Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1103/2021 09.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” MMC Bakı şəhərində və bütün Azərbaycan Respublikasının ərazisində dövlət əhəmiyyətli obyektlərin inşası və tikintisi ilə məşğuldur. Tikinti sektorunda 10 ildən artıqdır ki, əsas etibarilə tikinti işlərinin Baş Podratçı funksiyasını icra edir. “Alov Qülləsi” Layihəsinin təmiri ilə əlaqədar layihəni alçipan profillər və aksessuarları ilə təmin etmək üçün Türk iş adamı Cavabdeh Şirkətdən avans olaraq 60000 (altmış min) manat məbləğində nağd pul vəsaiti götürmüş, lakin 14953.79 manat məbləğində mal təhvil vermiş və bu günə qalıq borcu toplamda 45046.21 manat təşkil etmişdir. Daha sonra dəfələrlə yuxarıda qeyd olunan qalıq borc öhdəliyini icra edəcəyinə aid vədlər vermiş və eyni zamanda xx.xx.2018-ci il tarixdə qalıq borcunu yazılı qaydada etiraf etmiş, aralarında borcun təsdiqlənməsi (üzləşmə) Aktını imzalamasına baxmayaraq, vədlərini yerinə yetirməmişdir. Cavabdeh borcun təsdiqlənməsi (üzləşmə) Aktı ilə tam məsuliyyətilə öhdəliklərini icra edəcəyini qəbul etməsinə baxmayaraq, həmin öhdəliyini icra etməkdən yayınmış, əlaqə nömrələrini söndürmüş və borcunu ödəməkdən yayınaraq hazırki tarixədək tərəfindən yuxarıda qeyd olunan qalıq borc öhdəliyini icra etməmişdir və öhdəliyin pozulmasına yol verilmişdir. Göstərilənlərə əsasən Cavabdeh 45046.21 manat məbləğində qalıq borc öhdəliyini icra edərək, bu borc məbləğinin ödənilməsi, eyni zamanda 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumuna çəkilmiş xərcin ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, üzləşmə aktı “xxxx” Şirkəti ilə “xxxx” MMC arasında imzalansa da, həmin akta cavabdeh kimi Cavabdeh imza etmişdir. Bundan başqa borcu onlardan cavabdehin şəxsən özü almış və müqabilində 14953.79 manat məbləğində mal təhvil vermişdir. Borc cavabdehin borcudur və onlar düzgün olaraq onu cavabdeh kimi göstərmişlər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş, eyni zamanda cavabdehin faktiki yaşadığı yer məlum olmadığına görə məhkəmə tərəfindən bildiriş cavabdehin qeydiyyatda olduğu yer üzrə Yasamal rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Azərbaycan Respublikasının MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, “xxxx” MMC tərəfindən “xxxx” Şirkətinə öncədən ödəniş qismində ümumilikdə 60000 manat məbləğində ödəniş edilmiş, bu ödəniş müqabilində “xxxx” Şirkəti tərəfindən “xxxx” MMC-yə 14953.79 manat məbləğində mal təhvil verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli üzləşmə aktına əsasən, öncədən ödənilmiş məbləğin 45046.21 manat hissəsi “xxxx” Şirkətində borc kimi qalmış və tərəflərin razılaşmasına görə “xxxx” Şirkəti bu borc məbləğini pul şəklində “xxxx” MMC-yə qısa müddətdə geri qaytaracaqdır. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində Cavabdeh iş üzrə cavabdeh kimi cəlb edərək ona qarşı da, tələb irəli sürsə də, sonuncuya qarşı məhkəmədə iddia qaldırmaqda haqlı olmamışdır. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli üzləşmə aktı ilə müəyyən edilmişdir ki, sözü gedən akt “xxxx” MMC ilə “xxxx” Şirkəti arasında imzalanmış, həmin akta isə “xxxx” Şirkəti adından Cavabdeh imza etmişdir. Eyni zamanda iddiaçı tərəf imza edilərək möhürü ilə təsdiqlənən müvafiq aktla yaranmış borc “xxxx” Şirkətinin “xxxx” MMC-yə olan borcudur. Bundan başqa məhkəmə iclasında iddiaçıya qanunvericiliklə müəyyən edilmiş qaydada Cavabdeh əsl cavabdeh “xxxx” Şirkəti ilə əvəz edilməsi təklif edilsə də, iddiaçının nümayəndəsi bundan imtina edərək, təkidlə işə mahiyyəti üzrə baxılmasında israr etmişdir. Azərbaycan Respublikasının MPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-1103/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1103/2021
09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver