Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1112/2021 15.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 500 manat məbləğdə pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahat verərək bildirmişdir ki, xx xxx 2017-ci il tarixdə, tanışı Cavabdeh onun xahişi ilə 3 ay müddətinə 500 manat məbləğində borc pul vermişdir. Bununla bağlı Cavabdeh ona yazılı ərizə vermişdir. Müddət bitdikdən sonra borcu qaytarmamışdır. Mart ayında bununla bağlı Yasamal Rayon Polis İdarəsinə müraciət etsə də, məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə məhkəməyə ərizə göndərərək mülki işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı ona qarşı “pul” tələbinə dair iddiasının iddia müddəti tətbiq olunaraq rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, iddiaçının iş materiallarına əlavə etdiyi ərizəni 2017-ci ildə imzalanmışdır və həmin hadisədən dörd ildən çox vaxt keçmişdir. Həmin pulu çoxdan ödəmişdir. İddiaçı iddia müddətini ötürmüşdür. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, cavabdehin izahatını dinləyib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2017-ci il tarixli Cavabdeh tərəfindən imzalanmış qəbzə əsasən o, İddiaçı 3 ay müddətinə qaytarmaq şərti ilə 500 manat məbləğində borc almışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, cavabdeh 500 manat məbləğində pulu iddiaçıya xx.xx.2017-ci il tarixədək qaytaracağına dair üzərinə öhdəlik götürmüşdür. İddiaçı 500 manat məbləğdə pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Cavabdeh isə iddia müddətinin tətbiq edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, cavabdeh xx.xx.2017-ci il tarixdədək pulu qaytaracağına dair öhdəlik götürdüyündən iddiaçı tərəfindən cavabdehə qarşı iddia sürməsi üçün nəzərdə tutulan müddət axımı xx.xx.2017-ci il tarixdən başlamış və həmin vaxtdan üç il ərzində cavabdehə qarşı iddia irəli sürməmişdir. İddiaçı məhkəməyə iddia tələbi ilə 3 ildən sonra , xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddihüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı 500 (beş yüz) manat məbləğində pulun tutulması barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-1112/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1112/2021
15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver