Məhkəmə qərarları › İş №2(004)-1058/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1058/2025

11.03.2025 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1058/2025 11.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin nümayəndələri X1 və X2 iştirakları ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə qarşı “cavabdehin üzərinə müqavilə bağlanması öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin Yasamal Rayon Sukanal İdarəsinə qarşı “cavabdehin üzərinə müqavilə bağlanması öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin Yasamal Rayon Sukanal İdarəsinin üzərinə qanunvericiliklə müəyyən edilmiş müddət ərzində İddiaçı ilə ümumi əmlaka daxil olan sudan istifadə və suyun alqı-satqı müqaviləsinin bağlanması və MMMC-nin adına yeni hesab açılması öhdəliyinin qoyulması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq "xxxx" MMMC-nin hesablaşma hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada vəsatət ünvanlayaraq bildirmişdir ki, “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” publik hüquqi şəxsin Yasamal rayon Sukanal İdarəsi hüquqi şəxs deyildir, həmin İdarə Azərbaycan Dövlət X6 “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” publik hüquqi şəxsin tərkibindədir və ona tabedir. İddia cavab verməli olmayan şəxsə qarşı verildiyi üçün cavabdeh əsl cavabdehlə əvəzlənməlidir. Qeyd edilənləri nəzərə alaraq cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” publik hüquqi şəxsin Yasamal rayon Sukanal İdarəsinin “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” publik hüquqi şəxsi ilə əvəzlənməsi və həmin publik hüquqi şəxsin cavabdeh kimi işə cəlb edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” publik hüquqi şəxsin Yasamal rayon Sukanal İdarəsinin “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” publik hüquqi şəxsi ilə əvəzlənməsi barədə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 vəsatəti təmin edilərək, əsl olmayan cavabdeh əsl olan cavabdehlə əvəzlənmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakıı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədə yerləşən 35, 35A və 35B saylı binalar "xxxx" MMC tərəfindən inşa olunmuş və 2005-ci ildə sakinlərin istifadəsinə verilmişdir. Binalar istifadəyə verildikdən sonra binalara xidməti həmin Cəmiyyət göstərmişdir. xx.xx.2005-ci il tarixində 16 mərtəbəli 2 girişli 35B saylı bina, xx.xx.2005-ci il tarixində 18 mərtəbəli 35A saylı bina və 14 mərtəbəli 2 girişli 35 saylı binaların tikintisi başa çatmış obyektlər kimi istismara qəbul edilməsi haqqında Dövlət Qəbul Komissiyasının aktları ilə istismara verilmişdir. Dövlət Qəbul Komissiyasına sifarişçi tərəfindən yaradılan işçi Komissiyası tərəfindən xx.xx.2005-ci il tarixli aktı və mühəndis-kommunikasıya xətlərinin (su,kanalizasiya, qaz, enerji) istismara qəbul edilməsi aktları təqdim edilmişdir. Dövlət Qəbul Komissiyasının aktının 11-ci bəndində qeyd edilir ki, obyekt sərhədlərinin xaricindəki su, kanalizasiya, qaz, enerji və rabitə kommunikasiyaları obyektin normal istismarını təmin edirdilər və bu kommunikasiyalar müvafiq istismar təşkilatları tərəfindən qəbul olunmuşlar. Dövlət Qəbul Komissiyası tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədə yerləşən 35, 35A və 35B saylı binalardakı bütün kommunikasiyalar, o cümlədən su, kanalizasiya, qaz. Enerji və rabitə sistemləri 2005-ci ildə tam işlək vəziyyətdə sakinlərin istifadəsinə verilmişdir. 2004-cü ildə binaların bütün mənzillərinə su sayğacları quraşdırılmışdır, lakin bu günədək cavabdeh təşkilat tərəfindən mənzillərə quraşdırılmış su sayğacları tam kodlaşdırılmamışdır. 2004-cü ildən bu günədək binaların sakinlərindən sudan istifadəyə görə haqq qeyri-əhali qrupuna aid edilən hüquqi şəxslər kimi tutulur. Sudan istifadəyə görə ödənilməli olan məbləğin necə hesablanması onlara məlum deyildir, həmçinin bu günədək sakinlərdən qeyri-əhali qrupu üzrə pul tutulmasının da səbəbi onlara məlum deyildir. 2023-cü ilin oktyabr ayınadək binaların sakinlərindən sudan istifadəyə görə pulu "xxxx" MMC əməkdaşları nağd şəkildə alırdılar, yığılmış pulların hara ödənilməsi barədə hər hansı sənəd yoxdur. xx.xx.2023-cü il tarixində sakinlər binaların idarə edilməsi məqsədi ilə haqqı ödənilməklə, həmin binaların ümumi əmlakının lazımi saxlanması və təmiri üzrə xidmətlər göstərməyi və işlər yerinə yetirməyi, həmin binanın sahə mülkiyyətçilərinə və binanın sahələrindən istifadə edən şəxslərə kommunal xidmətlər göstərməyi, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirmək üçün "xxxx" MMMC təsis etmişlər. Üzləşdikləri hazırkı problemlə əlaqədar əvvəllər "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Yasamal rayon Sukanal İdarəsinin rəhbər vəzifəli şəxslərinə dəfələrlə müraciət etmiş, qəbullarında olmuşlar. Sakinlərin mənzillərində quraşdırılmış su sayğaclarının kodlaşdırılaraq istifadəyə verilməsini, sudan istifadəyə görə haqqın su sayğaclarındakı göstəricilərə əsasən sakinlərdən tutulmasını, sakinlərdən sudan istifadəyə görə haqqın əhali qrupu üzrə tutulmasını dəfələrlə tələb etməklərinə baxmayaraq, bu günədək tələbləri yerinə yetirilməmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Yasamal rayon Sukanal İdarəsi tərəfindən hər ay sudan istifadəyə görə aylıq sərfiyyat kimi 870 manat ödənilməsi barədə hesab fakturası göndərilir. Hesab fakturalar "xxxx" MMC-nin adına yazılsa da onlara təqdim olunur. 2023-cü ilin sentyabr ayından bu günə kimi göndərilmiş bütün hesab fakturalarında sudan istifadəyə görə ödənilməli olan aylıq haqqın məbləği 870 manat göstərilir. Onlar artıq sakinlərin bir neçəsinin mənzillərində su sayğacları quraşdırıldığını deyərək etiraz etsələr də, cavabdeh təşkilatın əməkdaşları onların etirazlarını nəzərə almayaraq öz qanunsuz əməllərini davam etdirirlər. "xxxx" MMC-nin ünvanına göndərilmiş hesab fakturalar onlara aid olmadığı üçün tərəflərindən qəbul edilməmişdir. Bir neçə dəfə özlərini "xxxx"A SC-nin Yasamal rayon Sukanal İdarəsinin əməkdaşları kimi təqdim edən bir neçə nəfər əvvəlcədən xəbərdar etmədən və hər hansı sənəd təqdim etmədən yenidən binalara su verilməsini kəsməyə cəhd göstərmiş, sakinlərin kütləvi müdaxiləsindən sonra onların qanunsuz əməllərinin qarşısı alınmışdır. Həmin əməkdaşlar binaların sakinlərinin "xxxx"ASC-yə borcları olmalarını və uzun müddət keçməsinə, dəfələrlə xəbərdar edilməsinə baxmayaraq borcları könüllü odəməmələrini bildirirlər və həmin borcun Cəmiyyət tərəfindən ödənilməsini tələb edirlər. Yuxarıda qeyd etdikləri kimi, İddiaçı MMMC onun tərkibinə daxil olan binaların ümumi istifadəsində olan sahələrinə xidmət göstərir. Lakin Cəmiyyətlərindən binaların sakinlərinə verilən suya görə ödənilməli olan pulu tələb edirlər. Hazırda ümumi istifadədə həyətdə quraşdırılmış bir ədəd krant vardır. Onların Cəmiyyəti xx.xx.2023-cü il tarixdə yaradılmışdır. Həmin tarixədək Cəmiyyətə daxil olan binalara, həmin binaları inşa etmiş "xxxx" MMC xidmət göstərmişdir. Sakinlər tərəfindən ümumi istifadə edilmiş suya görə haqq həmin Cəmiyyətin əməkdaşı, özünü binaların komendantı kimi təqdim edən Vasif Babayevə nağd şəkildə ödənilmişdir. Vasif Babayev bildirir ki, yığılmış pulları "xxxx" MMCnin sədri X5 təhvil vermişdir. "xxxx" ASC ilə hesablaşmaları Azad İbrahimov aparmışdır. İddiaçı MMMC-yə daxil olan binalara suyun verilməsi və xidmət göstərilməsi barədə müqavilə "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmışdır. İddiaçı MMMC "xxxx" MMCnin hüquqi varisi deyildir və həmin Cəmiyyətin öhdəlikləri üzrə hər hansı məsuliyyət daşımır. Daha sonra, cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin nümayəndəsi X3 iddia ərizəsinə etiraz təqdim edərək etirazında qeyd etmişdir ki, iddia tələbini əsassız hesab edirlər. Belə ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin Yasamal rayon Sukanal İdarəsi və "xxxx" MMC arasında xx.xx.2003cü ildə göstəriləcək su və çirkabsu xidmətlərinə dair müqavilə bağlanılmışdır. "xxxx" MMCnin su və kanalizasiya xidmətinə görə borcu olması səbəbindən ad dəyişmə əməliyyatının sistem üzərindən icrası mümkünsüzdür. Borcla bağlı dəfələrlə yazılı və şifahi müraciətlər olmasına baxmayaraq ödəniş tam təmin edilməmişdir. Binanın ümumi su xətti üzərində “X7” 6.5 bəndinin (istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə STKM-in vəsaiti hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir) tələblərinin yerinə yetirilməməsi səbəbindən bu günə qədər su sayğacı quraşdırılmamışdır. İddiaçı mövcud su xəttindən suyu qəbul edərək, tullantı sularının axıdılması xidmətlərindən istifadə edir. Lakin, bu günə qədər suölçən cihaz olmadığından obyektin sudan və kanalizasiya xidmətlərindən istifadəyə görə sayğacsız dövr üzrə hesabatı Azərbaycan Respublikasının 28 oktyabr 1999-cu il tarixli, 723-İQ saylı «Su təchizatı və tullantı suları haqqında» Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”na əsasən, müvafiq normativə uyğun (borunun en kəsiyinə) olaraq hesabatla aparılmışdır. Dəfələrlə tərəflərindən suölçən cihazın qoyulması üçün müraciət olunsa da iddiaçı tərəf müxtəlif bəhanələrlə müraciətdən imtina etmişdir. Azərbaycan Respublikası “Su Təchizatı və Tullantı Suları haqqında” Qanunun tələblərinə əsasən Su təchizatının düzgün ölçülməsini və qeydiyyatının təmin edilməsi məqsədilə qeyri-əhali qrupu üzrə fəaliyyət göstərən obyektlərə suölçən cihazların quraşdırlması tələb olunur. Hesab edirlər ki, bu tələbin heç bir əsası yoxdur. Qeyd olunan borc balans sayğacı olmadığına görə borunun en kəsiyinə əsasən hesablanmış, ödəniş təmin edilmədiyinə görə məbləğ artmışdır. "xxxx" MMMC, köhnə adı "xxxx" MMC olan müəssisəyə tərəflərindən xəbərdarlıq məktubları verilmiş və su təchizatı dayandırılmışdır. Lakin sonradan müəyyən müdaxilələr səbəbindən su təminatı bərpa edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X7” 4.1.2. bəndinə əsasən STKM ilə bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək; 4.1.3. bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək; 4.1.4. suölçən cihazları onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun istismar etmək; 4.1.5. istehlakçılara məxsus binalarda, mənzillərdə, fərdi yaşayış evlərində, həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasını, o cümlədən üzərindəki plombların toxunulmazlığını təmin etmək istehlakçıların vəzifəsidir. "xxxx" MMMC tərəfindən balans xətti üzərində sayğac quraşdırılmasını və borcun sıfırlanmasını təmin etdikdən sonra iddiaçının adına müqaviləni yeniləmək mümkün olacaqdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini xahiş edirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 izahatında bildirmişdir ki, iddianı müdafiə edir. 2023-cü ilin may ayından MMMC-yə daxil olan üç binaya su verilməsi üçün sayğacının qoyulması və yeni müqavilə bağlanması barədə "xxxx" ASC-yə və daha sonra onun hüquq varisi olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə müraciət etsələr də, texniki şərt verilməsindən və müqavilə bağlanmasından imtina etmişlər. İmtinanın səbəbi olaraq onların həmin binanı inşa etmiş "xxxx" MMC-nin hüquqi varisi olduqları göstərilir. Qarşı tərəf "xxxx" MMC-nin 2005-ci ilə aid olan borclarının onlar tərəfindən ödənilməsini tələb edir. Binanın birinci mərtəbəsində yerləşən restoran və "xxxx" MMC ilə müqavilə bağlanmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Yasamal Rayon İcra Hakimiyyəti, "xxxx" MMC, restoran həyətdə olan su kranından istifadə edir, lakin borc "xxxx" MMC-yə yazılır. İddiaçı ilə "xxxx" MMC arasında heç bir təhvil-təslim aktı yoxdur. Məhkəmə iclasında iştirak edən cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin nümayəndəsi X3 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. "xxxx" MMC-nin sudan istifadə ilə bağlı borcu oluğundan, iddiaçının adına kod açılıb, müqavilə bağlanması mümkün deyil. İddianın rədd edilməsini xahiş edir. İddiaçının sudan istifadəyə görə borcu "xxxx" MMC-yə yazılır. Məhkəmə iclasında iştirak edən Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin nümayəndəsi X4 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddianın rədd edilməsini xahiş edir. Həmin binanın yalnız bir girişində olan mənzillərə sayğac quraşdırılmışdır. 178 mənzilin 128-nə sayğac quraşdırılıb kod verilməməsinin səbəbi binanın təhvil verilməməsidir. Digər 50 mənzilin onların binasına aidiyyatı yoxdur. Onlarda sayğac pilləkən qəfəsindədir. Yasamal Rayon İcra Hakimiyyətinə suyun haradan verilməsi barədə məlumatı yoxdur. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMMC-nin Nizamnaməsindən görünür ki, Cəmiyyətin yaradılmasının əsas məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən, Nizamnamədə nəzərdə tutulmuş məqsədlərin yerinə yetirilməsi üçün fəaliyyət növlərini həyata keçirməkdən ibarətdir. Bu məqsədlərə çatmaq üçün cəmiyyət aşağıdakı fəaliyyət növlərini həyata keçirir: yaşayış binasının cəmiyyət iştirakçılarının ümumi istifadəsində olan daxili və xarici kommunal xidmətləri təchizatı xəttlərinin və digər qurğu və avadanlıqlarının təmiri və lazım gələrsə, bərpa edilərək daim işlək vəziyyətdə saxlanması; Yaşayış binasının binadaxili istilik və elektrik enerjisi, təbii qaz, lift, məişət tullantıları və kanalizasiya xidmətləri təchizatı qurğuları və xəttlərinin təmir və ya bərpa olunması və onların işlək vəziyyətdə saxlanılması; Yaşayış binasının daxili və xarici divarlarının, zirzəmi və damlarının, həmçinin giriş bloklarının təmir olunması və işıqlandırılması; Yaşayış binasının sərəncamında olan onun həyətyanı sahəsinin abadlaşdırılması, istirahət və uşaqlar üçün əyləncə qurğularının quraşdırılması, həyətyanı sahənin yaşıllaşdırılması; Yaşayış binasının sakinlərinin rifahının yaxşılaşdırılmasına yönəldilən digər tədbirlərin həyata keçirilməsi və belə tədbirlərin görülməsi üçün müqavilə əsasında özəl operatorun və ya hər hansı podratçının cəlb olunması; Yaşayış binasının sakinlərinin ümumi maraqlarına cavab verən və mövcud zanunvericiliklə qadağan olunmayan digər xidmətlərin göstərilməsi, işlərin görülməsi və fəaliyyət növlərinin həyata keçirilməsi. Nizamnamənin 3.1.1-ci bəndinə əsasən Cəmiyyət Azərbaycan Respublikasının mövcud qanunvericilik aktları və bu Nizamnamə ilə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınaraq hüquqi şəxs statusunu əldə etdiyi andan qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq hüququna malik olur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Su Məcəlləsinin 98-ci maddəsinə əsasən xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Su təchizatı və tullantı suları” haqqında qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. “Sudan istifadə Qaydaları”nın 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakıı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədə yerləşən 35, 35A və 35B saylı binalar "xxxx" MMC tərəfindən inşa olunmuş və 2005-ci ildə sakinlərin istifadəsinə verilmişdir. Binalar istifadəyə verildikdən sonra binalara xidməti həmin Cəmiyyət göstərmişdir. xx.xx.2005-ci il tarixində 16 mərtəbəli 2 girişli 35B saylı bina, xx.xx.2005-ci il tarixində 18 mərtəbəli 35A saylı bina və 14 mərtəbəli 2 girişli 35 saylı binaların tikintisi başa çatmış obyektlər kimi istismara qəbul edilməsi haqqında Dövlət Qəbul Komissiyasının aktları ilə istismara verilmişdir. Dövlət Qəbul Komissiyasına sifarişçi tərəfindən yaradılan işçi Komissiyası tərəfindən xx.xx.2005-ci il tarixli aktı və mühəndis-kommunikasıya xətlərinin (su,kanalizasiya, qaz, enerji) istismara qəbul edilməsi aktları təqdim edilmişdir. Dövlət Qəbul Komissiyasının aktının 11-ci bəndində qeyd edilir ki, obyekt sərhədlərinin xaricindəki su, kanalizasiya, qaz, enerji və rabitə kommunikasiyaları obyektin normal istismarını təmin edirdilər və bu kommunikasiyalar müvafiq istismar təşkilatları tərəfindən qəbul olunmuşlar. Dövlət Qəbul Komissiyası tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədə yerləşən 35, 35A və 35B saylı binalardakı bütün kommunikasiyalar, o cümlədən su, kanalizasiya, qaz. Enerji və rabitə sistemləri 2005-ci ildə tam işlək vəziyyətdə sakinlərin istifadəsinə verilmişdir. 2004-cü ildə binaların bütün mənzillərinə su sayğacları quraşdırılmışdır, lakin bu günədək cavabdeh təşkilat tərəfindən mənzillərə quraşdırılmış su sayğacları tam kodlaşdırılmamışdır. 2004-cü ildən bu günədək binaların sakinlərindən sudan istifadəyə görə haqq qeyri-əhali qrupuna aid edilən hüquqi şəxslər kimi tutulur. 2023-cü ilin oktyabr ayınadək binaların sakinlərindən sudan istifadəyə görə pulu "xxxx" MMC əməkdaşları nağd şəkildə almışlar. xx.xx.2023-cü il tarixində sakinlər binaların idarə edilməsi məqsədi ilə haqqı ödənilməklə, həmin binaların ümumi əmlakının lazımi saxlanması və təmiri üzrə xidmətlər göstərməyi və işlər yerinə yetirməyi, həmin binanın sahə mülkiyyətçilərinə və binanın sahələrindən istifadə edən şəxslərə kommunal xidmətlər göstərməyi, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirmək üçün "xxxx" MMMC təsis etmişlər. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Yasamal rayon Sukanal İdarəsi tərəfindən hər ay sudan istifadəyə görə aylıq sərfiyyat kimi 870 manat ödənilməsi barədə hesab fakturası göndərilir. Hesab fakturalar "xxxx" MMC-nin adına yazılsa da onlara təqdim olunur. 2023-cü ilin sentyabr ayından bu günə kimi göndərilmiş bütün hesab fakturalarında sudan istifadəyə görə ödənilməli olan aylıq haqqın məbləği 870 manat göstərilir. "xxxx" MMC-nin ünvanına göndərilmiş hesab fakturalar onlara aid olmadığı üçün tərəflərindən qəbul edilməmişdir. Hazırda iddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin üzərinə qanunvericiliklə müəyyən edilmiş müddət ərzində İddiaçı ilə ümumi əmlaka daxil olan sudan istifadə və suyun alqı-satqı müqaviləsinin bağlanması və MMMC-nin adına yeni hesab açılması öhdəliyinin qoyulması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq "xxxx" MMMC-nin hesablaşma hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh isə etiraz edərək, "xxxx" MMC-nin su və kanalizasiya xidmətinə görə borcu olması səbəbindən belə müqavilənin bağlanmasının mümkün olmadığını qeyd edir. Belə ki, tərəflər arasındakı mübahisənin məzmunundan da görünür ki, cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi iddiaçı ilə “ümumi əmlaka daxil olan sudan istifadə və suyun alqı-satqısı” müqaviləsinin bağlanmasından "xxxx" MMC-nin su və kanalizasiya xidmətinə görə borcu olması səbəbindən imtina etmişdir. Belə ki, İddiaçı MMMC xx.xx.2023-cü il tarixdə təsis edilmişdir. Nizamnaməsindən görünür ki, Cəmiyyətin yaradılmasının əsas məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən, Nizamnamədə nəzərdə tutulmuş məqsədlərin yerinə yetirilməsi üçün fəaliyyət növlərini həyata keçirməkdən ibarətdir. Bu məqsədlərə çatmaq üçün cəmiyyət yaşayış binasının cəmiyyət iştirakçılarının ümumi istifadəsində olan daxili və xarici kommunal xidmətləri təchizatı xəttlərinin və digər qurğu və avadanlıqlarının təmiri və lazım gələrsə, bərpa edilərək daim işlək vəziyyətdə saxlanması; Yaşayış binasının binadaxili istilik və elektrik enerjisi, təbii qaz, lift, məişət tullantıları .ə kanalizasiya xidmətləri təchizatı qurğuları və xəttlərinin təmir və ya bərpa olunması və onların işlək vəziyyətdə saxlanılması; Yaşayış binasının daxili və xarici divarlarının, zirzəmi və damlarının, həmçinin giriş bloklarının təmir olunması və işıqlandırılması; Yaşayış binasının sərəncamında olan onun həyətyanı sahəsinin abadlaşdırılması, istirahət və uşaqlar üçün əyləncə qurğularının quraşdırılması, həyətyanı sahənin yaşıllaşdırılması; Yaşayış binasının sakinlərinin rifahının yaxşılaşdırılmasına yönəldilən digər tədbirlərin həyata keçirilməsi və belə tədbirlərin görülməsi üçün müqavilə əsasında özəl operatorun və ya hər hansı podratçının cəlb olunması; Yaşayış binasının sakinlərinin ümumi maraqlarına cavab verən və mövcud zanunvericiliklə qadağan olunmayan digər xidmətlərin göstərilməsi, işlərin görülməsi və fəaliyyət növlərinin həyata keçirilməsi kimi fəaliyyət növlərini həyata keçirir. Belə ki, İddiaçı MMMC "xxxx" MMC-nin hüquqi varisi deyildir və məqsədi Nizamnaməsində nəzərdə tutulmuş fəaliyyət istiqamətlərini həyata keçirməkdən ibarətdir. Görünən odur ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin Yasamal rayon Sukanal İdarəsi və "xxxx" MMC arasında xx.xx.2003-cü ildə göstəriləcək su və çirkabsu xidmətlərinə dair müqavilə bağlanılmışdır. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin Yasamal rayon Sukanal İdarəsinin hazırda iddiaçıdan tələb etdiyi sudan istifadəyə görə borc məhz xx.xx.2003-cü il tarixli müqavilə üzrə "xxxx" MMC-yə hesablanmış borcdur. Belə olduğu təqdirdə "xxxx" MMC-nin hüquqi varisi olmayan Nizamnaməsində nəzərdə tutulmuş məqsədlərə xidmət etmək üçün xx.xx.2023-cü il tarixdə təsis edilmiş İddiaçı MMMC ilə “ümumi əmlaka daxil olan sudan istifadə və suyun alqı-satqısı” müqaviləsinin bağlanmasından imtina edilməsi yolverilməzdir. İddiaçı MMMCnin Nizamnaməsinin 3.1.1-ci bəndindən də görünür ki, Cəmiyyət Azərbaycan Respublikasının mövcud qanunvericilik aktları və bu Nizamnamə ilə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınaraq hüquqi şəxs statusunu əldə etdiyi andan qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq hüququna malik olur. Odur ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi arasında “ümumi əmlaka daxil olan sudan istifadə və suyun alqı-satqısı” müqaviləsinin (su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilənin) bağlanması və İddiaçı adına yeni hesab açılması öhdəliyi cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən ödənilmiş cəmi 100 manat dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi arasında “ümumi əmlaka daxil olan sudan istifadə və suyun alqı-satqısı” müqaviləsinin (su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilənin) bağlanması və İddiaçı adına yeni hesab açılması öhdəliyi cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin üzərinə qoyulsun. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (bir yüz) manat pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar