Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1136/2025 11.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Yasamal rayonu 290 saylı körpələr evi-uşaq bağçasına qarşı əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma dövrünə görə əmək haqqının ödənilməsi tələbinə dair iş üzrə (açar sözlər: əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma dövrünə görə əmək haqqının ödənilməsi, kobud pozuntu, intizam tənbeh tədbiri) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, İddiaçı, cavabdeh Yasamal rayonu 290 saylı körpələr evi-uşaq bağçasının nümayəndəsi Cavabdeh iştirakları ilə, İddiaçı cavabdeh Yasamal rayonu 290 saylı körpələr evi-uşaq bağçasına qarşı əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma dövrünə görə əmək haqqının ödənilməsi tələbinə dair mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2024-cü il tarixli akt ilə müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə xadimə-dayə İddiaçı iş zamanı uşağı nalayiq sözlərlə təhqir edərkən valideyn və qrup tərbiyəçisi Əhmədova Elvira təhqir olunan ifadəni eşidiblər. İşçi ilə valideynlər arasında yaranan mübahisəyə qrup tərbiyəçisi Məmmədova Afət şahid olmuşdur. Bu səbəbdən işçiyə nizam-intizam qaydalarını pozduğu üçün töhmət verilmişdir. Aktı müdir Cavabdeh, tərbiyəçi Elvira Əhmədova və tərbiyəçi Afət Məmmədova öz imzaları ilə təsdiq etmişlər.
2. Yasamal rayonu 290 saylı körpələr evi-uşaq bağçasının xx.xx.2024-cü il tarixli, 12 nömrəli əmrindən çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə bağçanın xadimədayəsi İddiaçı ilə valideynlər arasında mübahisə yaranmış, İddiaçı müəssisədaxili intizam qaydalarını pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.2-ci maddəsi nəzərə alınmaqla töhmət verilmişdir.
3. Aktın surətindən görünür ki, öz vəzifə səlahiyyətlərini yerinə yetirmədiyi üçün valideynlərin tələb və təkidi əsasında bağçanın xadimə-dayəsi İddiaçı haqqında Həmkarlar Komitəsinin rəyasət heyəti ilə birlikdə məsələyə baxılmış, işçinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə vəzifəsindən azad edilməsi qərara alınmışdır. X2, Babayeva Mirfatma, Pənahova Samirə və Əliyeva Sevinc öz imzaları ilə təsdiq etmişlər.
4. Yasamal rayonu 290 saylı körpələr evi-uşaq bağçasının xx.xx.2024-cü il tarixli Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin protokolundan çıxarışdan görünür ki, davranış normalarına, rəhbərliyin verdiyi göstərişlərə, uşaq kollektivi və valideynlərlə ümumi dil tapa bilməməsinə görə İddiaçı işdən azad olunması qərara alınmışdır.
5. 2024-cü ilin iyun ayında, müxtəlif tarixlərdə valideynlər tərəfindən bağçanın müdirinə ünvanlınmış ərizələrdən görünür ki, valideynlər tərəfindən ortaq fikir kimi İddiaçı tərəfindən uşaqların incidildiyi üçün onun barəsində tədbir görülməsi xahiş edilmişdir.
6. Yasamal rayonu 290 saylı körpələr evi-uşaq bağçasının xx.xx.2024-cü il tarixli, 32 nömrəli əmri ilə xadimə-dayə İddiaçı xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən çıxarılması barədə xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi, işə bərpa olunması və işdən çıxarıldığı günün sonrakı günündən, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddianın əsaslarına görə, o, 2001-ci ildə cavabdeh quruma texniki işçi kimi işə qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə, heç bir əsası olmadan, qeyri-qanuni işdən çıxarılmışdır. İşdən çıxarılan zaman əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə tanış olmamışdır.
b) iddiaya qarşı etiraz
9. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
a) məhkəmə icraat iştiakçılarının izahatları
10. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi.
11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, göstərdi ki, iddiaçı dəfələrlə intizamsızlığa yol vermiş, əvvəllər də onun barəsində töhmət növündə intizam tənbeh tədbiri tətbiq etmişdir. Sonuncu dəfə bağçada uşağa nalayiq ifadələr işlətmiş, bunu valideyn eşitmişdir. Ümumiyyətlə iddiaçıdan bütün valideynlər narazıdır, bu barədə ərizələri mövcuddur. Ona görə də iddiaçını işdən azad etmişlər.
12. Məhkəmə iclası barədə məlumatlandırılmış üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; Maddə 68.1. Əmək müqaviləsinə yalnız həmin Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ... ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi; Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir; Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 83.2 Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; Maddə 186.1 İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər; Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək; Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir; Maddə 187.2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir; Maddə 187.3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz; Maddə 189.
1. Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz; Maddə 300.
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
Məhkəmə baxışının hədləri
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
16. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı cavabdehin xx.xx.2024-cü il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci bəndinin “ç” bəndinə əsasən işdən azad edilmişdir.
17. İşin mübahisəsiz faktiki hallarını iddianın maddi hüquqi əsasları baxımından yolxayan məhkəmə hesab edir ki, iddia əsaslıdır.
18. Belə ki, Əmək Məcəlləsinin 71.3-cü maddəsinin tələbləri baxımından işəgötürən həmin Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalı olduğu halda əmrdə ümumi olaraq “70-ci maddənin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilsin” göstərilmiş, lakin həmin maddə üzrə hansı dizpozitiv şərtin mövcud olduğu əsaslandırılmamış, işçinin konkret olaraq hansı öhdəliyi və funksiyanı yerinə yetirmədiyi, yaxud 72-ci maddədə sadalalan hallardan hansının mövcud olduğu qeyd olunmamış, yəni, əmr qeyd olunan normanın tələbləri baxımından əsaslandırılmamışdır.
19. İşin məhkəmə araşdırması ilə isə müəyyən olunmuşdur ki, sözügedən əmrin verilməsinə əsas xx.xx.2024-cü il tarixdə işçi – xadimə-dayə İddiaçı tərəfindən uşağın təhqir edilməsi olmuşdur.
20. Bundan sonrakı tarixlərdə isə, yəni xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsinə qədər işçi tərəfindən qanuni münasibət bildirilməli olan hər hansı yeni hadisə törədilməmiş, cavabdeh tərəfindən də belə bir hadisənin törədildiyi irəli sürülməmiş, bu barədə hər hansı akt və digər rəsmi sənəd təqdim edilməmişdir. Əksinə, cavabdeh tərəf bildirmişdir ki, iyun ayında iddiaçıya töhmət verilmiş, daha sonra o məzuniyyətə çıxmış, avqust ayında məzuniyyətdən qayıtdıqdan sonra isə özünü “pis aparmamışdır”. Lakin, valideynlər “əl çəkmədiyinə görə” xx.xx.2024-cü il tarixli əmri vermişdir (xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclası, 07:00 dəqiqədən etibarən).
21. Məhkəmə onu da qeyd edir ki, valideynlər tərəfindən narazılıqlarını ifadə edən ərizələrin yazılması, müxtəlif məzmunlu şikayətlərin edilməsi işçinin əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək əsası kimi çıxış edə də bilməzdi. Ona görə ki, yuxarı da qeyd edildiyi kimi, bu məsələnin ümumiyyətlə müzakirəyə çıxarıla bilməsi üçün ilk növbədə işçi tərəfindən konkret maddiləşmiş hərəkət və ya hərəkətsizlik olmalıdır ki, bu hadisə maddənin dispozisiya şərtləri baxımından yoxlanıla bilsin.
22. Odur ki, məhkəmə qeyd edir ki, mübahisələndirilən əmrin qanuniliyi xx.xx.2024cü il tarixli hadisənin fonunda yoxlanmalıdır.
23. Məhkəmə ilk növbədə qeyd edir ki, həmin tarixdə qeyd olunan formada hadisənin baş verməsi işin mübahisəsiz halıdır. Belə ki, işəgötürən tərəfindən bu hadisə aktlaşdırılmış, iddiaçı özü də məhkəmə iclasında uşağa bir neçə xoş olmayan ifadələr işlətdiyini bildirmişdir.
24. Elə buna görə də işəgötürən tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçıya Əmək Məcəlləsinin 186.2-ci maddəsi nəzərə alınmaqla töhmət verilmişdir.
25. Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona Məcəllədə sadalanmış intizam tənbehlərindən birini verə bilər. Həmin intizam tənbehləri sırasında isə a) töhmət vermək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək var.
26. Göründüyü kimi, Əmək Məcəlləsinə əsasən həm “töhmət”, həm də “əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək” intizam tənbehi kimi sadalanmışdır.
27. Həmin Məcəllənin 189-cu maddəsinin 1-ci hissəsinə görə isə, bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz.
28. Göründüyü kimi, cavabdeh qanunvericiliyin bu tələbini pozmuş, bir intizam xətasına görə artıq bir dəfə “tənbeh” intizam tədbiri verdiyi halda, təxminən 3 ay sonra yenidən başqa bir intizam tədbiri tətbiq etməklə işçinin əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmişdir.
29. Bundan əlavə, intizam tənbehi tətbiq etməzdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi tənbehin verilməsini istisna etmir. Eyni zamanda intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər.
30. Hazırkı halda işəgötürən tərəfindən qanunun bu tələbləri də pozulmuş, intizam tənbehi kimi 70-ci maddənin “ç” bəndi tətbiq edilməzdən əvvəl işçinin izahatı alınmamış və ya imtina etməsi rəsmiləşdirilməmiş, həmçinin başqa bir intizam xətasının törədildiyi sübut edilmədiyi müddətcə törədildiyi rəsmiləşdirilmiş sonuncu xətanın aşkara çıxarılmasından sonra bir aylıq müddət ötürülmüşdür.
31. Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən isə Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
32. Hazırkı iş üzrə cavabdeh tərəfindən həmkarlar ittifaqı təşkilatının razılığının alındığını təsdiq edən sənəd kimi Yasamal rayonu 290 saylı körpələr evi-uşaq bağçasının xx.xx.2024-cü il tarixli Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin protokolundan çıxarışı təqdim edilmişdir.
33. Həmin protokoldan çıxarışdan müəyyən olunan odur ki, ilk növbədə barəsində məsələ qaldırılmış işçinin iştirakı təmin edilməmiş, fikri öyrənilməmişdir. Digər tərəfdən “davranış normalarına, rəhbərliyin verdiyi göstərişlərə, uşaq kollektivi və valideynlərlə ümumi dil tapa bilməməsinə görə” kimi ümumi ifadələrlə “İddiaçı işdən azad olunsun” formalı qərar qəbul edilmişdir.
34. Halbu ki, Məcəllənin bu prosedurla bağlı yuxarıda qeyd olunan imperativ tələbi ondan ibarətdir ki, həmkarlar ittifaqı təşkilatı tərəfindən gündəmdə olan məsələ ilə bağlı əsaslandırılmış qərar tərtib edilərək işə götürənə təqdim edilməlidir. Protokol isə sərəncam mahiyyətli sənəd olmamaqla, sadəcə keçirilən iclasların faktiki tərəflərini özündə əks etdirir və heç bir halda əsaslandırılmış qərarı əvəz edə bilməz.
35. Digər tərəfdən, həmkarlar ittifaqı təşkilatının funksiyası işçinin işdən azad olunması barədə göstəriş vermək yox, əmək müqaviləsinin ləğvinə razılıq veribverməməklə bağlı məsələni kollegial formada müzakirə etməkdir.
36. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsi ləğv edilərkən silsilə pozuntulara yol verilmişdir ki, bu da əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğvinə əsas verir.
37. Odur ki, əmək müqaviləsinin ləğv edilməsi haqqında xx.xx.2024-cü il tarixli, 32 nömrəli əmrin ləğv edilməsi hissədə iddia təmin edilməli, eyni zamanda bu tələb əsaslı olduğundan iddiaçının işə bərpa edilməsi, qanunsuz olaraq işləməkdən məhrum edildiyi bütün vaxt üçün, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan əmək haqqının ödənilməsi ilə bağlı tələblər də təmin edilməlidir.
38. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Yasamal rayonu 290 saylı körpələr evi-uşaq bağçasının əmək müqaviləsinin ləğv edilməsi haqqında xx.xx.2024-ci il tarixli, 32 nömrəli əmri ləğv edilməli, İddiaçı Yasamal rayonu 290 saylı körpələr evi-uşaq bağçasının xadimə - dayə vəzifəsinə işə bərpa edilməli, xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan məcburi işburaxma dövrü üçün əmək haqqı İddiaçı ödənilməlidir.
39. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Yasamal rayonu 290 saylı körpələr evi-uşaq bağçasının əmək müqaviləsinin ləğv edilməsi haqqında xx.xx.2024-ci il tarixli, 32 nömrəli əmri ləğv edilsin. İddiaçı Yasamal rayonu 290 saylı körpələr evi-uşaq bağçasının xadimə - dayə vəzifəsinə işə bərpa edilsin. xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan məcburi işburaxma dövrü üçün əmək haqqı İddiaçı ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə