Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1015/2021 08.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «zaminlik müqaviləsi üzrə kredit ödənişlərinin geri ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17-AZ-1-0-200-13 saylı zaminlik müqaviləsinə əsasən zamin tərəfindən ödənilmiş 9139 manat məbəğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 23.01.2013-cü il tarixdə “Nikoyl” İKB-nin 6 saylı filialı ilə Cavabdeh arasında 17-AZ-1-0-200-13 saylı Kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 21 faiz olmaqla 9600 manat məbləğində kredit verilmişdir. Kreditin təyinatı 2011-ci il buraxılışlı, “Daewoo Nexia” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınması olmuşdur. Verilmiş kreditin təminatı olaraq həmin avtomobil ipoteka ilə yüklü edilmişdir. Kreditin təminatı olaraq “xxxx” ASC-nin 6 saylı filialı ilə borclu Cavabdeh və zamin İddiaçı MMC arasında 23.01.2013-cü il tarixli, 17-AZ-1-0-200-13 saylı zaminlik müqaviləsi bağlanmışdır. Borcalan kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca yerinə yetrimədiyi üçün, həmin öhdəliyin icrası barədə kreditor zaminə borcu ödənilməsi təklifini irəli sürmüş və zamin öz hesabına borcun silinməsinə razılıq vermişdir. Nəticədə İddiaçı MMC kredit müqaviləsi üzrə 9139 manat ödəniş etmişdir. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 1.1ci bəndinə əsasən, zamin kreditor qarşısında borclunun bu müqavilənin 1.2-ci bəndində göstərilən müqavilədən irəli gələn öhdəliyinin icra edilməsi üçün bu müqavilə ilə müəyyən edilmiş həcmdə cavabdehdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddia tələblərinin əsaslandırdığı hallar təqdim olunmuş sübutlarla təsdiq edildiyindən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, “xxxx” ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və İddiaçı MMC həmin kredit müqaviləsi üzrə Cavabdeh zamin durmuşdur. İddiaçı MMC kredit müqaviləsi üzrə borcu tam ödəmişdir.. Göstərilənlərə əsasən məhkəmə hessab edir ki, iddiaçının zamin olaraq cavabdehin əvəzinə banka ödədiyi 9139 manat pul vəsaitinin tələbi əsaslıdır və təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin iddiası təmin edildiyindən, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 9139 (doqquz min yüz otuz doqquz) manat məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-1015/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1015/2021
08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver