Məhkəmə qərarları › İş №2(007)-587/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-587/2025

15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-587/2025 15.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 8000 əsas pulun və 1500 manat dəymiş zərərin, 115 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, sosial şəbəkə səhifəsindən “ayıq sürücü” xidməti yaratmışdır. Həmin ərəfədə Cavid adlı şəxs zəng vurub, ona bu fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı yeni proqram yaratdıqlarını bildirmiş və onu "xxxx" MMC-nin sahibi Cavabdeh ilə tanış etmişdir. Cavabdeh ilə aparılan söhbət zamanı, o ona demişdir ki, müqavilə bağlanılmalı və müqavilə üzrə xidmət haqqının ümumilikdə, 8000 manat təşkil edəcəyini bildirmişdir. 09 noyabr 2020-ci ildə onunla Cavabdeh arasında “Ayıq sürücü mobil tətbiq xidmətinin göstərilməsi haqqında” müqavilə bağlanmasına və razılaşdırılmış qiymət ödənilməsinə baxmayaraq cavabdeh heç bir xidmət göstərmədən, onun etibarından və inamından sui-istifadə edərək, ödədiyi pulu mənimsəmiş və hal-hazırki vaxtadək qaytarmaqdan qəsdən yayınır. O, pulunun mənimsədiyini bildikdən sonra, Cavabdeh və onunla əlbir olaraq ona qarşı cinayət xarakterli əməllət etmiş şəxslərin hüquqi qiymət verilməsi və ona dəymiş maddi zərərin ödənilməsi üçün Binəqədi rayonu 6cı PB-nə müraciət etmişdir. Lakin əks tərəf müqavilənin olmasının əsas gətirdiyi üçün Binəqədi RPŞ-nin 6-cı PB-nin baş təhqiqatçısı polis mayoru İsmət Musayev “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul etmiş və həmin qərarda məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Yuxarıda göstərdiyi faktlardan aydın olur ki, Cavabdeh ilə bağlanmış müqavilə üzrə ondan 8000 manat almasına baxmayaraq, üzərinə düşən heç bir öhdəliyi həyata keçirməmişdir. Digər tərəfdən Cavabdeh öhdəliyi yerinə yetirmədiyi üçün o ziyana düşmüş və 1500 manat maddi gəlir itirmişdir. Nəticə etibarilə cavabdeh ona 9500 manat zərər vermişdir.

İş materialları :

3. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 09 noyabr 2020-ci il tarixli “ayıq sürücü mobil tətbiq Xidmətinin göstərilməsi haqqında” 11 nömrəli müqavilədən görünür ki, bu müqavilə ilə icraçı xidmət göstərib, xidmətlərin nəticəsini sifarişçiyə təhvil verməyi, sifarişçi isə həmin xidməti və nəticəni qəbul edib, əvəzini ödəməyi öhdəsinə götürür. Müqavilə üzrə ilkin pay 4000 manat, qalıq məbləğ 1000 manatın, hər biri 500 manat olmaqla sifarişçi tərəfindən 2020-ci ilin dekabr ayının əvvəlində və 2021-ci ilin yanvar ayının sonunda ödənilməlidir.

4. 09 noyabr 2020-ci il tarixli xidmət aktından görünür ki, ayıq sürücü mobil tətbiqinin hazırlanması üçün xidmət haqqı 5000 manatdır.

5. İş materiallarına ayıq sürücü mobil tətbiqi üçün funksional tələblər – 1 nömrəli Əlavə əlavə edilmişdir.

6. Binəqədi RPİ-nin 6-cı PB-nın xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar”dan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə AR CM-nin 39.1.2 və 212-ci maddələrinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır.

7. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 116 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. .

9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək əlavə olaraq izahatında bildirmişdir ki, iddia tələbi düzgün qaldırılmamışdır. Belə ki, müqavilə "xxxx" şirkəti ilə bağlandığından cavabdeh şəxs şirkətidir. Əgər iddia düzgün qaldırılsa idi, işə Kommersiya məhkəməsində baxılmalı idi. İddia tələbinin mahiyyət etibarilə də əsassızdır.

İşin faktiki halı :

10. İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixində ayıq sürücü mobil tətbiq “xidmət”-inin göstərilməsi haqqında 11 nömrəli müqavilə imzalanmışdır.

11. İddiaçı ilə "xxxx" MMC arasında bağlanılmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC ayıq sürücü mobil tətbiqinin hazırlanmasına dair xidmət göstərməyi, İddiaçı xidməti və nəticəni qəbul edib, xidmətin əvəzini ödəməyi öhdəsinə götürmüşdür.

12. İddiaçı cavabdehə qarşı iddia tələbini cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürülən öhdəliyin icra edilməməsi ilə əsaslandırsa da, cavabdeh qismində müqavilənin tərəfi olan "xxxx" MMC deyil, həmin MMC-ni təmsil edən Cavabdeh cəlb edilmişdir.

13. İddiaçıya xx.xx.2025-ci il tarixli məhkəmə iclasında məhkəmə tərəfindən cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi təklif edilmiş, bunun üçün məhkəmə tərəfindən vaxt verilməklə məhkəmə iclası təxirə salınsa da, iddiaçı tərəfindən təklif qəbul edilməmişdir.

Məhkəmə baxışının hədləri:

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 51.3. Başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi :

16. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.

17. Məhkəmə qeyd edir ki, mülki mühakimə icraatında hüququn tətbiqi zamanı aşağıdakı sualın cavablandırılması zəruridir: “kim, kimdən, nəyi və nəyə əsasən tələb edir?”.

18. Bu çərçivədə iddiaçının kimliyi və subyektiv hüququ, cavabdehin kimliyi və iddiaya cavab verən şəxs olması, iddianın predmeti və obyekti, tərəflər arasında yaranan hüquq münasibətinin xarakteri, buna müvafiq olaraq tələbin qanuni əsası düzgün müəyyən edilməlidir.

19. Məhkəmə qeyd edir ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır

20. Hazırkı mübahisə üzrə sübutetmə predmetinə ilk növbədə iddiaçı ilə Cavabdeh arasında xidmət müqaviləsinin bağlanıb-bağlanmaması daxildir. Yalnız qeyd olunan hal təsdiqini tapdığı halda müqavilə predmetini təşkil edən xidmətin göstərilib-göstərilməməsi, xidmətin dəyərini ödəmək öhdəliyinin pozulub-pozulmamasının müəyyən edilməsi üzrə araşdırma aparıla bilər.

21. İddiaçı Cavabdeh qarşı “pul” tələbini cavabdeh ilə “ayıq sürücü mobil tətbiq xidmətinin göstərilməsi haqqında” müqavilə bağlaması, onun tərəfindən öz üzərinə düşən öhdəlik icra edildiyi halda, cavabdeh tərəfindən bugünə qədər öz üzərinə düşən öhdəliyin icra edilməməsi, nəticədə ona ziyan dəyməsi ilə əsaslandırmışdır.

22. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan birinci hal, yəni iddiaçı ilə cavabdeh arasında xidmətin göstərilməsi üzrə müqavilənin bağlanması təsdiqini tapmır. Belə ki, iddiaçı ilə müqaviləni "xxxx" MMC bağlamış, Cavabdeh həmin hüquqi şəxsin səlahiyyətli nümayəndəsi (qanuni təmsilçisi) qismində müqaviləni imzası və hüquqi şəxsin möhürü ilə təsdiq etmişdir. Yəni müqavilə üzrə iddiaçı qarşısında xidmət göstərilməsinə dair öhdəliyi "xxxx" MMC götürmüşdür.

23. Məhkəmə qeyd edir ki, MPM-nin 50.3-cü maddəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

24. İddiaçı hüquq və mənafelərinin müdafiəsi üçün məhkəmədə iddia qaldırmış şəxsdir. Cavabdeh isə iddia tələbinin yönəldiyi şəxsdir. Cavabdeh iddiaçının hüququnu və ya qanuni maraqlarını pozduğu güman edildiyinə, yaxud onun iştirak etdiyi hüquq münasibəti mübahisələndirildiyinə görə prosesə cəlb edilir və tərəf olur.

25. Mülki dövriyyə iştirakçılarının subyektiv hüquq və vəzifələri qarşılıqlı münasibətlər əsasında yaranır. Bu münasibətlər müqaviləyə, qanunla müəyyən olunan əsaslara, ailə üzvü olaraq müəyyən olunan öhdəliklərə və s. əsaslanmış ola bilər. Hər bir halda iddiaçı ilə cavabdeh arasında hüquq münasibəti olmalıdır. Mülki proses iddiaçı ilə cavabdehin toqquşan hüquqlarının araşdırılması üzərində qurulur və onların qanuni hüquq və mənafelərinin təsdiq edilməsinə xidmət edir. Buna görə də məhkəmə işə baxılarkən, mühakimənin doğru istiqamətdə getməsini təmin etmək üçün, ilk növbədə iddiaçı və cavabdehin müvafiq prosessual statusda tanınması üçün zəruri şərtlərin mövcudluğunu müəyyən etməlidir. Məhz buna görə də MPM-nin 167.1.4-cü maddəsində deyilir ki, hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında birgə cavabdehlərin və birgə iddiaçıların və ya üçüncü şəxslərin işə daxil olması məsələsini, habelə əsl olmayan tərəfin əvəz edilməsi məsələsini həll edir.

26. Məhkəmə hazırki işin məhkəmə iclasında tədqiq edilmiş faktiki hallarına əsasən belə qənaətə gəlmişdir ki, hazırkı iddia tələbi iddia tələbinə cavab verməli olmayan şəxsə qarşı yönəlmişdir.

27. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 54-cü maddəsinə əsasən İddiaçı cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi təklif edilmiş, lakin iddiaçı cavabdehin əsl cavabdeh ilə əvəz edilməsinə razı olmamışdır.

28. İddiaçı cavabdehin əsl cavabdeh ilə əvəz edilməsinə razı olmamasını həmin müqavilədə Cavabdeh adının qeyd edilməsi və pulu şəxsən ona verməsi ilə əsaslandırmışdır.

29. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər.

30. Həmin Məcəllənin 91.1-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır.

31. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.

32. Qanunvericiliyindən tələbindən göründüyü kimi, məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır və hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Həmçinin, nümayəndə vasitəsi ilə bağlanmış əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.

33. Məhkəmə qeyd edir ki, 09 noyabr 2020-ci il tarixlə xidmət müqaviləsini Cavabdeh "xxxx" MMC-nin icra orqanının rəhbəri kimi bağlamış, həmin müqavilə üzrə mülki hüquq və vəzifələr hüquqi şəxs üçün yaranmışdır. Belə olan halda, cavabdeh hüquqi şəxsin təmsilçisi kimi bağladığı əqddən irəli gələn hər hansı vəzifə daşıya bilməz.

34. Qeyd olunanlara əsasən, məhkəmə qeyd edir ki, iddiaçının 09 noyabr 2020-ci il tarixli xidmət müqaviləsindən irəli gələn subyektiv hüquqlarının cavabdeh tərəfindən pozulması halı məhkəmədə öz təsdiqini tapmadığından iddiaçının həmin müqavilədən irəli gələn borcun cavabdehdən tutulması tələbi təmin edilə bilməz.

35. Məhkəmə qeyd edir ki, iddianın əsl olmayan cavabdehə qarşı verilməsi əsası ilə rədd olunması həmin iddiaçının əsl cavabdehlərə qarşı eyni tələblə məhkəmədə iddia qaldırmaq hüququnu aradan qaldırmır və verilmiş tələbin mahiyyəti üzrə əsaslı olubolmadığı barədə məsələyə məhz əsl cavabdehlərə qarşı olan həmin iddia tələbi çərçivəsində hüquqi qiymət verilə bilər.

Məhkəmə xərcləri :

36. Məhkəmə qeyd edir ki, iddia təmin edilmədiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

Nəticə :

37. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddiaçı Cavabdeh 8000 manat məbləğində əsas pul, 1500 manat məbləğində dəymiş ziyan və 115 manat məbləğində dövlət rüsumunun tutulmasına dair iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar