Məhkəmə qərarları › İş №2(004)-107/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-107/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-107/2021 16.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı, Cavabdeh və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 07.01.2019-cu il tarixdə müraciət edərək, Cavabdeh 100.000 manat pul tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, İddiaçı iddianı təmin etmə tədbirinin tətbiqinə dair vəsatət verərək, gələcəkdə qətnamənin icrasını təmin etmək məqsədi ilə Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsindəki 164T nömrəli bağ evinin, “Mercedes Benz Vito111” minik markalı ** LX *** dövlət qeydiyyat nişanlı və “Opel Astra” minik markalı ** MJ *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbsin qoyulması, həmin əmlakların özgəninkiləşdirilməsini cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 13.01.2020-ci il tarixli 2(004)-1098/2020 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsindəki 164T nömrəli bağ evinin, “Mercedes Benz Vito111” minik markalı ** LX *** dövlət qeydiyyat nişanlı və “Opel Astra” minik markalı ** MJ *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə iddianın təmini tədbiri kimi həbs qoyulmuş, qərardadın icrası Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə, Azərbaycan Respublikası DİN BDYPİ-yə və Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinə tapşırılmış, qərardad dərhal icra edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 20.11.2020-ci il tarixli 2(004)-1098/2020 nömrəli qərardadı ilə üçüncü şəxs X3 şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 13.01.2020-ci il tarixli 2(004)-1098/2020 nömrəli qərardadı qismən ləğv edilmiş, X3 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 164T nömrəli bağ evinin üzərinə qoyulmuş həbs götürülmüşdür. Qərardad qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, Cavabdeh ilə 1990-cı ildə rəsmi nikah bağlayaraq ailə qurmuş və cavabdehə məxsus olan Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayonda yerləşən 3 otaqlı mənzilə gəlin köçmüşdür. 1996-cı ilə kimi cavabdehlə birlikdə həmin mənzildə yaşamışlar. 1996-cı ildə Cavabdeh həmin mənzili satmış və əldə olunan vəsait hesabına 22.04.1997-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospektindəki 117 nömrəli fərdi yaşayış evini satın almışdır. 1997-ci ildən o, əri Cavabdeh ilə birlikdə Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospektindəki 117 nömrəli fərdi yaşayış evə köçərək ailə üzvü kimi yaşamış, birgə təsərrüfat aparmış, istifadə hüququnu əldə etmiş və 1998-ci ildə qeydiyyata alınmışdır. Birgə nikahdan uşaqları doğulmamışdır. Onların arasında bağlanmış nikah 05.10.2006-cı ildə pozulmuşdur. Nikah pozulduqdan sonra da o, həmin evdə yaşamağa davam etmiş və əşyaları da orada olmuşdur. O, Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospektindəki 117 nömrəli fərdi yaşayış evi sökülənə kimi orada cavabdehlə birlikdə yaşamışdır. Aralarında olan razılaşmaya əsasən cavabdeh ona bildirmişdir ki, ev söküləndən sonra ona mənzil alıb verəcəkdir. Evin satılmasından bir gün əvvəl Cavabdeh 17.04.2017-ci il tarixdə Biləcəri qəsəbəsində Ağ Sarayın yanında kirayə ev tutmuş və onu əşyaları ilə birlikdə Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospektindəki 117 nömrəli fərdi yaşayış evindən çıxaraq, kirayə mənzilə köçürmüşdür. Evin iki ayının pulunu 180 manatdan olmaqla əvvəlcədən cavabdeh ev sahibinə ödəmişdir. Cavabdeh sonradan kirayə pulunu verməmişdir, o, özü də iki ayın pulunu vermişdir. beşinci ayın pulunu ödəyə bilmədiyinə görə ev sahibi onu kirayə qaldığı mənzildən çıxartmışdır. Bu səbəbdən o, müvəqqəti olaraq bacısının yanına Bakı şəhəri Nəsimi rayonu Cəfərov qardaşları küçəsindəki 49 nömrəli evə köçmüş və hazırda orada yaşayır. Cavabdeh onu kirayə mənzilə çıxarandan sonra yaşadıqları Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospektindəki 117 nömrəli fərdi yaşayış evini 18.04.2017-ci il tarixdə 214.809 manata satmışdır. Evin satışından əldə etdiyi vəsait hesabına Cavabdeh 2 saylı ASAN Xidmət mərkəzində bağlanmış 25.04.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsindəki 164T nömrəli bağ evini, həmçinin “Mercedes Benz Vito111” minik markalı ** LX *** dövlət qeydiyyat nişanlı və “Opel Astra” minik markalı ** MJ *** dövlət qeydiyyat nişanlı avtomobilləri öz adına almışdır. O, evin satıldığını öyrəndikdən sonra Cavabdeh müraciət edərək, vədinə əməl etməsini və ona ev almasını xahiş etmişdir. Lakin Cavabdeh müxtəlif bəhanələrlə ona ev almaqdan yayınmışdır. O, araşdırma zamanı öyrənmişdir ki, Cavabdeh məhkəməyə müraciət edərək, onun istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasına nail olmuşdur. O, məhkəməyə müraciət edikdən sonra qətnaməni əldə etmiş və öyrənmişdir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 26.01.2015-ci il tarixli 2(004)-701/2015 nömrəli qətnaməsi ilə Cavabdeh iddiası təmin edilmiş, onun Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospektindəki 117 nömrəli fərdi yaşayış evinə olan istifadə hüququ itirilmişdir. O, qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.09.2018-ci il tarixli 2(103)-9129/2018 nömrəli qətnaməsi ilə onun apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 26.01.2015-ci il tarixli 2(004)-701/2015 nömrəli qətnaməsi ləğv edilmiş, Cavabdeh iddiası rədd edilmişdir. Hazırda Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospektindəki 117 nömrəli fərdi yaşayış evi söküldüyünə görə, o, faktiki olaraq evsiz qalmışdır. Məhkəmədən sonra isə Cavabdeh ona ev almamaq və pul verməmək üçün Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsindəki 164T nömrəli bağ evini 2019-cu ildə qızı X5 bağışlamışdır. Hesab edir ki, evin sökülməsi ilə əlaqədar, o, öz yaşayış yerindən məhrum olmuş və bununla ona maddi zərər dəymişdir. Bu səbəbdən o, cavabdehdən 100.000 manat pul tutulmasını və iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, o, İddiaçı 1990-cı ildə rəsmi nikah bağlayaraq ailə qurmuş və birlikdə atasına məxsus olan Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayonda yerləşən 3 otaqlı mənzildə yaşamışlar. 1996-cı ilə kimi iddiaçı birlikdə həmin mənzildə yaşamışlar. Atası vəfat etdikdən sonra o, həmin evi öz adına özəlləşdirmiş və satmışdır. Əldə olunan vəsait hesabına 22.04.1997-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospektindəki 117 nömrəli fərdi yaşayış evini satın almışdır. Evi aldıqdan sonra İddiaçı ilə birlikdə Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospektindəki 117 nömrəli fərdi yaşayış evə köçərək ailə üzvü kimi yaşamışlar, 1998-ci ildə qeydiyyata alınmışlar. Birgə nikahdan uşaqları yoxdur. İddiaçı ilə 2006-cı ildə boşanmışlar. Nikah pozulduqdan sonra da iddiaçı həmin evdə yaşamağa davam etmiş və 2015-ci ildə evdən çıxıb getmişdir. O, qərara almışdır ki, yaşadıqları Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospektindəki 117 nömrəli fərdi yaşayış evi söküləndə iddiaçıya bir otaqlı ev alıb verəcəkdir. Lakin iddiaçı onun dostunun xalasından satmaq üçün 3.000-4.000 ABŞ dolları dəyərində nisyə paltar almış və pulunu verməmişdir. Həmin pulu iddiaçının əvəzində o, ödəmişdir. Həmçinin iddiaçı evdən gedəndə ona məxsus olan 18.000-20.000 manat pulunu da aparmışdır. O, bu qədər pulu haraya xərclədiyini soruşduqda, iddiaçı evə kartof-soğan aldığını, evin ehtiyaclarına xərclədiyini bildirmişdir. Bu səbəbdən hesab edir ki, iddiaçıya Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospektindəki 117 nömrəli fərdi yaşayış evində olan hüququna görə pul verməməlidir. O, yaşadıqları Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospektindəki 117 nömrəli fərdi yaşayış evini 18.04.2017-ci il tarixdə 214.000 manata satmışdır. Evin satışından əldə etdiyi vəsait hesabına 25.04.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsindəki 164T nömrəli bağ evini, həmçinin “Mercedes Benz Vito111” minik markalı ** LX *** dövlət qeydiyyat nişanlı və “Opel Astra” minik markalı ** MJ *** dövlət qeydiyyat nişanlı avtomobilləri özü adına almışdır. Borclarını ödəmiş və 3.500 manat müalicəsinə xərcləmişdir. O, məhkəməyə müraciət edərək, iddiaçının Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospektindəki 117 nömrəli fərdi yaşayış evinə olan istifadə hüququnu itirmiş və sonra evi satmışdır. Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsindəki 164T nömrəli bağ evini 2019-cu ildə qızı X5 bağışlamışdır. Hazırda onun iddiaçıya verməyə pulu yoxdur. Ona görə də iddianın rədd edilməsini xahiş edir. Mübahisə predmeti böarəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X5 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı proses iştirakçılarının izahatları, təqdim etdiyi sübutlar və qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri, işin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı 1990-cı ildə Cavabdeh ilə rəsmi nikah bağlayaraq ailə qurmuş və cavabdehə məxsus olan Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayonda yerləşən 3 otaqlı mənzilə gəlin köçmüşdür. 1996-cı ilə kimi cavabdehlə birlikdə həmin mənzildə yaşamışlar. 1996-cı ildə Cavabdeh yaşadıqları mənzili satmış və əldə olunan vəsait hesabına 22.04.1997-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospektindəki 2 mərtəbəli 4 otaqlı 117 nömrəli fərdi yaşayış evini satın almışdır. İddiaçı 1997-ci ildən əri Cavabdeh ilə birlikdə Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospektindəki 117 nömrəli fərdi yaşayış evə köçərək ailə üzvü kimi yaşamış, birgə təsərrüfat aparmış, istifadə hüququnu əldə etmiş və 1998-ci ildə qeydiyyata alınmışdır. Birgə nikahdan tərəflərin uşaqları olmamışdır. Tərəflərin arasında bağlanmış nikah 05.10.2006-cı ildə pozulmuşdur. Nikah pozulduqdan sonra da İddiaçı Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospektindəki 117 nömrəli fərdi yaşayış evində yaşamağa davam etmiş və ev sökülənə kimi orada cavabdehlə birlikdə yaşamışdır. Aralarında olan razılaşmaya əsasən cavabdeh bildirmişdir ki, ev söküləndən sonra iddiaçıya mənzil alıb verəcəkdir. Evin satılmasından bir gün əvvəl Cavabdeh İddiaçı yaşadıqları Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospektindəki 117 nömrəli fərdi yaşayış evindən çıxaraq, kirayə mənzilə köçürmüşdür. Cavabdeh Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospektindəki 117 nömrəli fərdi yaşayış evini 18.04.2017-ci il tarixdə 214.809 manata satmışdır. Cavabdeh həmin evin satışından əldə etdiyi vəsait hesabına 2 saylı ASAN Xidmət mərkəzində bağlanmış 25.04.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsindəki 164T nömrəli bağ evini, həmçinin “Mercedes Benz Vito111” minik markalı ** LX *** dövlət qeydiyyat nişanlı və “Opel Astra” minik markalı ** MJ *** dövlət qeydiyyat nişanlı avtomobilləri öz adına almışdır. Sonradan Cavabdeh Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsindəki 164T nömrəli bağ evini qızı X5 bağışlamışdır. İddiaçı ev satılandan sonra Cavabdeh müraciət etsə də, Cavabdeh vədinə əməl etməmiş, iddiaçıya ev almamış və onun istifadə hüququnun olmasına görə kompensasiya ödəməmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı ünvan ünvanlandığı 27.09.2018-ci il tarixli **********26 nömrəli məktubundan müəyyən edilir ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsindəki 164T nömrəli bağ evi (Bakı 2 saylı ASAN Xidmət mərkəzinin notariusu tərəfindən təsdiq edilmiş 25.04.2017-ci il tarixli 4Ə-812 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən) Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. 16.11.2019-cu il tarixli reyestrdən çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsindəki 164T nömrəli bağ evi tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 16.11.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası DİN BDYPİ-nin 12.03.2019-cu il tarixli məktubundan və kompüter uçot bazasından çıxarışlardan müəyyən edilir ki, “Mercedes Benz Vito111” minik markalı ** LX *** dövlət qeydiyyat nişanlı və “Opel Astra” minik markalı ** MJ *** dövlət qeydiyyat nişanlı avtomobillər hal-hazırda Cavabdeh mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 26.01.2015-ci il tarixli 2(004)-701/2015 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospektindəki 117 nömrəli fərdi yaşayış evinə olan istifadə hüququ itirilmişdir. İddiaçı həmin işə baxılmasından və çıxarılmış qətnamədən məlumatı olmamışdır, qətnamədən xəbər tutduqdan sonra əldə etmiş və apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.09.2018-ci il tarixli 2(103)-9129/2018 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 26.01.2015-ci il tarixli 2(004)-701/2015 nömrəli qətnaməsi ləğv edilmiş, iddiaçı Cavabdeh İddiaçı qarşı “İddiaçı Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospektindəki 117 nömrəli fərdi yaşayış evinə olan istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia rədd edilmişdir. Qətnamə ilə müəyyən edilmişdir ki, İddiaçı 1997-ci ildən Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospektindəki 117 nömrəli fərdi yaşayış evində yaşamaqla, oradan istifadə hüququ əldə etmişdir. İddiaçı keçmiş əri Cavabdeh tərəfindən aldadılaraq evdən çıxarılmış və ev satılmışdır. Hazırda ev söküldüyünə görə iddiaçı evsiz qalmış və yeganə yaşayış yerindən məhrum olmuşdur. Nəticədə iddiaçıya maddi zərər dəymişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddiaçı istifadə hüququ olan Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospektindəki 117 nömrəli fərdi yaşayış evindən istifadə etməkdən faktiki olaraq məhrum olmuş və nəticədə ona yeganə yaşayış sahəsinin sökülməsi nəticəsində maddi zərər dəymişdir. Həmçinin Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospektindəki 117 nömrəli fərdi yaşayış evini 214.000 manata satdığını və evin satılmasından əldə etdiyi vəsaitdən İddiaçı hər hansı məbləğ ödəmədiyini bildirmişdir. Cavabdeh İddiaçı nisyə aldığı paltarlara görə 3.000-4.000 ABŞ dolları borcunu ödəçdiyini, həmçinin İddiaçı ona məxsus olan 18.000-20.000 manat pul vəsaitini evdən apardığını iddia etsə də, ha halları təsdiq edən rəsmi sənədləri, mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin İddiaçı cavabdehin evin satılmasına görə ona 100.000 manat ödəməyi öhdəsinə götürməsinə dair yazılı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh iddiası əsasında qəbul edilmiş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 26.01.2015-ci il tarixli 2(004)-701/2015 nömrəli qətnaməsi ilə İddiaçı Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospektindəki 117 nömrəli fərdi yaşayış evinə olan istifadə hüququna xitam verildiyinə və həmin qətnamə artıq Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.09.2018-ci il tarixli 2(103)-9129/2018 nömrəli qətnaməsi ilə ləğv edilməklə, iddiaçı Cavabdeh İddiaçı qarşı “İddiaçı Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospektindəki 117 nömrəli fərdi yaşayış evinə olan istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia rədd edildiyinə, həmçinin həmin fərdi yaşayış evi tamamilə söküldüyünə görə İddiaçı yeganə yaşayış yeri olan Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospektindəki 117 nömrəli fərdi yaşayış evindən istifadə etmək, orada yaşamaq hüququndan məhrum olduğuna görə, o cümlədən İddiaçı istifadə hüququ ilə yüklü olan evin satılmasına görə mülkiyyətçi Cavabdeh 214.809 manat vəsait ödənildiyinə görə, iddiaçıya yaşayış sahəsindən istifadə etmək və orada yaşamaq hüququndan məhrum edilməsi nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi üçün Cavabdeh mülki məsuliyyət daşımalıdır. İddiaçıya vurulmuş maddi zərərin əvəzi olaraq 20.000 manat vəsait ödənilməsi, tərəflərin hüquqi mənafeyinə və əmlak vəziyyətinə uyğun olmaqla, qanuni və ədalətlidir. İddiaçının vurulmuş maddi zərərin əvəzinə görə cavabdehdən 100.000 manat pul tələb etməsi ağlabatan deyildir və həddindən artıq yüksək məbləğdir. Çünki, həmin ev tərəflərin birgə nikahı dövründə əldə edilsə də, yalnız cavabdehə məxsus olan əmlakdır. İddiaçının həmin evdən yalnız istifadə hüququ olmuşdur. Çünki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə müvafiq olaraq şəxsin yaşayış yeri dedikdə, şəxsin Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi və digər bu kimi yaşayış yerləri başa düşülür. Mülki Məcəllənin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Mülki Məcəllənin 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Mülki Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. “X4rşı iş üzrə” Avropa İnsan Hüquqları Məhkəməsinin 24.11.1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, “İnsan Hüquqlarının və X2 haqqında” Konvensiyanın 8-ci maddəsinin mənası baxımından 19 il həmin evdə yaşamayan şəxslər həmin evi öz mənzilləri adlandıra bilərlər. Bu nəticə belə bir fakta əsaslanır ki, uzun müddət həmin evdə yaşamadıqlarına baxmayaraq, ərizəçilərin həmişə ora qayıtmaq fikirləri vardır və mənzilin kirayəçiləri ilə daimi əlaqələri mövcud idi ki, həmin əlaqələr onların evini öz mənzili hesab etmək üçün yetərli idi. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Bu qənaətə gələrkən məhkəmə həm də nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin, mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək, ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə 17.01.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982-ci il tarixli qərarı; “X8rşı” işi üzrə 26.10.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu N.Nərimanov prospektində yerləşən 117 nömrəli fərdi yaşayış evinin satılaraq, sökülməsi nəticəsində İddiaçı həmin evə olan istifadə hüququndan məhrum olunduğuna görə, ona dəymiş maddi ziyanın əvəzi olaraq 20.000 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 20.030 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə, yəni - “80.000 manat pul tutulması” hissəsində rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Yasamal rayonu N.Nərimanov prospektində yerləşən 117 nömrəli fərdi yaşayış evinin sökülməsi nəticəsində İddiaçı həmin evə olan istifadə hüququndan məhrum olunduğuna görə, ona dəymiş maddi ziyanın əvəzi olaraq 20.000 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 20.030 (iyirmi min otuz) manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi - “80.000 manat pul tutulması” hissəsində rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar