Məhkəmə qərarları › İş №2(004)-104/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-104/2024

15.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-104/2024 15.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: mənzil tikintisi haqqında müqavilə) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Kamranlı Mahsun Şahin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MTK-ya (bundan sonra – cavabdeh) qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Cavabdeh MTK-dan 4147 ABŞ dolları pulun xeyrinə tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2007-ci il tarixdə Cavabdeh MTK ilə Koorperativ binanın mənzil tikintisi haqqında müqavilə bağlayaraq ümumi sahəsi 97,82 m2 olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi 2836 məhəllə ünvanında yerləşən binanın 2-ci yaşayış mərtəbəsində 8 nömrəli mənzili almışdır. Həmin mənzilə görə cavabdehə 52264 ABŞ dolları pul ödəmişdir. Mənzilin təmirinə xeyli xərc çəkərək təmir etdirmişdir və 10 ildir ki, ailəsi ilə köçüb yaşayır. xx.xx.2022-ci ildə cavabdehə ərizə göndərərək maliyyə arayışının verilməsini xahiş etmişdir. Lakin heç bir cavab almamışdır. Mənzilin təmiri zamanı müəyyən ölçmələr nəticəsində müəyyin edildi ki, ona satılmış həmin mənzilin ümumi sahəsi 97,82 m2 deyil. Bu səbəbə görə də "xxxx" MMC-yə müraciət edərək mənzilin ümumi sahəsinin müəyyən edilməsini və bu barədə müvafiq sənəd verilməsini xahiş etdi. Ölçmə nəticəsində müəyyən edildi ki, mənzlin sahəsi faktiki olaraq 90 m2-dir. Beləliklə müəyyən edildi ki, cavabdehin rəhbərliyi onu aldadaraq mövcud olmayan 7,82 m2 mənzil sahəsinin pulunu almışlar. Ona görə də xx.xx.2023-cü ildə 4174 ABŞ dollarının ona geri qaytarılması barədə ərizəni cavabdehə göndərdi. Lakin bu günədək ona heç bir cavab verilməmişdir. Ona görə də ondan artıq alınmış pulun ona qaytarılması və faktla bağlı xüsusi qərardad qəbul edilməsi barədə məhkəmədə iddia qaldırmağa məcbur oldu. Hazırda cavabdehin ona 4174 ABŞ dolları borcu var, qaytarmır və qaytarmaqdan imtina edir.

İİ. Tərəflərin mövqeləri:

3. İddiaçı iddianı müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir.

İİİ Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Koorperativ binanın mənzil tikintisi haqqında xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MTK Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi 2836 məhəllə ünvanında yerləşən tikilməkdə olan ümumi sahəsi 97,82 m2 olan yaşayış binasının 2-ci yaşayış mərtəbəsidə 8 №-li mənzili İddiaçı verməyi, İddiaçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür.

8. Müqavilənin 3-cü bəndinə əsasən göstərilən sahənin ümumi dəyəri 52264 ABŞ dolları məbləğində müəyyən olunmuşdur. Ödəniş məzənnəyə uyğun manatla aparılır.

9. Müqavilənin 4-cü bəndinə əsasən müqavilə bağlanan günü payçı tərəfindən göstərilən sahənin dəyərinin bir hissəsi, yəni 42585 ABŞ dolları ödənilir. Payçı öhdəsinə götürür ki, pulun qalan hissəsini kooperativə tikinti başa çatana kimi ödəyəcəkdir.

10. Cavabdeh MTK tərəfindən İddiaçı verilmiş 06 aprel 2023-cü il tarixli arayışdan görünür ki, o, həqiqətən ünvan 2 ünvanında yerləşən kooperativ yaşayış binasının 8 saylı mənzilində yaşayır.

11. İddiaçı tərəfindən cavabdehə verilmiş kassa mədaxil orderinin qəbzlərindən görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2007-ci il tarixdə 1712 manat, xx.xx.2007-ci il tarixdı 1710 manat, xx.xx.2008-ci il tarixdə 1692 manat, xx.xx.2008-ci il tarixdə 1690 manat, xx.xx.2007-ci il tarixdə 1706 manat, xx.xx.2007-ci il tarixdə 17948 manat, xx.xx.2007-ci il tarixdə 1692 manat, xx.xx.2007-ci il tarixdə 3408 manat, xx.xx.2008-ci il tarixdə 3240 manat, xx.xx.2008-ci il tarixdə 3240 manat, xx.xx.2007-ci il tarixdə 36879 manat, xx.xx.2009-cu il tarixdə 820 manat, xx.xx.2009-cu il tarixdə 1600 manat ümumilikdə, 77337 manat məbləğində pul ödənilmişdir.

12. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 06 sentyabr 2013-cü il tarixli 09/106 nömrəli bildirişdən görünür ki, xx.xx.2007-ci il tarixli 2-ci mərtəbə 8 saylı mənzillə bağlanmış müqaviləyə əsasən 4660 manat iddiaçının borcu qalmışdır.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin xx.xx.2024cü il tarixli, 3-16-16/2-10/360 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, 2836-cı məhəllə ünvanında inşa edilmiş yaşayış binasının 2-ci mərtəbəsən yerləşən 8 nömrəli mənzilin ümumi sahəsi (içdən-içə daxili tikililərin sahələri nəzərə alnmaqla) – 93,6 m2 təşkil etdiyi, tərəflər arasında bağlanmış xx.xx.2007-ci il tarixli koorperativ binanın mənzil haqqında müqavilədə mənzilin sahəsinin 97,82 m2 göstərildiyini, faktiki sahəsinin (içdən-içə hesablanaraq arakəsmələr daxil olmaqla) isə 93,6 m2 olduğunu nəzərə alaraq, tədqiq olunan mənzilin faktiki sahəsinin müqavilədə göstərilən müqavilədə göstərilən sahədən 4,22 m2 az olduğu müəyyən edilir.

14. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin olunmalıdır.

15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

16. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.

17. Həmin Məcəllənin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

18. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

19. Həmin Məcəllənin 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.

20. Şəhərsalma və Tikinti Məcəllsinin 59.2-ci və 59.3-cü maddələrinə əsasən, yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.

21. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 3.8-ci bəndinə əsasən, mənzillərin ümumi sahəsi yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır.

22. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında 27 fevral 2007-ci il tarixli kooperativ binanın mənzil tikintisi haqqında müqavilə imzalanmış, həmin müqavilə üzrə cavabdeh Bakı şəhəri, Yeni Yasamal massivi 2836 məhəllə ünvanında yerləşmiş tikilməkdə olan yaşayış binasının 2-ci yaşayış mərtəbəsində 8 nömrəli mənzili iddiaçıya verməyi öhdəsinə götürmüş, tərəflərin qarşılıqlı razılaşmasına əsasən mənzilin ümumi sahəsinin 97,82 m2 olması və ümumi dəyərinin 52264 ABŞ dolları təşkil etməsi müəyyən edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş kassa mədaxil orderlərinin qəbzlərinə əsasən iddiaçı tərəfindən cavabdehə ümumilikdə 77337 manat məbləğində ödəniş edilmişdir.

23. Beləliklə, işin hallarından və tədqiq olunmuş sübutlardan açıq-aşkar müəyyən edilir ki, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmiş, 97,82 m2 sahədə mənzili iddiaçıya təhvil verməmişdir.

24. Belə ki, iş üzrə təyin edilmiş ekspertiza rəyindən mənzilin faktiki sahəsinin müqavilədə göstərilən sahədən 4,22 m2 az olduğu müəyyən edilmişdir.

25. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçı qarşısında öz öhdəliyini pozaraq ona ümumi sahəsi 97,82 m2 əvəzinə 93,6 m2 olan mənzili təhvil verilmişdir. İddiaçının 97,82 m2 üçün nəzərdə tutulmuş ödənişi etməsi iş materialları ilə müəyyən olunduğundan 2254,70 ((97,82-93,6)*534,29) ABŞ dolları artıq ödənilmiş məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

26. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MTK-dan 2254,70 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla) məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 71 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

29. İş üzrə keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.

V Nəticə:

30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MTK-dan 2254,70 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla) məbləğində pul və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə İddiaçı özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar