Məhkəmə qərarları › İş №2(004)-1076/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1076/2021

09.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1076/2021 09.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vərəsəlik hüququndan məhrum edilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vərəsəlik hüququndan məhrum edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh1 ləyaqətsiz vərəsə sayılaraq, gələcəkdə ondan qalacaq miras əmlakdan məcburi pay almaq hüququndan məhrum edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1984-cü il tarixində X1 ailə həyatı qurmuşdur. Birgə nikahdan xx xxxxxx 1988-ci il təvəllüdlü Cavabdeh2 və xx xxxxxx 1985ci il təvəllüdlü Cavabdeh1 dünyaya gəlmişdir. Bir valideyn olaraq hər zaman övladlarına valideynlik borcunu layiqincə yerinə yetirmiş, özü yeməyib onlara yedirtmişdir. Qızı Zöhrə 2008-ci ildə ailə qurmuş və birgə nikahlarından 2 övladı dünyaya gəlmişdir. Bir müddətdən sonra qızı əri ilə münasibətlərinin artıq əvvəlki kimi olmadığını bildirərək ayrılmışdır. Ayrıldıqdan sonra qızı övladlarına da biganə yanaşmış və onlara ana nəvazişi göstərməmişdir. Bu səbəbdən də nəvəsinin biri atası ilə digəri isə onunla yaşayır. Oğlu Rüfət isə bir neçə dəfə müxtəlif qadınlarla ailə həyatı qurmuş və onların hər biri ilə “xasiyyətimiz uyğun gəlmir” deyərək ayrılmışdır. Hətta ailə qurduğu qadınlardan biri oğlu Rüfətə görə stresə düşmüş və vəfat emişdir. Qayğıkeş valideyn olmağına baxmayaraq, övladları bir övlad kimi öz vəzifələrini layiqincə yerinə yetirməmişdirlər. Onların bu cür hərəkətlərini (hərəkətsizliklərini) görən həyat yoldaşı bunlara tab gətirməmiş, özünə dərd etmiş və xx xxxxxx 2019-ci il tarixində vəfat etmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra daha da özünü yalnız hiss etməyə başlamışdır. Belə ki, hər iki övladı ondan ayrı yaşayır, o isə hal-hazırda nəvəsi Fuadla birgə yaşayır. Nəvəsi olduqca ağıllı və çalışqan uşaqdır. Hazırda işləməyinə baxmayaraq ev işlərində də mənə köməklik edir, hətta dərslərindən də geri qalmır. Övladlarının göstərmədiyi qayğını ona nəvəsi Fuad göstərir. Onu da qeyd edir ki, ona məxsus Yasamal rayonu, 1-ci Alatava qəsəbəsi, ev 118B-də yerləşən 100 kv/m olan 3 otaq, 1 mətbəx və saunzeldən ibarət olan evi vardır. Qeyd etdiyi faktlardan da məlumdur ki, iş üzrə cavabdehlər onun qanun üzrə vərəsələri sayılsa da, ona qarşı münasibətləri qeyri-səmimidir. Buna görə də cavabdehlər gələcəkdə ondan qalacaq miras əmlakdan məcburi pay almaq hüququndan məhrum edilməsi üçün “vərəsəlik hüququndan məhrum etmə” tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun ifadə verərək bildirdi ki, onun X1 ilə nikahından iki uşaqları dünyaya gəlmişdir. Qızı xx xxxxxx 1988-ci il təvəllüdlü Cavabdeh2 narkotik vasitələrin aludəçisidir. Onun nikahın olan nəvəsi onunla birlikdə özünə məxsus evdə yaşayır. Qızı daima onun təhqir edir. Nəvəsi Fuad isə onun qayğısına qalır. Yaşadığı evin sənədləri yoxdur. Lakin buna baxmayaraq o, özünə məxsus evin nəvəsinə qalmasına istəyir. Oğlu Cavabdeh1 isə xəstədir və heç bir yerdə işləmir. Onun əslində ona qarşı heç bir etrazı yoxdur. Onunla dəfələrlə bir yerdə yaşamağa cəhd etsə də bu alınmamışdır. Oğlu onun sözünə baxmır. Düzdür o arada ona zəng vurmuş, xəstələnəndə də semaşkoya yerləşdirməyini təklif eləsə də, o ora getmək istəməmiş və bundan imtina etmişdir. Uşaqları ona baxmır. Qeyd edilənlərə əsasən iddianin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia ərizəsinə etiraz edərək bildirdi ki, o, bir neçə dəfə atasını ziyarətə getmiş, lakin hər dəfəsində atası onu evdən qovmuşdur. O, özü xəstədir və heç bir yerdə işləmir. Neçə dəfə olub ki, atasının yanına getmiş, onunla danışıb barışmaq istəmiş, lakin atası onu evdən məcburi çıxardaraq qovmuş və o da, əlacsızlıqdan parklarda yatmışdır. Hazırda yoldaşı hamilədir və Xırdalan şəhərində kirayədə qalırlar. Atası xəstə olanda xəstəxanada ona yer də ayırtdırmış, lakin atası bundan imtina etmişdir. O, atası ilə barışaraq münasibətlərini normallaşdırmaq istəyir. Dəfələrlə atasına birlikdə yaşamağı təklif etmiş, atası isə qəbul etməmişdir. Ailə bir yerdə olsa onların qayğısına qalmaq, ailəni saxlamaq ona da asan olar. Belə isə həm öz ailəsi, həm atasına baxmaq, kirayə haqqı ödəmək imkanı yoxdu. O, atasına qarşı heç zaman ləyaqətsiz bir hərəkət etməmişdir. Sadəcə atası özü çətin xarakterli insan olduğundan heç kimlə yola getmir. Odur ki, qətnamə çıxarılarkən qeyd olunanların nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Eyni zamanda məhkəmə tərəfindən bildiriş cavabdehin qeydiyyatda olduğu yer üzrə Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara qiymət verərək hesab edir ki, iş üzrə iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə X1 1984-cü il tarixində ailə həyatı qurmuş və tərəflərin birgə nikahdan xx xxxxxx 1988-ci il təvəllüdlü Cavabdeh2 və xx xxxxxx 1985-ci il təvəllüdlü Cavabdeh1 dünyaya gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasın Mülki Məcəlləsinin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1139-cu maddəsinə görə ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 1193-cü maddəsinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Azərbaycan Respublikasın Mülki Məcəlləsinin 1203-cü maddəsinin tələblərinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. Miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət etdiyi, lakin qərarın onun ölümündən sonra qəbul edildiyi halda da bu cür nəticə baş verir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə yğunluğunun yoxlanılmasına dair” xx xxxxxxx 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, “Mülki Məcəllənin 1176.1-ci maddəsinə görə vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Göründüyü kimi, bu maddə vəsiyyət azadlığı prinsipinə əsaslanmışdır və mülkiyyətçinin vəsiyyət edərkən mülkiyyət üzərində azad sərəncam vermək hüququnu təmin edir. Belə ki, vərəsənin mirasdan məhrum edilməsi üçün vəsiyyət edənin vəsiyyətnamədə heç bir izah vermədən məhrum etmək iradəsini göstərməsi kifayətdir. Əgər vəsiyyət edən vərəsələrdən hər hansı birinin vərəsəlik hüququndan məhrum edilməsini vəsiyyətnamədə nəzərdə tutursa, bu qadağa mirasın məcburi pay hissəsinə tətbiq edilmir və yalnız miras əmlakından həmin vərəsəyə düşən payı əhatə edir. Lakin mülki qanunvericilik mirasda məcburi pay hüququnu da mütləq (məhdudiyyətsiz) hüquq kimi tanımır. Mülkiyyət hüququnun ayrılmazlığını nəzərə alaraq, mülki qanunvericilik, mülkiyyətçiyə hələ öz sağlığında məhkəməyə müraciət edərək vərəsəni və ya bütövlükdə vərəsələri məcburi pay almaq hüququndan məhrum etməsinə icazə verir (Mülki Məcəllənin 1203.2-ci maddəsi). Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 1203.1-ci maddəsinə əsasən məcburi pay hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Beləliklə, miras qoyan öz sağlığında, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan halları iddia ərizəsində göstərməklə məhkəməyə təqdim edərək, məhkəmə qərarı vasitəsi ilə vərəsələri məcburi pay almaq hüququndan məhrum edə bilər. Azərbaycan qanunvericiliyinə əsasən vəsiyyət edənin qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilməsi və bunu əsaslandırmağa borclu olmaması vəsiyyət azadlığı prinsipi baxımından əhəmiyyətli xarakter daşıyır. Hətta miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət edərək vərəsəni və ya bütövlükdə vərəsələri məcburi pay almaq hüququndan məhrum edə bilməsi imkanı vəsiyyət azadlığını tam qoruyaraq, bir tərəfdən vərəsələrin qanuni maraqlarını müdafiə edir, digər tərəfdən mülkiyyət hüququnun təminatına (şəxsin mülkiyyəti üzərində tam sərəncam vermək hüququ) xidmət edir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vəsiyyət edənin qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum etməsi həmin şəxsləri məcburi pay almaq hüququndan məhrum etməsi kimi qəbul edilməməlidir. Eyni zamanda, vəsiyyət edənin həmin şəxsləri məcburi pay almaq hüququndan məhrum etməsi Mülki Məcəllənin 1203.2-ci maddəsi ilə nəzərdə tutulan qaydada tətbiq edilə bilər.” Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vərəsəlik hüququndan məhrum edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh1 ləyaqətsiz vərəsə sayılaraq, gələcəkdə ondan qalacaq miras əmlakdan məcburi pay almaq hüququndan məhrum edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etsə də, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan halları iddia ərizəsində və məhkəmə araşdırmaları zamanı əsaslandıra bilməmiş, bu barədə mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, iddia əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vərəsəlik hüququndan məhrum edilməsi tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar