Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1102/2022 02.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” mülki işə Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqlşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada onun xeyrinə 97.000 ABŞ dollar əsas borcun, illik 5%lə hesablanmış 28000 ABŞ dollar əsas borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, X2 bacısı, Cavabdeh2 isə onun həyat yoldaşıdır. Bakı şəhəri, Yasamal rayonu, M.Sübhü küçəsi, 5 saylı dalanda yerləşən 5 saylı ev mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsusdur. Bir neçə il əvvəl bacısıgilin pula ehtiyacı olduğundan həmin evi 45.000 dollara satmaq istəmiş və bu barədə hətta qəzetdə elan da vermişdir. Bu barədə bacısı ilə danışan zaman məlum oldu ki, ona təcili 25.000 dollar pul lazımdır. Borclular onu sıxırlar. Cavabdehlərlə razılaşandan sonra onlara cəmi 27.000 dollar vermiş, evin dəyərindən cəmi 18.000 manat borcu qalmışdır. Daha sonra həmin ev banka girov edildiyindən adına rəsmiləşdirilməsinin reallaşdırması mümkün olmadı. Bundan sonra evin işlərinin yoluna qoyulması üçün ona 3.000 manat, hisə-hissə 5.000 dollar civarında pullar vermişdir. Bütün bu müddətlər ərzində bacısı öz ailəsi ilə həmin evdə yaşadılar. Həmin məbləğləri də ondan aldığı borc kimi onun üstündə qaldı. Son zamanlar evin yerləşdiyi “Sovetski” adlanan ərazidə söküntü və yenidən qurma işlərinin aparılması ilə bağlı adı çəkilən fərdi yaşayış evi də plana düşmüşdü. Bacısı onunla görüşüb evi geri ala biləcəyi, bunun üçün evin yeni bazar dəyəri ilə ona əvvəllər ödədiyi məbləği çıxmaqla yerdə qalan 70.000 dolları versə, ev onun sayılır. Söküləndə də verdiyi pulları qaytaracaq, yerdə qalan məbləği də xərclər çıxılandan sonra böləcək. Həm də evlə bağlı aralarında olan söz-söhbətə son qoyulacaqdır. Ona razı olduğunu bildirmiş, bir neçə gündən sonra hüquqşünasın yanında görüşüb danışmış və işin almacağına əmin olandan sonra və bir neçə gündən sonra yenə də həmin hüquqşünasın yanında cavabdehlərə 70.000 dollar nağd şəkildə pul vermişdir. Hər bir tərəf bununla bağlı öz əli ilə yazaraq qeyd etdi. Yazıların da surətləri hüquqşünasda saxlanıldı. Bir neçə müddətdən sonra da həqiqətən işlər alındı, Cavabdeh2 adına evin mülkiyyət sənədləri bərpa olundu. Onun arxasınca da söküntü altına verilməsi məsələsi reallaşdı. İndi də sökülən əmlaka görə kompensasiya məsələsinin həllinə gəldiyindən, cavabdehlər ondan qaçıb gizlənmişlər. Onların işini görən hüquqşünasın da yanına gedəndə, deyir ki, “qohumlarsmız özünüz bilərsiniz, mənlik deyildir.” Hesab edir ki, cavabdeh mülkiyyətçi olduğundan, onu evin alqı-satqısına məcbur etmək olmaz. Bu baxımdan da cavabdehdən məhz ev üçün götürdükləri 97.000 ABŞ dollar məbləğ borc hesab edilməli və tam şəkildə xeyrinə tələb olunmalıdır. Cavabdeh pulla bağlı razılaşdığı məsələyə vicdansızcasına yanaşaraq, borcun qaytarılması üçün son dəfə razılaşdığı vaxtdan artıq 2 il müddət keçməsinə baxmayaraq, borcu qaytarmır, ona məxsus, cavabdehdə olan 97.000 ABŞ dollar pulu özündə saxlamaqla, ondan iradəsinə zidd istifadə edir və gəlir əldə edərək, ondan faydalanır, varlanır. Cavabdehin ona qarşı qəsdli hərəkətinin nəticəsində, məxsus olduğu 97.000 ABŞ dollar pul vəsaitinin istifadəsindən məhrum olduğundan faydalana biləcəyi gəlir əlindən çıxmış, nəticədə cavabdehin razılaşmanı pozmaqla törətdiyi dilekt nəticəsində ona ziyan dəymişdir və həmin ziyan məbləği də ondan tələb olunmalıdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia ətizəsinə etiraz edərək göstərmişdirlər ki, iddia ərizəsində onlara məxsus evin ona satıldığı və bunun üçün pul ödədiyi barədə göstərdikləri ağ yalandır. Pulla bağlı məsələlərin hamısı onlara məxsus Bakı şəhəri, Yasamal rayonu, M.Sübhü küçəsi, 5 saylı dalanda yerləşən, 5 saylı fərdi yaşayış evin banka girov edilməsi və sonradan bundan irəli gələn mübahisələrin həlli ilə bağlı olmuşdur. Danışıqların hamısı da iki bacı olaraq aralarında olmuş, Cavabdeh2 danışıqlara qarışmamışdır. Ev iddiaçının yoldaşı Məhəmməd Əliyev tərəfindən banka girov qoyulmuş və 200 min dollardan çox kredit götürülüb. Həmin kreditdən onlara az bir miqdarda pul verilmiş, yerdə qalanını da özləri istifadə etmişlər. Danışığı da belə olmuşdur ki, həmin pula firmanı işlədəcəklər və krediti də tam şəkildə özləri, qazancdan bağlayaraclar. Bacısı olduğundan inanmış, yoldaşından gizli bunları etmişdir. Lakin sonradan krediti qaytarmamışlar, onlara məxsus ev ortada qalmışdır. Evi çıxartmaq üçün bank onlardan 100 min dollar istəmiş, pulda Rənada qaldığından, məsələni həll etməsini onlardan tələb etmişdir. İmtina etdiklərindən, onların hüquqşünası Fikrət Səfərovun yanına gedib, son dəfə onları xəbərdar etmişdir. Məqsədi evvəlcə Məhəmmədin işlədiyi Azərsu İdarəsinin qarşısına gedib, hər kəsin gözü qarşısında onu biabir etmək, damarlarını kəsmək, onun etdiklərini işfa etmək, daha sonra da evi getsəydi özünü diri-diri Prezident Aparatının qarşısında yandıracağdı. Lakin Fikrət bunu etməməsini, səbirli olmasını, bu məsələ ilə Məhəmmədlə danışacağını dedi. Ona inanıb sakit durmuşdur. Onun düz və sözünə bütöv olduğunu çoxdan bilirdi. Məhəmmədin dostu olduğundan, ona görə bir sıra işlərdən dəsdək olmuşdu. Həqiqətən də bir neçə gündən sonra Fikrət Səfərov zəng edib ofisinə çağırdı. Orada görüşmüş və Rəna ilə Məhəmməd özləri razılaşdılar ki, “70 min dollar veririk, bununla da aramızdakı məsələ birsin.” Razılaşaraq 50 min dollar və 16 min manat olmaqla verdilər. Bundan sonra da onları heç narahat etməmişdir. Həmin məbləği banka aparmış, lakin bank razılaşmadı ki, 100 min ver. Bundan sonra bankla mübahisəyə məhkəmələrdə baxıldı. Lakin razılaşdığı üçün yaranmış problemlərlə çapalansa da, bir dəfə də olsa Məhəmmədi və ya Rənanı narahat etməmişdir. Həmin pullar borc verilməmişdi ki, indi də tələb edir. Ondan pul istəməmişdilər, məsələ böyüməsin deyə özləri həmin pulu vermişdilər. Bundan başqa, iddia ərizəsində qeyd edir ki, güya pula ehtiyacı olduğundan evi 45000 ABŞ dollara satmaq istəmiş və bunun üçün bizə 22500 dollar, sonradan da bir neçə dəfə pul verməklə, cəmi 27000 dollar vermişdir. Bunu bir-neçə il əvvəl olduğunu göstərir. Lakin bunun hansı ildə olduğunu qeyd etmir. Birincisi evini satmaqla bağlı ağ yalan yazır. Düzdür bacı olaraq aralarında bəzi borc məsələləri olmuşdur, lakin bunlar 15 il bundan əvvəl olmuşdur. Ona pul vermiş, evdən dəfələrlə zayomlar aparmışlar. Bacı olaraq aralarında bunları yazı şəklində qeyd etmək və saxlamaq heç bir məntiqə sığmır. Vaxtında da borcları qarşılıqlı bağlanmışdır. Birdə ki, ona borcu var idi, vaxtında deyərdi, daha 15 ildən sonra deyil. Borcla bağlı tələb müddəti 3 ildir. 27000 ABŞ dollarla bağlı qeyd etdiyi vaxtından 15 il keçmişdir. Birincisi belə bir borc mövcud olmamışdır. Mövcud olsa da iddia müddəti bitmişdir. Ona görə də iddianın rədd edilməsi ilə bağlı digər əsaslarla yanaşı iddia müddətinin də tətbiq edilməsini, iddianı əsassız hesab edib, rədd edilməsini xahiş edirlər. Məhkəmə iclasının iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış İddiaçı məhkəmə iclasına gəlməmiş və işə onun itirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 ərizə verərək işə iddiaçının iştirakı olmadan baxılmasını və yekun məhkəmə aktının qəbul olunmasını xahiş etmişdir. Məhkəmə cavabdehin işə mahiyyəti üzrə baxılmasını tələb etməsini nəzərə alaraq, iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 məhkəmədən iddia tələbinə iddia müddəti tətbiq etməklə onun rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh1 izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhərində Bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Sübhü küçəsi, 5 saylı dalanda yerləşən 5 saylı ev Cavabdeh2 adına 166 nömrəli kitabda, 6833 nömrəli səhifədə 20.12.1972-ci il tarixdə qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş 2013-cü il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh2 və onun arvadı Cavabdeh1 bu qəbzi imza edərək, təsdiq etmişdir ki, razılaşma əsasında kreditin təminatı qismində Azərbaycan Beynəlxalq bankına ipotek edilmiş, onlara məxsus və Cavabdeh2 adına rəsmiləşdirilmiş Bakı şəhəri, M.Sübhi küçəsi, 5-ci dalanda yerləşən, 5 saylı fərdi yaşayış evinin bank aralarında mövcud razılaşmaya əsasən hərracdan tərəflərindən alınması məqsədi ilə İddiaçı ilə son razılaşdıqları 70.000 ABŞ dollarını tam məbləğdə onun nümayəndəsi X1 nağd şəkildə almışdırlr. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 381.1-ci maddəsinə görə isə, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında Bakı şəhəri, M.Sübhi küçəsi, 5-ci dalanda yerləşən, 5 saylı fərdi yaşayış evinin bank qarşısında ipoteka qoyulması nəticəsində yaranmış mübahisə ilə bağlı İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2013-cü il il tarixdə 70.000 ABŞ dollarını tam məbləğində pul vəsaiti verilmişdir. Göstərilən pul məbləğinin ev alqı-satqısı ilə bağlı ödənilməsi ilə bağlı iddiaçı tərəfindən heç bir mötəbər sübut təqdim edilməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Habelə, müqavilə tələbləri üzrə iddia müddəti 3 il təşkil edir və həmin müddət 2016-cı il tarixdə bitmişdir. Buna baxmayaraq, iddiaçı mülki qanunvericiliyin iddia müddətinə dair tələblərini nəzərə almadan 03.10.2018-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Qanunvericilikdə müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil etdiyindən və cavabdehlər iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən, məhkəmə hesab edir ki, iddia müddəti ötürülmüş sayılıb iddia tələbi rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 124.2-ci maddəsinə görə iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Buna görə məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” iddia ərizəsi rədd edilsin. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-1102/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1102/2022
02.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver