Məhkəmə qərarları › İş №2(004)-1020/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1020/2021

17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1020/2021 17.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X5 oğlunun katibliyi İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Dövlət Əmlakının Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri Yasamal rayonu 2-ci Nərimanov döngəsi 13 nömrəl evin 2/6 hissəsinin 12 kv.m (yaşayış otağı) sahəsi barəsində alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin evin 12 kvadrat metr sahəsinə (yaşayış otağına) mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2004-cü ilin dekabr ayında İddiaçı ev almaq üçün vasitəçiyə müraciət etmişdir. 04 dekabr 2004-cü il tarixdə Cavabdeh1 Bakı şəhəri Yasamal rayonu 2-ci Nərimanov döngəsi 13 nömrəl evin 2/6 hissəsinin 12 kv.m (yaşayış otağı) sahəsini iddiaçıya satmışdır. Evin qiyməti 6200 ABŞ dolları təşkil etmişdir. Alqı-satqı müqaviləsi notariat kontorunda bağlanmışdır. Müqavilə bağlanan zaman evdə qeydiyyatda olan digər şəxslər notariat kontoruna gələ bilmədiyinə görə notarial təsdiq olunmuş yox, sadə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin vaxtdan ev iddiaçıya təhvil verilmiş, o evə köçmüş və cavabdehin razılığı ilə pasport qeydiyyatına düşmüşdür. İddiaçının müraciətindən sonra cavabdeh səlahiyyətli orqana aşağıdakı məzmunda ərizə yazmışdır: “mən Cavabdeh1 Bakı şəhəri Yasamal rayonu 2-ci Nərimanov döngəsində yerləşən 0,021538 ha torpaq sahəsinin üzərində olan 2 ədəd 1 mərtəbəli 3 otaqlı 119,6 kv.m yaşayış, 44.3 kv.m köməkçi sahədən ibarət 13 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə, mənə məxsus 2/6 hissəsinə daxil olan yaşayış sahəsindən 12 kv.m hissəsinə sərəncam vermək hüququna dair İddiaçı 15.04.2014-cü il tarixdə etibarnamə vermişəm. Sözügedən ərizə plana düşərsə, satılası və digər hallar baş verərsə, mənim həmin hissəyə görə İddiaçı qarşı heç bir iddiam olmayacaq və bununla əlaqədar məhkəməyə müraciət etməyəcəm. Ərizəni yazaraq imzamla təsdiq edirəm”. Lakin həmin vaxtdan bu günədək dəfələrlə müraciət etməsinə baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Göründüyü kimi, cavabdeh əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uygun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iddiaçının nümayəndəsinin izahatanı dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia rədd edilməlidir. İş materialına əlavə edilmiş: 04 dekabr 2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 Bakı şəhəri Yasamal rayonu 2-ci Nərimanov döngəsi 13 nömrəl evin 2/6 hissəsinin 12 kv.m (yaşayış otağı) sahəsini alıcı İddiaçı 6200 ABŞ dollarına satmışdır. Müqavilə notariat qaydasında təsdiq edilməmişdir. 04 dekabr 2004-cü il tarixli akta əsasən aktı imzalamış şəxslər İddiaçı, Cavabdeh1, X1, X2 yuxarıda göstərilən əmlakın Cavabdeh1 tərəfindən iddiaçıya 6200 ABŞ dollarına satılmasını təsdiq etmişlər. Aktı imzalamış şəxslərin imzası notarius tərəfindən t əsdiq edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən Cavabdeh1 Bakı şəhəri Yasamal rayonu 2-ci Nərimanov döngəsi ünvanında yerləşən ümumi sahəsi 146 kv.m olan 13 nömrəl evin 2/6 hissəsi üzərində mülkiyyət hüquqları 28.02.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İddia ərizəsində göstərilən Cavabdeh1 tərəfindən İddiaçı 15.04.2014-cü il tarixli etibarnamə verilməsinə dair ərizəsindəki imzanın həqiqiliyi 27.05.2014-cü il tarixdə notarius tərəfindən təsdiq edilmişdir. Cavabdeh1 tərəfindən İddiaçı verilmiş 15.04.2014-cü il tarixli etibarnamədən görünür ki, Cavabdeh1 «Azərbaycan Respublikası DƏDRX-nın 11.08.2007-ci il ********* qeydiyyat nömrəli, MHO102148 seriyalı çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu 2-ci Nərimanov döngəsi 13 nömrəl evin ona məxsus 2/6 hissəsindən 12 kv.metr hissəsiinə dair sənədləri toplamağı, lazımi sənədləri təqdim edib qəbul etməyi, idarə və təşkilatlarda , ƏMDK yanında DƏDRX-da və DT və XK-də onu təmsil etməyi .... gələcəkdə sərəncam verməyi və digər hərəkətləri etibar etmişdir. Etibarnamədən göründüyü kimi, mübahisəli əmlak 11.08.2007-ci il tarixdə Cavabdeh1 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. İddiaçı həmin əmlakın 04 dekabr 2004-cü il tarixli müqavilə bağlandığı anda cavabdehin mülkiyyətində olmasını, yəni həmin əmlak barəsində sərəncam vermək hüququnun olmasını (o cümlədən satmaq hüququ) təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bundan əlavə məhkəmə 04 dekabr 2004-cü il tarixli müqavilənin həqiqiliyinə şübhə ilə yanaşır. Belə ki, cavabdeh 27.05.2014-cü il tarixli ərizəsində iddiaçıya yalnız etibarnamə verməsini göstərmiş, cavabdehlə aralarında 04 dekabr 2004-cü il tarixdə alqısatqı müqaviləsinin bağlanmasını göstərməmişdir. 04 dekabr 2004-cü il tarixdə qüvvədə olmuş və 24 iyun 2005-ci il 949-İİQD nömrəli Qanunla Mülki Məcəllədən çıxarılmış 335-ci maddəyə əsasən: 335.1. Əqdin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Bu cür əqd əhəmiyyətsiz sayılır. 335.2. Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 mart 2006-cı il il tarixli qərarında göstərmişdir ki, «MM-in 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Belə ki, MM-in 647.1-ci maddəsinin tələbinə əsasən daşınmaz əşyaların alqısatqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Göründüyü kimi, yuxarıda adı çəkilən norma daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: -yazılı formada bağlanması; -notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Beləliklə, daşınmaz əşyaların alqı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Qeyd edildiyi kimi, MM-in 335.2-ci maddəsinin mənasına görə, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir.” Məhkəmə hesab edir ki, Cavabdeh1 2004-cü ilin dekabr ayında mübahisəli əmlakın mülkiyyətçisi olmasına dair məhkəməyə sübut təqdim olunmadığından, bununla da onun həmin əmlak barəsində həmin tarixdə sərəncam vermək hüququnun olması təsdiq edilmədiyindən, eyni zamanda Cavabdeh1 iddia ərizəsində göstərilmiş 27.05.2014-cü il tarixli ərizəsində onunla iddiaçı arasında 04 dekabr 2004-cü il tarixdə müqavilə bağlanmasını göstərməməsi məhkəməyə təqdim edilmiş müqavilənin həqiqiliyini şübhə altına aldığından, yəni həqiqətən tərəflər arasında belə müqavilənin bağlanmasını təsdiq etmədiyindən iddia təmin edilə bilməz və rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar