Məhkəmə qərarları › İş №2(004)-107/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-107/2023

19.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-107/2023 19.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxs X2 iştirakları ilə, Ərizəçi maraqlı şəxslər X4 və Maraqlı şəxs1nə qarşı "doğum faktının müəyyən edilməsi" barədə ərizəsinə xüsusi icraat qaydasında Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər X4 və Maraqlı şəxs1nə qarşı “doğum faktının müəyyən edilməsi” barədə ərizə ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, onun xx.xx.2022-ci il tarixdə ev şəraitində qız övladının doğulması faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamədə övladının adının X5, milliyyəti “azərbaycanlı”, ata qrafasında “Maraqlı şəxs2”, ana qrafasında “Ərizəçi” göstərilməklə doğum haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahat verərək bildirir ki, hazırda ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Maraqlı şəxs2 ilə xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan 6 övladları vardır. Sonuncu övladı Məryəm xx.xx.2022-ci il tarixdə ev şəraitində anadan olduğundan doğum haqqında tibbi şəhadətnamə ala bilməmişdir. Bunun üçün aidiyyəti orqan olan Maraqlı şəxs1nə müraciət etsə də, №103 formalı sənədi təqdim edə bilmədiyi üçün şəhadətnamənin verilməsindən imtina edilərək aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Övladı hazırda 1 nömrəli Uşaq Poliklinikasında qeydiyyatdadır və sağlamdır. Ekspert rəyi ilə razıdır. Suala cavab olaraq bildirir ki, doğuş zamanı anası yanında olmuşdur. Həkim müayinəsindən keçmişdir, lakin buna dair sənədlər onda yoxdur. Həkim ona doğuş üçün 10-15 günlük müddətin olduğunu bildirmişdir. O, evdə olan zaman qəflətən ağrı yarandığından ev şəraitində doğumu həyata keçirməyə məcbur olmuşdur. Ev şəraitində doğumun baş verməsini qonşusu və anası təsdiq edə bilər, lakin qonşusu hazırda başqa yerə köçdüyündən məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında işirak edən maraqlı şəxs X4 izahat verərək bildirir ki, Ərizəçi ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan 6 övladları vardır. Sonuncu övladı Məryəm xx.xx.2022-ci il tarixdə ev şəraitində anadan olmuşdur. O, işdə olduğundan yanında ola bilməmişdir, lakin anasına məlumat vermişdir. Ekspert rəyi ilə razıdır. Suala cavab olaraq bildirir ki, həkim müayinəsi zamanı doğum üçün 15 günlük müddət müəyyən edilmişdir. Lakin ərizəçinin ağrısı qəflətən yarandığından doğum ev şəraitində baş vermişdir. Ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs1 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçi və maraqlı şəxs X2 izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli, xx/xx-2357/15 nömrəli məktubundan müəyyən edilir ki, Ərizəçi ərizəsinə baxılmış və doğum fatını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma köməklik göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi №103 formalı sənəd həmin şöbədə mövcud olmadığından və doğumunu təsdiq edən tibbi şəhadətnaməni təqdim etmədiyi üçün üçün doğumun bərpa edilməsinin mümkün olmadığı bildirilərək məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı 900541 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Maraqlı şəxs2 və Ərizəçi xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və bu barədə akt qeydləri kitabında 132 nömrə ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra ərə Nürəddinov, arvada Abbasova soyadı verilmişdir. İş materiallarında olan X6, X7 və X8 tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş akta əsasən müəyyən edilir ki, onlar Ərizəçi xx.xx.2022-ci il tarixdə Əlövsət Quliyev 37 ünvanında anasının köməyi ilə qız övladı dünyaya gətirmişdir. İş materiallarında olan Bakı Baş Səhiyyə X16 Şəxsi 1 nömrəli Uşaq Poliklinikası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 467 nömrəli tibbi arayışa əsasən xx.xx.2022-ci il təvəllüdlü X1 rayon 1 nömrəli Uşaq Poliklinikasında qeydiyyatdadır və hazırda sağlamdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” X17 tərəfindən verilmiş 718/2022-MTŞB nömrəli, xx.xx.2022-ci il tarixli rəydən müəyyən edilir ki, əsasən tədqiq olunmuş sistemlərin qrup faktorlarının göstəricilərinə əsasən ekspertizaya təqdim edilmiş uşaq barəsində X2 atalıq faktı inkar edilməmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladılğa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktları bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi Maraqlı şəxs2 ilə xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Onun xx.xx.2022-ci il tarixdə ev şəraitində həyata keçirilən doğum zamanı bir qız övladı (Məryəm adlandırılan) doğulmuşdur. Keçirilmiş ekspertiza nəticəsində həmin uşağın atasının Maraqlı şəxs2 olması müəyyən edilmişdir. Uşağın atası Maraqlı şəxs2 milliyyəti azərbaycanlı, anası Ərizəçi, milliyəti azərbaycanlıdır. Ərizəçi doğum haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyindən qeydiyyat şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə verilməsi mümkün olmamış, məhkəməyə müracət etmək məsaləhət görülmüşdür. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, X3 xx.xx.2022-ci ildə tarixdə Bakı şəhərində (ev şəraitində) doğulması faktı müəyyən edilməli, doğum haqqında akt qeydləri kitabında X3 doğum tarixi xx.xx.2022-ci il, doğulduğu yer Bakı şəhəri, ata qrafasında – Maraqlı şəxs2 (milliyyəti azərbaycanlı), ana qrafasında – Ərizəçi (milliyyəti azərbaycanlı) kimi məlumatlar göstərilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və AR MPM-in 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X3 xx.xx.2022-ci ildə tarixdə Bakı şəhərində (ev şəraitində) doğulması faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında X3 doğum tarixi xx.xx.2022-ci il, doğulduğu yer Bakı şəhəri, ata qrafasında – Maraqlı şəxs2 (milliyyəti azərbaycanlı), ana qrafasında – Ərizəçi (milliyyəti azərbaycanlı) kimi məlumatlar göstərilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən uşağın adına göstərilən məlumatlar əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar