Məhkəmə qərarları › İş №2(1-8)-630/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-630/2026

14.05.2026 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-630/2026 14.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qızına qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər:əqdin bağlanmış hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Gəncə şəhər XDS İcraiyyə Komitəsinin ## ##### 1989-cu il tarixli, ** saylı protokol qərarı ilə X7 fərdi yaşayış evinin tikintisi üçün Gəncə şəhəri, Sadıllı qəsəbəsi, D-* saylı məhəllə, ** saylı ünvandan 0.04 ha həyətyanı torpaq sahəsi ayrılmışdır.

2. Gəncə şəhərində X1, X9, İddiaçı, X7, X5 və Cavabdeh tərəfindən tərtib edilmiş ## ###### 1989-cu il tarixli “şəhadətnamə” (akt) adlanan yazılı əlyazmadan görünür ki, “X9 yuxarıda adları qeyd olunan şəxslərin iştirakları ilə X7 məxsus D-* saylı məhəllə, ** saylı ünvanda yerləşən 400 kv.m həyətyanı torpaq sahəsinə görə ona 8.000 manat pul vermişdir və şəhadətnamənin doğru və düzgünlüyünü yuxarıda adları qeyd edilən şəxslər öz imzaları ilə təsdiq etmişlər”.

3. ## ##### 2002-ci il tarixdə X7 ölmüşdür.

4. Reyestr Xidmətinin * saylı Gəncə şəhər Ərazi İdarəsi tərəfindən X7 vərəsəsi- oğlu Cavabdeh ünvanlanmış ## ###### 2023-cü il tarixli “daşınmaz əmlak üzərində vərəsəyə hüququn ölmüş şəxsə məxsus olması haqqında” arayışın verilməsindən imtina edilməsinə dair bildirişdə qeyd edilmişdir ki, aparılan araşdırma zamanı, torpaq sahəsi üzərində mübahisə olduğu üçün müayinə baxışına şərait yaradılmadığı müəyyən edilmişdir. Həmçinin ərizəyə torpaq sahəsinin yerini və ölçüsünü göstərən heç bir texniki sənəd əlavə edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.

5. Gəncə Şəhər Məhkəməsinin ## #### 2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh X3 qarşı “ölçmə işlərinə qoyulan maneənin aradan qaldırılması” barədə iddiası təmin edilərək, Gəncə şəhər XDS İcraiyyə Komitəsinin ## ##### 1989-cu i tarixli, ** saylı protokol qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün verilmiş Gəncə şəhəri, Sadıllı qəsəbəsi, D-* saylı məhəllə, ** saylı sahədə yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan ölçmə işlərinin aparılmasına X3 tərəfindən edilən maneənin aradan qaldırılması, həmin işlərin aparılmasına maneənin törədilməsinin X3 qadağan edilməsi qət edilmişdir.

6. AR Milli Arxiv İdarəsinin Gəncə filialının ## ######## 2025-ci il tarixli məktubundan görünür ki, Gəncə şəhər XDS-nin ## ##### 1989-cu il tarixli protokol- qərarına əsasən X7 adına verilmiş torpaq sahəsinin verilməsinə əsas olan protokolun və protokol əsasında verilmiş vətəndaşların adlı siyahısında (fond 7, siyahı 1, bağlama 304, saxlama vahidi 2265, vərəq 73,87,91) 236-cı sırada X7 adı qeyd olunmaqla, ona D-* saylı məhəllə, * saylı sahədə yerləşən 400 kv.m həyətyanı torpaq sahəsinin verilməsinə dair Gəncə şəhər XDS-nin İcraiyyə Komitəsinin ## ##### 1989-cu il tarixli, *** saylı qərarı vardır.

7. Reyestr Xidmətinin * saylı Gəncə şəhər Ərazi İdarəsinin ## ######## 2025-ci il tarixli məktubundan görünür ki, * saylı Gəncə şəhər Ərazi İdarəsinin elektron baza və arxiv məlumatlarına əsasən, Gəncə şəhəri, Sadıllı qəsəbəsi D-* saylı məhəllə, ** saylı sahədə qeydiyyatdan keşmiş əmlak aşkar edilməmişdir. Eyni zamanda, qeyd edilən ünvan üzrə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs (Dürsün) Cəbrayıl qızının adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri, Sadıllı qəsəbəsi, D-* saylı məhəllə, ** saylı sahədə (hazırda Gəncə şəhəri, Məmmədbəy Əliyev küçəsi ** saylı ünvan) yerləşən 400 kv.m torpaq sahəsinin alqı-satqısına dair tərəflər arasında icra edilmiş ## ###### 1989-cu il tarixli əqdin bağlanmış hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Sadıllı qəsəbəsi, D-* saylı məhəllə, ** saylı sahə adlanan ünvanda yerləşən 0.04 ha torpaq sahəsi Gəncə şəhər XDS İK-nin ## ##### 1989-cu il tarixli, ** saylı protokol-qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün X7 ayrılmışdır. X7 həmin vaxtı Cavabdeh ilə rəsmi nikahda olmaqla, faktiki olaraq ünvan 3 “A” saylı ünvanda yerləşən evdə yaşamışlar. Onlar ev tikmədən həmin torpaq sahəsini satmaq qərarına gəlmişlər. Cahangir Şirinov iddiaçının atası Əlibala Güləliyevlə bir yerdə, Gəncə şəhəri, Korlar İdarəsində işlədikləri üçün torpaq sahəsinin alqı-satqısı barədə öz aralarında sövdələşmişlər. Tərəflər ## ###### 1989-cu ildə ünvan 3 “A” saylı ünvanda, yəni Cahangir və Ofelya Şirinovların yaşadıqları evdə alqı-satqını öz aralarında rəsmiləşdirmişlər. Həmin vaxt alıcı tərəfdən İddiaçı, onun atası Əlibala Güləliyev, Rəhmanın dayısı Vəzir Abbasov, satıcı tərəfdən Cahangir Şirinov, arvadı Cavabdeh və onun atası Firuddin Hüseynov iştirak etməklə, alıcı tərəf razılaşdıqları 8.000 manatı Şirinovlara vermiş, satıcı tərəf həmin pulu alıb, sənədlərin əslini onlara vermişlər. Tərəflər öz aralarında şəhadətnamə (akt) tərtib etmişlər. Həmin aktı hər iki tərəf imzalamışlar. Bundan sonra, yəni ## ###### 1989-cu ildən torpağa dair sahiblik və istifadə hüququ alıcı tərəfə keçmişdir. Alıcı tərəf həmin torpaq sahəsində 1994-cü ildən ev tikməyə başlamışdır. Sonradan tikilini yarımçıq saxlasalar da, hazırda yəni 35 il ərzində torpaq sahəsinə sahibliyi və həqiqi mülkiyyətçiliyi alıcı tərəf həyata keçirmişdir. Cahangir Şirinov 2002-ci ildə vəfat etmişdir. Vəfatına qədər onun tərəfindən həmin torpaq sahəsi ilə bağlı heç bir tələb irəli sürülməmişdir. Cahangir Şirinovun ölümündən keçən 20 il ərzində də, Cavabdeh tərəfindən həmin torpaqla bağlı heç bir mübahisə qaldırılmamışdır. Son vaxtlar iddiaçı * saylı Ərazi İdarəsinə müraciət edərək, torpaq sahəsinə dair şəhadətnamə və yaxud çıxarış almaq istəyərkən onlara izah edilmişdir ki, torpaq sahəsinə dair ilkin sənəd mərhum Cahangir Şirinovun adına olduğuna görə, ilkin rəsmiləşmə onun adına olmalıdır. Bundan sonra, iddiaçı cavabdehə müraciət etmiş, cavabdeh bunun üçün onlardan əlavə böyük miqdarda pul tələb etdiyinə görə razılaşma pozulmuş və mübahisə yaranmışdır. 2023-cü ildə Cavabdeh torpaq sahəsini vərəsəlik qaydasında öz adına rəsmiləşdirib, iddiaçıdan geri almaq fikrinə düşmüş və notariusdan məktub alaraq, ölmüş şəxsin adına sənəd almaq üçün * saylı Ərazi İdarəsinə müraciət etmişdir. * saylı Ərazi İdarəsi torpaq sahəsinə dair mübahisə olmasını və həmin torpaq sahəsinin yeri və ölçüsü barədə sənəd almadığına görə ona ## ###### 2023-cü il tarixli imtina cavabı vermişdir. Bundan sonra, Cavabdeh maneənin aradan qaldırılması ilə bağlı məhkəmədə iddia qaldırmış və Gəncə şəhər məhkəməsinin ## #### 2024-cü il tarixli qətnaməsi ilə onun Elmidar Quliyevə qarşı iddiası təmin olunmuşdur. Qeyd olunanlardan görünür ki, mübahisəli torpaq sahəsi ilə bağlı, tərəflər arasında alqı-satqı əqdi # ###### 1989-cu ildə tam icra olunmuşdur. Yəni, həmin torpaq sahəsinə ilkin hüquqverici sənəd əldə etmiş Cahangir Şirinov və onun arvadı Cavabdeh öz yaşadıqları ünvan 3 “A” saylı evdə torpaq sahəsinə dair alıcı Əlibala Güləliyev və onun oğlu İddiaçı 8.000 manat almış və torpaq sahəsinə istifadə və sahibliyi alıcı tərəfə vermişlər. Alqı-satqı əqdi tərəflərin iradəsi və razılaşması əsasında baş tutmuş və onlar iradə ifadələrini həmin gün 6 nəfərin iştirakı ilə tərtib etdikləri şəhadətnaməni (aktı) imza etməklə təsdiq etmişlər. Razılaşmışlar ki, gələcəkdə lazım olduğu vaxtda torpaq sahəsinin alqı-satqısını notariusda sənədləşdirməsini həyata keçirəcəklər. Hazırda satıcı Cahangir Şirinov vəfat etmiş, onun arvadı Cavabdeh isə əqdin notariat təsdiqindən boyun qaçırmaqla yanaşı razılaşmanı və öhdəliyini pozaraq, həmin torpaq sahəsinə dair notariat təsdiqi üçün əlavə pul tələb etmiş, buna nail olmadıqda, torpaq sahəsinin sənədləşməsini öz adına keçirmək istəyindədir. İşin hallarından görünür ki, cavabdehin niyyəti iddiaçıya ziyan vurmaq məqsədi ilə mülki hüquqdan sui-istifadə etməkdir. Cavabdehin 1989-cu ildən satdıqları torpaq sahəsinə dair həmin hərəkətləri qanunla qadağan olunan hərəkət olmaqla, yol verilməzdir. Cavabdeh yalnız 1989-cu ildə aldıqları 8.000 manatın hazırki dəyərini iddiaçı tərəfə qaytarmaqla, icra etdikləri əqdi pozmaq istədiyini alıcı tərəfə bəyan etməklə, iddia qaldırmalı olduğu halda, 35 il əvvəl satdıqları torpaq sahəsini sair yolla öz adına rəsmiləşdirməklə qanunla qadağa olunan hərəkətə yol verməkdədirlər. Mülki qanunvericilik isə, bu hərəkətləri qadağan etməklə bərabər, bu əsas üzərində həyata keçirilən hərəkətlərin etibarsızlığını tanımışdır. Ona görə də, cavabdehin öz imzası ilə təsdiq etdiyi aktdakı öhdəliyi pozub, alqı-satqını təsdiq etdirməkdən boyun qaçırmaqla yanaşı, aldıqları pulun dəyərini qaytarmadan torpaq sahəsinə dair öz adlarına vərəsəlik qaydasında sənəd almağa dair hərəkətləri hüquqdan sui-istifadə ilə başqasına zərər vurma niyyətinə xidmət etdiyindən etibarsızdır.

10. Cavabdeh iddianın təmin edilməməsini xahiş etmiş və izahatında bildirmişdir ki, ekspert rəyi ilə tanış olmuşdur, həmin rəylə razı deyil. Hesab edir ki, rəy düzgün verilməyib, əlyazmadakı imzalar ona məxsus deyil, o, imza etməmişdir. Həmçinin həmin sənədin notarial təsdiqi yoxdur. Ola bilsin ki, əlyazmada ona məxsus olduğu deyilən imza hansısa sənədə baxılıb çəkilmişdir.

11. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizasının ## ###### 2025-ci il tarixli rəyinə əsasən, ekspertizaya təqdim edilmiş və mülki işin 5-ci vərəqində olan ## ###### 1989-cu il tarixli şəhadətnamənin sonunda “Cavabdeh” yazıları qarşısındakı imza– Cavabdeh tərəfindən icra olunmuşdur.

12. Gəncə Şəhər Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə (hakim - X2) iddia rədd edilmişdir.

13. Məhkəmə qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçı, cavabdehin əri X6 şəhəri, D-* saylı məhəllə, ** saylı sahədə yerləşən 400 kv.m həyətyanı torpaq sahəsinə görə 8.000 manat verdiyini, bu barədə sonuncu və onun arvadı, iş üzrə cavabdeh ilə iddiaçı və onun atası Əlibala Güləliyev arasında sadə yazılı formada ## ###### 1989-cu il tarixli “şəhadətnamə” (akt) adlandırılan yazılı əlyazma tərtib edildiyini sübuta yetirmişdir. Bu hal iş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə də təsdiq olunur. Belə ki, məhkəməxətşünaslıq ekspertizasının ## ###### 2025-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 5-ci vərəqində olan ## ###### 1989-cu il tarixli şəhadətnamənin sonunda “Cavabdeh” yazıları qarşısındakı imza- Cavabdeh tərəfindən icra olunmuşdur. Lakin iddiaçının əsaslandığı həmin əlyazmanın mövcudluğu mübahisəli torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə əsas ola bilməz.

14. Belə ki, mübahisəli torpaq sahəsi həmin dövrdə cavabdehin və ya onun mərhum əri Cahangir Şirinovun mülkiyyətində olmamışdır. İddia edilən torpaq sahəsinin ayrılmasına əsas olmuş Gəncə şəhər XDS İK-nin ## ##### 1989-cu il tarixli, ** saylı protokol-qərarının mövcudluğu həmin torpaq sahəsinin sözügedən şəxsin şəxsi mülkiyyətində olduğunu təsdiq etmir. Başqa sözlə, cavabdehin və ya onun mərhum əri Cahangir Şirinovun mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınmadığından, onun həmin torpaq sahəsi üzərində sərəncam vermək hüququ olmamışdır. Belə olan halda, iddiaçı və ya onun atası Əlibala Güləliyevlə cavabdeh və ya onun mərhum əri Cahangir Şirinov arasında mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi istisna olunur.

15. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, iddiaçı tələbini təsdiqləmək üçün sübut qismində şahid ifadələrini təqdim etmişdir. Lakin həmin dövrün qanunvericiliyi ilə belə əqdin qanunla tələb edilən sadə yazılı formasına riayət edilməməsi mübahisə zamanı tərəfləri əqdi təsdiq etmək üçün şahid ifadələrinə istinad etmək hüququndan məhrum etdiyi və əqdin etibarsızlığına səbəb olduğu müəyyən edilmişdir.

16. Məhkəmə qeyd etmişdir ki, iddia tələbinin əsaslı olması məhkəmə iclasında öz təsdiqini tapmadığından, iddiaçının cavabdehə qarşı “əqdin bağlanmış hesab edilməsi” tələbinə dair iddiası təmin olunmamalıdır.

17. Bununla belə, məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, hazırkı iddianın təmin edilməməsi, iddiaçının baş tutmamış alqı-satqı nəticəsində, əsassız varlanmaya görə cavabdehdən ödənilmiş pul məbləğini tələb etmək imkanını istisna etmir.

18. Məhkəmə öz hüquqi mövqeyini AR ## ######## 1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş Mülki Məcəllənin 41, 42, 43, 228, 230-cu, habelə MPM-nin 4.1, 107, 119.1, 217.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsində icraat

19. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, tərəflər ## ###### 1989-cu ildə ünvan 4 “A” saylı ünvanda, yəni Cahangir və Ofelya Şirinovların yaşadıqları evdə öz aralarında mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsini rəsmiləşdirmişlər. Həmin vaxtı alıcı 8.000 manatı Şirinovlara, əvəzində isə satıcı sənədlərin əslini ona vermişdir. Alıcı tərəf həmin torpaq sahəsində 1994-cü ildə ev tikməyə başlamışdır. O, 35 il ərzində qeyd olunan torpaq sahəsinə sahibliyi və mülkiyyəçiliyi həyata keçirmişdir. Cahangir Şirinov 2002-ci ildə vəfat etmişdir. Cahangir Şirinov tərəfindən vəfatına qədər torpaq sahəsi ilə bağlı heç bir iddia irəli sürülməmişdir. Cahangir Şirinovun vəfatından keçən 20 il ərzində Ofeliya Şirinova tərəfindən də torpaq sahəsi ilə bağlı heç bir mübahisə olmamışdır. Son vaxtlar iddiaçı, * saylı Ərazi İdarəsinə müraciət edərək, torpaq sahəsinə dair çıxarış almaq istəyərkən, ona izah edilmişdir ki, torpaq sahəsinə dair ilkin sənədlər mərhum Cahangir Şirinovun adına olduğuna görə, ilkin rəsmiləşmə onun adına olmalıdır. Bundan sonra iddiaçı cavabdehə müraciət etmiş, cavabdeh bunun üçün ondan böyük miqdarda pul tələb etdiyindən, razılaşma pozulmuş və hazırkı mübahisə yaranmışdır.

21. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ilə (hakimlər Fikrət Mehtiyev (sədrlik edən, məruzəçi), Rəhman Muradov və Mustafa Mustafayev) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Gəncə Şəhər Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmaqla Gəncə şəhəri, Sadıllı qəsəbəsi, D-* saylı məhəllə, ** saylı sahədə (hazırda Gəncə şəhəri, Məmmədbəy Əliyev küçəsi ** saylı ünvan) yerləşən 400 kv.m torpaq sahəsinin alqı-satqısına dair tərəflər arasında icra edilmiş ## ###### 1989-cu il tarixli əqdin bağlanmış hesab edilməsi qət edilmişdir.

22. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etmişdir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı iş üzrə ## ###### 1989-cu il tarixli yazılı alqı-satqı müqaviləsindəki imzanın Cavabdeh məxsus olması birinci instansiya məhkəməsində işə baxılarkən müəyyən edilmiş, eyni zamanda iddiaçı mübahisə edilən torpaq sahəsinin alqısatqısı ilə bağlı notariatda təsdiq edilməli olan əqdi tamamilə icra etmiş, həmin əmlakı satıcıdan qəbul edərək, əmlaka vicdanlı sahib kimi 35 il ərzində fasiləsiz və etirazsız olaraq sahiblik və istifadə etmişdir. Belə olan halda isə sözügedən müqavilənin bağlanmış hesab edilməsi qanuni əsasa söykənir.

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, Cahangir Şirinova 400 kv.m həyətyanı torpaq sahəsinin verilməsinə dair Gəncə şəhər XDS İK-nin ## ##### 1989-cu il tarixli qərarı olmuşdur. Bu halın araşdırılması üçün məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş AR Milli Arxiv İdarəsinin Gəncə filialının ## ######## 2025-ci il tarixli məktubundan görünür ki, Gəncə şəhər XDS İcraiyyə Komitəsinin ## ##### 1989-cu il tarixli protokol-qərarına əsasən Cahangir Şirinovun adına torpaq sahəsinin verilməsinə əsas olan protokolun və protokol əsasında verilmiş vətəndaşların adlı siyahısında (fond 7, siyahı 1, bağlama 304, saxlama vahidi 2265, vərəq 73,87,91) 236-cı sırada Cahangir Şirinovun adı qeyd olunmaqla, ona Gəncə şəhəri, D-* saylı məhəllə, ** saylı sahədən 400 kv.m həyətyanı torpaq sahəsinin verilməsi barədə Gəncə şəhər XDS İcraiyyə Komitəsinin ## ##### 1989-cu il tarixli, *** saylı qərarı vardır.

25. Bundan başqa, məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş Reyestr Xidmətinin * saylı Gəncə şəhər Ərazi İdarəsinin ## ######## 2025-ci il tarixli məktubdan görünür ki, Gəncə şəhəri, Sadıllı qəsəbəsi D-* saylı məhəllə, ** saylı sahədə yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinin qeydə alınması, əvvəllər və hazırda kimin, o cümlədən X8 və ya başqa şəxslərin mülkiyyətində olmasına dair Reyestr Xidmətinin * saylı Gəncə şəhər Ərazi İdarəsinin elektron baza və arxiv məlumatlarında qeydiyyat aşkar edilməmişdir. Eyni zamanda qeyd edilən ünvan üzrə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.

26. Beləliklə, məhkəmə kollegiyası müəyyən etmişdir ki, Gəncə şəhər XDS İcraiyyə Komitəsinin ## ##### 1989-cu il tarixli, *** saylı qərarı ilə Gəncə şəhəri, D-* saylı məhəllə, ** saylı sahədə yerləşən 400 kv.m həyətyanı torpaq sahəsi Cahangir Şirinovun adına qeyd olunmaqla qanuni əsaslarla ona verilmişdir. Həmin 400 kv.m torpaq sahəsinin sahibi (gözlənilən mülkiyyət hüququ) Cahangir Şirinov olmuş və sonuncu həmin torpaq sahəsini ## ###### 1989cu il tarixdə ünvan 3 “A” saylı ünvanda, yəni Cahangir və Ofelya Şirinovların yaşadıqları evdə alqı-satqını öz aralarında rəsmiləşdirmişlər. Həmin vaxt alıcı tərəfdən iddiaçı İddiaçı, atası Əlibala Güləliyev, dayısı Vəzir Abbasov, satıcı tərəfdən Cahangir Şirinov, arvadı Cavabdeh və onun atası Firuddin Hüseynov iştirak etməklə, alıcı tərəf razılaşdıqları 8.000 manatı Şirinovlara vermiş, satıcı tərəf həmin pulu alıb, sənədlərin əslini onlara vermişlər. Torpaq sahəsi ilə bağlı Cahangir Şirinov sağlığında (2002-ci ildə ölmüşdür) həmin aktı mübahisələndirilməmişdir. Həmin torpaq sahəsi 35 ildən çoxdur ki, iddiaçının sahibliyində və istifadəsində olmuşdur.

27. Məhkəmə kollegiyası həmçinin müəyyən etmişdir ki, iddiaçı orada yaşayış evi tikmişdir. Cavabdeh Cavabdeh özü də ərinin vəfatından sonra 20 ildən çox müddət keçməsinə baxmayaraq torpaq sahəsi bağlı iddiası və ya müraciəti olmamışdır, yəni torpaq sahəsi ilə maraqlanmamışdır. İddiaçı, torpaq sahəsini sənədləşdirmək istəyərkən əvvəl cavabdehə müraciət etmiş, lakin cavabdeh torpaq sahəsini onun adına sənədləşdirmədən imtina etmiş və iddia tələbinə birinci instansiya məhkəməsində baxılarkən şəhadətnamə (aktda) olan imzanın ona məxsus olmadığını bildirmişdir. Məhkəmə-xətşünaslıq ekspertizasının ## ###### 2025-ci il tarixli rəyi ilə isə müəyyən edilmişdir ki, mülki işin 5-ci vərəqində olan ## ###### 1989-cu il tarixli şəhadətnamə (aktın) sonunda “Cavabdeh” yazıları qarşısındakı imza- Cavabdeh tərəfindən icra olunmuşdur və bu fakt işin mübahisəsiz halıdır.

28. Bundan başqa, sözügedən razılaşma, torpağı vermiş inzibati orqanın qanuni mənafelərinə də təsir etmir. Cavabdehin istifadə və sahiblik hüququndan başqasının xeyrinə imtina etməsi, ictimai maraqlara zidd deyilsə (məsələn, torpaq yaşayış sahəsi torpaqları məqsədilə istifadə olunur, mülkiyyət formasında dəyişiklik baş vermir və s.), o zaman bu proses inzibati orqanın icazəsinə ehtiyac olmadan baş verə bilər. Deməli, cavabdehin XDS qərarı ilə əldə etdiyi hüququn iqtisadi (mülki) dövriyyəyə daxil olub iddiaçıya ötürülməsi, mümkün və qanuni bir aktdır.

29. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, mübahisəli “şəhadətnamə” (akt) torpaq sahəsinin alğı-satqısı məzmununda tərtib olunmuşdur, alğı-satqı müqaviləsinin elementlərini (satıcının əşyanı alıcının mülkiyyətinə vermək, alıcının əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürməsi) kifayət qədər tam əks etdirir və başqa müqavilə öhdəliklərinin məzmununa uyğun müddəaları və şərtləri müəyyən etmir. Bu cür yazılı sənədin başlıqda “Şəhadətnamə” (akt) adlandırılması, tərəflərin bəyan etdikləri həqiqi niyyətlərini qüvvədən salmır, bu razılaşmanın legitimliyini şübhə altına almağa əsas vermir. Müqavilənin əsası onu imzalayan şəxslərin iradə ifadəsidir. Bu iradə, müqavilə tərəfləri arasında münasibətlərin məzmununu müəyyən edir. İradənin sadəcə mövcud olması, özlüyündə müqavilənin yaranması üçün kifayət etmir.

30. Bu baxımdan iradə, şəxsin müəyyən nəticənin əldə edilməsinə yönələn fikirləri kimi təşəkkül tapır, daha sonra həmin düşüncə niyyətə çevrilir və əks tərəfə çatdırılır. Bəyan olunan niyyət əsasında qarşılıqlı razılıq əldə olunduqda, müqavilədən bəhs oluna bilər. Bu baxımdan sözügedən “şəhadətnamə”nin (aktın) mahiyyəti üzrə alğı-satqı müqaviləsi kimi qəbul edilməsi üçün hüquqi maneə yoxdur.

31. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Yalnız qanunvericilikdə nəzərdə tutulmuş hüquqi faktların baş verməsi mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər.

32. AR Mülki Məcəlləsinin 14.2.2-ci maddəsinə əsasən dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.

33. Bu baxımdan Gəncə şəhər XDS İcraiyyə Komitəsinin ## ##### 1989-cu il tarixli qərarı, Cahangir Şirinovun mübahisəli 400 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun müvafiq qaydada qeydə alınmasına əsas verən hüquqi fakt kimi çıxış edir.

34. Məlum olduğu kimi əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi üçün onun verilməsi barədə tərəflərin razılığından başqa, qanunvericilikdə nəzərdə tutulduğu halda belə əşyanın dövlət reyestrində qeydə alınması zəruri şərtdir. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı mülki qanunverciliyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.

35. Başqa sözlə, qeydiyyatın funksiyası və hüquqi təyinatı ondan ibarətdir ki, mülkiyyət hüququnun təminat mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ilə şərtləndirilir. Mülkiyyətçinin mənafelərinin qorunması baxımından daşınmaz əmlaka dair məlumatların vahid dövlət reyestrində qeydiyyatı zəruridir. Şəxsin daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatı nəticə etibarı ilə bu hüququn pozulmasının qarşısının alınmasına xidmət edir. Daşınmaz əmlakın dövlət qeydiyyatı, həmçinin əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi çıxış edir.

36. Hazırkı mülki iş üzrə mübahisəli torpaq sahəsi üzərində Cahangir Şirinovun mülkiyyət hüququ qeydiyyata alınmayıb. Bu baxımdan iddia tələbi üzrə iki mühüm prinsip toqquşur: 1. Daşınmaz əşyaya sərəncam vermək üçün mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması zərurəti; 2. Faktiki olaraq icra olunmuş və qanuna zidd olmayan əqdi məhkəmənin etibarlı saymaq ixtiyarı.

37. Lakin, nəzərə alınmalıdır ki, daşınmaz əmlaka hüquqların qeydiyyata alınmasınadək qanuni sahiblik və istifadə hüququ inkar olunmur. Qeyd olunan XDS-nin qərarı əsasında Cahangir Şirinovun mübahisəli torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqları rəsmən mövcuddur. Yəni, Cahangir Şirinovun mübahisəli torpaq sahəsinə olan hüquqi vəziyyətimülkiyyət hüququnun yaranması üçün hüquqi əsaslar mövcud olan, lakin qeydiyyatla tamamlanmamış vəziyyətdir.

38. Buna görə də, tərəflər arasında mövcud olan bu əqd, tamamilə qüvvəsi olmayan, predmetsiz razılaşma deyil. Bu hal, “gözlənən mülkiyyət hüququ”nun və inzibati aktdan doğan subyektiv hüquqların (əmlak hüquqlarının) mülki dövriyyədə iştirakı imkanlarının təhlilini tələb edir. Odur ki, tərəflər arasında müqavilə bağlanarkən Cahangir Şirinovun mübahisəli torpaq sahəsinə real olaraq gözlənilən mülkiyyət hüququ olmuşdur.

39. Həmçinin nəzərə alınmalıdır ki, torpaq sahəsinin sahiblik və istifadə hüquqlarının dövriyyəsi qanunla nəzərdə tutulmuşdur və mübahisəli torpaq sahəsinin Cahangir Şirinova verilməsi barədə inzibati akt (XDS-nin qərarı) birbaşa torpağa mülkiyyət hüququ yaratmasa da, sahiblik və istifadə hüququndan ibarət subyektiv hüququ doğurur. Bu hüquqların konkret şəxsə verilməsi, artıq fərdi-hüquqi status yaradır. Bu statusun özünün başqa şəxsə keçməsi isə qanunda qadağan edilməyib, əksinə, yuxarıdakı kimi qanunla tanınıb. Buna görə də Cahangir Şirinovun mübahisəli torpaq sahəsinə sahiblik və istifadə hüququ “dövriyyə qabiliyyətli əmlak hüququ” hesab edilə bilər. AR Ali Məhkəməsinin Plenumu “Ərarvadın

40. ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Qərarının 1.3-cü maddəsində izah etmişdir ki, əmlak şəxs(lər)ə məxsus, iqtisadi dəyəri olan bütün hüquq və öhdəliklərin məcmusudur. Bu mənada tərəflər arasında bağlanmış əqd, torpaq sahəsinə hüququn faktiki ötürülməsini əks etdirən sadə yazılı razılaşmadır və bu razılaşma faktiki olaraq icra edilməklə, dövriyyə qabiliyyətli əmlak hüququnun ötürülməsi sayıla bilər. Yəni, tərəflər arasında sadə yazılı müqavilə mülkiyyət hüququnun deyil, istifadə hüququnun və ya sahiblik statusunun ötürülməsi kimi qəbul oluna bilər. Bu əqdin hüquqi təbiəti hüququn ötürülməsidir.

41. AR Ali Məhkəməsinin formalaşdırdığı vahid məhkəmə təcrübəsinə görə, baxılan iş üzrə təqdim olunmuş “şəhadətnamə” (akt) mahiyyətcə torpaq sahəsinin alqı-satqısı barədə bağlanmış müqavilə kimi qiymətləndirilə bilər. Orada alqı-satqı münasibətlərinə xas olan əsas elementlər- əvəzli hüquq ötürülməsi, tərəflərin razılığı və öhdəliklərin müəyyən edilməsi aydın şəkildə ifadə olunmuşdur. Müqavilənin “şəhadətnamə” (akt) adlandırılması onun hüquqi mahiyyətini dəyişmir, çünki tərəflərin niyyəti və iradəsi torpaq sahəsinin alqı-satqısına yönəlmişdir.

42. Məhkəmə kollegiyası həmçinin müəyyən etmişdir ki, cavabdehin mərhum əri Cahangir Şirinovun torpaq sahəsinə mülkiyyət hüququ tam qeydiyyata alınmasa da, XDS-nin ## ###### 1989-cu il tarixli qərarı ona sahiblik və istifadə hüquqları vermişdir. Bu hüquqlar “dövriyyə qabiliyyətli əmlak hüquqları” hesab olunur və mülki dövriyyədə iştirak edə bilər. Belə olan halda, onlar arasında bağlanmış əqd tamamilə etibarsız deyil, torpaq üzərində sahiblik və istifadə hüququnun ötürülməsi barədə hüquqi nəticə doğuran razılaşma kimi qiymətləndirilə bilər.

43. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini ## ######## 2000-ci il tarixədək qüvvədə olmuş 1964-cü il redaksiyalı AR Mülki Məcəlləsinin 39, 42, 43, 228-ci, habelə MPM-in 14.1, 14.2, 77.1, 88, 217.1, 217.2, 217.3, 218.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

44. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

45. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Sadıllı qəsəbəsi, D-* saylı məhəllə, ** saylı sahədə yerləşən 0.04 ha torpaq sahəsi Gəncə şəhər XDS İK-nin ## ##### 1989-cu il tarixli, ** saylı protokol-qərarı ilə cavabdehin mərhum əri Cahangir Şirinova fərdi yaşayış evi tikmək üçün ayrılmışdır. Həmin torpaq sahəsinə dair cavabdeh tərəfindən hər hansı sənədləşdirmə aparılmamışdır. Bunu məhkəmə kollegiyası nəzərə almamış, cavabdehin övladlarını qanun üzrə vərəsəlik payından məhrum etmişdir. Əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Hazırda cavabdehin qanunla qorunan mülkiyyət hüquqları pozulmaqla mülkiyyətdən məhrum olur. Tərəflər hansı səbəbdən alqı-satqı müqaviləsini notarial qaydada təsdiq etmək imkanının olamamsını əsaslandırmamışdır. Mülki qanunvericilikdə bu hallar yəni, “tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda” qeyd olunsa da iddiaçı bunu əsaslandırmamışdır. Mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə həyata keçirilməlidir. Hazırkı halda iddianın təmin olunması cavabdehin əri Cahangir Şirinovun övladlarının qanunla qorunan vərəsəlik hüququndan məhrum olmalarına gətirib çıxarmışdır.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

46. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh verdiyi kassasiya şikayəti əsaslı olmadığından təmin edilməməsinə və qətnamənin dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul etməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq ##.##.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsi

47. Maddə 42. Əqdin qanunla tələb edilən sadə yazılı formasına (bu Məcəllənin 41-ci maddəsi) riayət edilməməsi, mübahisə zamanı tərəfləri, əqdi təsdiq etmək üçün şahid ifadələrinə istinad etmək hüququndan məhrum edir, qanunda bilavasitə göstərilən hallarda isə, bu Məcəllənin 44cü maddəsində nəzərdə tutulan nəticələrlə əqdin etibarsızlığına səbəb olur.

48. Maddə 43. Əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi (bu Məcəllənin 44- cü maddəsi) əqdin etibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. Cavabdeh kassasiya şikayətində qətnaməni tam mübahisələndirdiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı.

Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

58. Kassasiya məhkəməsi kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya məhkəməsi tərəflər arasında mübahisəli torpaq sahəsi üzərində sərəncam hüququna münasibətdə də əqdi bağlanmış hesab etməklə yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini pozub.

59. Belə ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq müəyyən edib ki, Gəncə şəhər XDS İcraiyyə Komitəsinin ## ##### 1989-cu il tarixli, *** saylı qərarı ilə Gəncə şəhəri, D-* saylı məhəllə, ** saylı sahədə yerləşən 400 kv.m həyətyanı torpaq sahəsi cavabdehin əri Cahangir Şirinovun qanuni istifadəsinə verilib. Həmin torpaq sahəsinə sahiblik, istifadə hüququ, habelə “gözlənilən mülkiyyət hüququ” Cahangir Şirinova məxsus olub. ## ###### 1989-cu ildə Cahangir Şirinov sadə yazılı formada tərtib edilmiş “şəhadətnamə”yə (akta) əsasən torpaq sahəsini 8.000 manata iddiaçının atası Əlibala Güləliyevə satıb və həmin “şəhadətnamə” (akt) alıcı- iddiaçı, atası Əlibala Güləliyev, dayısı Vəzir Abbasov, satıcı- Cahangir Şirinov, arvadı Cavabdeh və sonucunun atası Firuddin Hüseynov tərəfindən imzalanıb. Bundan sonra, alıcı razılaşdıqları 8.000 manatı satıcıya verib, satıcı isə həmin pulu alaraq torpaq sahəsinə dair sənədlərin əslini alıcıya verib. Cahangir Şirinov öz sağlığında (2002-ci ildə ölüb) torpaq sahəsinə dair “şəhadətnamə”ni, (aktı) mübahisələndirməyib və həmin torpaq sahəsi son 35 ildir ki, iddiaçının sahibliyində və istifadəsindədir.

60. Apellyasiya məhkəməsi həmçinin müəyyən edib ki, iddiaçı 1994-cü ildə mübahisəli torpaq sahəsində yarımçıq fərdi yaşayış evi inşa edib. Cavabdeh özü də əri Cahangir Şirinovun ölümündən 20 ildən çox müddət keçməsinə baxmayaraq torpaq sahəsi ilə bağlı hər hansı iddiası və ya müraciəti olmayıb və ümumiyyətlə ötən müddət ərzində həmin torpaq sahəsi ilə maraqlanmayıb. İddiaçı, torpaq sahəsini sənədləşdirmək üçün əvvəl cavabdehə müraciət dib, lakin sonuncu torpaq sahəsini onun adına sənədləşdirmədən imtina edib. Hətta, iddia tələbinə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh “şəhadətnamə”dəki (aktdakı) imzanın ona məxsus olmadığını bildirib, lakin ekspertin ## ###### 2025-ci il tarixli rəyi ilə müəyyən olunub ki, mülki işin 5-ci vərəqində olan ## ###### 1989-cu il tarixli “şəhadətnamə”nin (aktın) sonunda olan imza bilavasitə cavabdeh tərəfindən icra olunub və bu fakt işin mübahisəsiz halıdır.

61. Apellyasiya məhkəməsi cavabdehin iddiaya etirazının dəlilləri ilə razılaşmayaraq qeyd edib ki, sözügedən razılaşma (müqavilə) torpaq sahəsini mərhum Cahangir Şirinovun istifadəsinə vermiş inzibati orqanın qanuni mənafelərinə də təsir etmir.

62. Belə ki, cavabdehin mübahisəli torpaq sahəsinə sahiblik və istifadə hüququndan iddiaçının xeyrinə imtina etməsi, ictimai maraqlara zidd deyilsə (məsələn, torpaq yaşayış sahəsi torpaqları məqsədilə istifadə olunur, mülkiyyət formasında dəyişiklik baş vermir və s.), o zaman bu proses inzibati orqanın icazəsinə ehtiyac olmadan baş verə bilər. Bu baxımdan cavabdehin, Gəncə şəhər XDS İcraiyyə Komitəsinin ## ##### 1989-cu il tarixli, *** saylı qərarı ilə əldə etdiyi sahiblik, istifadə hüquqlarını iqtisadi (mülki) dövriyyəyə daxil olub iddiaçıya ötürməsi mümkün və qanuni bir aktdır.

63. Apellyasiya məhkəməsi eyni zamanda müəyyən edib ki, mübahisəli torpaq sahəsinə dair “şəhadətnamə” (akt) alğı-satqı müqaviləsinin məzmununda tərtib olunub və alğı-satqı müqaviləsinin elementlərini (satıcının əşyanı alıcının mülkiyyətinə verməsi, alıcının isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürməsi) kifayət qədər özündə əks etdirir və başqa müqavilə öhdəliklərinin məzmununa uyğun müddəaları və şərtləri müəyyən etmir. Bu cür sadə yazılı formada tərtib edilmiş sənədin başlığında “şəhadətnamə” (akt) adlandırılması, tərəflərin bəyan etdikləri həqiqi niyyətlərini qüvvədən salmır, bu razılaşmanın legitimliyini şübhə altına almağa əsas vermir. Müqavilənin əsasını onu imzalayan şəxslərin iradə ifadəsi təşkil edir. Bu iradə, müqavilə tərəfləri arasında münasibətlərin məzmununu müəyyən edir. İradənin sadəcə mövcud olması, özlüyündə müqavilənin yaranması üçün kifayət etmir.

64. Bu baxımdan iradə, şəxsin müəyyən nəticənin əldə edilməsinə yönələn fikirləri kimi təşəkkül tapır, daha sonra həmin düşüncə niyyətə çevrilir və əks tərəfə çatdırılır. Bəyan olunan niyyət əsasında qarşılıqlı razılıq əldə olunduqda, müqavilədən bəhs oluna bilər. Odur ki, sözügedən “şəhadətnamə”nin (aktın) mahiyyəti üzrə alğı-satqı müqaviləsi kimi qəbul edilməsi üçün hüquqi maneə yoxdur.

65. Nəzərə alınmalıdır ki, mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır və yalnız qanunvericilikdə nəzərdə tutulmuş hüquqi faktların baş verməsi mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər.

66. AR Mülki Məcəlləsinin 14.2.2-ci maddəsində göstərilir ki, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları- mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.

67. Bu baxımdan kassasiya məhkəməsi qeyd edir ki, Gəncə şəhər XDS İcraiyyə Komitəsinin ## ##### 1989-cu il tarixli, *** saylı qərarı, Cahangir Şirinovun mübahisəli 400 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun müvafiq qaydada qeydə alınmasına əsas verən hüquqi fakt kimi çıxış edir.

68. Məlum olduğu kimi əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi üçün onun verilməsi barədə tərəflərin razılığından başqa, qanunvericilikdə nəzərdə tutulduğu halda belə əşyanın dövlət reyestrində qeydə alınması zəruri şərtdir. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı mülki qanunverciliyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.

69. Başqa sözlə, qeydiyyatın funksiyası və hüquqi təyinatı ondan ibarətdir ki, mülkiyyət hüququnun təminat mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ilə şərtləndirilir. Mülkiyyətçinin mənafelərinin qorunması baxımından daşınmaz əmlaka dair məlumatların vahid dövlət reyestrində qeydiyyatı zəruridir. Şəxsin daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatı nəticə etibarı ilə bu hüququn pozulmasının qarşısının alınmasına xidmət edir. Daşınmaz əmlakın dövlət qeydiyyatı, həmçinin əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi çıxış edir.

70. Hazırkı halda mübahisəli torpaq sahəsi üzərində mərhum Cahangir Şirinovun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Bu baxımdan hazırkı iddia tələbi üzrə iki mühüm prinsip toqquşur: 1. daşınmaz əşyaya sərəncam vermək üçün mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması zərurəti; 2. faktiki olaraq icra olunmuş və qanuna zidd olmayan əqdi məhkəmənin etibarlı sayması.

71. Lakin, nəzərə alınmalıdır ki, daşınmaz əmlaka hüquqların qeydiyyata alınmasınadək qanuni sahiblik və istifadə hüququ inkar olunmur. Qeyd olunan XDS-nin qərarı əsasında Cahangir Şirinovun mübahisəli torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqları rəsmən mövcud olub. Yəni, Cahangir Şirinovun mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnun əmələ gəlməsi üçün hüquqi əsaslar mövcud olan, lakin qeydiyyatla tamamlanmamış vəziyyətdədir. Buna görə də, tərəflər arasında mövcud olan bu əqd, tamamilə qüvvəsi olmayan, predmetsiz razılaşma deyil. Bu hal, “gözlənən mülkiyyət hüququ”nun və inzibati aktdan doğan subyektiv hüquqların (əmlak hüquqlarının) mülki dövriyyədə iştirakı imkanlarının təhlilini tələb edir. Odur ki, tərəflər arasında müqavilə bağlanarkən Cahangir Şirinovun mübahisəli torpaq sahəsinə real olaraq gözlənilən mülkiyyət hüququ olub.

72. Həmçinin nəzərə alınmalıdır ki, torpaq sahəsinə sahiblik və istifadə hüquqlarının dövriyyəsi qanunla nəzərdə tutulub və mübahisəli torpaq sahəsinin Cahangir Şirinova verilməsi barədə inzibati akt (XDS-nin qərarı) birbaşa torpağa mülkiyyət hüququ yaratmasa da, sahiblik və istifadə hüquqlarından ibarət subyektiv hüququ doğurur. Bu hüquqların konkret şəxsə verilməsi, artıq fərdi-hüquqi status yaradır. Bu statusun özünün başqa şəxsə keçməsi isə qanunda qadağan edilməyib, əksinə, yuxarıdakı kimi qanunla tanınıb.

73. Buna görə də Cahangir Şirinovun mübahisəli torpaq sahəsinə sahiblik və istifadə hüquqları “dövriyyə qabiliyyətli əmlak hüquqları” hesab edilə bilər.

74. AR Ali Məhkəməsinin Plenumu “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Qərarının 1.3-cü maddəsində izah olunub ki, əmlak şəxs(lər)ə məxsus, iqtisadi dəyəri olan bütün hüquq və öhdəliklərin məcmusudur. Bu mənada tərəflər arasında bağlanmış əqd, torpaq sahəsinə hüququn faktiki ötürülməsini əks etdirən sadə yazılı razılaşmadır və bu razılaşma faktiki olaraq icra edilməklə, dövriyyə qabiliyyətli əmlak hüququnun ötürülməsi sayıla bilər. Yəni, tərəflər arasında sadə yazılı müqavilə mülkiyyət hüququnun deyil, istifadə hüququnun və ya sahiblik statusunun ötürülməsi kimi qəbul oluna bilər. Bu əqdin hüquqi təbiəti hüququn ötürülməsidir.

75. AR Ali Məhkəməsinin formalaşdırdığı vahid məhkəmə təcrübəsinə görə hazırkı iş üzrə təqdim olunmuş “şəhadətnamə” (akt) mahiyyətcə torpaq sahəsinin alqı-satqısı barədə bağlanmış müqavilə kimi qiymətləndirilə bilər. Orada alqı-satqı münasibətlərinə xas olan əsas elementlər- əvəzli qaydada hüququn ötürülməsi, tərəflərin razılığı və öhdəliklərin müəyyən edilməsi aydın şəkildə ifadə olunub. Müqavilənin “şəhadətnamə” (akt) adlandırılması onun hüquqi mahiyyətini dəyişmir, çünki tərəflərin niyyəti və iradəsi torpaq sahəsinin alqı-satqısına yönəlib.

76. Beləliklə də apellyasiya məhkəməsi qeyd edib ki, cavabdehin mərhum əri Cahangir Şirinovun mübahisəli torpaq sahəsinə mülkiyyət hüququ tam qeydiyyata alınmasa da, Gəncə şəhər XDS İcraiyyə Komitəsinin ## ##### 1989-cu il tarixli, *** saylı qərarı ilə onun həmin torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqları vardır və bu hüquqlar “mülki dövriyyə qabiliyyətli əmlak hüquqları” hesab olunur və bu hüquqlar mülki dövriyyədə iştirak edə bilər. Belə olan halda, torpaq sahəsinə dair tərəflər arasında sadə yazılı formada bağlanmış müqavilə tamamilə etibarsız deyil və həmin müqavilə torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqlarının ötürülməsi barədə hüquqi nəticə doğuran razılaşma kimi qiymətləndirilməlidir.

77. Göründüyü kimi mübahisəli torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə cavabdehin mərhum əri Cahangir Şirinovun adına qeydə alınmadığı halda, apellyasiya məhkəməsi tərəflər arasında həmin torpaq sahəsinə sərəncam hüququna münasibətdə də əqdi bağlanmış hesab edib.

78. Ona görə də kassasiya məhkəməsi hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinə dəyişiklik edilməli, iddia qismən təmin olunmalı, mübahisəli torpaq sahəsinə sahiblik və istifadə hüquqlarına dair tərəflər arasında icra edilmiş ## ###### 1989-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmış hesab edilməli və qalan hissədə iddia rədd olunmalıdır.

79. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya məhkəməsi

Qərara aldı:

Cavabdeh Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinə dəyişiklik edilsin. İddia qismən təmin olunsun. Gəncə şəhəri, Sadıllı qəsəbəsi, D-* saylı məhəllə, ** saylı sahədə yerləşən (hazırkı ünvanı ünvan 1) 400 kv.metr torpaq sahəsinə sahiblik və istifadə hüquqlarına dair İddiaçı ilə Cavabdeh Firudin qızı arasında icra edilmiş ## ###### 1989-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin. Qalan hissədə iddia təmin olunmasın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar