Məhkəmə qərarları › İş №2(004)-1044/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1044/2022

22.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1044/2022 22.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi, İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil Rüfət oğlunun, İlkin iddia üzrə Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İlk iddia tələbi üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı öhdəliyin icra edilməsi və dəymiş ziyanın ödənilməsi və qarşılıqlı iddia tələbi üzrə iddiaçı “Gilan" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlk iddia tələbi üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2nə öhdəliyin icra edilməsi və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən ünvan 1 ünvanda yerləşən 23 mərtəbəli binanın "A" bloklunun 11-ci mərtəbəsinin 31 saylı mənzili müqavilə ilə nəzərdə tutulmuş vaxtda istifadəsinə təhvil verilmədiyinə görə dəymiş 38.400,00 (otuz səkkiz min dörd yüz) manat mələğində maddi ziyanın, müqavilə üzrə mənzilin az olan 20,14 kv.m- ibarət sahəsinin əvəzi olaraq 20.654,79 (iyirmi min altı yüz əlli dörd manat, 79 qəpik) manat və dövlət büdcəsinə ödənilmiş 267,17 (iki yüz altmış yeddi manat, 17 qəpik) manat dövlət rüsumunun, ümumilikdə 59.054,79 (əlli doqquz min əlli dörd manat 79 qəpik) manat məbləğində pulun onun xeyrinə tutulması və istifadəsinə təhvil verilmiş 31 saylı mənzilin hazırkı pəncərlərinin 1 saylı Əlavədə nəzərdə tutulmuş yəni çərçivələri keyfiyyətli və estetik görünüşə malik PVC-dən hazırlanmış və iki qat şüşə ilə əhatə olunmuş pəncərələr ilə əvəzlənməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, bu mümkün olmadığı halda həmin pəncərələrin dəyərinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İlk iddia tələbi üzrə İddiaçı ilə cavabdeh “X6" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında (cavabdeh “Gilan" Məhdud Məsuliyyətli Cəmiyyətinin 13 sentyabr 2011-ci il tarixdə vermiş olduğu etibarnamə əsasında) 27 iyun 2012-ci il tarixdə bağlanmış GMPA-31/2012 saylı Müqavilənin 1-ci bəndinə əsasən ünvan 2 ünvanda tikintisi həyata keçirildiyi 23 mərtəbəli yaşayış binasındakı mənzillərdən birinin tərəflərin razılaşdığı qiymətlə bu müqaviləyə əlavə edilən 1 nömrəli texniki şərtlərə uyğun tikilmiş halda ona satılmasından, onun isə aldığı mənzilin dəyərini bu müqaviləyə əlavə edilən 2 saylı öhdəliyə uyğun tərəfindən qrafika əsasən ödənilməsindən ibarət olmuşdur. Həmin Müqavilənin 2-ci bəndinə əsasən onun cavabdeh ilə tikintisi razılaşdığı yer, 23 mərtəbəli, 1 bloklu bina, "A" bloku 11-ci mərtəbə, 31 nömrəli mənzildə yerləşməklə razılaşma qiyməti ümumi dəyəri 195.000,00 (bir yüz doxsan beş) manat ümumi satış sahəsi 190,14 kv.m, 1 ədəd 4 otaqdan ibarət olan mənzil olması nəzərdə tutulmuşdur. Məhkəmənin diqqətinə çatdırır ki, onunla Cavabdeh1 arasında bağlanmış Müqavilənin 2-ci bəndinə əsasən cavabdehlər 1 ədəd 4 (dörd) otaqlı ümumi sahəsi 190,14 kv.m-dən ibarət mənzil ona təhvil verilməli idi. Cavabdehlərin açarı ona təhvil vermiş olduğu mənzilin ümumi sahəsi isə 170 kv.m təşkil edir. Bu isə cavabdehlərin öhdəliyinin icrası üzrə verməli olduğu sahədən 20,14 kv.m azdır.Bu səbəbdən hesab edilir ki, cavabdehlər həmin Müqavilə üzrə verilməyən 20,14 kv.m-dən ibarət sahənin əvəzi olaraq hər bir kv.m üçün 195.000,00 manat/190, 14 kv.m x 1.025,56 (bir min iyirmi beş manat, 56 qəpik ) manat, kvadrata uyğun olaraq 20,14 kv.m x 1.025,56 (bir min iyirmi beş manat, 56 qəpik )=20.654,79 (iyirmi min altı yüz əlli dörd manat, 79 qəpik) manat olan məbləğində vəsaiti mənə geri ödəməlidir.Onunla Cavabdeh1 arasında (Cavabdeh2 13 sentyabr 2011-ci il tarixdə vermiş olduğu etibarnamə əsasında) 27 iyun 2012-ci il tarixdə bağlanmış GMPA-31/2012 saylı Müqavilənin 3.1 -ci bəndinə əsasən İcraçı yəni cavabdehlər Müqaviləyə 1 saylı əlavədə göstərilən texniki şərtlərə uyğun olaraq A blokunda olan mənzili 30 dekabr 2013-cü il tarixədək tikib onun istifadəsinə verməli idi.Bununla bağlı məhkəmənin diqqətinə çatdırılır ki, cavabdehlər tərəfindən mənzil ona 2017-ci ilin dekabrında istifadəsinə verilmiş, cavabdehlərin Müqavilə üzrə nəzərdə tutulan öhdəliyinin icra etməməsi səbəbindən o ailəsi ilə birlikdə 4 il müddətdində kirayədə qalmaq məcburiyyətinə qalmışdır. Bunun nəticəsində 4 (dörd) il x2 (on iki) ay x hər ay 800,00 (səkkiz yüz) manat olmaqla ümumilikdə ona 38.400,00 (otuz səkkiz min dörd yüz) manat maddi ziyan dəymişdir. Bundan əlavə cavabdehlər tərəfindən istifadəsinə verilməli olan mənzil 1 saylı əlavədə göstərilən texniki şərtlərə uyğun olaraq ona təhvil verilməli idi. Lakin mənzil onun istifadəsinə pəncərələri keyfiyyətsiz PVC-dən hazırlanaraq, ona təhvil verilmişdir. Bununla bağlı cavabdehlərə dəfələrlə etmiş olduğu müraciətlər cavabsız qalmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasının məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək cavabdehlərdən ünvan 1 ünvanda yerləşən 23 mərtəbəli binanın "A" bloklunun 11-ci mərtəbəsinin 31 saylı mənzili müqavilə ilə nəzərdə tutulmuş iddiaçıya vaxtında istifadəsinə təhvil verilməsinə görə dəymiş 43.230,00 (qırx üç min iki yüz otuz) manat mələğində maddi ziyanın, müqavilə üzrə mənzilin az olan 6,71 kv.m-ibarət sahəsinin əvəzi olaraq 6.881,50 (altı min səkkiz yüz səksən bir manat, 50 qəpik) manat, iddiaçının istifadəsinə təhvil verilmiş 31 saylı mənzilin hazırkı pəncərlərinin 1 saylı Əlavədə nəzərdə tutulmuş yəni çərçivələri keyfiyyətli və estetik görünüşə malik PVC-dən hazırlanmış və iki qat şüşə ilə əhatə olunmuş pəncərələr ilə əvəzlənməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, bu mümkün olmadığı halda həmin pəncərələri olan 8.500,00 (səkkiz min beş yüz) manat dəyərinin iddiaçıya ödənilməsi və dövlət büdcəsinə ödənilmiş 265,83 (iki yüz altmış beş manat, 83 qəpik) manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə 36810 manat, sahə fərqindən yaranmış 2051 manat, dövlət rüsumu 207 manat olmaqla, ümumilikdə 39.068 manat vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 MMC-nin etibarnaməsi əsasında Cavabdeh1 MMC ilə vətəndaş İddiaçı arasında 27 iyun 2012-ci il tarixli, GMPA- 31/2012 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin ümumi məbləği 195 000 (bir yüz doxsan beş min) manat müəyyən edilmiş və tərəflər bu barədə tam şəkildə razılığa gəlmişdir. Müqavilə şərtlərinə uyğun olaraq vətəndaş İddiaçı 50 000 (əlli min) manat ilkin ödəniş etdikdən sonra, ödəniş qrafikinə uyğun olaraq 36 ay ərzində hissə-hissə ödəyəcəyin öhdəsinə götürmüşdür. Vətəndaş tərəfindən ən son ödəniş 2014-cü ilin sentyabr ayında həyata keçirilmişdir. Artıq 7 (yeddi) ildən çoxdur ki, vətəndaş tərəfindən hər hansı ödəniş həyata keçirilmir və hal-hazırda müqavilə üzrə 36 810 (otuz doqquz min səkkiz yüz on) manat borcu vardır. Şəhərsalma və Tikinti Məcəlləsinə görə yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının habelə, balkonların məhəccərlərinin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Mənzillərin sahəsinin hesablanması (əmsallaşdırılması) qaydası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07nömrəli qərarında daha açıq və aydın şəkildə göstərilmişdir. Həmin qərara görə mənzillərin sahəsi bayır divarlarının daxilindən ölçülür. Həmçinin, yaşayış binasında olan divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Yəni, mənzillərin sahəsi hesablanan zaman bayır və mənzilin daxilində olan divarlar, otaqların və digər istifadə yerlərinin ölçüsü plintuslar nəzərə alınmadan ölçülməlidir. Bununla yanaşı mənzillərin ümumi sahəsi hesablanan zaman balkon və terrasların sahələri - 0,3 azaltma əmsalı ilə hesablanmalıdır. Vətəndaş İddiaçı satılmış mənzil ünvan 3 ünvanında yerləşir. Bu ünvanda analoji mənzillərə ƏMDX-nin DƏDRX-i tərəfindən verilmiş çıxarışların sahəsi, bütün normalar və qaydalar nəzərə alınmaqla 193,2 kv.m. təşkil edir. Yəni vətəndaşa müqavilə üzrə öhdəliyindən daha artıq mənzil sahəsi Cəmiyyət tərəfindən təqdim edilmişdir. Vətəndaş isə ona 170 kv.m. mənzil sahəsi təqdim edildiyini iddia etməkdədir, bu isə həqiqətə uyğun deyildir. Əslində vətəndaşın Cəmiyyətimizə 2 kv.m.-lik sahə üzrə borcu yaranmışdır. Vətəndaşın ümumilikdə cəmiyyətə 39.068 manat borcu vardır. İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil Rüfət oğlu iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim edərək son ödənişin 2014-cü ilin sentyabr olmasının nəzərə alaraq həmin tarixdən 7 il 6 ay müddət keçdikdən sonra verilən qarşılıqlı iddia ərizəsinin bu səbəblə rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili X4 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək ilkin iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümayəndəsi və vəkillərinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri rədd edilməlidir. İş materiallarında olan Cavabdeh2 MMC-nin etibarnaməsi əsasında Cavabdeh1 MMC ilə vətəndaş İddiaçı arasında 27 iyun 2012-ci il tarixli, GMPA-31/2012 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 MMC-nin Bakı şəhəri, Ə.Ələkbərov küçəsi 89-da tikintisini həyata keçirdiyi 23 mərtəbəli yaşayış binasındakı, 1 bloklu bina, “A” bloku, 11-ci mərtəbə, 31 saylı mənzili (190.14 m2, 1 ədəd 4 otaq) İddiaçı satır, satıcı inşa etdiyi binanı xx.xx.2013-cü il tarixədək təhvil verməyi, alıcı isə 195.000 manat ödəməyi öz öhdəsinə götürür. İş materiallarında olan pretenziya məktubundan müəyyən olunur ki, İddiaçı Cavabdeh1 MMC-ə və Cavabdeh2 MMC-ə istifadəsi və mülkiyyətindfə olan mənzilin tərəflərindən gec verilməsi səbəbindən kirayədə qaldığından ona dəyən maddi ziyanın, mənzilin ümumi sahəsinin müqavilədə nəzərdə tutulduğundan az olması və keyfiyyətsiz pəncərələrin quraşdırılması ilə əlaqədar ona dəyən ziyanın 5 iş günü ərzində ödənilməsi, əks halda məhkəməyə müraciət edəcəyi barədə xəbərdar etmişdir. İş materiallarında olan 2 saylı əlavədən görünür ki, tərəflər arssındakı razılaşmaya əsasn mübahisəli mənzillə bağlı alıcı sonuncu ay 3950 manat olmaqla 36 ay müddətinə hər ay 4030 manat ödəniş etməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan mədaxil qəbzlərindən görünür ki, İddiaçı Cavabdeh1 MMC-yə xx.xx.2012-ci il tarixdə 50.000 manat, xx.xx.2012-ci il tarixdə 4030 manat, xx.xx.2012-ci il tarixdə 4030 manat, xx.xx.2012-ci il tarixdə 4030 manat, xx.xx.2012-ci il tarixdə 1200 manat, xx.xx.2012-ci il tarixdə 2850 manat, xx.xx.2012-ci il tarixdə 4350 manat, xx.xx.2012-ci il tarixdə 52.390 manat, xx.xx.2014-cü il tarixdə 4030 manat, xx.xx.2014-cü il tarixdə 4050 manat, xx.xx.2014-cü il tarixdə 4030 manat, xx.xx.2014-cü i tarixdə 4050 manat, xx.xx.2014-cü il tarixdə 4000 manat, xx.xx.2014-cü il tarixdə 4050 manat, xx.xx.2014-cü il tarixdə 4050 manat, xx.xx.2014-cü il tarixdə 4050 manat məbləğində ödənişlər etmişdir. İş materiallarında olan “X1” MMC-nin xx.xx.2022-ci il tarixli müstəqil auditor hesabatında qeyd olunur ki, 2013- və 2017-ci illərdə Mənzilin Bakı şəhəri Ə.Ələkbərov küçəsi 89, 31 saylı orta təmirli mənzili üzrə zonaya görə anoloji mənzilə uyğun aylıq kirayə haqqı məbləği 800-900 manat müəyyən edilir. İş materialarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 iyun 2022-ci il tarixli 10/1862 nömrəli ekspert rəyindən müəyyən olunur ki, ünvan 1 ünvanda yerləşən 23 mərtəbəli binanın "A" bloklunun 11-ci mərtəbəsinin 31 saylı mənzilin ümumi sahəsi 190.14 kv.metr təşkil edir. (daxili arakəsmələr, şaxta və xarici divarlar nəzərə alınmaqla). Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarının” tələbləri və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin tələbləri nəzərər alınmaqla həmin mənzilin ümumi sahəsi 183.43 m2 təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə hər iki iddia tələblərinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər iddia tələbi üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 752.3-cü maddəsinə əsasən, podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Qeyd edilənləri nəzərə alıb, məhkəmə hesab edir ki, Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış 27 iyun 2012-ci il tarixli, GMPA-31/2012 saylı podrat müqaviləsi üzrə ilkin iddia tələbi üzrə cavabdeh təşkilat tərəfindən mübahisələndirilən öhdəlik pozulmadığından iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Belə ki, mənzilin müqavilədə göstərilən faktiki ümumi sahəsi məhkəmə araşdırması zamanı təyin edilmiş tikinti-texniki ekspertizasının nəticəsi kimi verilmiş müvafiq ekspert rəyinə əsasən müəyyən edilmiş faktiki ümumi sahəsi ilə üst-üstə düşərək, iddiaçı şəxsin mülkiyyətində olan mənzilin sahəsi müqavilədə nəzərdə tutulduğu kimi 190.14 kv.metr müəyyən edilmişdir. Cavabdeh iddiaçı qarşısında öz öhdəliyini pozmamış, iddiaçıya müqavilədə razılaşdırılmış sahədən az olmayan mənzil təhvil vermişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci tarixli, 7 saylı Tikinti obyektlərinin sahəsinin və həcminin hesablama qaydalarının 2-ci və 3.8-ci maddələrinə əsasən balkon-fasadın divar səthindən çıxan və məhəccərlə hüdudlanmış meydança; eyvan- binaya bitişik və ya onun içərisində tikilmiş isidilməyən, açıq və ya şüşələnmiş yerləşgədir. Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı şəxsin təqdim etdiyi müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı ilkin iddia tələbi üzrə Cavabdeh1 MMC-ya qarşı müqavilə üzrə mənzilin az olan 6,71 kv.m-ibarət sahəsinin əvəzi olaraq 6.881,50 (altı min səkkiz yüz səksən bir manat, 50 qəpik) manat məbləğində pul tələbi hissəsinə münasibətdə müvafiq ekspert rəyinə əsasən müəyyən edilmiş faktiki ümumi sahə üst-üstə düşdüyündən iddia tələbi bu hissədə təmin edilə bilməz. Məhkəmə ilkin iddia tələbinin mənzilin vaxtında istifadəyə təhvil verilməməsinə görə dəymiş 43.230,00 (qırx üç min iki yüz otuz) manat məbləğində maddi ziyanın ödənilməsinə münasibətdə qeyd edir ki, mənzilin hansı vaxtda təhvil verilməsi məhkəmə zamanı sübuta yetirilməsə də ilkin iddiaçı mənzilin gec təhvil verildiyi vaxt ərzində kirayədə yaşaması, bununla əlaqədar ona ziyan dəyməsi və dəyən ziyanla bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə ilkin iddianın mənzilin hazırkı pəncərlərinin 27 iyun 2012-ci il tarixli müqaviləyə 1 saylı Əlavədə nəzərdə tutulmuş yəni çərçivələri keyfiyyətli və estetik görünüşə malik PVC-dən hazırlanmış və iki qat şüşə ilə əhatə olunmuş pəncərələr ilə əvəzlənməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, bu mümkün olmadığı halda həmin pəncərələri olan 8.500,00 (səkkiz min beş yüz) manat dəyərinin iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı mənzili təhvil alarkən bu halları görmüş və ya görməli idi. Mənzili həmin pəncərələrlə birlikdə təhvil alması onun hazırda belə tələblə çıxış etmə imkanı vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 773-cü maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Məhkəmə qarşılıqlı iddia ərizəsinə münasibətdə bildirir ki, Cavabdeh2 qarşılıqlı iddiada cavabdeh İddiaçı satmış olduğu ünvan 1 ünvanda yerləşən 23 mərtəbəli binanın "A" bloklunun 11-ci mərtəbəsinin 31 saylı mənzilin mənzilin 193,2 kv.m. sahəsi olduğunu iddia etsə də mənzilin müqavilədə göstərilən faktiki ümumi sahəsi məhkəmə araşdırması zamanı təyin edilmiş tikinti-texniki ekspertizasının nəticəsi kimi verilmiş müvafiq ekspert rəyinə əsasən müəyyən edilmiş faktiki ümumi sahəsindən üst-üstə düşərək, iddiaçı şəxsin mülkiyyətində olan mənzilin sahəsi müqavilədə nəzərdə tutulduğu kimi 190.14 kv.metr müəyyən edilmişdir. Odur ki, Cavabdeh2 sahə fərqindən yaranmış 2051 manat pulu tələb etməsində haqlı olmamışdır. Odur ki, qarşılıqlı iddia tələbi həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddia ərizəsinin müqavilə üzrə ödənilməmiş 36810 manat məbləğində borcu ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə araşdırması zamanı Cavabdeh2 tərəfindən təqdim edilmiş ödəniş qəbzlərindən müəyyən olunmuşdur ki, ilkin iddia üzrə iddiaçı tərəfindən 27 iyun 2012-ci il tarixli müqavilə üzrə ümumilikdə 155190 manat ödəniş edilmişdir. Göründüyü kimi müqavilə üzrə mənzilin dəyəri tam ödənilməmişdir. Belə olduğu halda qarşılıqlı iddia ərizəsi müqavilə üzrə borc tələbi hissəsində əsaslıdır. Məhkəmə, eyni zamanda, bildirir ki, ilk iddia üzrə iddiaçı iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmişdir. Qarşılıqlı iddia ərizəsinin məzmunundan və ödəniş qəbzlərindən də görünür ki, ilkin iddia üzrə İddiaçı 7 ildən artıq müddətdir ki, müqavilə üzrə hər hansı ödəniş etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarından göründüyü kimi, Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Mülki Məcəllənin 377.1.-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, vaxtaşırı ödəmələr üzrə 3 (üç) illik iddia müddəti keçdiyindən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı müqavilə üzrə 36810 manat pul vəsaitin tutulması barədə iddiası rədd edilməlidir. Məhkəmə ilk iddia üzrə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2-nin 22 avqust 2022-ci il tarixli iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibət bildirərək qeyd edir ki, məhkəmə iddia tələbinə baxarkən ilk növbədə iddianın özü-özlüyündə əsaslı olubolmadığını yoxlamalıdır. Məhkəmə hesab edir ki, hazırki ilkin iddia tələbləri əsassız olduğundan iddia müddətinin tətbiqi barədə ərizə tətbiq edilməməlidir. L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia tələbi üzrə iddiaçı və qarşılıqlı iddia tələbi üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumları ilkin və qarşılıqlı iddia tələbləri rədd edildiyindən tərəflərin özlərinə aid edilməlidir. Həmçinin, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatın 25 (iyirmi beş) manatı İddiaçı, 25 (iyirmi beş) manatı isə Cavabdeh2ndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia tələbi üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı öhdəliyin icra edilməsi və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 265.83 (iki yüz altmış beş manat səksən üçn qəpik) manat məbləğində dövlət rüsumu ilkin iddia üzrə İddiaçı aid edilsin. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 207 (iki yüz yeddi) manat məbləğində dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatın 25 (iyirmi beş) manatı İddiaçı, 25 (iyirmi beş) manatı isə Cavabdeh2ndən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar