Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1090/2025 17.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə qarşı əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma dövrünə görə əmək haqqının ödənilməsi tələbinə dair iş üzrə (açar sözlər: əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma dövrünə görə əmək haqqının ödənilməsi, işçilərinin sayının və ya ştatların ixtisar edilməsi) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə qarşı əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma dövrünə görə əmək haqqının ödənilməsi tələbinə dair mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" ASC-nin “Sumqayıt Sukanal” İdarəsinin 2024-cü il üçün ştat cədvəlinə əsasən “Təmizləyici qurğular sexi” üzrə 31 təmizləyici qurğuların operatoru olmaqla cəmi 47 ştat mövcud olmuşdur.
2. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xx.xx.2024-cü il tarixli, 002/f nömrəli əmri ilə Agentliyin tabeliyindəki “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin strukturu və ştat cədvəli təsdiq edilmiş, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin işçilərinin say həddi 7700 ştat vahidi, o cümlədən Xidmətin Aparatı üzrə 180 ştat vahidi müəyyən edilmişdir.
3. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin sədrinin xx.xx.2024-cü il tarixli əmri ilə təsdiq edilmiş Sumqayıt şəhər Sukanal idarəsinin fəhlələrinin 2024-cü il üçün ştat cədvəlinə əsasən, xx.xx.2024-cü il tarixdən etibarən “Təmizləyici qurğular sexi” üzrə 20 təmizləyici qurğuların operatoru ştatı vahid müəyyən edilmişdir.
4. xx.xx.2024-cü il tarixli ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıqdan görünür ki, İddiaçı ştat cədvəlinə əsasən tutduğu vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixdən ixtisara düşəcəyi, onunla bağlanmış əmək müqaviləsinin 6 təqvim həftəsindən sonra ləğv ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
5. xx.xx.2024-cü il tarixli akta əsasən xx.xx.2024-cü il tarixli xəbərdarlıq İddiaçı təqdim edilmiş, lakin sonuncu xəbərdarlıqla tanış olmuş, qəbul etməkdən imtina etmişdir. Aktı aparatın hüquq məsləhətçisi Günay Cəfərova, kadrlar üzrə mütəxəssis Xuraman Məmmədova və Təmizləyici qurğular sexinin sex rəisi Vadim Abdullayev öz imzaları ilə təsdiq etmişlər.
6. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin Sumqayıt şəhər Sukanal idarəsinin xx.xx.2024-cü il tarixli, 793-K nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsi ştat vahidi ixtisar edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən ləğv edilmiş, İddiaçı Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən Sumqayıt Sukanal İdarəsində 8 il 6 ay 12 gün əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 1,7 misli miqdarında işdən çıxma müavinəti verilməsi, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 14 təqvim günü pul əvəzinin ödənilməsi əmr edilmişdir.
7. Azərbaycan Su Təsərrüfatı X2 Respublika Komitəsinin xx.xx.2024-cü il tarixli, 71 nömrəli məktubundan görünür ki, ştat vahidinin ixtisarı ilə əlaqədar siyahıda qeyd olunan işçilərin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə etiraz edilmir.
8. xx.xx.2024-cü il tarixli Akta əsasən İddiaçı Sumqayıt Şəhər Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə kanalizasiya nasos qurğularının istismarı sahəsinin elektrik avadanlıqlarının təmiri üzrə çilingər-elektrik peşəsi (X1 əmək qabiliyyətini müvəqqəti itirilməsi ilə əlaqədar xəstəlik vərəqəsində olduğu müddət ərzində) təklif olunmuş, İddiaçı həmin peşəyə keçməkdən imtina etmişdir. Aktı şöbə rəisi Rəna Məmmədova, kadrlar üzrə mütəxəssis Yeganə Qasımova və kadrlar üzrə mütəxəssis Xuraman Məmmədova öz imzaları ilə təsdiq etmişlər.
9. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin Sumqayıt Sukanal İdarəsinin X3 Komitəsinin sədrinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubu ilə İddiaçı və digərlərinin əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilməsinə münasibət bildirilməsi xahiş olunmuşdur.
10. Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə siyahıda adı göstərilən şəxslərin ixtisar olunmalarına etiraz edilmədiyi bildirilmişdir.
11. Müayinə olunan şəxs üzrə məlumat vərəqəsindən görünür ki, İddiaçı insulindən asılı şəkərli diabet xəstəliyi diaqnozu qoyulmuşdur.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
12. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, K-793 nömrəli əmrin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa olunması və məcburi işburaxma dövrü üçün əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddianın əsaslarına görə, xx.xx.2016-cı il tarixdə "xxxx" ASC-nin Sumqayıt Sukanal idarəsinə “Təmizləyici qurğular” sexinə 4-cü dərəcə ilə təmizləyici qurğuların operatoru vəzifəsinə təyin olunmuşdur. xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat vahidi ixtisar edildiyinə görə işdən azad olunmuşdur. İddiaçı bu əmrlə razı deyil. Ailəlidir, ailənin yeganə qazanc gətirən şəxsidir. 2003-cü il təvəllüdlü bir övladı var, tələbədir. Pensiya yaşına çox az müddət qalmışdır. Ona vəzifəsinə uyğun vəzifə təklif edilməmişdir.
b) iddiaya qarşı etiraz
14. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
a) məhkəmə icraat iştiakçılarının izahatları
15. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddia tələbini müdafiə edərək, göstərdilər ki, cavabdeh təşkilat tərəfindən əmək müqaviləsi ləğv edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur.
16. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etmədiklərini, əmək müqaviləsi ləğv edilərkən qanunvericiliyin bütün tələblərinə riayət edildiyini bildirmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 16.
1. Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır; Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; Maddə 71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər
1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür; Maddə 77.
1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.
2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir;
3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında; Maddə 78.
1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır;
Maddə 80.
1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir;
2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir; Maddə 300.
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
Məhkəmə baxışının hədləri
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
20. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xx.xx.2024-cü il tarixli, 002/f nömrəli əmri ilə Agentliyin tabeliyindəki “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin strukturu və ştat cədvəli təsdiq edilmiş, publik hüquqi şəxsin işçilərinin say həddi 7700 ştat vahidi, o cümlədən Xidmətin Aparatı üzrə 180 ştat vahidi müəyyən edilmişdir. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin sədrinin xx.xx.2024-cü il tarixli əmri ilə təsdiq edilmiş Sumqayıt şəhər Sukanal idarəsinin fəhlələrinin 2024-cü il üçün ştat cədvəlinə əsasən, xx.xx.2024-cü il tarixdən etibarən “Təmizləyici qurğular sexi” üzrə 20 təmizləyici qurğuların operatoru ştatı vahid müəyyən edilmişdir.
21. İxtisarlar aparıldıqdan sonra iddiaçı işini davam etdirmiş, təxminən 4 ay sonra cavabdehin xx.xx.2024-cü il tarixli, 793-K nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin təsdiq edilmiş sturukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir.
22. İddiaçı bu əmri mübahisələndirərək, əmr verilərkən qanunvericiliyin tələblərinə əməl edilmədiyini bildirir.
23. Məhkəmə qeyd edir ki, işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin əsas hüquqlarından biri olmaqla yanaşı, bunu həyata keçirərkən əmək qanunvericiliyinin tələblərinə riayət etmək də işəgötürənin vəzifəsidir.
24. İşəgötürən işçilərin sayını və ştatları ixtisar etmək hüququndan istifadə edərkən, ixtisarın aparılmasının zəruriliyini əsaslandırmalıdır. İşçinin əmək müqaviləsi bu əsasla ləğv edilərkən də qanunvericiliyin tələblərinə əməl edilməlidir.
25. Hazırkı işdən görünür ki, əmək müqaviləsi ləğv edilərkən işə götürən tərəfindən bu kateqoriya işlər üzrə qanunvericiliyin tələblərinə əməl edilməmişdir.
26. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndindəki əsasla əmək müqaviləsi ləğv edilərkən əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Bunun üçün isə işəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən etməli, bu zaman onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.
27. Məhkəmə qeyd edir ki, işçinin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsində işəgötürənin mülahizə sərbəstliyi olsa da, bu qiymətləndirmə ən azından aparılmalı, müqayisəli analizin nəticələri təqdim edilməli idi. Bunun əksi hüquqdan sui-istifadə olmaqla, əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməzliyi kimi təməl prinsiplərin pozulması kimi qiymətləndirilməlidir.
28. Hazırkı iş üzrə cavabdeh ixtisar aparılarkən işdə saxlanılmış şəxslərə münasibətdə hansı kriteriyaların nəzərə alındığını, sərbəstləşdirilmiş iddiaçının işəgötürənin mülahizəsinə əsasən hansı kriteriyalara cavab vermədiyini əsaslandırmamış, bu barədə hər hansı dəlil, sübut təqdim etməmişdir.
29. Bundan əlavə, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsi ləğv edilərkən qanunun həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması barədə tələbinə də əməl edilməmişdir.
30. İş materiallarına “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin Sumqayıt Sukanal İdarəsinin X3 Komitəsinin xx.xx.2024-cü il tarixli “siyahıda adı göstərilən şəxslərin ixtisar olunmalarına etiraz edilmir” məzmunlu məktubu əlavə edilsə də, bu məktub özlüyündə həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alındığını təsdiq edən sənəd kimi çıxış edə bilməz.
31. Ona görə ki, qanuna əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinin ləğv edilməsi barədə təqdimat hazırlanmalı, təqdimata dair iclas keçirilməli və ən əsası həmkarlar ittifaqının razılığı əsaslandırılmış qərar formasında ifadə edilməlidir.
32. İşdən müəyyən edilir ki, cavabdeh təşkilat iddiaçının da aralarında olduğu bir qrup işçinin əmək müqaviləsinin ləğv olunmasına münasibət bildirilməsi ilə bağlı həmkarlar ittifaqı təşkilatına xx.xx.2024-cü il tarixli məktubla müraciət etmiş, cəmi bir gün sonra – xx.xx.2024-cü il tarixdə isə Həmkarlar İttifaqı Komitəsi razılıq məktubunu tərtib etmişdir. Bu da onu deməyə əsas verir ki, məsələyə həddən artıq formal yanaşılmış, məsələ ilə bağlı ümumiyyətlə hər hansı iclas keçirilməmiş, iddiaçının iştirakı təmin edilməmiş, fikri dinlənilməmişdir.
33. Xüsusi ilə qeyd edilməlidir ki, əmək müqaviləsi göstərilən əsaslarla ləğv edilərkən, Həmkarlar ittifaqı tərəfindən əsaslandırılmış qərarın qəbul edilməməsi, digər sözlə işçinin əmək müqaviləsinin ləğv edilməsinə razılığın İttifaq üzrə Komitənin sədrinin iradəsinə bağlı olması qanunvericiliyin bu qaydanı təsbit etməkdə güddüyü məqsədə tamamilə zidd bir addımdır.
34. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsi ləğv edilərkən silsilə pozuntulara yol verilmişdir ki, bu da əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğvinə əsas verir.
35. Odur ki, “əmək müqaviləsinin ləğv edilməsi haqqında” xx.xx.2024-ci il tarixli, 793-K nömrəli əmrin ləğv edilməsi hissədə iddia təmin edilməli, eyni zamanda bu tələb əsaslı olduğundan iddiaçının işə bərpa edilməsi, qanunsuz olaraq işləməkdən məhrum edildiyi bütün vaxt üçün, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan əmək haqqının ödənilməsi ilə bağlı tələblər də təmin edilməlidir.
36. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin əmək müqaviləsinin ləğv edilməsi haqqında xx.xx.2024-ci il tarixli, K-793 nömrəli əmri ləğv edilməli, İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin təmizləyici qurğuların operatoru vəzifəsinə işə bərpa edilməli, xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan məcburi işburaxma dövrü üçün əmək haqqı ona ödənilməlidir.
37. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin əmək müqaviləsinin ləğv edilməsi haqqında xx.xx.2024-cü il tarixli K-793 nömrəli əmri ləğv edilsin. İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin Sumqayıt şəhər Sukanal İdarəsinin Təmizləyici qurğular sexinin təmizləyici qurğuların operatoru vəzifəsinə işə bərpa edilsin. xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan məcburi işburaxma dövrü üçün əmək haqqı İddiaçı ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə