Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-763/2026 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: alğı-satqı müqaviləsi bağlamaq öhdəliyinin həvalə edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “alğı-satqı müqaviləsi bağlamaq öhdəliyinin həvalə edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı (vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən sahəsi 0,075 ha olan ****b saylı bağ sahəsi ##.##.2011-ci il tarixdən Cavabdeh mülkiyyəti kimi qeydə alınmışdır.
2. Bank “xxxx” ASC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2019-cu il tarixli XDEN-*****-**/**A saylı Kredit Müqaviləsinə Əlavə 1-dən müəyyən olunur ki, Cavabdeh 39.464,44 manat əsas və 15.495,99 manat faiz borcu olmaqla cəmi 54.981,09 manat məbləğini ##.##.2020-ci il tarixdən ##.##.2023-cü il tarixə kimi banka ödəməlidir.
3. Bir tərəfdən Cavabdeh və digər tərəfdən İddiaçı (əvəzinə nümayəndə X1) arasında ##.##.2021-ci il tarixli “ilkin alğı-satqı müqaviləsi” adlandırılan müqavilə bağlanmışdır. Həmin müqavilədən görünür ki, tərəflər ##.##.2023-cü il tarixə kimi ##.##.2011-ci il tarixli, reyestr nömrəsi 005013009928, qeydiyyat nömrəsi 1111094743 olan çıxarışa əsasən Satıcı - Cavabdeh mülkiyyətində olan, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, ****b saylı bağ sahəsində yerləşən, ümumi sahəsi 0,075 ha olan torpaq sahəsinin ipoteka yüklülüyündən azad edildikdən sonra 160.000 manata “Alıcı” İddiaçı satılması barədə gələcəkdə alğı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək bu müqaviləni bağlamışlar. Müqaviləyə əsasən, “Satıcı” - Cavabdeh satılacaq daşınmaz əmlakı 160.000 manata qiymətləndirir və gələcəkdə həmin qiymətə “Alıcı” - İddiaçı satmağı, “Alıcı№ - İddiaçı isə əmlakı gələcəkdə 160.000 manata almağı öhdəsinə götürür. “Alıcı”- İddiaçı satış məbləğindən 60.000 manatı halhazırda müqavilə bağlanarkən notariusun depozit hesabı vasitəsi ilə “Satıcı” - Cavabdeh ödəyir, satış qiymətinin 73.900 manatını 2 ay müddətində, qalan 26.100 manatını isə torpaq sahəsinin alğı-satqısına dair əsas müqavilə bağlanarkən “Satıcıya”ya ödəməyi öhdəsinə götürür.
4. Bank “xxxx” ASC tərəfindən məhkəməyə ünvanlanmış ## #### 2025-ci il tarixli MXD****/**** saylı məktubla ##.##.2021-ci il tarixdən ##.##.2024-cü il tarixədək Bank ”xxxx” ASC-yə məxsus AZ87Bxxxx41010944111784000009 hesab üzrə kredit ödənişlərinə dair qəbzlər məhkəməyə təqdim olunmuşdur. Məktuba əlavə edilmiş və iddiaçının təqdim etdiyi qəbzlərlə müəyyən olunur ki, hesab nömrəsi üzrə X2 ##.##.2021-ci il tarixdə 1.886,0 manat, ##.##.2022-ci il tarixdə 1.886,0 manat, ##.##.2022-ci il tarixdə 1.886,0 manat, ##.##.2022-ci il tarixdə 1.886,0 manat, ##.##.2022-ci il tarixdə 1.886,0 manat, ##.##.2022-ci il tarixdə 1.886,0 manat, ##.##.2022-ci il tarixdə 1.886,0 manat, ##.##.2022-ci il tarixdə 1.875,0 manat, ##.##.2022-ci il tarixdə 2.046,01 manat, ##.##.2022-ci il tarixdə 1.910 manat, ##.##.2023-cü il tarixdə 1.600,0 manat, ##.##.2023-cü il tarixdə 286,0 manat, ##.##.2023-cü il tarixdə 2.042 manat, ##.##.2023-cü il tarixdə 47,0 manat, ##.##.2023-cü il tarixdə 47,0 manat olmaqla cəmi 23.055 manat ödəniş etmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
5. Iddiaçı İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Nümayəndə cavabdeh Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 160.000 manatın 96.925 manatı ödənilmiş hesab edilməklə, qalan 63.075 manatın iddiaçı tərəfindən cavabdehə ödənilməsi şərti ilə bağ sahəsinə dair iddiaçı ilə alğı-satqı müqaviləsi bağlamaq öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflərin arasında bağ sahəsinin 160.000 manata alğı-satqısı barədə razılıq əldə olunub. Bağ sahəsi Bank “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü olub, kreditlərin ödənilməsində cavabdehin çətinlikləri olub. Hətta kredit vaxtında ödənilmədiyinə görə bank tərəfindən cavabdehə cərimə tətbiq edilib. Bu səbəbdən alğı-satqı müqaviləsinin bağlanması mümkün olmayıb. Tərəflər belə razılığa gəliblər ki, ilkin alğı-satqı müqaviləsi bağlasınlar və iddiaçı 160.000 manatın bir hissəsini, yəni 60.000 manatı ilkin ödəniş olaraq müqavilə bağlanan gün notariusun depozit hesabı vasitəsi ilə cavabdehə ödəsin. Cavabdeh razılaşıb və bildirib ki, bağ sahəsi ipoteka yüklülüyündən azad edildikdən sonra alğı-satqı müqaviləsi bağlayarlar. Bundan sonra ilkin alğı-satqı müqaviləsi bağlanıb, 60.000 manat depozit hesab vasitəsilə ödənilib. Lakin bir müddət sonra cavabdeh iddiaçıya müraciət edərək kreditləri vaxtında ödəmədiyi üçün bank tərəfindən 13.870 manat cərimə tətbiq edildiyini, həmçinin kreditin ödənilməsində də çətinlik çəkdiyini bildirib və ona köməklik göstərilməsini xahiş edib. Cavabdeh təklif edib ki, iddiaçı 13.870 manatı onun əvəzindən banka ödəsin, habelə qalan kredit borcunu hər ay onun əvəzindən banka ödəsin, alğı-satqı müqaviləsi bağlanan zaman bunlar nəzərə alınacaq. Iddiaçı cavabdehə inanaraq cərimənin ödənilməsi üçün 13.870 manat pulu oğlu vasitəsi ilə cavabdehə təqdim edib. Qalan kredit iddiaçının oğlu tərəfindən hər ay banka ödənilib. Hətta bağ sahəsinin ipotekadan azad edilməsi və bildirişin ləğv edilməsi üçün ödənişləri də iddiaçının oğlu ödəyib. Ilkin alğı-satqı müqaviləsi bağlanarkən ödənilmiş 60.000 manatdan savayı iddiaçı tərəfindən cəriməyə görə 13.870 manat, kreditə görə 23.055 manat ödənilib. Ümumilikdə, iddiaçı cavabdehə 96.925 manat pul ödəyib. Bağ sahəsi ipoteka yüklülüyndən azad edildikdən sonra iddiaçı alğı-satqı müqaviləsinin bağlanmasını cavabdehdən tələb etsə də cavabdeh alğı-satqı müqaviləsini bağlamaqdan imtina edib.
7. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı tərəf ilə dəfələrlə danışmışlar. Onlar bankla olan məsələdən məlumatlı olmuşlar. Alğı-satqı dövrünə qədər 54.000 manat banka ödənilməli olan borcu var idi. Bağı 200.000 manata danışmışlar. Həmin məbləğdən 160.000 manat notarius vasitəsilə verilməli idi. Iddiaçı 60.000 manatı verəndən sonra bildirmişdir ki, 100.000 manat məbləği 2021-ci ilin sonuna qədər çatdıracaq. Həmin 60.000 manat məbləği aldıqdan sonra bağ sahəsini bankda yüklü edib qrafik açdırmalı idi. Bank “xxxx”-nin əməkdaşı bildirmişdir ki, “13.600 manat ver, məbləği 40.000 manat edək.” Bundan sonra qrafik açılmışdır. Iddiaçının oğlu həmin qrafik üzrə 6 ay 1.886 manat ödəmiş, lakin sonradan onu tapa bilməmişdir. Daha sonra gəlib bildirib ki, qardaşı restorana görə 300.000 manat pul qoyub, lakin iflas olub. Banka 54.000 manat borcu olub və ondan sonra 60.000 manat məbləğindən 13.600 manatı Bank “xxxx”-də işləyən əməkdaşa vermiş, 40.000 manat üzrə qrafik açılmışdır. Ipotekadan yüklülükdən azad olunmanın iddiaçının oğlu tərəfindən həyata keçirildiyini etiraf edir. 13.870 manat isə ona verilməyib. Iddiaçıdan 60.000 manat almışdır, banka nə ödənilibsə, həmin məbləğin çıxılmasını qəbul edir. 60.000 manat məbləğini və 23.055 manat məbləği qəbul edir. Lakin 13.870 manat məbləği qəbul etmir. Şahidi ümumiyyətlə görməmiş və Sənan Quliyevlə avtomobildə görüşmüşdür. Lakin heç vaxt “Günəş” şadlıq evinin qarşısında Sənan Quliyevin avtomobilinin qarşısında oturmamışdır. Bir dəfə çayxanadan qayıdanda Sənan Quliyev onu gətirib, lakin “Günəş” şadlıq evinin yanında ağacın altında söhbət etmişlər. Özü iki dəfə ancaq Sənan Quliyevin atasını görmüş və başqa heç kimi görməmişdir. Qarşı tərəfin ödədiyi pulu qaytarmağa razıdır.
8. Məhkəmə iclasında ##.##.1979-cu il təvəllüdlü X2 şahid qismində ifadə verərək bildirmişdir ki, iddiaçı anasıdır. Aldıqları torpaq sahəsi cavabdehə məxsusdur. Ofisə yaxınlaşmış, torpaq sahəsini orada ona göstərmişlər. Bir neçə dəfə cavabdehlə əlaqə saxlamış, lakin cavab verməmişdir. Daha sonra danışmışlar və torpaq sahəsinə baxmışdır. Torpaq sahəsi 160.000 manata qiymətləndirilmişdir. Torpaq sahəsinin ipoteka ilə yüklü edildiyindən bir müddət sonra – ilkin alğı-satqı müqaviləsi bağlanarkən məlumatı olmuşdur. Müqavilə bağlanarkən iddiaçının əvəzinə onun yoldaşı – atası iştirak etmişdir. Ilkin müqavilə zamanı 60.000 manat ödəniş edildi, qalan məbləği isə iki hissəyə bölmüşlər. Kredit ödənilirdi və 160.000 manatdan çıxılırdı. Kreditə görə 24.000 manat civarında ödəniş etmiş və ipoteka yüklülüyündən özü azad etmişdir. 13.870 manat məbləğini bank tərəfindən cavabdehə yazılan cərimənin ödənilməsi üçün vermişdir. Bunu təsdiq edən dostu var və həmin məbləğ avtomobildə verilib. Pulu müqavilə bağlandıqdan 3-4 gün keçdikdən sonra vermişdir. Həmin pul banka olan cərimənin ödənilməsi üçün verilmişdir.
9. Məhkəmə iclasında ##.##.1972-ci il təvəllüdlü X3 şahid qismində ifadə verərək bildirmişdir ki, özü Qarabağ qazisidir. Sənan Quliyev ona vaxtı ilə çox kömək edib. 2021-ci ilin dekabr-noyabr aylarında Sənan Quliyevə bildirmişdir ki, ağrıları var və o, gəlib onu götürmüşdür. Həmin vaxt Sənan bildirmişdir ki, torpaq sahəsi alır və bir şəxsə pul verəcəkdir. Cavabdeh gəlib avtomobildə qabaqda oturmuş, özü isə arxada oturmuşdur. Sənan Quliyev Cavabdeh pul vermişdir. Pulu saydılar. Özü maşından düşdüyünə görə qalan söhbətdən məlumatı olmamışdır. Cavabdehə bir paçkada 100 manatlıqlar vermişdir. Avtomobil qara “Toyota Camry” markalı avtomobil idi, təxminən noyabr-dekabr ayları idi. Avtomobildə “Montin” ərazisində yerləşən “Günəş” şadlıq evinin qarşısında dayanmışdırlar.
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-*(***)-***/**** nömrəli, # #### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Səbinə Nuriyeva) iddia təmin edilmiş, ilkin alğı-satqı müqaviləsi üzrə 96.925 manat ödənilmiş hesab edilməklə, iddiaçı tərəfindən 63.075 manat ödənilməsi şərtilə əsas alğı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ilkin alğı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən depozit hesabı vasitəsilə 60.000 manat, kredit ödənişləri üzrə isə 23.055 manat olmaqla, cəmi 83.055 manat ödənilməsi iş materialları ilə, habelə cavabdehin izahatı ilə öz təsdiqini tapır.
12. Nəzərə alınmalıdır ki, şahidlər tərəflərdən birinin yaxını və ya qohumu olsa da (X2 iddiaçının oğludur), məhkəmə iclasında şahid qismində ifadə verməyə razılıq vermiş şəxslər MPM-in 194.1-ci maddəsinə əsasən digər şahidlər kimi bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdar edilirlər və onlardan bu barədə iltizam alınır (hər iki şahidin iltizamı iş materiallarına əlavə edilmişdir). Bu baxımdan iş üzrə şahidlərin xeyrinə ifadə verdiyi tərəflə yaxın münasibətləri, o cümlədən, qohumluğu onların ifadəsinin mötəbər olmadığı barədə qənaətə gəlmək üçün yeganə əsas kimi çıxış edə bilməz. Şahid ifadəsinin sübut hesab edilməməsi şahid ifadələrinin işə aid olmaması, işdə olan digər sübutlarla ziddiyyət təşkil etməsi, şahidin ifadə verdiyi şəxslə münasibətinin yaxşı olmaması, işdə marağı olması, qərəzli olması və sair hallarla əsaslandırıla bilər ki, hazırkı işdə bu hallar müəyyən olunmamışdır.
13. Məhkəmə yuxarıda qeyd edilənləri, tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi hallara (13.800 manat məbləğinə münasibətdə) və şahid ifadələrinə qiymət verərək hesab etmişdir ki, şahid ifadələri mötəbər sübut kimi qəbul edilməlidir. Belə ki, şahidlərin ifadələrini şübhə altına alacaq heç bir sübut məhkəməyə təqdim edilməmiş, şahid ifadələri ziddiyyətli olmamaqla, dinlənilmiş şəxslər pulun cavabdehə verilməsində bilavasitə iştirak edən şəxslərdir. Şahidlərin cavabdehə qarşı hər hansı formada qərəzli olması məhkəmə baxışında müəyyən edilməmişdir.
14. Məhkəmə həmçinin qeyd etmişdir ki, qanunvericilik aktlarının tələblərinə və məhkəmədə araşdırılmış sübutlara əsasən, ilkin alğı-satqı müqaviləsinin bağlanması ilə cavabdeh ipoteka yüklülüyündən azad edildikdən sonra Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, ****b saylı bağ sahəsində yerləşən, ümumi sahəsi 0,075 ha olan torpaq sahəsinin ##.##.2023-cü il tarixədək iddiaçıya alğı-satqısı barədə əsas müqavilə bağlamaq öhdəliyinin daşıyıcısı olmuşdur.
15. Müqaviləyə əsasən tərəflər ## ###### 2021-ci il tarixdə əmlakın dəyərini 160.000 manat müəyyən etmişlər. Iddiaçı tərəfindən cavabdehə müqavilə üzrə 96.925 manat (depozit hesabı vasitəsilə 60.000 manat, kredit ödənişləri ilə 23.055 manat, şəxsən 13.800 manat) ödənilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərindən yayınmışdır. Məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən tərəflərə mübahisənin barışıq zəminində həll edilməsi təklif edilərkən, cavabdeh torpaq sahəsinin dəyərinin aralarında 200.000 manat məbləğində müəyyən olunduğunu, torpaq sahəsinin bazar dəyərinə əsasən satılmasına razı olduğunu bildirmişdir.
16. Məhkəmə hesab etmişdir ki, ilkin müqaviləyə əsasən əsas müqavilə bağlamaq öhdəliyinin müddəti keçdiyindən və cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək iddiaçı ilə əsas alğı-satqı müqaviləsini bağlamadığından ## ###### 2021-ci il tarixli ilkin müqavilə üzrə iddiaçı ilə əsas alğı-satqı müqaviləsi bağlanması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
17. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 390.1, 390.3, 402.1, 402.2, 402.5, 425.1, 425.2, 430.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
18. Cavabdehin nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə əsassız, qeyri-qanunidir. Qətnamə son dərəcə səthi və qərəzli olmaqla, işin həqiqi hallarını, yəni ** saylı notariat ofisinin xüsusi notariusu tərəfindən ## ###### 2021ci il tarixdə təsdiq edilərək, 3M-1032 reyestr nömrəsi ilə qeydiyyata alınmış ilkin alğı-satqı müqaviləsində nəzərdə tutulmuş ilkin müqavilə şərtlərinin iddiaçı tərəfindən açıq-aşkar icra olunmamasını, cavabdehin qanuni nikahda olduğu və torpaq sahəsinə cavabdehlə bərabər hüququ olan həyat yoldaşının razılığının alınmadığını nəzərə almadan və qanunvericiliyin tələblərini nəzərə almamaqla qəbul etmişdir. Məhkəmə qərəzli olaraq mülki işin materiallarında olan və işin obyektiv həlli üçün xüsusi əhəmiyyət daşıyan sənədlərə qanuni və obyektiv hüquqi qiymət vermədən işin həqiqi hallarını nəzərə almadan, qərəzli olaraq qəbul etdiyi qətnaməni əsaslandırmaq məqsədi ilə və obyektiv halları təhrif etməklə ədalətsiz qətnamə qəbul etmişdir.
20. Belə ki, iddiaçı ilə cavabdeh öz aralarınada ilkin olaraq razılığa gəlmişlər ki, iddiaçı alıcı olaraq cavabdehə - satıcıya 160.000 manat nağd, 40.000 manat kredit pulu ödəməklə torpağın alğı-satqısını həyata keçirirlər. Bu məqsədlə iddiaçı ilkin olaraq 100.000 manat əvvəlcə nağd, sonra 60.000 manat nağd və 40.000 manat kredit olaraq ödəyəcəkdir.
21. Iddiaçının oğlu Sənan Quliyev cavabdehi öz tanışı olan notariusun yanına ilkin müqavilə bağlamaq üçün gətirdikdə gözlənilmədən bildirmişdir ki, indi onda Sənan Quliyevdə də yalnız 60.000 manat pul var və bu pulu ödəsin və sonra bütün pulu bir həftəyə, ya da uzağı iki həftəyə ödəyəcək. Sənan Quliyev böyük imkanlarının olduğunu, yüksək səviyyəli şəxslərlə əlaqələrinin olduğunu bildirərək tezliklə pulu ödəyəcəyinə söz vermişdir. Balalarının canına and verərək pulu tezliklə ödəyəcəyini və narahat olmamağı xahiş etmişdir. Cavabdeh Cavabdeh iddiaçının kişi sözünə, sonsuz xahişlərinə inanaraq ilkin alğı-satqı müqaviləsinə imza etmişdir. Lakin iddiaçı hətta cavabdehi aldadaraq vəd verdiyi ilkin müqavilədə göstərilən öhdəliklərini belə yerinə yetirməmişdir. 2024-cü ilə qədər hər dəfə iddiaçı verdiyi sözlərinə əməl etməmiş, cavabdehi aldatmışdır. Bununla ilkin müqavilə hüquqi qüvvəsini itirmişdir.
22. Məhkəmə tərəfindən ilkin alğı-satqı müqaviləsinin şərtlərini iddiaçının özü pozduğu və icra etmədiyi halda müəmmalı və məcburi olaraq cavabdehin üzərinə qanunsuz olaraq müqavilə bağlamaq öhdəliyi qoyulmuşdur.
23. Məhkəmə yalnız iddiaçını oğlunun əsassız, həqiqətə uyğun olmayan, iddiaçını oğlu olduğundan hər vasitə ilə həqiqəti pərdələyən yalançı şahid ifadələrini və iddiaçının özünün və şahidin özünün bildirdiyinə görə iddiaçının oğlunun daima qayğısını çəkdiyi, köməkliyini, yardımını göstərdiyi və cavabdehin görmədiyi və tanımadığı şahidin ifadələrini məqsədli şəkildə, qanunun tələbini pozmaqla sübut kimi qəbul etmişdir. Belə ki, cavabdeh iddiaçıdan aldığı 60.000 manat pulu və 23.000 manat kredit olaraq ödənilmiş pulu qanuni olaraq qəbul edir. Lakin iddiaçının həqiqəti əks etdirməyən guya 13.870 manat ödəməsi barədə yalan fikirlərini qəbul etmir.
24. Mülki işin materiallarında olan ilkin alğı-satqı müqaviləsinin şərtlərinin iddiaçı tərəfindən icra olunmamasına, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Mülki işin materiallarından da göründüyü kimi ilkin alğı-satqı bağlanarkən Daşınmaz əmlaka birgə hüququ olan arvadın razılığı olmadan daşınmaz əmlakın barəsində əqd bağlanması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.6-cı maddəsinin tələbləri pozulmaqla icra edildiyindən həmin müqavilə qanunsuz olması barədə qanunun tələbinə riayət olunmadığı belə məhkəmə qətnaməsində öz hüquqi qiymətini almadığından məhkəmə qətnaməsi ləğv olunmalı və iddianın təmin olunmamsı barədə yeni qətnamə çıxarılmalıdır.
25. Apellyasiya icraatı zamanı cavabdehin arvadı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi tanınıb, lakin o, məhkəmə iclasına gəlməyib, ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş edib. O, həmin ərizədə mövqeyini belə əsaslandırmışdır ki, bağ sahəsi nikah müddətində əldə edildiyinə görə ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Ilkin müqavilə onun razılığı olmadan bağlanıb.
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), Ikram Şirinov və Elşən Kazımov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ilkin müqavilədə müəyyən edilən pul öhdəliyinin hüquqi əhəmiyyəti yoxdur. Belə ki, qanunvericiliyə görə, ilkin müqavilə və alğı-satqı müqaviləsi ayrı-ayrı anlayışlardır, “ilkin alğı-satqı müqaviləsi” anlayışı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402.1-ci maddəsində ilkin müqaviləyə verilmiş anlayışdan görünür ki, ilkin müqavilədə pul öhdəliyi müəyyən oluna bilməz, ilkin müqavilə ilə gələcəkdə başqa müqavilə - əsas müqavilə bağlamaq öhdəliyi müəyyən oluna bilər. Pul verilməsi əsas müqavilə üzrə öhdəliyə daxildir. Əsas müqavilə bağlanmadan pul vermək öhdəliyi yarana bilməz.
28. Ilkin müqavilə cavabdehin arvadının - üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs razılığı olmadan bağlandığına görə etibarsızdır. Belə ki, cavabdeh və üçüncü şəxsin nikahı ##.##.1993-cü il tarixdə bağlanıb, cavabdeh bağ sahəsini nikah müddətində əvəzli əqd, yəni ##.##.2011-ci il tarixli alğı-satqı müqaviləsi əsasında əldə edib (iş v. 46) və bağ sahəsi üzərində mülkiyyət hüququ ##.##.2011-ci il tarixdə dövlət reyestrində qeydə alınıb. Odur ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinin tələbi baxımından, bağ sahəsi cavabdeh və üçüncü şəxsin ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.6-cı maddəsinə görə, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Üçüncü şəxsin məhkəməyə göndərdiyi ərizədən görünür ki, ilkin müqavilənin bağlanması onun iradəsinə ziddir, müqaviləni bəyənmir.
29. Bundan başqa, əgər şərti olaraq hesab olunsa ki, ilkin müqavilə etibarlıdır, bu halda ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilib. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402.4-cü maddəsinin birinci cümləsinə görə, ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Ilkin müqavilədə əsas müqavilənin bağlanmalı olduğu müddət “bağ sahəsi ipoteka yüklülüyündən azad edildikdən sonra” kimi göstərilib. Müddətin bu qaydada müəyyən edilməsi Mülki Məcəllənin 367.2 və 367.3-cü maddələrinin göstərişlərinə ziddir. Həmin maddələrə görə, müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir, müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Əmlakın ipoteka yüklülüyündən azad edilməsi hökmən baş verməli olan hadisə sayılmır, çünki ipoteka ilə təmin edilmiş öhdəlik icra edilmədikdə əmlak ipoteka yüklülüyündən azad edilməyə və ona tutma yönəldilə bilər. Odur ki, müddətə dair şərt etibarsız sayılır və hesab olunur ki, ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilməyib. Mülki Məcəllənin 402.4-cü maddəsinin ikinci cümləsinə görə, belə halda əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Həmin müddət ##.##.2022-ci il tarixdə bitib. Bu müddət bitənədək ilkin müqavilə bağlanmayıb və ya müddət bitənədək tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməyib. Mülki Məcəllənin 402.5-ci maddəsinə görə, əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir.
30. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəlləsinin 402.1, 402.4, 402.5, 367.2, 367.3, 225.6-cı və Ailə Məcəlləsinin 32.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
31. Qətnamədən iddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası tərəflər arasında ilkin müqavilə bağlandıqdan sonra tərəflərin müqaviləyə qədərki danışıqları və yazışmaları, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı (iddiaçının cavabdehlə qarşılıqlı razılaşması əsasında iddiaçının ##.##.2023-cü il tarixə kimi bank krediti ödəməsini, ##.##.2023-cü il tarixdə əmlakın girovdan azad etməsini, ##.##.2023-cü il tarixdə bildirişin ləğv edilməsi barədə ödənişin edilməsi və s.) hərəkətlərinə qiymət verməmiş və nəticədə maddi hüquq normalarının tələbləri pozulmuşdur.
33. Tərəflər arasında bağlanmış ilkin müqavilənin 1.1-ci bəndində əsas müqavilənin bağlanması “##.##.2023-cü il tarixə kimi” müddət müəyyən edilmiş və tərəflərin qarşılıqlı razılığı əsasında əmlakın ipotekadan azad edilməsi ##.##.2023-cü il tarixdə, bildirişin ləğv edilməsi barədə ödənişin edilməsi isə ##.##.2023-cü il tarixdə iddiaçı tərəfindən həyata keçirilmişdir. Göründüyü kimi, əsas müqavilənin bağlanması üçün ilkin müqavilədə müəyyən edilən müddət buraxılmayıb, sadəcə əsas müqavilənin bağlanmasına bu günədək süni maneələr yaradaraq əngəl olmaq istəyən mülki hüquqlardan sui-istifadə edən cavabdeh Cavabdehdur. Şərh olunanlardan göründüyü kimi qeyd olunanlara apellyasiya kollegiyasının qəbul etdiyi qətnamədə ümumiyyətlə qiymət verməmiş və nəticədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci, 225.6-cı, 402.1-ci, 402.2, 402.4-ci, 404.1-ci, 404.2-ci və 430.1-ci 560.1-ci, 560.2-ci və 560.3.4-cü maddələrinin tələbləri pozulmuşdur.
34. Məhkəmə kollegiyası qəbul etdiyi qətnamənin 10-cu, 11-ci və 12-ci bəndlərində münasibət bildirmiş, lakin əsas olan məqamlara isə (daşınmaz əmlakın qiymətinin 60 faizindən çox məbləğin iddiaçı tərəfindən ödənilməsi, ##.##.2023-cü il tarixdə daşınmaz əmlakın iddiaçı tərəfindən yüklülükdən azad edilməsi, yüklülükdən azad edildikdən sonra cavabdehin əmlakın qiymətinin 200.000 manata qaldırması və bu səbəbdən əsas müqavilə bağlamasından imtina edərək öz hüquqlarından sui-istifadə etməsi və s.) ümumiyyətlə qiymət verilməmiş, nəticədə apellyasiya kollegiyası tərəfindən maddi hüquq normaları pozulmuşdur. Belə ki, birinci instansiya məhkəməsinə tərəflərindən verilən iddia tələbi “torpaq sahəsinə alğı-satqı müqaviləsinin bağlanması”na dair iddia tələbidir. Lakin məhkəmə kollegiyası öz qətnaməsində elə əsaslandırmışdır ki, sanki iddia tələbi ilə ilkin müqavilənin etibarsızlığı mübahisələndirilir.
35. Apellyasiya kollegiyası nəzərə almamışdır ki, ilkin müqavilə bağlandıqdan və ** saylı notariat ofisində 60.000 manat ödənildikdən, sonra tərəflər arasında mübahisəli torpaq sahəsinin alğı-satqısına dair ikitərəfli şifahi razılaşma olmuş, bu razılaşma əsasında cavabdehə cərimələri ödəməsi üçün ona Günəş şadlıq sarayının yanında 13.870 manat və kreditlər üçün isə ##.##.2023-cü il tarixədək 23.055 manat pulun iddiaçının oğlu X2 tərəfindən ödənilmişdir. Bu da ümumilikdə 96.925 manat təşkil edir ki, iddiaçı tərəfindən mübahisəli torpaq sahəsinin alğı-satqısına dair dəyərinin 60 faizindən artıq ödəniş edildiyi deməkdir.
36. Cavabdeh ilə aralarında bağlanmış ilkin müqavilənin üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iradəsinə zidd olması və ilkin müqavilədən məlumatsız olması həqiqəti əks etdirmir. Belə ki, mübahisəli torpaq sahəsinə dair ilkin müqavilə bağlandıqdan sonra yuxarıda qeyd olunduğu kimi iddiaçı tərəfindən əmlakın ümumi dəyərinin 60 faizindən artıq məbləğ, yəni 96.925 manat pul cavabdehə ödənilmiş və əmlak iddiaçı tərəfindən yüklülükdən azad edilmişdir. Bütün bunlardan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məlumatının olmaması, onun iradəsinə zidd olması həqiqətə uyğun deyil. Kassasiya şikayətinə qarşı verilmiş etirazın dəlilləri:
37. Cavabdehin nümayəndəsi və vəkili vəkil1 kassasiya şikayətinə qarşı yazılı etiraz ünvanlayaraq şikayətin əsassız olduğu üçün təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
38. Həmçinin üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kassasiya şikayətinə qarşı yazılı etiraz ünvanlayaraq şikayətin əsassız olduğu üçün təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
39. Maddə 6.1.5. Müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir.
40. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
41. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
42. Maddə 367.2. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir.
43. Maddə 367.3. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər.
44. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
45. Maddə 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir.
46. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
47. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.
48. Maddə 402.1. Ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər.
49. Maddə 402.4. Ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır.
50. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
51. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
52. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
53. Maddə 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin.
54. Maddə 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir.
55. Maddə 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır.
56. Maddə 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
57. Maddə 441.3. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər.
58. Maddə 441.4. Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir.
59. Maddə 441.5. Bu Məcəllənin 441.2-441.4-cü maddələrində nəzərdə tutulan qaydalar müqavilədə ayrı qayda nəzərdə tutulmadıqda tətbiq edilir.
60. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
61. Maddə 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir.
62. Maddə 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402-ci maddəsinin və "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinin dördüncü hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2026-cı il tarixli qərarı.
63. Müraciətdə qaldırılan ilkin müqavilənin əvəzli müqavilə kimi bağlanmasının və ilkin müqavilədə əsas müqavilə üzrə ödəniş şərtinin nəzərdə tutulmasının mümkünlüyü məsələsinə münasibətdə qeyd edilməlidir ki, ilkin müqavilənin mülki hüquqi mahiyyəti və təyinatı yalnız gələcəkdə əsas müqavilənin bağlanmasına dair öhdəliyin götürülməsindən ibarət olub, hər hansı digər öhdəliyi özündə ehtiva etmir. Ilkin müqavilədə əsas müqavilənin predmeti və digər mühüm şərtləri göstərilməli olsa da, bu həmin şərtlərin ilkin müqavilə əsasında icra edilməli olması anlamına gəlmir. Yəni, ilkin müqavilədə əsas müqavilə üzrə alğı-satqı qiymətinin əvvəlcədən razılaşdırılması tərəflərin həmin məbləği ödəmək öhdəliyini deyil, gələcək müqavilənin qiymətini həmin məbləğdə müəyyən etmək öhdəliyini əmələ gətirir. Beləliklə, ilkin müqavilə gələcəkdə əsas müqaviləni bağlamaq öhdəliyi əmələ gətirərək birbaşa əsas müqavilə üzrə hüquq və öhdəliklərin əmələ gəlməsinə səbəb olmur. Odur ki, ilkin müqavilənin bağlanması ilə əsas müqavilə üzrə öhdəlik yaranmadığına görə ilkin müqavilə üzrə hər hansı ödənilən məbləğ əsas müqavilə üzrə öhdəliyin icrası mahiyyətində olmur.
64. Bununla belə o da qeyd edilməlidir ki, ilkin müqavilə öhdəlik hüquqi xarakter daşıdığından Mülki Məcəllə ilə nəzərdə tutulmuş öhdəlik hüququna dair müddəalar bu müqaviləyə münasibətdə də tətbiq edilir. Bu baxımdan, ilkin müqavilənin tərəfləri yaratmış olduqları öhdəliyin (gələcəkdə müqavilə bağlamaq) icra olunmasının təmin edilməsi üsulunu müəyyən edə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
59. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
60. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
61. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
62. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
63. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
64. Maddə 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
65. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
66. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
67. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
68. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
69. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
70. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:
71. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
72. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
73. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.
74. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir.
75. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, tərəflərin arasında ##.##.2021-ci il tarixli “ilkin alğı-satqı müqaviləsi” adlandırılan müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, cavabdeh üzərinə öhdəlik götürüb ki, bağ sahəsi ipoteka yüklülüyündən azad edildikdən sonra onu 160.000 manata iddiaçıya satacaq, iddiaçı isə üzərinə öhdəlik götürüb ki, bağ sahəsini həmin qiymətə alacaq. Bundan başqa, müqavilədə qeyd olunub ki, iddiaçı satış qiymətinin 60.000 manatını müqavilə bağlanarkən notariusun depozit hesabı vasitəsilə cavabdehə ödəyir, satış qiymətinin 73.900 manatını 2 ay müddətində, qalan 26.100 manatını isə əsas müqavilə bağlanarkən cavabdehə ödəməyi öhdəsinə götürür. Iddiaçı satış qiymətinin 60.000 manatını müqavilə bağlanarkən notariusun depozit hesabı vasitəsilə cavabdehə ödəmiş, daha sonra isə iddiaçının oğlu Sənan Quliyev kreditə görə ##.##.2021-ci il tarixdən ##.##.2023-cü il tarixə kimi hissə-hissə cəmi 23.055 manat ödəniş etmişdir.
76. Iddiaçı iddia tələbində işin qeyd olunan hallarına istinad etmiş, həmçinin kreditləri vaxtında ödəmədiyi üçün bank tərəfindən cavabdehə tətbiq edilmiş 13.870 manat cərimənin də cavabdehin təklifinə əsasən ödədiyini, ümumilikdə cavabdehə 96.925 manat pul ödəməsini, bağ sahəsi ipoteka yüklülüyndən azad edildikdən sonra iddiaçının alğı-satqı müqaviləsinin bağlanmasını cavabdehdən tələb etsə də cavabdehin alğı-satqı müqaviləsini bağlamaqdan imtina etməsini qeyd edərək, 160.000 manatın 96.925 manatı ödənilmiş hesab edilməklə, qalan 63.075 manatın iddiaçı tərəfindən cavabdehə ödənilməsi şərti ilə bağ sahəsinə dair iddiaçı ilə alğı-satqı müqaviləsi bağlamaq öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
77. Cavabdeh isə iddiaya qarşı etiraz edərək, iddiaçı tərəf ilə dəfələrlə danışmasını, onların bankla olan məsələdən məlumatlı olmalarını, alğı-satqı dövrünə qədər 54.000 manat banka ödənilməli olan borcu olduğunu, bağı 200.000 manata danışmalarını, həmin məbləğdən 160.000 manatın notarius vasitəsilə verilməli olmasını, iddiaçının 60.000 manatı verəndən sonra 100.000 manat məbləği 2021-ci ilin sonuna qədər çatdıracağını bildirməsini, həmin 60.000 manat məbləği aldıqdan sonra bağ sahəsini bankda yüklü edib qrafik açdırmalı olduğunu, Bank “xxxx”-nin əməkdaşının “13.600 manat ver, məbləği 40.000 manat edək” bildirməsini, bundan sonra qrafik açılmasını, iddiaçının oğlunun həmin qrafik üzrə 6 ay 1.886 manat ödəməsi, lakin sonradan onu tapa bilməməsini, ipotekadan yüklülükdən azad olunmanın iddiaçının oğlu tərəfindən həyata keçirildiyini etiraf etməsini, 13.870 manatın isə ona verilmədiyini, iddiaçıdan 60.000 manat almasını, banka nə ödənilibsə, həmin məbləğin çıxılmasını qəbul etdiyini, 60.000 manat məbləğini və 23.055 manat məbləği qəbul etdiyini, lakin 13.870 manatın iddiaçı tərəfindən ona verilmədiyini, qarşı tərəfin ödədiyi pulu qaytarmağa razı olduğunu qeyd edərək, iddianın rədd olunmasını xahiş etmişdir.
78. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə nəticəyə gələrkən, ilkin alğı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən depozit hesabı vasitəsilə 60.000 manat, kredit ödənişləri üzrə isə 23.055 manat olmaqla, cəmi 83.055 manat ödənilməsinin iş materialları ilə, habelə cavabdehin izahatı ilə öz təsdiqini tapmasını, iddiaçı tərəfindən 13.800 manat məbləğində pulun cavabdehə ödənilməsini təsdiq edən şahid ifadələrinin mötəbər sübut kimi qəbul edilməsini, ilkin alğı-satqı müqaviləsinin bağlanması ilə cavabdehin ipoteka yüklülüyündən azad edildikdən sonra mübahisəli əmlakın ##.##.2023-cü il tarixədək iddiaçıya alğı-satqısı barədə əsas müqavilə bağlamaq öhdəliyinin daşıyıcısı olmasını, müqaviləyə əsasən tərəflərin ## ###### 2021-ci il tarixdə əmlakın dəyərini 160.000 manat müəyyən etmələri, iddiaçı tərəfindən cavabdehə müqavilə üzrə 96.925 manat (depozit hesabı vasitəsilə 60.000 manat, kredit ödənişləri ilə 23.055 manat, şəxsən 13.800 manat) ödənilməsinə baxmayaraq cavabdehin müqavilə üzrə öhdəliklərindən yayınmasını, məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən tərəflərə mübahisənin barışıq zəminində həll edilməsi təklif edilərkən, cavabdehin torpaq sahəsinin dəyərinin aralarında 200.000 manat məbləğində müəyyən olunduğunu, torpaq sahəsinin bazar dəyərinə əsasən satılmasına razı olduğunu bildirməsini, ilkin müqaviləyə əsasən əsas müqavilə bağlamaq öhdəliyinin müddəti keçdiyindən və cavabdehin müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək iddiaçı ilə əsas alğısatqı müqaviləsini bağlamadığından ## ###### 2021-ci il tarixli ilkin müqavilə üzrə iddiaçı ilə əsas alğı-satqı müqaviləsi bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmalı olmasını qeyd etmişdir.
79. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinə əsasən işə baxaraq birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməni ləğv etməklə iddianın rədd olunması barədə nəticəyə gələrkən qeyd etmişdir ki, ilkin müqavilədə müəyyən edilən pul öhdəliyinin hüquqi əhəmiyyəti yoxdur. Belə ki, qanunvericiliyə görə, ilkin müqavilə və alğı-satqı müqaviləsi ayrı-ayrı anlayışlardır, “ilkin alğı-satqı müqaviləsi” anlayışı yoxdur. Mülki Məcəllənin 402.1-ci maddəsində ilkin müqaviləyə verilmiş anlayışdan görünür ki, ilkin müqavilədə pul öhdəliyi müəyyən oluna bilməz, ilkin müqavilə ilə gələcəkdə başqa müqavilə əsas müqavilə bağlamaq öhdəliyi müəyyən oluna bilər. Pul verilməsi əsas müqavilə üzrə öhdəliyə daxildir. Əsas müqavilə bağlanmadan pul vermək öhdəliyi yarana bilməz. Ilkin müqavilə cavabdehin arvadının - üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs razılığı olmadan bağlandığına görə etibarsızdır. Belə ki, cavabdeh və üçüncü şəxsin nikahı ##.##.1993-cü il tarixdə bağlanıb, cavabdeh bağ sahəsini nikah müddətində əvəzli əqd, yəni ##.##.2011-ci il tarixli alğı-satqı müqaviləsi əsasında əldə edib və bağ sahəsi üzərində mülkiyyət hüququ ##.##.2011-ci il tarixdə dövlət reyestrində qeydə alınıb. Odur ki, Ailə Məcəlləsinin 32.1-ci maddəsinin tələbi baxımından, bağ sahəsi cavabdeh və üçüncü şəxsin ümumi birgə mülkiyyəti sayılır. Mülki Məcəllənin 225.6-cı maddəsinə görə, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Üçüncü şəxsin məhkəməyə göndərdiyi ərizədən görünür ki, ilkin müqavilənin bağlanması onun iradəsinə ziddir, müqaviləni bəyənmir.
80. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, əgər şərti olaraq hesab olunsa ki, ilkin müqavilə etibarlıdır, bu halda ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilib. Belə ki, Mülki Məcəllənin 402.4-cü maddəsinin birinci cümləsinə görə, ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Ilkin müqavilədə əsas müqavilənin bağlanmalı olduğu müddət “bağ sahəsi ipoteka yüklülüyündən azad edildikdən sonra” kimi göstərilib. Müddətin bu qaydada müəyyən edilməsi Mülki Məcəllənin 367.2 və 367.3-cü maddələrinin göstərişlərinə ziddir. Həmin maddələrə görə, müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir, müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Əmlakın ipoteka yüklülüyündən azad edilməsi hökmən baş verməli olan hadisə sayılmır, çünki ipoteka ilə təmin edilmiş öhdəlik icra edilmədikdə əmlak ipoteka yüklülüyündən azad edilməyə və ona tutma yönəldilə bilər. Odur ki, müddətə dair şərt etibarsız sayılır və hesab olunur ki, ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilməyib. Mülki Məcəllənin 402.4-cü maddəsinin ikinci cümləsinə görə, belə halda əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Həmin müddət ##.##.2022-ci il tarixdə bitib. Bu müddət bitənədək ilkin müqavilə bağlanmayıb və ya müddət bitənədək tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməyib. Mülki Məcəllənin 402.5-ci maddəsinə görə, əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir.
81. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə tərəflər arasındakı münasibətləri Mülki Məcəllənin “ilkin müqavilə”dən bəhs edən 402-ci maddəsinə uyğun şərh edərkən, iddia tələbinin qanuni əsasını müəyyən etməkdə səhvə yol vermişdir.
82. Belə ki, ilkin müqavilənin mahiyyətini tənzimləyən Mülki Məcəllənin 402-ci maddəsinə görə ilkin müqavilənin bağlanması ilə əmlak üzərində hüquqların keçməsi baş vermir, bu müqavilə yalnız tərəflər üçün əsas müqavilənin gələcəkdə bağlanmasına dair öhdəliklər yaradır. Yəni ilkin müqavilə mal mübadiləsinə deyil, onun təşkilinə, gələcək mal mübadiləsinin iştirakçıları arasında qarşılıqlı münasibətlərin qurulmasına yönələn təşkilatı müqavilədir. Həmin müqavilə əsasında tərəflərin yalnız qarşılıqlı olaraq əsas müqavilənin bağlanmasını birbirindən tələb etmək hüquqları yaranır.
83. Bu baxımdan Mülki Məcəllənin 402-ci maddəsində nəzərdə tutulan ilkin müqavilə hüquqi təbiətinə görə əslində təşkilati müqavilə qrupuna aiddir və ilkin müqaviləyə görə, tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Yəni, ilkin müqaviləyə görə, əmlakın və ya digər maddi nemətlərin verilməsi deyil, belə münasibətlərin gələcəkdə yaradılmasının təşkil edilməsi üzrə vəzifələrin bölüşdürülməsi nəzərdə tutulur.
84. Hər bir halda ilkin müqavilədə əsas müqavilənin predmetini və digər mühüm şərtlərini müəyyən etməyə imkan verən şərtlərlə yanaşı, əsas müqaviləni tərəflərin hansı müddətə bağlamağı öhdələrinə götürmələri də nəzərdə tutulmalıdır. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır (Mülki Məcəllənin 402.4-cü maddəsi).
85. Normanın mənasına görə, əsas müqavilənin ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanması o, halda nəzərdə tutulur ki, ilkin müqavilədə müddət müəyyənləşdirilməsin və ya ümumiyyətlə müddəti müəyyən etmək mümkün olmasın.
86. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, göstərilənlərlə yanaşı nəzərə alınmalıdır ki, əgər şəxs öhdəlikyaradıcı müqavilə əsasında üzərinə öhdəlik götürmüşdürsə, həmin öhdəliyin icra edilmə anına qədər müqavilənin qüvvədə olması prezumsiyası mövcuddur. Bu prezumpsiya “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, mülki hüquq münasibətlərində fərdi müəyyən əşya ilə bağlı bir neçə razılaşmanın olması istisna edilməyərək bu cür vəziyyət özüözlüyündə
87. həmin müqavilələrin birinin və ya bir neçəsinin etibarsızlığı üçün əsas olmasa da, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan birinin dürüstlük qaydası olduğu unudulmamalıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst olaraq gözlənilən davranışı nümayiş etdirməsini ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Hazırkı işin hallarını ilkin müqavilənin şərtlərinə əsasən şərh edərkən müəyyən olunur ki, ilkin müqavilə ilə müəyyən olunan şərtlərə uyğun olaraq mübahisəli bağ sahəsinin alğısatqısı88.iddia verilən ana kimi baş tutmadığı üçün iddiaçının həmin əmlak üzərində hər hansı əşya hüququ yaranmamışdır.
89. Bununla belə, əslində ilkin müqavilə barəsində ilkin müqavilə bağlanmış əmlaklarla, işlərlə və xidmətlərlə bağlı əsas müqavilə bağlanması öhdəliyini öz üzərinə götürmək barədə razılaşma olduğundan, qanunverici həmin müqavilənin bağlanması zamanı daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığının alınmasını və belə müqavilələrin dövlət reyestrində qeydə alınmasını nəzərdə tutmamışdır. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin həmin müqavilənin cavabdehin arvadının razılığı olmadan bağlandığına görə etibarsız əqd kimi dəyərləndirməsi əsassız olmaqla maddi hüquq normasının düzgün tətbiq olunmaması (MM-nini 337.1. maddəsinin) kimi qəbul edilməlidir.
90. Məhkəmə kollegiyasının mövqeyinə görə, məhkəmələr analoji işlərə baxılarkən bağlanmış ilkin müqavilənin mahiyyətini ətraflı aydınlaşdırmalı, tərəflərin əsl iradələrini müəyyən etməlidirlər. Nəzərə alınmalıdır ki, ilkin müqavilə üzrə öhdəliklərin icrası tərəflərin vicdanlı olmasından başqa heç nə ilə təminatlandırılmamışdır. Ilkin müqaviləni nizama salan normalarda tərəfin öhdəliklərini yerinə yetirmədiyi təqdirdə hansı hüquqi nəticələrin baş verməsi göstərilməmişdir. Ona görə bir daha qeyd olunur ki, ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir (MM-nin 402.3. maddəsi).
91. Tərəflər arasında bağlanmış ilkin müqavilənin şərtləri işə baxan apellyasiya məhkəməsinin şərh etdiyi qaydada qəbul olunarsa, onda həmin müqavilə ilkin müqavilə hesab oluna bilməz və bu müqavilə qarşılıqlı öhdəlikləri təmin edən müqavilə deyil. Ona görə apellyasiya məhkəməsi hazırkı mübahisəni həll edərkən müqavilənin ilkin müqaviləyə uyğunluğunu digər alğı-satqı müqavilələri ilə müqayisəli şəkildə yoxlamalı idi. Qarşılıqlı öhdəliklərin təminatı, bir tərəfin üstün vəziyyətə düşməsi, digər tərəfin öhdəliyini icra etməsinin təminatsız qalması əmlakın razılaşdırılmış dəyərinin hansı hissəsinin ödənilməsi, qalan hissənin kimin təqsiri üzündən ödənilməməsinə istinad etməklə həmin müqaviləyə hüquqi qiymət verilməli idi.
92. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi mübahisənin həll edilməsi üçün Mülki Məcəllənin nisyə alğı-satqı müqaviləsini tənzimləyən normalarını nəzərdən keçirməli idi.
93. Belə ki, Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
94. Bu baxımdan, iddiaçı və cavabdeh arasında mübahisəli bağ evinin nisyə alğı-satqı müqaviləsinin bağlanmasına dair ##.##.2021-ci il tarixli ilkin razılaşma əldə olunduğu və həmin razılaşma üzrə iddiaçının müəyyən ödənişlər etməsi işin mübahisəsiz halıdır. Bu halda cavabdehin iddiaya etirazının əsasını Mülki Məcəllənin 600.5-ci maddəsi təşkil edir. Həmin maddəyə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.
95. Ona görə də hazırkı mübahisənin mahiyyəti üzrə həlli baxımından həqiqətən tərəflər arasında etibarlı nisyə alğı-satqı müqaviləsinin bağlanıb-bağlanmadığı, tərəflərin həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirib-yetirmədiyi, müqavilənin qüvvədə olub-olmadığı, cavabdehlə üçüncü şəxsin ümumi birgə mülkiyyətində olan bağ sahəsinin alğı-satqısı zamanı Mülki Məcəllənin 225.6-cı maddəsinə görə daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığının olub-olmaması, əmlakın ipoteka yüklülüyündən hansı tarixdə azad edildiyi və öhdəliyin kimin tərəfindən pozulması mühüm əhəmiyyətə malik olmuşdur.
96. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin yuxarıda göstərilənlər nəzərə alınmadan etdiyi əsaslandırması tam və əsaslı deyildir.
97. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
98. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
99. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi işin halları ilə bağlı tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasını və hüquqi dəyərləndirməsini təmin etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması nəticəsinə gəlmişdir.
100. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.
101. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
102. Işə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən həqiqətən tərəflər arasında etibarlı nisyə alğı-satqı müqaviləsinin bağlanıb-bağlanmadığı, tərəflərin həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirib-yetirmədiyi, müqavilənin qüvvədə olub-olmadığı, cavabdehlə üçüncü şəxsin ümumi birgə mülkiyyətində olan bağ sahəsinin alğı-satqısı zamanı Mülki Məcəllənin 225.6-cı maddəsinə görə daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığının olub-olmaması, əmlakın ipoteka yüklülüyündən hansı tarixdə azad edildiyi, öhdəliyin kimin tərəfindən pozulması araşdırılmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402-ci maddəsinin və "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinin dördüncü hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2026-cı il tarixli qərarının tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.
103. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.