xxxx” ASC-dən ötürülən portfelə əsasən iddiaçı ilə bağlı aktı məhkəməyə təqdim edə bilər. Öhdəliyin icra olunmaması ilə bağlı hələki hüquqi tədbir görülməmişdir. Həmin mənzilə dair ipoteka və girov müqaviləsi “xxxx” ASC tərəfindən bağlanmışdır. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış 16.04.2015-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən, “xxxx” MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “xxxx-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 7, mərtəbə 14, ümumi sahəsi 80,9 m2, 2 otaqlı, 114 nömrəli mənzili alıcıya-İddiaçı verməyi, alıcı isə bunun qarşılığında cəmiyyətə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə əsasən müqavilə qiymətinin 5265 manat alıcının şəxsi vəsaiti hesabına, qalan 47320 manat isə “xxxx” ASC ilə bağlanmış kredit müqaviləsi əsasında 5 iş günü ərzində ödənilməsi müəyyən edilmişdir İş materiallarında olan “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış 16.04.2015-ci il tarixli, 3-16-04-2015-YS-AAAD-AE saylı təminatlı kredit müqaviləsinin surətinə əsasən bank borc alana illik 10% dərəcəsi ilə 180 ay müddətinə 47320 manat məbləğində kredit verməyi, borc alan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı “xxxx” MMC ilə “xxxx-Park” yaşayış massivində yerləşən 114 nömrəli mənzilin almaq barədə alğısatqı müqaviləsi bağlamışdır. Alğı-satqı müqaviləsinin 302-ci bəndinə uyğun olaraq 5265 manatı şəxsən ödəmiş, qalan 47320 manat isə “xxxx” ASC tərəfindən “xxxx” MMC-yə ödənilmişdir. İddiaçı “xxxx” MMC ilə bağlanmış alğı-satqı müqaviləsi üzrə öhdəliklərini icra etsə də, “xxxx” MMC öhdəliyini tam icra etməyərək mənzili iddiaçıya təhvil verməmişdir. Hazırda iddiaçı “xxxx” MMC ilə bağladığı alğı-satqı müqaviləsinin və “xxxx” ASC ilə bağladığı kredit müqaviləsinin ləğv olunması, ödədiyi 52585 manat pulun “xxxx” MMCdən onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, cavabdeh “xxxx” MMC müqavilə üzrə öhdəliklərini pozduğundan 16.04.2015-ci il tarixli, “ABB YM-0394” saylı alğı-satqı müqaviləsi ləğv edilməli, İddiaçı tərəfindən “xxxx” MMC-yə ödənilmiş 5265 manat və “xxxx” ASC ilə bağlanmış kredit müqaviləsi əsasında bank tərəfindən ödənilmiş 47320 manat məbləğində pul cavabdeh “xxxx” MMC-dən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Həmin Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Məhkəmə qeyd edir ki, iddia tələbi İddiaçı ilə “xxxx” ASC arasında bağlanmış 16.04.2015-ci il tarixli, 3-16-04-2015-YS-AAAD-AE saylı təminatlı kredit müqaviləsinin ləğv olunması hissəsində təmin oluna bilməz. Belə ki, həmin kredit müqaviləsinin ləğv edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış 16.04.2015-ci il tarixli, “ABB YM-0394” saylı alğı-satqı müqaviləsi ləğv edilməli, “xxxx” MMC-dən 52585 (əlli iki min beş yüz səksən beş) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış 16.04.2015-ci il tarixli, “ABB YM-0394” saylı alğı-satqı müqaviləsi ləğv edilsin. “xxxx” MMC-dən 52585 (əlli iki min beş yüz səksən beş) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-1010/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1010/2021
23.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver