Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1131/2024 12.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın tələb olunmasını, cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2023-cü il tarixli 27 saylı “Təmir tikinti podrat” müqaviləsinə xitam verilməsini, cavabdeh "xxxx" MMC-dən 716 (yeddi yüz on altı) manat əsas borc, 16,11 (on altı manat on bir qəpik) manat faiz borcu və 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə o, cavabdeh "xxxx" MMC ilə 27 saylı “Təmir tikinti podrat” müqaviləsi bağlamışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Podratçı Sifarişçinin tapşırığı üzrə bu müqavilənin 1.2-ci bəndində göstərilmiş işləri yerinə yetirməyə və onun nəticələri Sifarişçiyə təhvil verilməsini öhdəsinə götürür, Sifarişçi isə işlərin nəticələrini qəbul etməyi və onu ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndində göstərilir ki, Sifarişçi Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 3166 məhəllə, “Melissa Park” blok F2, mərtəbə 19, mənzil 1 olan tikintinin Sifarişçinin Podratçıya həvalə edilir. Müqavilənin 1.4-cü bəndinə əsasən “43kv.m x 205 manat olan tikinti və təmirin qiyməti 8815 (səkkiz min səkkiz yüz on beş) manat müəyyən edilib. Müqavilənin 3.2-ci bəndinə əsasən Sifarişçi Podratçıya 12% (1000 manat) ilkin ödəniş və 3.3-cü bəndinə əsasən 12 ay müddətində aylıq 651,25 (altı yüz əlli bir manat iyirmi beş qəpik) manat olaraq hər ayın 12-dən gec olmayaraq ödənişin ödənilməsini öz öhdəsinə götürür. Aralarında bağlanmış müqavilənin şərtləri ancaq onun tərəfindən icra olunur. Qarşı tərəf götürdüyü öhdəlikləri yerinə yetirmir. Belə ki, xx.xx.2023cü il tarixdə 1000 (min) manat, 6 oktyabrda 651 (altı yüz əlli bir) manat, 7 noyabrda 665 (altı yüz altmış beş) manat, cəmi 2316 (iki min üç yüz on altı) manat o, cavabdehə ödəyibdir. Cavabdeh tərəfindən bu günə kimi bəzi elektrik və macun işləri görülmüşdür. Bu barədə dəfələrlə cavabdehə məlumat verilmiş, cavabdeh tərəfindən heç bir cavab ala bilməmişdir Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, evi özü təmir etdirmişdir. Cavabdehin görmədiyi işlərlə bağlı ustalarla məsləhətləşmiş və cavabdehin 716 manat pul vəsaitini qaytarmalı olduğunu müəyyən etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 22 iyun 2021-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 3166 məhəllə, ünvanında 20 mərtəbəli F yaşayış binasının F2 blokunda 19 mərtəbədəki 1 saylı, ilkin dəyəri - 43,2 x 1351=58363 manat olan mənzilin 20000 manat hissəsini ödəmişdir. Qalıq borcu 38363 manat təşkil edir. “Podratçı” - "xxxx" MMC-nin direktoru X1 ilə “sifarişçi” - İddiaçı arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, 27 saylı podrat müqaviləsinin surətindən görünür ki, “Podratçı” Sifarişçinin” tapşırığı üzrə bu müqavilənin 1.2 bəndində göstərilmiş işləri yerinə yetirməyi və onun nəticələrini “Sifarişçiyə” təhvil verilməsini öhdəsinə götürür, Sifarişçi isə işlərin nəticələrini qəbul etməyi və onu ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci maddəsinə görə Sifarişçi Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 3166 məhəllə, “Melissa Park” blok F2, mərtəbə 19, mənzil 1 olan tikintinin sifarişini Podratçıya həvalə edilir. Podratçı bundan sonra “iş” adlandırılacaq aşağıdakı işi görməyi öhdəsinə götürür: Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 3166 məhəllə, “Melissa Park” blok F2, mərtəbə 19, mənzil 1. Müqaviləyə əsasən 43 kv.m x 205 manat olan tikinti və təmirin (bir mərtəbə) qiyməti 8815 manat müəyyən edilib. Müqavilənin 4.1.1-ci bəndinə görə bu müqaviləyə əsasən işlərin təhvil verilməsi 3 ay ərzində həyata keçirilir. xx.xx.2023-cü il tarixli mədaxil orderinin qəbzinə əsasən 1000 manat, xx.xx.2023-cü il tarixli mədaxil orderinin qəbziə əsasən 800 manat, xx.xx.2023-cü il tarixli mədaxil orderinin qəbzinə əsasən 651 manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. xx.xx.2024-cü il tarixli, saylı MilliÖn elektron ödəmə sisteminin qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 752.1-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixdə podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən “podratçı” Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 3166 məhəllə, “Melissa Park” blok F2, 19-cu mərtəbədə yerləşən 1 nömrəli mənzildə tikinti və təmir işləri həyata keçirməyi, “sifarişçi” isə bu işin yerinə yetirilməsinə görə cavabdehə 8815 manat məbləğində muzd ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. İddiaçı (sifarişçi) cavabdehə (podratçıya) 2316 manat pul ödəmişdir. Cavabdeh üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada icra etməkdən yayınmışdır. İddia tələbində podrat müqaviləsinə xitam verilməsini, cavabdehdən 716 manat əsas borc, 16,11 manat faiz borcu və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İddiaçının bildirdiyinə görə mənzili başqa şirkətə təmir etdirmiş, cavabdehin görmədiyi işlərlə bağlı ustalarla məsləhətləşmiş və cavabdehin 716 manat pul vəsaitini qaytarmalı olduğunu müəyyən etmişdir. Mənzil artıq təmir olunduğundan iş üzrə məhkəmə ekspertizası təyin olunmamışdır. Podrat müqaviləsi üzrə nəzərdə tutulmuş işlərin görülməsini sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdehin elektron kabinetinə məhkəmə bildirişinin yerləşdirilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki,müqaviləyə xitam. iş materiallarında olan qəbzlərlə müəyyən olunur ki, iddiaçı xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 800 manat, xx.xx.2023-cü il tarixdə isə 651 manat məbləğində pul vəsaitini "xxxx" MMC-yə ödəmişdir. Odur ki, 716 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, məhkəmə iddia tələbinin pulun ödənilməsinin gecikdirilməsi vaxtı üçün illik 9%-dən hesablanmış 16,11 manat faiz borcunun tutulması hisssəsinə münasibətdə qeyd edir ki, podrat müqaviləsi ilə işlərin təhvil verilməsi üçün 3 ay müddət müəyyən olunmuşdur ki, bu müddət dekabr ayında başa çatır. Belə olan halda iddia tələbi bu hissədə qismən təmin edilməli, cavabdeh tərəfindən gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmaqla, 3 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" MMC-dən 716 (yeddi yüz on altı) manat əsas, 3 (üç) manat cərimə olmaqla, cəmi 719 (yeddi yüz on doqquz) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 716 (yeddi yüz on altı) manat əsas, 3 (üç) manat cərimə olmaqla, cəmi 719 (yeddi yüz on doqquz) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-1131/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1131/2024
12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver