Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-109/2023 30.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC cəlb olunmaqla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma (boşaldılması) və mənzilin təhvil verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC cəlb olunmaqla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma (boşaldılması) və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 3-cü mərtəbəsində yerləşən 12 nömrəli mənzilindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əşyaları ilə birlikdə çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 83.500 manat pul ödəməklə "xxxx" MMC-dən 24 yanvar 2020-ci il tarixli, 174 nömrəli müqaviləyə əsasən ünvan 2 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən, 2 otaqlı, sahəsi 112.4 m2 olan, 12 saylı mənzili almışdır. 2021-ci ilin dekabr ayında məlum olmuşdur ki, "xxxx" MMC-nin adından qeyd edilən ünvanda inşa edilən çoxmərtəbəli binanın bir sıra mənzilləri təkrarən başqa şəxslərə satılmışdır. Ona görə də iddiaçı məlumatı əldə etdikdən sonra mənzilə baxmaq üçün həmin ünvana getmiş və giriş qapısının dəyişdirildiyini görmüşdür. O, qapını döydükdə isə sonradan adını öyrəndiyi Polad adlı şəxs açmışdır. Həmin şəxsdən kim olduğunu və onun mənzilində nə işi olduğunu soruşduqda, Polad adlı şəxs ona həmin mənzili Ağasəmiddən aldığını bildirmişdir. İddiaçı ondan sənədləri göstərməsini tələb etdikdə isə Polad sənədlərinin olmadığını bildirmişdir. İddiaçı təcili olaraq "xxxx" MMC-nin rəhbərliyinə müraciət etmiş və iddiaçıya MMC-dən 15 dekabr 2021-ci il tarixli, 94 saylı arayış verilmişdir. Arayışla "xxxx" MMC-nin Yasamal rayonu, 7-ci Alatava 80A ünvanında inşa etdiyi hündürmərtəbəli çoxmənzilli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən 12 saylı mənzilin İddiaçı məxsus olması rəsmi qaydada təsdiq edilmişdir. Cavabdeh1 ilə iddiaçı arasında mənzilin boşaldılması ilə bağlı danışıqlar olmuş, cavabdeh əvvəlcə möhlət istəmişdir. Lakin bir aydan sonra cavabdeh "xxxx" MMC-dən pulunu aldığı halda mənzildən çıxacağını bildirmişdir. Hazırda iddiaçıya məxsus mübahisəli mənzildə Cavabdeh1 ilə həyat yoldaşı Cavabdeh2 yaşayır və könüllü olaraq mənzili boşaltmaq istəmirlər. Hətta ona məlum olmuşdur ki, "xxxx" MMC-nin adından həmin binada yerləşən bir sıra mənzillərin saxta müqavilələrlə təkrar satılması epizodu ilə bağlı Yasamal Rayon Prokurorluğunda cinayət işi başlanılıb istintaq aparılır. İddiaçı və cavabdehin prokurorluqda izahatları alınmışdır. Belə ki, iddiaçıya məxsus mənzilin saxta müqavilə ilə X5 tərəfindən Cavabdeh1 “satılması” faktı üzrə və digər epizodlar üzrə hazırda istintaq aparılır. Cinayət işi üzrə X5 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və onun barəsində axtarış elan olunmuşdur. Göstərilənlərlə yanaşı Bakı şəhəri Yasamal rayon prokurorluğuna 17 iyun 2022-ci il tarixdə verilmiş sorğuya cavab olaraq təsdiq edilmişdir ki, Yasamal rayonu, Y.Yasamal, 7-ci Alatava 80A ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş və idarə olunan yaşayış binasında 112.4 m2 sahəsi olan 1-ci blok, 3-cü mərtəbədə yerləşən 12 nömrəli mənzil xx.xx.2020-ci il tarixdə 174 nömrəli müqavilə əsasında "xxxx" MMC tərəfindən İddiaçı satılmışdır. Sonradan həmin mənzil xx.xx.2021-ci il tarixli 163 nömrəli saxta müqavilə əsasında iş üzrə təqsirləndirilən şəxs X5 tərəfindən Cavabdeh1 satılmışdır. İddiaçı həmçinin qeyd etmişdir ki, mənzili alandan bir ay sonra özünü Cəmiyyətin satış müdiri kimi təqdim edən X3 hissə-hissə olaraq mənzilin təmiri üçün 25.000 manat pul ödəmişdir. Bu barədə istintaqda ifadə vermişdir. Belə ki, iddiaçı mənzilə baxanda həqiqətən ustaların işlədiyini və təmir işlərinin aparılmasını görmüşdür. Ona görə də Ağasəmidə hissə-hissə 25.000 manat pulu vermişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Yasamal rayon pokurorluğuna ərizə verərək X5 tərəfindən aldadılaraq Yasamal rayonu, Y.Yasamal, 7-ci Alatava 80A ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş və idarə olunan yaşayış binasında ümumi sahəsi 112,4 m2 olan 1-ci blok, 3-cü mərtəbədə yerləşən 12 nömrəli mənzili xx.xx.2021-ci il tarixli, 163 nömrəli saxta müqavilə əsasında təkrar olaraq aldıqlarını bildirmişlər. Faktla bağlı Azərbaycan Respublikası CM-nin 178-ci və digər maddələri ilə cinayət işinin istintaq olunması, X5 barəsində ittiham verilməsini, onun barəsində axtarış elan edilməsini və həmin iş üzrə X16 zərərçəkmiş şəxs kimi tanınmasını, vurulmuş zərərin əvəzinin də təqsirləndirilən şəxs tərəfindən ödənilməsini tələb etmək hüququnun olmasını bildiyi halda, yenə də cavabdeh iddiaçıya məxsus mənzildən könüllü olaraq çıxmaq istəməmişdir. Ona görə də iddia tələbinin təmin edilməsini və cavabdehlərin iddiaçıya məxsus ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 3-cü mərtəbədə yerləşən 12 nömrəli mənzilindən çıxarılmasını, mənzilin əşyalarla birlikdə boşaldılmasını, mənzilin iddiaçının qanuni sahibliyinə qaytarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında verdiyi izahatlarında iddia tələbini müdafiə edərək əlavə olaraq bildirmişdir ki, məhkəmə araşdırması zamanı prokurorluq orqanlarından əldə edilmiş sübutlar, ekspert rəyi, eləcə də müstəqil tələb irəli sürməyən "xxxx" MMC tərəfindən verilmiş arayışlarla təsdiq olunur ki, cavabdehlə "xxxx" MMC arasında bağlanmış müqavilələr saxta olmaqla hüquqi əhəmiyyət kəsb etmir. Bundan başqa, digər mülki iş üzrə Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli 2(004)-2121/2022 saylı qətnamədən də müəyyən edilir ki, vaxtilə MMC-nin rəhbəri olmuş X19 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Lakin cavabdehlə bağlanmış müqavilədən də görünür ki, müqavilə xx.xx.2021-ci il tarixdə tərtib edilmişdir. Yəni artıq həmin vaxt vəfat etmiş MMC-nin rəhbəri olmuş X8 adından müqavilə imzalanmışdır. Bu fakt özü-özlüyündə cavabdehlə bağlanmış müqavilənin etibarsızlığına dəlalət edir. Belə ki, cavabdehin müqaviləsi səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. İddiaçı tərəfindən mübahisəli mənzilin dəyərinin tam şəkildə ödənilməsi maliyyə arayışı ilə təsdiq olunur. O, verilmiş suallara əsasən əlavə olaraq qeyd etmişdir ki, iddiaçının verdiyi məlumatlara görə ona məxsus mənzilin təmirini özünü MMCnin işçisi kimi təqdim edilmiş Ağasəmid adlı şəxslə şifahi razılığa gələrək ona həvalə etmişdir. Həmin vaxt pandemiyanın xüsusi sərtləşdirilmiş dövrü olduğundan, həmçinin iddiaçı rayonda yaşadığından onun Bakı şəhərinə gəlib-getməsi çətinliklər yaratmış, yalnız telefon vasitəsilə zəng edib Ağasəmiddən mənzilin təmiri ilə maraqlanmışdır. Eyni zamanda bir neçə dəfə mənzilə gəlmiş və ustalar tərəfindən işlərin görülməsinin şahidi olmuşdur. Odur ki, iddiaçı şəxsən mənzilin davamlı təmirinə nəzarət edə bilməmişdir. Bundan başqa iddiaçı "xxxx" MMC-nin inşa etdiyi həmin binadan eyni vaxtda iki ayrı mənzil almışdır. Mənzillərdən biri hazırda mübahiləndirilən mənzildir, digər mənzil üzrə isə iddiaçı özü də aldadılmış və təkrar müqavilə üzrə ona mənzil satılmışdır. İkinci mənzilə münasibətdə o, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin İstintaq Şöbəsində istintaq olunan cinayət işi üzrə zərərçəkmiş şəxs qismində cəlb edilmişdir. O, izahatında göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclasında verdiyi izahatlarında iddia tələbini müdafiə edərək bildirmişdir ki, o, mübahisəli mənzili "xxxx" MMC-nin ofisində Cəmiyyətin rəhbəri olan Tərlan Məmmədovdan almışdır. Qeyd olunan müqavilə onun şəxsən yanında Tərlan Məmmədov tərəfindən imzalanaraq möhürlənmişdir. Mənzilin pulunu da Tərlan Məmmədova şəxsən vermiş və həmin vaxt MMC-də mühasib olmamışdır. Mənzili onun dəyəri olan 83.500 manat pulu tam şəkildə ödəyərək almış və pulu verərkən atası yanında olmuşdur. Lakin mənzili alarkən Ağasəmid iştirak etməmişdir. O, mübahisəli mənzildən öncə həmin binadan aldığı digər mənzilin təmirini Müştəba adlı şəxsə həvalə etmişdir. Lakin birinci mənzilin təmirini bəyənmədiyi üçün satıb, hazırki mübahisəli mənzili almışdır. İkinci aldığı mənzilin isə təmirini binada təmir işləri ilə məşğul olan Ağasəmid kimi tanıdığı şəxsə tapşırmış və Ağasəmidə təmir üçün 25.000 manat məbləğində pul vermişdir. Ağasəmid ona mənzili tam təmirli şəkildə təhvil verməyi öhdəsinə götürmüşdür. Hətta əvvəlki iş icraçısı olan Müştəbanı da ona Ağasəmid məsləhət görmüşdür. MMC-nın rəhbəri Tərlanla evin təmiri barədə danışmamış və onun bu barədə məlumatı olmamışdır. Mənzili aldıqdan dərhal sonra təmirə icazə verilmişdir. Bu icazə isə Tərlan tərəfindən verilirdi. Mənzilin təmirinə başlanılarkən bina hazır olmaqla, 20- 30 faiz hissədə sakinlər tərəfindən mənzillərdə yaşayış mövcud olmuşdur. Təmir üçün materialları, divar kağızı, qapı və s. seçilməsini Ağasəmid öz öhdəsinə götürmüşdü. O, MMC-nın işçisi olaraq əsasən Ağasəmidi və kommunal işlərinə nəzarət edən Lamiyə xanımı, eyni zamanda mühafizəçi kimi adını bilmədiyi “qoca” ləqəbli kişini görmüşdür. İkiüç dəfə mənzilə getmiş və ustalar tərəfindən iş görülməsinin şahidi olmuşdur. Ustalarla tanış olmuş, hətta ustaların onun həmyerlisi olmaları, yəni Şamaxılı olmalarını öyrənmişdir. Lakin ustalarla söhbət zamanı ona evin kim tərəfindən təmir edilməsi, yəni Polad tərəfindən təmir edilməsi barədə məlumat verilməmişdir. Hazırda ona dəymiş zərərlə bağlı prokurorluğa müraciət etmişdir. Belə ki, həm hazırkı mübahisəli mənzilin təmiri üçün verdiyi 25.000 manat, həm də digər aldanılaraq ona satılmış mənzilə münasibətdə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cavabdeh1la isə ilk dəfə 2021-ci ilin dekabr ayında rastlaşmış və həmin vaxtdan ona məxsus evdə cavabdehin yaşadığını bilmişdir. Cavabdehlə danışıqlar aparmış, lakin müsbət nəticə əldə edilməmişdir. Verilmiş suallara əsasən bir daha qeyd etmişdir ki, mənzili alarkən alqı-satqı müqaviləsi Tərlan və onun özü tərəfindən imzalamışdır və sənədə möhür onun yanında vurulmuşdur. Möhürün tutacağının forması dördbucaq formasında olmuşdur. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh1 verdiyi izahatlarında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, mübahisəli mənzili almaqda ona qardaşı Şahid2 vasitəçilik etmişdir. Mənzilin pulunu o, qardaşı Buluda vermiş, daha sonra binanın qarşısında qardaşının iştirakı ilə Ağasəmid tərəfindən ona təqdim edilən müqaviləni imzalamışdır. Ona müqavilə təqdim edilərkən imzalanmış və möhürlənmiş şəkildə olmuşdur. Müqavilə tərtib edilərkən bilavasitə iştirak etməmişdir. Ona mənzili də Ağasəmid özü təhvil vermişdir. Onda olan məlumata görə binanın bütün işlərini Ağasəmid həll etmişdir. Belə ki, Ağasəmid binada səlahiyyətli şəxs olmaqla, şirkət tərəfindən ona avtomobil də verilmişdir. Hətta bina sakinləri Ağasəmidi binanın sahibi kimi tanımışlar. Hətta binanın 70 faiz mənzillərinin alqı-satqısı Ağasəmid oturan yerdə həyata keçirilmışdır. Qardaşı Buludun deməsindən bilmişdir ki, o, mənzilin alqı-satqısı ilə bağlı MMC-nin təsisçilərindən olan Fərəc adlı şəxslə danışıb razılaşmış və mənzilə görə onun dəyərini ödəmişdir. Ona isə mənzilin dəyərinin tam şəkildə ödənilməsinə dair maliyyə arayışını Ağasəmid müqavilə ilə birlikdə təqdim etmişdir. O, MMC-nin təsisçilərinin heç biri ilə əlaqədə olmamışdır. Onda olan məlumata görə, evi alarkən qardaşı Fərəc və Ağasəmidlə ünsiyyətdə olmuşdur. Verilmiş suallara əsasən bildirmişdir ki, mənzil ona 05 mart 2021-ci il tarixdə təhvil verildikdən qısa müddət sonra təmirinə başlamışdır. Çünki, o, hazırkı mənzili almaq üçün əvvəl yaşadığı evi satmış və əldə etdiyi vəsait hesabına mübahisəli mənzili almışdır. Mənzildə təmir işlərini aparan ustalar öz tanışları olmuşdur. Təmir üçün tikinti materiallarını MMC tərəfindən ona yaradılmış şərait əsasında binanın birinci mərtəbəsində yığmışdır. Bu şərait ona Ağasəmid tərəfindən yaradılmışdır. Onun bildiyinə görə təmirə MMC-nin rəhbəri tərəfindən icazə verilmişdir. Səyyar adlı “qoca” ləqəbli şəxs də tikinti materiallarının daşınmasında ona pul müqabilində köməklik etmiş, lakin o da mənzilin Təsadüfə məxsus olmasını deməmişdir. Təmirə 60.000 (altmış min) manatdan çox xərci çıxmışdır. Mənzil 2 otaqlı olmaqla 3 otağa düzəldilmişdir. Təmirə çəkdiyi xərclərlə bağlı sübutları vardır. Təmir işləri 4-5 usta tərəfindən görülmüşdür. O, MMC-nin işçisi kimi həmçinin mühasib olaraq Lamiyəni tanımışdır. Belə ki, o, mənzildə faktiki yaşamağa başladıqdan sonra aylıq 35 manat kommunal ödənişləri Lamiyəyə vermişdir. Yalnız bir dəfə ona ödənişlə bağlı qəbz verilmişdir ki, həmin qəbzi də məhkəməyə təqdim etmişdir. Mübahisə ilə bağlı olaraq noyabr ayından sonra heç bir kommunal ödəniş etməmişdir. Verilmiş suallara əsasən cavabdeh onun adına mübahisəli mənzillə bağlı bağlanmış iki müxtəlif tarixli, eləcə də mənzilin dəyəri müxtəlif göstərilmiş müqavilələrə baxış keçirib, bunun səbəbini izah edə bilməmiş və qeyd etmişdir ki, müqavilələr ona təqdim edilərkən MMC-nin rəhbəri adından kimin imzalamasını və möhürü kimin vurmasını aydınlaşdırmamışdır. Miradəm Abbasovun müqavilə bağlanan tarixdən öncə vəfat etməsini isə həmin vaxt bilməmişdir. Onunla 2021-ci ilin mart ayının 5-də bir müqavilə bağlanmış, 2-ci müqavilə isə olmamışdır və 2-ci müqavilədə olan imza onun imzası deyildir. Prokurorluqda isə bu barədə məlumat vermişdir. Prokurorluqda istintaq edilən cinayət işi üzrə o, deyil qardaşı zərərçəkmiş şəxs qismində tanınmışdır. Hesab edir ki, o, əvvəlki evini satıb, hazırkı mübahisəli evi alıb bu vəziyyətə düşdüyü üçün zərər çəkibdir. İddia tələbinin rədd edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, Cavabdeh1 mübahisəli mənzilin dəyərini tam şəkildə ödəməklə əldə etmiş və o, vicdanlı alıcı hesab edilməlidir. Cavabdehlə bağlanmış müqavilənin etibarsızlığı isə iddiaçı tərəfindən mübahisələndirilməmiş, müqavilənin saxta olması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə hökmü yoxdur. Belə olan halda müqavilə qanuni hesab edilməlidir. Prokurorluq orqanlarında isə bu faktla bağlı başlanmış cinayət işi üzrə hazırda ibtidai istintaq davam etdirilir. İşin hallarından isə görünür ki, mənzil Cavabdeh1 faktiki təhvil verilməklə, cavabdeh və onun ailə üzvlərinin istifadəsində olmaqla orada yaşayırlar. Bundan başqa, mənzildə təmir işləri aparılarkən MMC-nın işçiləri də bu barədə məlumatlı olub cavabdehə bunun üçün zəruri şərait yaradılmışdır. Dolayısı ilə mənzil cavabdehə MMC tərəfindən faktiki təhvil verilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edilərək rədd edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubda qeyd olunanları müdafiə edərək izahatında bildirmişdir ki, Cəmiyyət xx.xx.2005-ci ildə dövlət qeydiyyatına alınmış, 2014-cü ildə yenidən təşkil edilmiş, 3 redaksiyada nizamnaməsi qəbul edilmiş və həmin tarixdən hazırkı dövrədək təsisçiləri X21, X22, X9, X20 və X23r. Cəmiyyət təsis edildiyi tarixdən qanuni təmsilçisi X19 olmuş, xx.xx.2018-ci il tarixdə isə o, vəfat etmişdir. X19 vəfat etdikdən sonra "xxxx" MMC-nin təsisçilərinin qərarı ilə müvəqqəti direktor vəzifəsini icra edən-direktor əvəzi X17 qanuni təmsilçilik həvalə edilmişdir. xx.xx.2021-ci il tarixli dövlət reyestrindən verilmiş çıxarışa əsasən isə Cəmiyyətin qanuni təmsilçisi hazırda X10r. Eyni zamanda X6 "xxxx" MMC-də xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək fəhlə vəzifəsində işləmiş və həmin tarixdə işdən azad edilmişdir. X6 Cəmiyyətin adından heç bir səlahiyyəti olmamışdır. "xxxx" MMC-də hazırda işləyən işçilər X18, X11 və Nümayəndədur. Bundan başqa, Şahid1 "xxxx" MMC-də işləmiş və sonradan işdən azad edilmişdir. “Fərəc” adlı şəxs isə ümumiyyətlə Cəmiyyətdə işləməmişdir. Göstərilənlərlə yanaşı, Cəmiyyətlə bağlanmış xx.xx.2020-ci il tarixli 174 saylı “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqaviləyə əsasən tərəflərindən inşa edilmiş binanın 1-ci blok, 3-cü mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 112,4 kv.m olan mənzil 83.500 manat müqabilində İddiaçı satılmışdır. İddiaçı ilə bağlanmış sözügedən müqavilə həmin tarixdə Cəmiyyətin səlahiyyətli nümayəndəsi olan X22 tərəfindən imzalanmışdır. Ona görə də, Cəmiyyət qəbul edir ki, mübahisəli mənzilin qanuni sahibi iddiaçıdır. Lakin hazırkı iş üzrə cavabdeh olan Cavabdeh1 və Cavabdeh2 ilə Cəmiyyət arasında binada fərdi mənzilin tikintisi ilə bağlı heç bir müqavilə bağlanmamışdır. Verilmiş suallara əsasən Cəmiyyətin nümayəndəsi əlavə olaraq bildirdi ki, onda olan məlumata əsasən Cavabdeh1 qardaşı Şahid2 həmin inşa edilən çoxmənzilli yaşayış binasından 2018-ci ildə ev almış və 2021-ci ildə satmışdır. Yəni, cavabdehin yaxın qohumu bilmişdir ki, Cəmiyyətdə rəhbər kimdir, evi kimdən almaq və kimlə müqavilə bağlamaq lazımdır. Ağasəmid isə yalnız binada bəzi sakinlər tərəfindən verilmiş sifarişlər əsasında təmir işləri aparmışdır. Bundan xəbərdar olan Təsadüf aldığı mənzilin təmirini Ağasəmidə tapşırmış, sonuncu isə bundan suiistifadə edib mənzilləri başqa şəxslərə satıb pulunu mənimsəmişdir. Lakin Ağasəmidin mənzillərin satışı ilə bağlı səlahiyyəti olmamışdır. Hətta Cəmiyyətin təsisçilərindən olan Seyidfərəc də alqı-satqı proseslərində iştirak etməmiş və satışla bağlı mənzilin dəyəri olan pul vəsaitlərini qəbul etməmişdir. Müqavilə bağlanan vaxt pulu qəbul edən yalnız Cəmiyyətin direktoru vəzifəsini icra edən Tərlan olmuşdur. O, mənzilin cavabdeh tərəfindən təmir edilməsi ilə bağlı yaradılan şəraiti onunla izah etmişdir ki, həmin vaxt bina inşa edilib yekunlaşdırıldığından və təhvil verildiyindən şirkət digər məsələlərlə bağlı məsuliyyətdən azad olmuşdur. Bundan sui-istifadə edən Ağasəmid isə boş mənzilləri, hansı ki, sahibi olsa da uzun müddət maraqlanmamışlar, həmin mənzilləri digər şəxslərə qanunsuz satmışdır. Dolayısı ilə həmin dövrdə kənar şəxslərin binaya daxil olması ilə bağlı ciddi nəzarət və məhdudiyyət olmamışdır. Bina tikildikdən sonra Cəmiyyətin buna görə məsuliyyəti qalmır. Cavabdehin mənzili kimdən alması və pulu kimə ödəməsi barədə məlumatı yoxdur. Yalnız 2021-ci ilin dekabr ayında Cəmiyyət tərəfindən müəyyən edilmişdir ki, binada bir çox mənzillər ikinci şəxslərə qanunsuz satılmışdır. Buna görə də, Cəmiyyət tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilmiş və bundan sonra cinayət işi başlanmışdır. Hazırda Cəmiyyətin təsisçiləri də cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişlər. Mübahisə ilə bağlı qeyd edir ki, mənzil alınarkən alqı-satqı müqaviləsi səlahiyyətli şəxs tərəfindən imzalanmalı və möhür vurulmalıdır. Cəmiyyət tərəfindən müəyyən edilmişdir ki, İddiaçı mənzili səlahiyyətli şəxs Tərlan Məmmədovdan almışdır. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 2021-ci ilin mart ayında Cəmiyyətin təsisçisi olaraq tanıdığı “Fərəc” adlı şəxsə ümumilikdə 277.500 manat ödəniş edərək 3 mənzil almışdır. Həmin mənzillərdən ikisi onun özünə məxsus olmuş, digər biri isə qardaşı Cavabdeh1 məxsus olmaqla, qardaşının adına xx.xx.2021-ci il tarixli 163 nömrəli müqavilə verilmişdir. Mənzilin 1 m2 üçün 800 manatdan artıq məbləğlə hesablanmışdır. Mübahisəli mənzilin ümumi dəyəri olan 82.320 manat pulu Polad ona vermiş, o, da Fərəcə vermişdir. Pulu verərkən qardaşı yanında olmamışdır. O əvvəl də həmin binada ev alıb satmış və həmin vaxtdan Fərəci tanımışdır. Əvvəl hər hansı bir problem yaranmamışdır. O, pulu Fərəcə versə də, müqaviləni Ağasəmid binanın qabağında onlara təqdim etmişdir. Müqaviləni Polad binanın qarşısında imzalamışdır. Ümumilikdə 3 müqavilə olmuşdur: biri qardaşı Poladın mənzili ilə bağlı və digər ikisi onun mənzilləri ilə bağlı müqavilələr olmuşdur. Ağasəmid müqavilələri onlara təqdim edərkən artıq imzalanmış və möhürlənmiş vəziyyətdə olmuşdur. Sonradan bilmişdir ki, hər üç müqavilə ölmüş şəxsin adından imzalanmışdır. Həmin şəxsin ölmüş olmasını prokurorluqda bilmişlər. Verilmiş suallara əsasən o, Poladın adına bağlanmış eyni mənzillə bağlı iki müxtəlif tarixli, eləcə də mənzilin dəyəri müxtəlif göstərilmiş müqavilələr arasındakı ziddiyyətin səbəbini izah edə bilməmiş və qeyd etmişdir ki, müqavilələr ona təqdim edilərkən MMC-nin rəhbəri adından kimin imzalamasını və möhürü kimin vurmasını aydınlaşdırmamışdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, elektrik-santexnika üzrə usta fəaliyyəti ilə məşğul olur. Cavabdeh1 tanıyır. Belə ki, Poladın sifarişinə əsasən ona məxsus mənzili təmir etmişdir. Mənzilin təmiri ilə bağlı müqaviləsi olmamışdır. Təmirə başlananda Polad onları ofisdə işləyən Ağasəmid kimi tanıdığı şəxsə təqdim etmişdir. Ofisdə Ağasəmiddən başqa adını xatırlamadığı xanım çalışmışdır. Sonra onlara binaya giriş-çıxış üçün kart vermişlər. Binaya daxil olan zaman onlardan soruşulduqda Poladın evinə getdiklərini bildirmişlər. Onlara evi Ağasəmid təqdim etmiş və müvafiq ölçüləri götürmüşlər. Ağasəmidin yanında işləyən xanımın da onların kimin evində təmir işləri aparmaları barədə xəbərdar olmuşlar. Mənzilin təmir işləri davam edən vaxt Poladdan başqa kimsə mənzilin sahibi kimi onlara yaxınlaşmamışdır. Bu müddət ərzində Ağasəmid mənzilə gəlib təmirlə maraqlanmamışdır. Lakin onda olan məlumata görə tikinti materiallarının mənzilə daşınması üçün Ağasəmiddən icazə alınmışdır. O, Poladın Cəmiyyətin digər vəzifəli şəxsləri ilə ünsiyyətdə olmasının şahidi olmamışdır. Təmir isə 2021-ci ilin mart ayının axırında başlamış, 6 ay müddətində, yəni avqust ayında yekunlaşmışdır. Zəhmət haqqı kimi 15.000 manata yaxın pul almışdır. Verilmiş suallar əsasında şahid bildirmişdir ki, o, əslən Şamaxı rayonundandır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, fərdi qaydada mənzillərin təmir işləri ilə məşğuldur. Cavabdeh1 tanıyır. Belə ki, cavabdehə məxsus evdə təmir işləri aparmışdır. Təmir işləri 2021-ci ilin mart ayında başlamış və 5-6 ay müddətinə davam etmişdir. İşlər 2 nəfər usta və bir nəfər fəhlə tərəfindən icra olunmuşdur. Mənzilin təmiri ilə bağlı müqavilə olmamış və zəhmət haqqı nağd pul formasında verilmişdir. O, binada rəhbər işçi olaraq Ağasəmid və Fərəc adlı şəxslərin olmasını bilmişdir. Lakin binaya nəzarət edən şəxs Ağasəmid olmuşdur. Hətta, Ağasəmidin katibəsi olmuşdur. Tikinti materiallarının mənzilə daşınmasında onlara binada işləyən “qoca” ləqəbli fəhlə kişi köməklik etmişdir. Onlar həmin mənzili təmir edən vaxt Poladdan başqa kimsə onlara mənzil sahibi kimi yaxınlaşmamışdır. Verilmiş suallar əsasında şahid bildirmişdir ki, o, əslən Şamaxı rayonundandır. Həmçinin iş materiallarında olan: - podratçı "xxxx" MMC ilə sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 174 nömrəli “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə”nin əslindən müəyyən edilir ki, “Sifarişçi”nin Bakı şəhəri ərazisində çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi sifarişinə əsasən “Podratçı” Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində inşa edilmiş çoxmənzilli yaşayış binasının, 1-ci bloku, 3-cü mərtəbəsində yerləşən 2 otaqlı, sahəsi 112,4 kv.m olan, 12 saylı mənzilini tikib “Sifarişçi”yə təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin qiyməti - tikilən mənzilin ümumi yaşayış sahəsinin (oxdan-oxa) 1 kv.m qiyməti 742 manatdan olmaqla, 83.000 manat müəyyən edilmişdir. Müqaviləyə görə “Sifarişçi” müqavilə imzalanarkən mənzilin ümumi dəyəri olan 83.500 manatı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədən həmçinin müəyyən edilir ki, "xxxx" MMC-nin direktor əvəzi T.M.Məmmədov tərəfindən imzalanmış və Cəmiyyətin möhürü ilə təsdiq edilmişdir. - "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş aylar üzrə ödəniş cədvəlindən və eyni tarixli 174 nömrəli maliyyə arayışından müəyyən olunur ki, "xxxx" MMC-nin Yasamal rayonu, Yeni Yasamal ünvanında inşa etdiyi hündürmərtəbəli çoxmənzilli yaşayış binasının 3-cü mərtəbəsindəki 12 saylı mənzilin dəyəri olan 83.500 manat İddiaçı tərəfindən tam ödənilmiş və onun həmin mənzilə görə "xxxx" MMC-yə heç bir borcu yoxdur. - "xxxx" MMC-nin tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 04 nömrəli arayışda göstərilmişdir ki, "xxxx" MMC-nin Yasamal rayonu, 7-ci alatava, 80A ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən 12 saylı mənzil həqiqətən İddiaçı məxsusdur. - Bakı şəhəri Yasamal rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, prokurorluqda aparılan istintaq zamanı Yasamal rayonu, Yeni Yasamal, 7ci Alatava 80A ünvanında "xxxx" MMC tərəfindən tikilmiş və idarə olunan yaşayış binasında 112,4 m2 sahəsi olan, 1-ci blok, 3-cü mərtəbədə yerləşən 12 nömrəli mənzilin xx.xx.2020-ci il tarixli, 174 nömrəli müqavilə əsasında "xxxx" MMC tərəfindən İddiaçı, sonradan isə həmin mənzil xx.xx.2021-ci il tarixli, 163 nömrəli saxta müqavilə əsasında X5 tərəfindən Cavabdeh1 satılması müəyyən edilmişdir. - Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Yasamal rayon prokurorluğu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2118-xid-22 saylı məktubdan müəyyən edilmişdir ki, həmin prokurorluqda "xxxx" MMC-nin vəzifəli şəxsləri barəsində AR CM-nin 178.3.2, 308.1, 313 və 320.1-ci maddələri istintaq edilən cinayət işi xx.xx.2022-ci il tarixdə istintaqın davam etdirilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsinə göndərilmişdir. - AR-nın Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsindən məhkəməyə daxil olmuş xx.xx.2022-ci il tarixli məktubdan müəyyən edilir ki, X5 xx.xx.2022-ci il tarixdə CM-nin 178.3.2 və 320.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilmişdir. Aparılmış istintaq zamanı İddiaçı və Şahid2 zərərçəkmiş şəxs qismində tanınmış, Cavabdeh1 iş üzrə şahid qismində dindirilmişdir. Məktuba həmçinin məhkəməsinin sorğusuna əsasən Cavabdeh1 ilə mübahisəli mənzillə bağlı verilmiş müqavilələr əlavə edilmişdir. Həmin müqavilələr məhkəmə tərəfindən müqayisəli şəkildə tədqiq edildikdə müəyyən edilmişdir ki, eyni mübahisəli mənzillə bağlı xx.xx.2021-ci il tarixli, 163 nömrəli və xx.xx.2021-ci il tarixli, 127 nömrəli müqavilələr, xx.xx.2021-ci il tarixli, 163 nömrəli maliyyə arayışı, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli ödəniş cədvəli mövcuddur. Belə ki, Cavabdeh1 adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 163 nömrəli müqavilənin məzmunundan müəyyən edilir ki, podratçı qismində "xxxx" MMC Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində inşa edilmiş çoxmənzilli yaşayış binasının, 1-ci bloku, 3cü mərtəbəsində yerləşən 2 otaqlı, 12 saylı mənzilini tikib sifarişçiyə təhvil vermək, sifarişçi isə həmin mənzili qəbul edərək əvəzində 82.320 manat ödəniş etmək öhdəliklərini götürmüşlər. Həmçinin xx.xx.2021-ci il tarixli, 163 nömrəli maliyyə arayışında göstərilmişdir ki, "xxxx" MMC-nin Yasamal rayonu, Yeni Yasamal ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının 12-ci mənzilinin dəyəri – 82.320 manat Cavabdeh1 tərəfindən tam ödənilmiş və onun həmin mənzilə görə "xxxx" MMC-yə heç bir borcu yoxdur. Cavabdeh1 adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 127 nömrəli müqavilədə isə göstərilmişdir ki, podratçı eyni mənzili tikib sifarişçiyə təhvil verməyi, sifarişçi isə həmin mənzili qəbul edərək əvəzində 85.000 manat ödəniş etməyi öhdəsinə götürür. Beləliklə qeyd olunan sənədlərdən müəyyən edilir ki, "xxxx" MMC-nin direktoru Abbasov M.Ə tərəfindən imzalanmışdır. Müqavilələrin məzmunundan görünür ki, xx.xx.2021-ci il tarixli müqavilədə mənzilin dəyəri 82.320 manat, xx.xx.2021-ci il tarixli müqavilədə isə 85.000 manat göstərilmişdir. Həmçinin sənədlər müqayisəli şəkildə tədqiq edildikdə adi vizual baxışdan müəyyən edilir ki, ayrı-ayrı şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında xx.xx.2021-ci il tarixli, 127 nömrəli müqavilədəki imzanın ona məxsus olmadığını bildirmişdir. Məhkəmə tərəfindən verilmiş suala əsasən nə adına müvafiq sənədlər tərtib edilmiş Cavabdeh1, nə də həmin sənədlərin ona təqdim edilməsində vasitəçilik etmiş qardaşı və məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 mötəbər dəlillərlə iki müxtəlif müqavilənin olması və müqavilələr arasındakı ziddiyyəti izah edə bilməmişlər. Məhkəmənin sorğusuna əsasən AR-nın Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsi tərəfindən həmin idarədə istintaq edilən cinayət işi üzrə təyin edilmiş sənədlərin məhkəmə-texniki və xəttşünaslıq ekspertizası əsasında AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/319-5/278 nömrəli ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən müəyyən edilir ki, ekspertizaya tədqiqat üçün "xxxx" MMC-nin təsisçilərindən olan X7, X13, işçisi Şahid1, X2, proses iştirakçıları Şahid2 və Cavabdeh1 şərti-sərbəst və eksperimental nümunələri, "xxxx" MMC-nin möhürü təqdim edilmişdir. İmza və xətt nümunələri üzrə aparılmış ekspertiza tədqiqatı nəticəsindən ekspert tərəfindən belə nəticəyə gəlinmişdir ki, xx.xx.2021-ci il tarixli 127 saylı müqavilənin və həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinin əlyazma mətni X5 tərəfindən icra olunmuşdur. Bundan başqa rəylə müəyyən edilir ki, xx.xx.2021-ci il tarixli müqavilədə “Sifarişçi” qrafasındakı imza, həmin müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində “Ödəyənin imzası” və “Öhdəçinin imzası” qrafalarında, eyni zamanda xx.xx.2021-ci il tarixli 127 saylı müqavilədə “Sifarişçi” qrafasındakı, həmin müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində “Ödəyənin imzası” və “Öhdəçinin imzası” qrafalarındakı imzalar Cavabdeh1 tərəfindən icra olunmuşdur. Müəyyən edilir ki, Cavabdeh1 adına bağlanmış xx.xx.2021-ci il tarixli 163 nömrəli müqavilənin, həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinin və maliyyə arayışının əlyazma mətnləri eyni şəxs tərəfindən icra edilmişdir. Lakin həmin əlyazma mətinləri Şahid2 və Cavabdeh1, eləcə də X9, X22, Şahid1 və X5 tərəfindən deyil başqa şəxs ( və ya şəxslər) tərəfindən icra olunmuşdur. Cavabdeh1 adına bağlanmış xx.xx.2021-ci il tarixli, 127 nömrəli və xx.xx.2021-ci il tarixli 163 nömrəli müqavilələrə əlavə edilmiş ödəniş cədvəlinin “Ödənişi qəbul edənin imzası” qrafasındakı 1 ədəd imzalar X9, X22, Şahid1 tərəfindən deyil başqa şəxs (və ya şəxslər) tərəfindən icra olunmuşdur. Həmin imzaların X4 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Sənədlərin texniki ekspertizası üzrə aparılmış tədqiqat nəticəsindən ekspert tərəfindən belə nəticəyə gəlinmişdir ki, xx.xx.2021-ci il tarixli, 163 nömrəli müqavilədə və eyni tarixli maliyyə arayışında möhür əksi relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Həmin möhür əksləri ekspertizaya təqdim edilmiş "xxxx" MMC-nin möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil etmir. xx.xx.2021-ci il tarixli, 163 nömrəli müqavilə müqavilənin “Podratçı” və “"xxxx" MMC-nin direktoru” qrafalarında olan imzalar və maliyyə arayışında olan imzalar faksimel vasitəsilə vurulmuşdur. xx.xx.2021-ci il tarixli, 127 nömrəli müqavilənin möhür əksləri və imzalar hər hansı eyni növ sənəddən texniki qurğu vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə axıntılı printerdə çap edilmişdir. Lakin həmin müqavilədəki möhür əksi ekspertizaya tədqim edilmiş "xxxx" MMC-nin möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil edir. Hər iki müqavilənin “Sifarişçi” və “Öhdəçinin imzası” qrafalarındakı imzalar, hər hansı texniki qurğu vasitəsilə deyil birbaşa qələmlə icra edilmişdir. - AR-nın Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsindən məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan müəyyən edilir ki, cinayət işi üzrə aparılan istintaq zamanı Cəmiyyətin təsisçiləri təqsirləndirilən şəxs qismində cəlb edilməmişdir. Hazırki mülki iş üzrə İddiaçı və cavabdehin qardaşı Şahid2 onların öz müraciəti əsasında deyil, istintaqın gəldiyi qənaətə əsasən zərərçəkmiş şəxs qismində tanınmışlar. Müəyyən edilir ki, X5 həmin Cəmiyyətdə hər hansı rəsmi vəzifə tutmamış, lakin o, özünü bina sakinlərinə Cəmiyyətin nümayəndəsi kimi təqdim edərək faktiki olaraq binanın komendantı kimi fəaliyyət göstərmişdir. Məktuba əlavə edilmiş xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərarlardan müəyyən edilir ki, mübahisəli mənzilin yerləşdiyi və Cəmiyyət tərəfindən inşa edilmiş yaşayış binasının xeyli sayda sakini Yasamal rayon prokurorluğuna kollektiv şikayət ərizəsi ilə müraciət edərək 2019-cu ildən 2021-ci ilin yay aylarınadək olan müddət ərzində özünü Cəmiyyətin nümayəndəsi və komendantı kimi təqdim edən X5 tərəfindən Cəmiyyətin vəzifəli şəxslərinin adına saxta müqavilə və maliyyə arayışları əsasında mənzillər satılması faktına görə CM-nin 178.3.2, 308.1 və 313-cü maddələri ilə cinayət işi başlanmışdır. Həmin cinayət işi üzrə Şahid2 xx.xx.2021-ci il tarixli 224 nömrəli saxta müqavilə, ödəniş cədvəli və maliyyə arayışı əsasında 89.600 manata; xx.xx.2021-ci il tarixli 215 nömrəli saxta müqavilə, ödəniş cədvəli və maliyyə arayışı əsasında 105.600 manata, xx.xx.2021-ci il tarixli, 163 nömrəli saxta müqavilə, ödəniş cədvəli və maliyyə arayışı əsasında 82.320 manata mənzil satılmaqla, ona məxsus 277.520 manat pulun ələ keçirilməsi ilə bağlı, o, zərərçəkmiş şəxs qismində tanınmışdır. Bundan başqa cinayət işi üzrə İddiaçı xx.xx.2021-ci il tarixli saxta müqavilə və saxta maliyyə arayışı əsasında 95.000 manata mənzil satılmaqla ona məxsus pulun ələ keçirilməsi ilə bağlı, o, zərərçəkmiş şəxs qismində tanınmışdır. Beləliklə, müəyyən edilmişdir ki, iddiaçı hazırkı mülki iş üzrə mübahisəli mənzillə bağlı deyil digər müqavilə əsasında binadan aldığı mənzillə bağlı zərərçəkmiş şəxs qismində tanınmışdır. Mübahisəli mənzillə bağlı isə Cavabdeh1 deyil, onun qardaşı Şahid2 zərərçəkmiş şəxs qismində tanınmışlar. -Yasamal Rayon Məhkəməsinin oxşar məhkəmə mübahisəsi üzrə qəbul etdiyi və qanuni qüvvəsini almış xx.xx.2022-ci il tarixli 2(004)-2121/2022 saylı qətnaməsindən müəyyən edilir ki, Cavabdeh1 adına olan xx.xx.2021-ci il tarixli, 163 nömrəli və xx.xx.2021ci il tarixli, 127 nömrəli müqavilələri "xxxx" MMC-nin adından imzalayan X19 xx.xx.2018-ci il tarixdə ölmüşdür. -Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərdən müəyyən edilir ki, mübahisəli mənzil təmir edilmişdir. "xxxx" MMC-nin mənzil kommunal xidməti haqqında mədaxil qəbzindən müəyyən edilir ki, mənzilin hazırda faktiki istifadəçisi olan Cavabdeh1 tərəfindən 2021-ci ilin oktyabr və noyabr ayları üzrə aylıq 35 manat olmaq cəmi 70 manat ödəniş edilmişdir. Bununla da müəyyən edilir ki, mübahisəli mənzil hazırda təmirli vəziyyətdə olmaqla cavabdehin faktiki istifadəsindədir. -"xxxx" MMC-nin məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubdan müəyyən edilir ki, nümayəndənin izahatında göstərilən xüsusatlar əks olunur. Beləliklə işin müəyyən edilmiş halları odur ki, mübahisə predmeti olan mənzilin tikilərək iddiaçıya verilməsi barədə "xxxx" MMC ilə iddiaçı arasında 24 yanvar 2020-ci il tarixli, 174 nömrəli müqavilə bağlanmış və eyni tarixli maliyyə arayışına əsasən iddiaçı mənzilin dəyəri olan 83.500 manat pul vəsaitini tam ödəməklə almışdır. Bundan sonra eyni mənzilə dair Cavabdeh1 adına iki müxtəlif tarixlərdə, yəni xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə müqavilə tərtib edilmiş və mənzil ona ilkin müqavilə verildiyi tarixdə təhvil verilmişdir. Cavabdeh mənzili təmir etdirməklə hazırda faktiki ailəsi ilə birlikdə yaşayır. Məhkəmə araşdırması ilə müəyyən edilir ki, Cavabdeh1 adına iki müxtəlif tarixlərdə, yəni xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə müqavilə tərtib edilmiş müqavilələrin rekvizitləri saxtalaşdırılmışdır. Belə ki, hər iki müqavilə həmin vaxt yaşamayan "xxxx" MMC-nin direktor əvəzi olmuş M.Ə.Abbasovun adından imzalanmışdır. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/319-5/278 nömrəli ekspert rəyi ilə isə təsdiq olunur ki, xx.xx.2021-ci il tarixli 127 saylı müqavilə M.Ə.Abbasovun adından X5 tərəfindən imzalanmış, lakin xx.xx.2021-ci il tarixli 163 nömrəli müqavilənin kim tərəfindən imzalanmasını müəyyən etmək mümkün olmamışdır. Müqavilələrdəki möhür əksinə gəldikdə isə müəyyən edilir ki, xx.xx.2021-ci il tarixli, 163 nömrəli müqavilədə və eyni tarixli maliyyə arayışında möhür əksi relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmasına baxmayaraq "xxxx" MMC-nin möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil etmir. xx.xx.2021-ci il tarixli, 127 nömrəli müqavilənin möhür əksləri "xxxx" MMC-nin möhürünün eksperimental əks nümunələri ilə eynilik təşkil etsə də birbaşa klişedən vurulmamış və texniki qurğu vasitəsilə kompüterə köçürülməklə qrafik proqram təminatından istifadə etməklə axıntılı printerdə çap edilmişdir. Bundan başqa rəylə müəyyən edilir ki, hər iki müqavilədə “Sifarişçi” qrafasındakı, həmin müqaviləyə əlavə olunmuş ödəniş cədvəllərindəki “Ödəyənin imzası” və “Öhdəçinin imzası” qrafalarındakı imzalar Cavabdeh1 tərəfindən birbaşa icra olunmuşdur. Məhkəmə araşdırması həmçinin müəyyən edilir ki, Cavabdeh1 mübahisəli mənzili və bunun müqabilində ödənişi "xxxx" MMC-nin səlahiyyətli vəzifəli şəxsindən deyil, mənzilin satışı ilə bağlı səlahiyyəti olmayan X1 təhvil almışdır. Bunun əksinə olaraq İddiaçı mübahisəli mənzilin alınması ilə bağlı müqaviləni Cəmiyyətin səlahiyyətli vəzifəli şəxsi olan X22 ilə bağlamış və onun tərəfindən imzalanmışdır. Mənzil İddiaçı təhvil verilməsinə baxmayaraq o, mənzilin təmirini binada faktiki olaraq mənzillərin təmiri ilə məşğul olan X3 tapşırmışdır. İşin hallarından müəyyən edilir ki, iddiaçı mənzilin təmiri ilə maraqlandıqda həmyerliləri olan ustalar tərəfindən işlər aparılmasının şahidi olmuşdur. Cavabdehin vəsatətinə əsasən məhkəmə iclasında dindirilmiş şahid ifadələrindən də görünür ki, onlar həqiqətən də iddiaçı ilə həmyerli olmaqla Şamaxı rayonundandırlar. Belə olan halda məhkəmə iddiaçının buna dair izahatını inandırıcı hesab edir. Göstərilənlərlə yanaşı məhkəmə iclasında cavabdeh xx.xx.2021-ci il tarixli, 127 nömrəli müqaviləni imzalamadığını bildirməsinə baxmayaraq, ekspert rəyi ilə müəyyən edilir ki, eyni mənzillə bağlı iki müxtəlif müqavilə onun özü tərəfindən birbaşa olaraq imzalanmışdır. Eyni zamanda "xxxx" MMC mübahisəli mənzillə bağlı yalnız İddiaçı ilə müqavilə bağlandığını və Cavabdeh1 ilə aralarında hər hansı müqavilə mövcud olmadığını bildirmişdir. AR-nın Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsindən məhkəmə təqdim edilmiş Tərlan Məmmədovun verdiyi ifadənin məzmunundan görünür ki, mübahisəli mənzillə bağlı cavabdehə Cəmiyyət tərəfindən hər hansı müqavilə və ya başqa sənəd verilməmişdir. Həmin mənzil İddiaçı satılmışdır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilir ki, Cavabdeh1 adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 163 saylı və xx.xx.2021-ci il tarixli, 127 saylı müqavilələr saxtalaşdırılmışdır. İşin hallarından da göründüyü kimi, qeyd olunan faktla bağlı AR-nın Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsində AR CM-nin 178.3.2, 308.1, 313 və 320.1-ci maddələri ilə cinayət işi üzrə istintaq aparılır. Həmin iş üzrə Cəmiyyətin işçisi olmuş X5 xx.xx.2022-ci il tarixdə CM-nin 178.3.2 və 320.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilmiş, istintaq zamanı İddiaçı və Şahid2 zərərçəkmiş şəxs qismində tanınmış, Cavabdeh1 iş üzrə şahid qismində dindirilmişdir. Məhkəmə fakta görə prokurorluq orqanlarında istintaq aparılmasını nəzərə alaraq bu barədə xüsusi qərardad qəbul etmir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Cavabdeh1 mübahisəli mənzilə dair subyektiv hüququ yaranmamışdır. Hazırda iddiaçı mübahisə predmeti olan mənzilin onun mülkiyyətində olduğunu bildirərək cavabdehlərin həmin mənzildən çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh isə vicdanlı alıcı olduğunu bildirərək iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iddianı əsaslı hesab edir. Belə ki, yuxarıda qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, mübahisə predmeti olan mənzil "xxxx" MMC tərəfindən ilk dəfə iddiaçıya satılmışdır, daha sonra Cavabdeh1la həmin mənzilin satışına dair iki fərqli tarixli müqavilə bağlanmışdır. Bu halda məhkəmə hesab edir ki, mübahisə predmeti olan mənzil xx.xx.2020-ci il tarixli, 173 saylı müqaviləyə əsasən iddiaçının əmlakı hesab edilməlidir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 isə mübahisə predmeti olan sahəyə hər hansı hüquq müəyyənedici sənədi yoxdur. Beləliklə, məhkəmə mübahisə predmeti olan mənzilə dair iddiaçının etibarlı müqaviləsinin olmasını və iddiaçının öz əmlakı barəsində sərbəst sərəncam vermək iqtidarında olmasını nəzərə alaraq qeyd edir ki, cavabdehlər həmin mənzildən çıxarılmalı və mənzil boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blok, 3cü mərtəbəsində yerləşən, ümumi sahəsi 112,4 kv.m olan, iki otaqlı, 12 nömrəli mənzildən əşyaları ilə birlikdə çıxarılmalı və mənzil boşaldılaraq İddiaçı təhvil verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blok, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 112,4 kv.m olan, iki otaqlı, 12 nömrəli mənzildən əşyaları ilə birlikdə çıxarılsın və mənzil boşaldılaraq İddiaçı təhvil verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-109/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-109/2023
30.01.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver