Məhkəmə qərarları › İş №2(004)-1148/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1148/2021

09.03.2021 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək mübahisələri - Mənəvi zərərin ödənilməsi - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1148/2021 09.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədirliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh “Cavabdeh Təhsil Kompleksi” MMC-yə qarşı “işə bərpa” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Cavabdeh Təhsil Kompleksi” MMC-nin intizam tənbehinin verilməsi barədə xx.xx.2020-ci il tarixli, T-03 nömrəli və əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli, x-21 nömrəli əmrlərinin ləğv olunması, əvvəlki vəzifəsinə bərpa olunması, cavabdehdən məcburi olaraq işsiz qaldığı dövr üçün əmək haqqının və mənəvi zərərə görə 20.000 manat məbləğində kompensasiyanın tutularaq ona ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, əmək müqaviləsi əsasında xx.xx.2018-ci il tarixdə “Cavabdeh Təhsil Kompleksi” MMC-yə ibtidai siniflərdə ingilis dili müəllimi vəzifəsinə işə qəbul olunmuş və bu müddət ərzində ibtidai sinif müəllimliyi ilə yanaşı siniflər üzrə qrup rəhbərliyi vəzifəsini də icra etmişdir. xx.xx.2020-ci il tarixdə məktəbin müdiri Kamilla Orucova ona yaxınlaşaraq məktəbin direktoru F.Banchini ilə görüşməli olduğunu bildirmiş, səbəbini soruşduqda bilmədiyini demişdir. Daha sonra K.Orucova ilə birlikdə F.Banchinin xidməti otağına getmiş və direktor ona 3-cü siniflərdə qrup rəhbərliyindən çıxarıldığını və qiymətləndirmə hesabatını gecikdirdiyi üçün töhmət veriləcəyini bildirmişdir. F.Banchini demək olar ki, işə başladığı vaxtdan etibarən ona bilmədiyi səbəbdən qərəzli münasibət bəsləmişdir. Daha sonra İnsan resursları şöbəsinin əməkdaşı Suğra İbrahimova zəng edərək onu öz otağına çağırmış və qiymətləndirmə hesabatını gecikdirdiyi üçün töhmət verildiyini bildirmişdir. Daha sonra S.İbrahimova ona ikinci olaraq şiddətli töhmət veriləcəyini və bununla da kompensasiya ödəmədən işdən çıxarıla biləcəyini bildirmişdir. Daha sonra ona qiymətləndirmə hesabatını gecikdirdiyinə görə töhmət verilmiş və əmrin surəti ilə tanış olaraq götürmüşdür. Bundan bir neçə gün sonra İnsan Resursları şöbəsinin əməkdaşı onu çağıraraq direktorla sonuncu dəfə olan məsələlərə görə izahat verməsini tələb etmiş, izahatı yazaraq elektron poçt vasitəsilə İnsan resursları şöbəsinin əməkdaşına göndərmişdir. xx.xx.2020-ci il tarixdə İnsan resursları şöbəsinə dəvət edilərək direktorla danışığına görə töhmət verildiyi bildirilmiş və “üç tərəfli iclasın gedişatına mane olduğu və bununla iclasın baş tutmamasına görə davranış qaydalarının 3 və 4-cü maddəsini” pozduğu səbəb göstərilərək töhmət verilmişdir. Həmin əmrlə də tanış olmuş surətini almışdır. İnsan resurları şöbəsinin əməkdaşlarına bu töhmətlə razı olmadığını və bu barədə qeyd etmək istədiyini dedikdə, şikayəti varsa məhkəməyə müraciət edə biləcəyini bildirmişlər. Bundan sonra xx.xx.2020ci il tarixdə İnsan resurları şöbəsinin əməkdaşı S.İbrahimova tərəfindən elektron poçt vasitəsilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verildiyi və məktəbə aid avadanlığı təhvil verməsi bildirilmişdir. Avadanlığı təhvil vermiş və əmək kitabçasını almışdır. Yuxarıda yazılanları nəzərə alaraq bildirmək istəyir ki, “Cavabdeh Təhsil Kompleksi” MMC onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verməsinə baxmayaraq onunla edilən son haqq-hesab əmək haqqı kartına xx.xx.2020-ci il tarixdə köçürülmüşdür. Həmçinin, əmək müqaviləsinə xitam verildikdən sonra son haqq-hesabın hansı formada və necə hesablanması barədə məlumatı yoxdur. Bununla birlikdə, məktəb tərəfindən onun peşakarlıq səviyyəsinin ölçülməsi üçün hər hansı attestasiya keçirilməmişdir. Bütün bu yuxarıda yazılanlardan da göründüyü kimi əmək müqaviləsinə qərəzli olaraq əsassız xitam verilmiş, işdən çıxarılması məktəbin direktoru F.Banchini ilə aralarında yaranmış intiriqa ilə bağlı olaraq sonuncunun göstərişi əsasında həyata keçirilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, 44 günlük Vətən Müharibəsi zamanı sosial şəbəkələrdə aktiv olmağa çalışmışdır. Məktəb haqqında heç bir səhv məlumat paylaşmamışdır. Yazdığı hər bir məqaləni təqsdiqləyir. İşdən çıxarılma səbəbini başladan prosesdə öz hüquqları üçün yox, işdən qanunsuz şəkildə çıxarılan iş yoldaşlarının hüquqlarını müdafiə etmək üçün müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X2 izahat verərək bildirdi ki, İddiaçı sosial şəbəkələrdə bir qədər aktiv olması, Vətən Müharibəsi zamanı rəhbərliyə qarşı xoşagəlməz iradların tutulması və digər xoşagəlməz hadisələrdən sonra rəhbərliklə mübahisəsi başlamış, daha sonra rəhbərlik onun Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndi ilə işdən çıxarılması barədə göstəriş vermişdir. Sentyabrın 1i İddiaçı əmək müqaviləsinin müddəti bitir. Hazırda təklifi ondan ibarətdir ki, işdən çıxarılma əsasları ilə, öz ərizəsi ilə çıxmasını bərpa etməyə hazırdır və sentyabr ayının 1-nə qədər nə kompensasiya düşürsə ödəməyə rəhbərlik hazırdır, lakin bir şərtlə ki, İddiaçı üzərinə öhdəlik götürsün ki, həm məktəbə, həm də eyni zamanda rəhbərlik barəsində KİV-də hər hansı bir xoşagəlməz məqalələrin yazılmasına yol verməyəcək. Hazırda İddiaçıla barışıq sazişi bağlamağa razıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək aşağıdakıları müəyyən edir: İş materiallarına əlavə edilmiş İddiaçı adına xx.xx.2013-cü il tarixdə açılmış ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, əmək müqaviləsi əsasında xx.xx.2018-ci il tarixdə “Cavabdeh Təhsil Kompleksi” MMC-yə ibtidai siniflərdə ingilis dili müəllimi vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan “Cavabdeh Təhsil Kompleksi” MMC-nin direktoru F.Banchininin intizam tənbehinin verilməsi barədə xx.xx.2020-ci il tarixli, T-03 nömrəli əmrinin surətindən görünür ki, rəhbərlik tərəfindən keçirilən üç tərəfli iclasın gedişatına mane olduğu və bunula iclasın baş tutmamasına görə, davranış qaydalarının 3 və 4-cü maddəsini pozduğuna görə AzərbaycanRespublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndini rəhbər tutularaq ingilis dili müəllimi İddiaçı töhmət verilmişdir. İş materiallarında olan İddiaçı adına xx.xx.2013-cü il tarixdə açılmış ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, “Cavabdeh Təhsil Kompleksi” MMC-nin direktoru F.Banchininin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli, X-21 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndi ilə tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 70-ci maddəsinin “c” bəndinə əsasən, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin maddənin “Qeyd” hissəsinə görə bu maddənin «c» bəndində “səlahiyyətli orqan” dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin maddənin 2-ci hissəsinə görə isə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məcəllənin 84-cü maddəsinin tələblərinə görə isə: Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Göründüyü kimi, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respubliksı Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildiyi əsas götürülməklə xitam verilsə də, cavabdeh tərəfindən iddiaçının tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçının və cavabdehin nümayəndəsinin izahatlarından da görünür ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi onun iş keyfiyyəti ilə deyil, şəxsi münasibətlərin korlanması ilə bağlı olmuşdur. Şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, cavabdeh “Cavabdeh Təhsil Kompleksi” MMC-nin intizam tənbehinin verilməsi barədə xx.xx.2020-ci il tarixli və İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli, X-21 nömrəli əmrləri ləğv edilməli, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə iddiaçı tutduğu vəzifəyə (müəllim vəsifəsinə) bərpa olunmalıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərə görə cavabdehdən iddiaçının xeyrinə 20000 manat pulun tututlması hissəsində təmin edilməməlidir. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmçinin, həmin Qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Göstərilənlərə əsasən məhkəmə iddia tələbinin əmrin ləğvi və işə bərpa hissələrində təmin edilməsini nəzərə alıb hesab edir ki, mənəvi zərərin tutulması hissəsində iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. “Cavabdeh Təhsil Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2020-ci il tarixli, T-03 saylı və xx.xx.2020-ci il tarixli, x-21 saylı əmrləri ləğv edilsin. İddiaçı “Cavabdeh Təhsil Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin “ibtidai siniflərdə ingilis dili müəllimi” vəzifəsində işə bərpa edilsin. xx.xx.2020-ci il tarixdən qətnamə icra edilən müddətə İddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar