Məhkəmə qərarları › İş №2(004)-1129/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1129/2021

02.06.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1129/2021 02.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh X2 Kompleksi MMC-ə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 Kompleksi MMC-yə qarşı iddia ərizəsi, iddia tələblərinin artırılması barədə ərizə və iddia tələblərinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək son nəticədə X2 Kompleksi MMC tərəfindən ona vurulmuş maddi ziyana görə 10 000 manat, mənəvi zərərə görə 50 000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının sonuncu iş yeri Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi idarəsi olmuşdur. İş yeri uzaqda yerləşdiyi üçün alternativ variantlar axtarmağa başlamışdır. İddiaçı bunun üçün X2 Kompleksi MMC-yə müraciət etmişdir. İşə qabulla bağlı ərizə yazmış, müsbət qarşılanaraq müəssisənin direktoru Nümayəndə1 05.11.2020ci il tarixli k-03-2020-150 saylı əmri ilə işə qəbul edilmişdir. Vəzifəsi direktor müavini olmuşdur. Həmin gün əvvəlki iş yerinə işdən çıxma barədə ərizə ilə müraciət edərək əmək müqaviləsinə xitam verilmişdir. Yeni müəssisənin direktoru tərəfindən kollektivə təqdim edildikdən sonrakı gün işə buraxılmamışdır. Müəssisənin rəhbərinə rəsmi məktubu da cavabsız qalmışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi idarəsindən 178\k saylı əmrlə işdən azad olmuşdur. X1 Sənaye Kompleksi MMC-in direktoru tərəfindən ona cavab verilərək müəssisədə direktor müavini vəzifəsinə təyin olunmağı kollektiv tərəfindən narazılıqla qarşılanmış və əvvəlki vəzifədə işləyən şəxs tərəfindən müəssisəyə yazdığı işdən çıxma barədə ərizənin etibarsız hesab edilməsi xahiş edilmişdir. Məktubda qeyd olunmuşdur ki, guya əmr verilən gün hələ öncəki işdən çıxmaması məsləhət görülmüşdür. Guya öncəki işindən çıxma səbəbi yeni iş yeri olan X2 Kompleksi MMC-yə vəzifəyə təyin olunmaq yox, öz arzusu olmuşdur. Halbuki yeni işə qəbul zamanı heç kim tərəfindən iddiaçıya köhnə iş yerini hələlik tərk etməməsi söylənməmişdir. X2 Kompleksi MMC onun taleyi ilə oynamışdır. Vəzifədən çıxdığı əvvəlki iş yerində onun yerinə vəzifəyə başqa şəxs işə götürüldüyündən o, əvvəlki əmək fəaliyyətini bərpa edə bilməmişdir. Hazırda işsizdir, karyerası təhlükə altındadır. Pandemiya dövründə işsiz qalması və 5 nəfərdən ibarət ailə üzvünün çətin vəziyyətə düşməsi onu sarsıntılara, əzab-istirablara məruz qoymuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi iddia tələbini tam müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək izahatında göstərdi ki, iddiaçı əvvəlki iş yeri olan Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi idarəsindən başqa iş yerinə keçmə ilə deyil, öz xahişi ilə çıxmışdır. Burada X2 Kompleksi MMC-nin hər hansı rolu olmamışdır. 05.11.2020-ci il tarixli, k-03-2020-150 saylı əmrə diqqət yetirdikdə iddiaçının işə qəbul edilmə tarixi 05.11.2020 tarixi yox, 06.11.2020 tarixi qeyd edilmişdir. İddiaçının direktor müavini vəzifəsinə təyin olunması, əmək müqaviləsinin təsdiqini tapması 06 noyabr 2020-ci il tarixdə baş vermişdir. Ayın 5-i iddiaçının kollektivə təqdimatı zamanı orada çalışan fermerlər, ərazi nümayəndələri İddiaçı işə qəbul edilməsi halında 102 polis xidmətinə müraciət edəcəklərini və işi dayandıracaqlarını bildirmişlər. Hələ iddiaçı ona qarşı etirazlara kobud rəftarla cavab verərək qayıdacağını və hər kəsə həddini bildirəcəyini demişdir. Nəticə etiraza əlavə edilən aktdan görünür ki, 17 nəfərin iradəsi ilə yeni təyin olunacaq direktor müavini İddiaçıa etiraz bildirilmiş və imzalanmışdır. Bunların nəticəsi olaraq iddiaçının işə qəbulu barədə əmri direktor tərəfindən etibarsız hesab edilmişdir. Heç bir qanun pozuntusuna yol verilməmişdir. Sonuncu iddia tələbi ilə iddiaçı sadəcə əsassız varlanmaq istəyindədir. Belə ki, cavabdeh tərəfindən qanun pozuntularına yol verilməsi barədə məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. İş materillarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 06 noyabr 2020-ci il tarixli 178/k saylı əmrindən görünür ki, İddiaçı öz ərizəsinə əsasən 6 saylı Beyləqan Ərazi idarəsindən işdən çıxmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü işə xitam verilməsinin əsaslarına aiddir. Göründüyü kimi iddiaçı öz təşəbbüsü ilə işdən çıxmış və onun həmin işdən cavabdehin təqsiri nəticəsində çıxması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Maddəsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia sübut olunmadığından təmin edilə bilməz və rədd edilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, maddi zərər tələbi təmin edilmədiyindən, mənəvi zərər tələbi də təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar