Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1063/2024 05.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “işə bərpa tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “işə bərpa tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi arasında bağlanmış "əmək müqaviləsinə" Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin "a" bəndinə əsasən xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli, 317-3/34- 1580/2023 saylı əmrinin ləğv edilməsi; onun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə ilkin vəzifəsinə bərpa edilməsi, məcburi işburaxmaya görə xx.xx.2023-cü il tarixdən qətnamə qanuni qüvvəyə minən günədək iddiaçıya çatası əmək haqqının cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən tutularaq, "X2", yaxud "Yaşat" Fonduna keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı "şəhid" ailəsi olaraq yazıb bildirir ki, mərhum həyat yoldaşı X1 xx.xx.1992-ci il tarixdə birinci Qarabağ müharibəsində Ağdərə uğrunda gedən döyüşlərdə "şəhid" olmuşdur. Ağdam rayonunun işğalından sonra mən azyaşlı övladları ilə Bakı şəhərinə gəlmişlər. Ailə vəziyyətinin çətinlikləri ilə bağlı 2001-ci ilin fevralın birində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosil Xidmətlər Agentliyinin sosial xidmətçisi kimi işləmiş, işlədiyi 22 ildə heç bir nöqsanı olmamışdır. Agentliyin göndərişi ilə xx.xx.2023-cü il tarixində Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsində xadiməçi vəzifəsində çalışmışdır. Ağır şərtlərə baxmayaraq öz işlərini layiqincə yerinə yetirmişdir. Müəssisənin həssas uşaqları mərtəbəsində çalışırmışdır. Müəssisənin müdiri Rza müəllimin köməkçisi Sadıqova Təranə tərəfindən dəfələrlə psixoloji təziqlərə aşağlayıcı hərəkətlərə məruz qalmağına baxmayaraq işini davam edərək, bunların müvəqqəti olmağını özünə təsəlli verərək bütün bu kimi aşağlayıcı hərəkətlərə dözmüşdür. xx.xx.2023-cü il tarixdə Rza müəllimin köməkçisi Təranə xanım tərəfindən iddiaçıya qarşı nöbəti dözülməz, aşağılayıcı yüksək səs tonuyla psixoloji təsir göstərməsi nəticəsində əsəblərini cilovlaya bilməyərək iradəsinnən aslı olmayaraq işdən çıxmaqla bağlı ərizə yazıb canını qurtarmaq qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixdə ərizəsin yazaraq kadrlar şöbəsində Aynur xanıma bildirmişdir ki, işdən çıxma səbəbini gedib Agentlikdə bildirəcək, o, "şəhid" ailəsi olmağına baxmayaraq Rza müəllimin köməkçisi Təranə xanımın Diplomu belə həmin işə yararlı olub olmaması barədə Təhsil Nazirliyi tərəfindən aidiyyəti qurumalara yoxlanılmalı və bu barədə göstəriş verilməlidir. Həmin hadisədən bir gün sonra baş verənlərlə bağlı yəni 25 oktyabrın 2023-cü il tarixdə Agentliyə Röya xanımın yanına getmiş hadisələri ona bildirmişdir. Roya xanım isə əmək kitabçasını iddiaçıya təqdim edərək artıq xx.xx.2023-cü il tarixdən etibarən onun işdən azad edildiyin bildirmişdi. O bildirmişdir ki, xx.xx.2023-cü il tarixdən yazdığı ərizəyə əsasən xx.xx.2023-cü il tarixdən aralarındakı əmək müqaviləsinə xitam verilmişdir. Cəmi bir gün ərzində kadrlar şöbəsi tərəfindən tələm-tələsik olaraq verilən xitam onu göstərir ki, bu iddiaçıya qarşı əvvəlcədən qurulmuş bir oyundur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddia qanunvericilik baxımından tam əsassızdır və təmin olunmamalıdır. İddia ərizəsində qeyd olunanlara dair bildiririk ki, İddiaçı ilə Sosial Xidmətlər Agentliyi arasında xx.xx.2020ci il tarixində əmək müqaviləsi bağlanılaraq Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya müəssisəsinin Təsərrüfat və xidmət şöbəsində yardımçı fəhlə vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a" (tərəflərin birinin təşəbbüsü ilə) bəndinə əsasən iddiaçı ilə Sosial Xidmətlər Agentliyi arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində xitam verilmişdir. İddiaçı iddia ərizəsində ona psixoloji təsir olunduğunu, ərizəsini zor tətbiq edilməklə imzaladığını bildirmişdir. Lakin buna dair heç bir möhtəbər sübut təqdim etməmişdir. İddiaçının AR Əmək Məcəlləsinin 69cu maddəsinin 7-ci hissəsinə istinad etməsi əsaslı olmamışdır, çünki onun müqaviləsinə xitam verilməsi qarşılıqlı razılaşma əsasında olmuşdur və tərəflərdən heç biri buna etiraz etməmişdir. Xitam verilmiş əmək müqaviləsində İddiaçı imzası ərizəsində əks olunmuşdur. Bununla da iddiaçı özü öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İddiaçı iddiasının bu hissəsində də heç bir sübut təqdim etməmişdir. Bundan başqa qeyd etmək istəyirlər ki, cavabdehin əmrinin ləğv edilməsinə və iddiaçının işə bərpa edilməsinə qanuni əsaslar mövcud deyildir. İşin qeyd olunan halları tərəflərin məhkəməyə təqdim etdikləri rəsmi sənədlərlə sübuta yetirilir. Bu səbəbdən iddia tələbi təmin edilə bilməz. Həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı öz təşəbbüsü ilə işdən çıxmış, hətta işdən çıxmaq barədə ərizəsində hansı tarixdən işdən çıxmaq istədiyini göstərmişdir. Belə olan halda işçi ilə əmək müqaviləsinə həmin tarixdən xitam verilməlidir və işçinin əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri çıxdıqdan sonra işçinin işdən çıxmaq barədə ərizəsinin geri götürülməsi qanunda göstərilməmişdir və qanunamüvafıq deyildir. İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 68-ci maddəsinin tələblərinə əməl edilmişdir. Burada əsas rolu işəgötürən tərəfindən verilən əmrin məzmunu oynayır. Əmrin məzmunundan isə aydın olur ki, işçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. Yuxarıda qeyd olunanları, İddiaçı tələbinin qanunvericilik baxımından əsaslı olmadığını nəzərə alaraq, onun “işə bərpa olunmasına” dair iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o ərizəsini əsəbi halda yazmış, sonradan peşman olmuşdur. Bir gün sonra isə müraciət edərək ərəizəsini geri götürmək istədiyini bildirmiş, lakin ona artıq əmrini verildiyi bildirilərək əmək kitabçası təqdim edilmişdir. Onun hüquqi savadı olmadığından əmrin belə dərhal veriləcəyini bilməmiş, daha sonra sakitləşdikdən sonra işə ehtiyacı olduğunu da, nəzərə alaraq peşman olduğu üçün dərhal işə götürənə müraciət etmişdir. Hesab edir ki, tələm-tələsik, dərhal əmrin verilməsi ona qarşı qərəzi sübut edir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2020-ci il tarixdə Sosial Xidmətlər publik hüquqi şəxsinin 2 saylı filialına xidmətçi vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci il tarixdə 5 saylı filiala sosial xidmətçi vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixdə Bakı filialına sosial xidmətçi vəzifəsinə, xx.xx.2023-cü il tarixdə Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsində yardımçı fəhlə vəzifəsinə keçirilmişdir, xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə ünvanlamış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli əmrdən görünür ki, İddiaçı ilə xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə öz ərizəsi əsasında xx.xx.2023-cü il tarixdən xitam verilməsi və son haqq hesabın aparılması göstərilmişdir. İddiaçı tərəfindən Sosial Xidmətlər Agentliyinin sədrinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, Əmək Məcəlləsinin şərtlərinin kobudca pozulduğunu bildirərək, məsələnin araşdırılmasını, yerdəyişmə şərti ilə işlə təmin edilməsini xahiş etmişdir. İddiaçı ƏƏSMN-ə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görürür ki, həmin ərizədə hazırkı iş üzrə iddia əriəsində qeyd edilən hallar göstərilmiş və və işlə təmin edilməsi xahiş edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış cavab məktubundan görünür ki, İddiaçı onunla Sosial Xidmətlər Agentliyi arasında bağlanılmış müqaviləyə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən xitam verildiyi və qanunvericiliyə uyğun olaraq son haqq-hesab aparıldığı bildirilmişdir. Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkilinin aparatı tərəfindən İddiaçı ünvanlanmış cavab məktubundan görünür ki, İddiaçı Təranə Sadıxova tərəfindən təzyiqlərə məruz qalması barədə müraciəti üzrə göstərilən halların yoxlanılması ƏƏSMN-ə tapşılırmışdır. Verilmiş cavabda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə müraciət edərək xx.xx.2023-cü il tarixdə işdən azad olunmasını bildirmişdir. Ərizəsinə uyğun olaraq Sosial Xidmətlər Agentliyinin müvafiq əmri ilə əmək müqaviləsinə xitam verilmiş və qanunvericiliyə uyğun olaraq son haqq-hesab aparılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. - 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsu əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. - 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. - 69.3-cü maddəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. - 69.4-cü maddəsinə əsasən Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. - 69.5-ci maddəsinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə Sosial Xidmətlər Agentliyinə ərizə ünvanlayaraq xx.xx.2023-cü il tarixdən işdən azad edilməsini xahiş etmiş, həmin ərizə əsasında xx.xx.2023-cü il tarixli əmrlə müvafiq ərizə əsasında onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı iddia ərizəsində və məhkəmə iclasında 25 oktyabrın 2023-cü il tarixdə Agentliyə Röya xanımın qəbuluna getdiyini, ərizə yazaraq ərizəsini gedir götürmək istədiyini bildirsə də həmin halı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı həmin ərizə verildikdən bir müddət sonra (təxminən 1 ay) Sosial Xidmətlər Agentliyinə müraciət edərək işdən qanunsuz şəkildə azad edildiyini və hüquqlarının pozulduğunu bildirmiş və həmin müraciətinə cavab olaraq onun öz ərizəsi əsasında Əmək Məcəlləsinin 68-ci mdaddəsinin 2-ci hissəsinin a) bəndinə sasən işdən azad edildiyi bildirilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi arasında bağlanmış "əmək müqaviləsinə" qanunvericiliyə uyğun olaraq, iddiaçının ərizəsi əsasında xitam verilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək iddiaçı barəsində verilən əmrin qanunsuz olmasının əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyi üçün və iddia tələbinin bu hissəinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən iddianın əmrin ləğv edilməsi hissəsində təmin edilməməsi nəticəsinə gəlir. Məhkəmə iddiaçının digər tələbləri üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının barəsində verilən əmrin ləğv ilə bağlı irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından və iddia həmin hissədə əsassız sayıldığından, digər, yəni, işə bərpa, məcburi işburaxmaya görə ödənişlərin cavabdehdən tutulmasına dair tələblər üzrə araşdırma aparılmasına zərurət yoxdur. Azərbaycan Respublikasının MPM-nin: - 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “işə bərpa tələbi”nə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-1063/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1063/2024
05.03.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver