Məhkəmə qərarları › İş №2(004)-1047/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1047/2022

30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1047/2022 30.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1600 ABŞ dollar pulu, vəkilə ödənilmiş 350 manat pulun və iş üzrə ödənilmiş 50 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci ilin yanvar ayında Türkiyə Respublikasına istirahətə getmək üçün “Nuray Travel” şirkətinə müraciət etmişdir. Cavabdeh ona Türkiyə Respublikasının Bodrum şəhərində yerləşən “La Blanch” otelində 7 gecə 8 günlük, gediş-gəliş daxil olmaqla 5600 ABŞ dollarına tur təklif etmişdir. Aralarında olan razılaşmaya əsasən o ilkin olaraq 3100 ABŞ dolları ödəniş etmiş, qalan pulu isə gedənədək ödəməyi nəzərdə tutmuşdur. Həmin sifarişin 2020-ci ilin iyun ayının 15-də həyata keçirilməsi nəzərdə tutulubmuş, lakin 2020-ci ilin mart ayında karantin olduğundan və bütün ölkələr üzrə uçuşlar ləğv edildiyindən, 2020-ci ilin noyabr ayında o cavabdehə aralarında olan razılaşmadan imtina etdiyini və ona ödədiyi 3100 ABŞ dolları pulu qaytarmağı təklif etmişdir. Cavabdeh isə hazırda pulunun olmadığını və yaxın zamanlarda uçuşların bərpa ediləcəyini demişdir. Buna baxmayaraq o pulun qaytarılmasını təklif etmişdir. Bunun nəticəsində cavabdeh ona ödədiyi 3100 ABŞ dolları puldan 900 ABŞ dolları qaytarmışdır. Cavabdeh onun verdiyi pulun qalan hissəsini qaytarmadığından 12.03.2021-ci il tarixdə ərizə ilə Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinə müraciət etmişdir. Araşdırma zamanı cavabdeh 3100 ABŞ dolları pulu aldığını, həmin puldan 900 ABŞ dolları ödədiyini təsdiqləmişdir. Cavabdeh həmin vaxtı 2200 ABŞ dolları puldan 600 ABŞ dolları ödəmişdir. Ərizəsi Binəqədi Rayon Polis İdarəsinin İstintaq İdarəsinə verilməsinə baxmayaraq, 08.04.2021-ci il tarixdə cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilmişdir. Beləliklə Cavabdeh 1600 ABŞ dollar pulu başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, məhkəmə iclaşında iştirak edən tərəfin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin İŞ-nin 08.04.2021-ci il tarixli Qərarından görünür ki, Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda Cavabdeh istintaqa verdiyi ifadəsindən görünür ki, Cavabdeh “Nuray Travel” şirkətinin təsisçi direktorudur. 2020-ci ilin yanvar ayının axırlarında İddiaçı onunla əlaqə saxlayıb Türkiyə Respublikasına istirahət etmək üçün getmək istədiyini bildirdikdə ona 5600 ABŞ dolları ödəniş etməklə 7 gecə 8 gün Türkiyə Respublikasında Bodrumda “La Blanch” oteldə istirahət etmək üçün şirkəti tərəfindən tur təşkil edə biləcəyini bildirmişdir. İddiaçı ilə razılaşmış, sonuncu həmin oteldə sifarişi 15.06.2020-ci il tarix üçün etmiş və bunun üçün üç dəfəyə olmaqla 2020-ci ilin yanvar və fevral aylarında 3100 ABŞ dolları ödəniş etmişdir. Həbibə xanım həmin ödənişləri onun işlətdiyi “Nuray Travel” şirkətində etmişdir. Daha sonra Həbibə xanım 2021-ci ilin mart ayında karantinlə bağlı sifarişi ləğv etdirmək istədiyini bildirdikdə ona tələsməməsini və yolların açılacağını bildirmiş, lakin Həbibə xanım sifariş etdiyi tarixdən yəni, 15.06.2021-ci il tarixdən bir neçə ay öncə qəti olaraq sifarişi ləğv etdirmək istədiyini bildirərək ödəmiş olduğu pulu tələb etmişdir. Bundan sonra turu təşkil etdiyindən və müvafiq otelə və s. yerlərə ödənişlər etdiyi üçün onun pulunu tam olaraq qaytara bilməmiş və ilkin olaraq 900 ABŞ dolları pul qaytarmışdır. Eyni zamanda hazırda da 600 ABŞ dolları qaytarmağa hazırdır. Qalan pulları da yaxın müddət ərzində qaytaracağına söz verir. Araşdırma zamanı Cavabdeh dəymiş ziyandan ödənilməsi məqsədilə 600 ABŞ dolları istintaqa təqdim etmiş və həmin pul qəbzlə İddiaçı həyat yoldaşına qəbzlə verilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qeyd edilən Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin İŞ-nin 08.04.2021-ci il tarixli qərarında Cavabdeh istintaqa verdiyi izahatından görünür ki, onun iddiaçıdan 3100 ABŞ dolları almış, həmin məbləğdən 1500 ABŞ dollarını qaytarmış və qalan məbləği (1600 ABŞ dolları) qaytarmağı öhdəsinə götürmüşdür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi pul tələbi hissəsində qismən qanuni və əsaslı olduğundan, Cavabdeh 1600 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla həyata keçirilməklə) məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. İddiaçı həmçinin hüquqi xidmət haqqı olaraq, cavabdehdən 350 manat pulun tutulmasını tələb etmişdir. İş materiallarına əlavə edilmiş hüquqi yardım göstərilməsi haqqında 06.31.2021-ci il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən vəkilə hüquqi xidmət haqqı olaraq 350 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Ona görə də, iddia tələbi vəkilə ödənilmiş xidmət haqqının ödənilməsi hissəsində qismən təmin edilərək 200 manat məbləğində pul hüquqi xidmət haqqı olaraq cavabdehə aid edilməlidir. Məhkəmə həmçinin iddianın 50 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 1600 (min altı yüz) ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla həyata keçirilsin), vəkilə ödənilmiş 200 (iki yüz) manat və ödənilmiş 50 (əlli) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar