Məhkəmə qərarları › İş №2(004)-1038/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1038/2022

12.04.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1038/2022 12.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildə çıxarılma və mənzilin təhvil verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildə çıxarılma və mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X7 qanusuz olaraq zəbt etdiyi ona aid olan ünvan 1 ünvanında yerləşən təxmini 25 kv.m sahəsi olan bir otaqlı mənzildən özünə aid olan əşyalarla birlikdə çıxarılması və həmin otağın ona təhvil verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 10.05.2003-cü il tarixli notarial qaydada təsdiq edilmiş yazılı iltizam əsasında ünvan 2 ünvanında yerləşən təxmini 25 kv.m sahəsi olan bir otaqlı mənzili 2700 ABŞ dolları pul vəsaitini cavabdehin anası mərhum X5 ödəyərək almışdır. Bir müddət özü aldığı otaqda ailəsi ilə qalmış, daha sonra isə otağını kirayə verərək başqa mənzilə çıxmışdır. Son illərdə otağı yararsız halda olduğundan və sair səbəblərdən icarəyə verə bilməmiş, həmçinin plana düşdüyündən də təmir etdirməmişdir. Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin köçürmə komissiyası da otağının kvadratını hesablayaraq adına yazmışdır. Qonşular da, bunu təsdiq edə bilərlər. Bütün kommunal ödənişləri etmiş, borcu yoxdur və kommunal sayğaclar da, öz adınadır. Eyni zamanda da bildirir ki, həmin mübahisə edilən otağına pasport qeydiyyatına düşmüşdür. Lakin evinə baxış keçirmək üçün bacısı ilə 21.02.2021-ci ildə sonuncu dəfə gedərkən otağının cavabdeh tərəfindən qanunsuz zəbt edərək başqa qapı qoyaraq bağladığının şahidi olmuşdur. Dəfələrlə cavabdehlə əlaqə saxlasa da, o həmin otağın guya boş olduğunu görərək təmir edərək bağladığını bildirmişdir. Bütün bundan sonra dəfələrlə cavabdehlə əlaqə saxlayaraq mənzilini boşaldaraq təhvil verməsini bildirməyə cəhd etsə də, nəticəsi olmamışdır. Bundan sonra o, Yasamal rayon Pl-nin 27-ci PB-nə müraciət etməyə getsə də ona işin mülki xarakterli olduğunu və məhkəməyə müraciət etməyini bildirmişlər. Bütün bunlar isə onun mülkiyyət hüquqlarının pozulması deməkdir. Cavabdehin hazırda bu qanunsuz hərəkətləri və otağından çıxmaması isə həm ona ciddi şəkildə maddi ziyan vurur, həm də ki, kobud şəkildə hüquqlarının pozulmasına gətirib çıxarır. Bütün bu səbəblərdən də məcbur olaraq cavabdehin ona aid olan otaqdan çıxarılmasını və otağın ona təhvil verilməsi barədə iddia ilə ərazi və cavabdehin qeydiyyatı üzrə Yasamal rayon Məhkəməsinə müraciət etmək məcburiyyətindədir. Göründüyü kimi o, faktiki olaraq alqı-satqı ilə aldığı mülkiyyətindən məhrum olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçı 2003-cü ilin may ayında sözü gedən ünvanda yerləşən təxminən 27 kv.m otağı cavabdehin anasına 2700 ABŞ dolları ödəyərək iltizam əsasında notarial qaydada almışdır. O, bir müddət sözü gedən mənzildən istifadə etsə də, sonradan kirayə vermiş və daha sonra isə 2019-cu ildə mənzilin təmiri köhnəldiyindən istifadəsiz qalmışdır. 2020-ci il tarixdə icra hakimiyyəti tərəfindən mənzilə baxış keçirilmiş və mənzillərin söküləcəyi barədə məlumat verilmişdir. Həmin əsnada cavabdeh tərəfindən mənzilin qapısının bağlandığı və başqa bir hissədən qapının açılması da, müəyyən edilmişdir. Evə dair kommunarl ödənişlər iddiaçı tərəfindən aparılır və orda olan sayğaclar da, iddiaçının adınadır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda məhkəmə tərəfindən bildiriş çatdırılması üçün cavabdehin qeydiyyatda olduğu yer üzrə Yasamal Rayon Mənzil Təsərrüfatı Birliyinə də göndərilmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iştirak edən şəxslərin izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, iddiaçı onun bacısıdır. Belə ki, bacısı sözü gedən evi cavabdehin anasına pul ödəyərək almışdır. Bir müddət, təxminən 2015-ci il tarixə kimi özü yaşamış, sonra isə 2019-cu il tarixə kimi kirayəyə vermişdir. Cavabdeh tərəfindən sözü gedən mənzil zəbt edilmiş və yeni qapı qoyulmuşdur. Cavabdeh tərəfindən də sözü gedən mənzilin bacısına aid olduğu etiraf edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, iddiaçı onun bacısıdır və cavabdehi də tanıyır. Cavabdehin anasına sözü gedən mənzil üçün bacısı pul ödəyərək almışdır. Bacısı 2003-cü il tarixdən 2015-ci il tarixədək sözü gedən ünvanda yaşamış, sonra isə həmin otağını kirayəyə vermişdir. Daha sonra isə mənzili su basdığından təmiri yarasız hala düşmüş və mənzildə yaşayış olmamışdır. Sözü gedən mənzilin bacısı tərəfindən pul ödənilərək alınıdığını təsdiq edir. İş materiallarında olan: Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, Bakı şəh., 9-cu Vıyezdnoy Ev 14 ünvanıda digər şəxslərlə yanaşı İddiaçı və Cavabdeh da qeydiyyatdadır. X9 tərəfindən yazılmış 10.05.2003-cü il tarixli iltizamdan görünür ki, X9 İddiaçı 2700 ABŞ dolları alaraq əvəzində sonuncuya Qədirli küçəsi, 9-cu Vıyezdnoy Ev 14 həyətində olan 1 otaqlı evi satmışdır. Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 002198 nömrəli qəbzindən görünür ki, İddiaçı 9-cu keçid, ev 14 üçün 20 manat kommunal ödəniş etmişdir. İddiaçı adına olan **********8000V saylı abunə kodlu işıq qəbzindən görünür ki, 9-cu keçiddə yerləşən İddiaçı adına olan otaq üçün 13.02.2015-ci il tarixdən 19.05.2015-ci il tarixə kimi 0 manat məbləğində borc hesablanmışdır. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin məktubundan görünür ki, Bakı şəhəri, Yasamal Rayonu, 9-cu Vıyezdnoy küçəsi, 14 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Yasamal Rayon Məhkəməsinin icraatında olmuş 2(004)-3754/2021 saylı mülki iş üzrə eyni mübahisəli mənzilə dair sorğu edimiş və sürətləri hazırki mülki işə əlavə edilmiş: - Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin 18.06.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 9-cu Vıyezdnoy (Qədirli) küçəsi 14 saylı fərdi yaşayış evinin yerləşdiyi ərazi torpaqların dövlət ehtiyacları üçün satın alınması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarının təsir dairəsinə düşmədiyindən hazırda söküntü mərhələsinə düşmür. - 64 saylı MKİS-nin məktubundan görünür ki, 9-cu Vıyezdnoy (Qədirli) küçəsi 14 saylı fərdi yaşayış evi şəxsi mülkdür. Bu səbəbdən həmin evə dair texniki sənədlər mülk sahibinin özündədir. Ümumiyyətlə vətəndaşların hər hansı bir ünvana qeydiyyata alınmaları və qeydiyyatdan çıxarılmaları Pasport şöbələri və ASAN Xidmətlər tərəfindən aparılır. Məhkəmə qeyd edir ki, mübahisənin həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26.07.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06.03.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). İş materialları ilə müəyyən edilmişdir ki, 9-cu Vıyezdnoy (Qədirli) küçəsi, 14 ünvanında yerləşən evin həyətində olan 1 otağın satılmasına dair X9 tərəfindən İddiaçı 10.05.2003-cü il tarixli imzalı iltizam verilmişdir. İş materilları ilə o da, müəyyən edilmişdir ki, iddiaçı tərəfindən sözü gedən ünvanda yerləşən mübahisəli evə dair MKTB-nə 10 manat ödəniş edilmiş və Azərişıq ASC-nin bildirişinə əsasən iddiaçı 19.02.2015-ci il tarixində işıq borcuna görə 401 manat ödəniş etmiş və 13.05.2015-ci il tarixinə işıq borcuna görə borcu olmamışdır. İddiaçı sözü gedən 1 otaqlı mənzilin onun mülkiyyətində olmasına istinad edərək, mübahisəli otağın cavabdeh X10 tərəfindən qanusuz olaraq zəbt etdiyini iddia edərək, ona aid olan ünvan 1 ünvanında yerləşən təxmini 25 kv.m sahəsi olan bir otaqlı mənzildən cavabdehin özünə aid olan əşyalarla birlikdə çıxarılmasını və həmin otağın ona təhvil verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» 25 oktyabr 2010-cu il tarixli qərarında hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi olan hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Göründüyü kimi iddiaçının iddia etdiyi ünvan 1 ünvanında yerləşən təxmini 25 kv.m sahəsi olan bir otaqlı mənzilə dair sonuncunun mənzil üzərində sahiblik və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, eləcə də, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin məktubuna əsasən ümumiyyətlə sözü gedən ünvanda yerləşən mübahisəli evin reyestr xidmətində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Bundan başqa iddiaçının sübut qismində istinad etdiyi 10.05.2003-cü il tarixdə bağlanmış iltizamla da, iddiaçının cavabdehin anasından aldığını iddia etdiyi Qədirli küçəsi, 9-cu Vıyezdnoy küçəsi, 14 ünvanında yerləşən evin həyətindəki mübahisəli 1 otağın, həyətin hansı hissəsində yerləşməsi, otağın neçə kv.m sahədən ibarət olması müəyyən edilməməklə, iş materialları ilə evə dair naturada bölgünün mövcud olması da müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin barəsində iddia tələbində göstərdikləri faktların təsdiqi ilə bağlı sübut təqdim edib-etməməsindən asılı olmayaraq iddia tələblərinin əsası kimi istinad edilən hallar iddianın əsaslı olmasının təsdiqi kimi qiymətləndirilə bilməz. Belə ki, əvvəla Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə tərəfindən, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırılmalıdır. İş materialları ilə iddiaçının mübahisəli mənzilin mülkiyyətçisi olmaması, eləcə də mübahisəli mənzildə pasport qeydiyyatına alınmiş, Cavabdeh ilə eyni statuslu şəxslər olması müəyyən edilmişdir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən məhkəməyə müvafiq ünvanda yerləşən mübahisəli 1 otaqlı mənzilin onun mülkiyyətində olması barədə iddia ərizəsində qeyd edilənlərə dair sübutlar təqdim edilmədiyindən və ümumiyyətlə iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildə çıxarılma və mənzilin təhvil verilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar