Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-114/2022 24.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşviq qızının katibliyi, İddiaçı, eyni zamanda iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Rafiq qızının nümayəndəsi İddiaçı2, İddiaçı1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 Rafiq qızının və İddiaçı2 Cavabdeh ASC-yə qarşı “vurulmuş zərərin və dövlət ehtiyacları üçün alınmış torpağa görə kompensasiyanın ödənilməsi tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və qeyriləri Cavabdeh ASC-yə qarşı “vurulmuş zərərin və dövlət ehtiyacları üçün alınmış torpağa görə kompensasiyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş ziyana görə 30100 manat və dövlət ehtiyacları üçün alınmış torpağa görə ödənilməmiş qalan 7200 manat, rəy verilməsi üçün xidmət haqqı kimi ödənilmiş 450 manat olmaqla, cəmi 37750 manat məbləğin alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddia tələbini onunla əsaslandırmışdırlar ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 25 saylı qərarına uyğun olaraq yaşadıqları İsmayıllı rayonu, Xəlilli kəndi ərazisindən altı nəfərlik ailə üzvülərinin birgə mülkiyyətinə 5,45 ha əkin torpaq sahəsi verilmiş, mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq adlarına Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.1998-ci ildə JN-0Q39 KOD 40716028 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı yazılmışdır. Cavabdeh ASC onların xəbəri və razılığı olmadan Oğuz- Qəbələ- Bakı su kəməri xəttini birgə mülkiyyətdə olan əkin torpaq sahəsindən keçirilmişdir. Su xətti çəkilərkən iki yerdə olmaqla cəmi 1,21 ha torpaq sahəsi qazılaraq şumlanmış, borunun basdırılması üçün kanal qazılmışdır. Nəticədə 1,21 ha torpaq sahəsində əkilmiş taxıl bitkisi məhv edilmiş, həmin torpaq sahəsindən əldə edəcəkləri 48 sentner buğda məhsulundan məhrum edilmişlər. Hazırda İsmayıllı rayonunda taxılın hər kiloqramının orta bazar qiyməti 45-50 qəpik olması nəzərə alınsa, 2160 manat məbləğində faydadan məhrum olmuşlar. Bundan başqa 1,21 ha əkin torpaq sahəsi dövlət ehtiyaclarına zəbt edilməklə alınsa da, qanunla nəzərdə tutulan kompensasiya ötən illər ərzində ödənilməmişdir. Bu barədə müvafiq dövlət qurumlarına şikayət ərizələri yazsalar da, bu günədək müsbət nəticəsi olmamışdır. Hazırda mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidə 1 ha əkin torpaq sahəsinin orta bazar qiyməti 5000 manat təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli Fərmanına əsasən dövlət ehtiyacları üçün alınmış daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satlnalma qiymətinə əlavə haqq ödənilir. Bu hesabla cavabdeh tərəfindən dövlət ehtiyaclarına alınmış 1,21 ha torpaq sahəsinə görə orta bazar qiyməti ilə 6000 manat + 20% (1200 manat) = 7200 manat kompensasiya ödəməlidir. Nəzərə alınsa ki, dövlət ehtiyacları üçün alınan 1,21 ha torpaq sahəsinə görə kompensasiya vaxtında ödənilmiş olsaydı, onunla başqa bir yerdən hər ölçüdə əkin torpaq sahəsi almaq niyyətində olmuş və 2008-ci ildən ötən 13 il ərzində hər il ən azı 2100-2200 manat gəlir əldə edərdilər. Beləliklə də corta hesabla 2150 manat x 13 il = 27950 manat əldə edəcəkləri faydadan məhrum olmuşdurlar. Məhkəmənin qərardadına əsasən "xxxx" MMC-yə torpağın dəyərinin müəyyən olunmasına dair rəy verilməsi üçün xidmət haqqı kimi 450 manat ödənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və eyni zamanda digər iddiaçıların nümayəndəsi İddiaçı2 və İddiaçı1 iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.1998-ci ildə JN-0Q39 KOD 40716028 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 25 saylı qərarına uyğun olaraq İsmayıllı rayonu, Xəlilli kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 5,45 ha əkin torpaq sahəsi İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 Rafiq qızının və İddiaçı2 birgə mülkiyyətlərinə verilmişdir. İş materiallarında olan İsmayıllı rayon Gəraybəyli bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 16 saylı arayışının surətindən görünür ki, iddiaçılara məxsus JN:0039 saylı dövlət aktına əsasən kənd təsərrüfatı məhsulları istehsalı üçün cəmi 5.45 ha pay torpaq sahəsi vardır. Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi zamanı torpaq sahəsinin 0.65 ha hissəsi kəmərin mühafizə zonasına düşmüşdür. İş materiallarında olan İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının aparatı tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, iddiaçının Oğuz-Qəbələ-Bakı su kəmərinin pay torpağınızın 1,0 ha hissəsindən keçməsi ilə bağlı kompensasiyanın ödənilməsinə və ya pay torpağı ilə əvəzləşdirilməsinə köməklik göstərilməsi barədə müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2005-cı ıl tarixli 972 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Tədbirlər Planfna əsasən Oğuz, Qəbələ rayonlarının ərazisindən Bakı şəhərinə yeni su kəmərinin çəkilməsinə dair təkliflərin hazırlanması və Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsində icraçılar Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərsu” Səhmdar Cəmiyyəti müəyyən olunmuşdur. Əlavə olaraq qeyd edilmişdir ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi ilə əlaqədar torpaqların dövlət ehtiyacları üçün alınması, kompensasiya ödənilməsi və ya başqa torpaq sahəsi ilə əvəzləşdirilməsi barədə İsmayıllı Rayon İcra Hakimiyyətində heç bir sənəd aşkar edilməmişdir. Müraciətdə göstərdiyi məsələ mülkı-mübahısə predmetı olmaqla baxılması məhkəmənin səlahiyyətındədir. Odur ki, məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilir. İş materiallarında olan “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin 099-067/2022 saylı xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, İsmayıllı rayonu, Xəlilli kəndində yerləşən 0.65 ha ibarət torpaq sahəsinin bazar dəyəri 5850 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/6040 saylı rəydən görünür ki, iddiaçılara məxsus 5.45 ha torpaq sahəsinin “Torpağa mülkiyyət hüququna dair dövlət aktlarına” əsasən ölçüsü həmin torpaq sahəsinin hal-hazırda faktiki olaraq yerləşdiyi əraziyə və ölçüyə uyğundur. Oğuz-Qəbələ-Bakı su kəmərinin bir hissəsi İddiaçı1 və ailəsinə məxsus JN:0039 saylı dövlət aktına əsasən kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış 5.45 ha pay torpaq sahəsinin daxilindən keçir. İsmayıllı rayon, Gəraybəyli bələdiyyəsinin Arayışında qeyd olunur ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi zamanı İddiaçı1 məxsus pay torpaq sahəsinin 0.65 ha hissəsi kəmərin mühafizə zonasına düşüb. Torpaq sahəsinin kəmərin mühafizə zonasına düşdüyü hissəsinə ziyan dəymişdir. İş materiallarında olan İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Gəraybəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 12 saylı arayışdan görünür ki, İddiaçı1 2021-ci ilin payızında ona və ailə üzvlərinə məxsus, xüsusi mülkiyyətlərində olan 5.45 ha torpaq sahəsinin 4.80 hektarında payızlıq buğda əkmişdir. O həmin sahənin hər hektarından orta hesabla 41 sentner məhsul əldə etmişdir. Bu gün buğdanın satış qiyməti 1 kq üçün 57 qəpikdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı2 tərəfindən "xxxx" MMC-nin hesabına torpağın dəyərinin müəyyən olunmasına dair rəy verilməsi üçün xidmət haqqı kimi 450 manat ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Həmin Məcəllənin 247.1-ci maddəsinə əsasən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 247.1.1. torpağın bazar qiymətinin müəyyən edilməsi; 247.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə, bərpa qiymətinin müəyyən edilməsi. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1.1-ci maddəsinə görə, Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft vəqaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 №li Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyulur. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 Rafiq qızının və İddiaçı2 birgə mülkiyyətlərində olan İsmayıllı rayonu, Xəlilli kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 5,45 ha əkin torpaq sahəsinin 0,65 ha hissəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən inşa edilən Oğuz-Qəbələ-Bakı su kəmərinin mühafizə zonasına düşməsi nəticəsində iddiaçıların mülkiyyət hüquqları pozularaq, onlara maddi ziyan vurulmuşdur. Halbuki, AR Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. İş materiallarına əlavə edilmiş rəylərdən görünür ki, iddiaçılara məxsus torpaq sahəsinin 0.65 ha hissəsinin bazar dəyəri 5850 manat müəyyən edilmişdir. İddiaçı1 2021-ci ilin payızında ona və ailə üzvlərinə məxsus, xüsusi mülkiyyətlərində olan 5.45 ha torpaq sahəsinin 4.80 hektarında payızlıq buğda əkmişdir. O həmin sahənin hər hektarından orta hesabla 41 sentner məhsul əldə etmişdir. Bu gün buğdanın satış qiyməti 1 kq üçün 57 qəpikdir. Belə olan halda torpağın zəbt olunması nəticəsində iddiaçılara dəymiş zərər 4557,15 manat təşkil edəcəkdır. 4.8X65:100=2665 AZN; 2665x0,57= 1519,05 AZN; 1519,05AZNx 3 il= 4557,15 AZN. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 №li Fərmanına uyğun olaraq, 0.65 ha torpaq sahəsinin 5850 manat bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə 1170 manat təşkil edir. Beləliklə də, ümumilikdə iddiaçılara cavabdeh tərəfindən 11577,15 manat maddi ziyan vurulması təsdiq olunur. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ASC-dən 11577,15 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən vurulmuş maddi ziyana görə 11577,15 manat, 450 manat xidmət haqqı və 30 manat dövlət rüsumu olmaqla, cəmi 12057,15 (on iki min əlli yeddi manat 15 qəpik) manat məbləğində pul tutularaq iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 Rafiq qızına və İddiaçı2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh ASCdən tutularaq, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-114/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-114/2022
24.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver