Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1154/2022 31.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh X3 iştirakı ilə, İddiaçı cavabdeh X7 qarşı "yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X7 qarşı "yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma" tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdeh X3 Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 88, 14 saylı mənzilə istifadə hüququna xitam verilməsi və Cavabdeh həmin mənzildən əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirir ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Həmin mənzili öz hesabına cavabdehlə nikaha daxil olmamışdan əvvəl 13.03.1997-ci il tarixdə almışdır. Onun adına mənzilə dair verilmiş mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi və texniki pasport vardır. Cavabdehlə 01.09.1997-ci il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahdan 26 aprel 1999-cu ildə X8 doğulmuşdur. Uşaq autizim - anadangəlmə əqli geriliklə doğulmuş, hal-hazırda da 1-ci qrup əlildir və yetkinlik yaşına çatdıqdan sonra məhkəmə qaydasında fəaliyyət qabiliyyətsiz elan olunaraq iddiaçı onun üzərində qəyyum təyin edilmişdir. Cavabdeh 2013-cü ildə başlayaraq özünü sərbəst aparmağa başlamış, iddiaçı onun başqa şəxslə münasibət saxladığını öyrənmişdir. Bundan sonra ərizəsi əsasında cavabdehlə nikahları Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6949/2014 saylı 05 dekabr 2014-cü il tarixli qətnaməsi ilə nikahın pozulması, birgə nikahdan doğulmuş 26.04.1999-cu il təvəllüdlü X4 iddiaçının himayəsinə verilməsi qət edilmişdir. Cavabdeh uşağı üçün heç bir aliment ödəməmişdir. Uşağı təkbaşına iddiaçı saxlamışdır. Nikahın pozulması məhkəmə qətnaməsi əsasında Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən qeydiyyata alınmışdır. Həmin vaxt cavbdeh iddiaçının mənzilini tərk etməmişdir. Mənzildə ayrı-ayrı yaşamış, aralarında faktiki ər-arvad münasibətləri olmamışdır. 16.05.2016-cı ildə xəstələndiyi əsas gətirərək əməliyyat olunması üçün iddiaçıdan 3000 manat məbləğində borc istəmiş və iddiaçı da ona 16.05.2021-ci tarixinədək qaytarması şərtilə ona pul vermişdir. Həmin vaxtdan təxminən 1 ay sonra cavabdeh bütün əşyalarını iddiaçıya xəbər etmədən götürərək gizli şəkildə evdən getmişdir. Daha sonra qardaşı iddiaçıya məlumat vermişdir ki, o başqa bir kişi ilə münasibət saxlamış, daha sonra onunla evlənmişdir. Lakin sonra bildiyim qədər qardaşı və digər ailə üzvləri nikaha daxil olmağına qarşı çıxmış və onun problemləri olmuş, 07.07.2016-cı il tarixdə hətta intihara da cəhd etmişdir. Onun qardaşı ilə problemləri olmuş, onu döymüşdür. Həmin vaxt onun getməyə yeri olmamış, iddiaçıdan sığıncaq istəmişdir. Mənzili bir otaqlı şəraitsiz olmağına baxmayaraq o, insanlıq göstərərək ona yaşamağa icazə vermişdir. Cavabdeh iddiaçıya məxsus mənzilin mətbəxində yaşamağa davam etmişdir. İddiaçının ona yazığı gəlmişdir. 2019-cu ildə cavabdeh iddiaçıya qarşı zor tətbiq etmiş, baş nahiyyəsunə küt alətlə vurmuşdur. Yasamal RPl-nin 28-ci Polis Bölməsi araşdırma aparılmışdır. Cavabdeh bununla bağlı cərimə olunmuşdur. Cəriməni ödəyə bilməmiş, onu da iddiaçı ödəməli olmuşdur. Lakin vaxt getdikcə cavabdehin onun yaxşılıqlarını görməzdən gəldiyini görmüş. Mənzilində yaşamaq ona və xəstə uşağına işgəncə olmuşdur. Onun iddiaçının mətbəxində yaşadığı üçün mətbəxdən istifadə edə bilmir, hamamdan və ayaqyolundan istifadə edə bilmir. Ən əsası da cavabdeh iddiaçını təhdid edir, tezliklə öləcəyini bildirir. Şəxsi təhlükəsizliyi təhlükə altındadır. Bütün bu illər ərzində o, cavabdehin təhqirləri, təhdidləri altında onu mənzilindən çıxara bilməmişdir. Cavabdehin sayəsində o, özünə məxsus mənzildə yaşaya bilmir, həyatı dözülməz hal almışdır. Bu şəxsin artıq onun mənzilində yaşamasını istəmir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, nümayəndəsi və vəkilinin izahatını təsdiq edir. Əlavə olaraq bildirir ki, əvəllər hər şey yaxşı olsa da övladına iki yaşında xəstəlik diaqnozu qoyulandan sonra problemlər başlamışdır. 2014-cü ildə aralarında olan nikah pozulmuş, birgə nikahdan olan uşaq isə cavabdehin razılığına əsasən onun yanında qalmışdır. 2016-cı ilin may ayında evə gələndə cavabdehi evdə görməmiş, zəng etdikdə isə o, rəfiqəsigildə olduğunu bildirmişdir. Lakin bundan sonra yenə onun evinə gəlmiş və onlar birlikdə yaşamağa başlamışlar. Suala cavab olaraq bildirir ki, nikah pozulduqdan sonra bir evdə yaşasalar da ailə münasibətləri olmamışdır. Mənzilin şəraiti pisdir, mətbəxə girə bilmir. Uşağın bütün maddi tələbatını o təmin edir, qulluğunu isə onun verdiyi pul müqabilində cavabdeh edir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh X9 izahat verərək bildirir ki, iddiaçı övladını internat məktəbinə yerləşdirmişdir. Sonra o, övladını oradan götürmüş və buna görə də aralarında mübahisə yaranmışdır. İddiaçı ona bildirmişdir ki, evdə ya o, ya da övladı qalmalıdır. Bütün problemlər uşaq internat məktəbindən gətirildikdikdən sonra başlamışdır. O, bir ay uşağa baxmış, uşağın pensiya kartı da onda olmuşdur. İddiaçı isə qəsdən kartı bloklamışdır ki, o, kartdan istifadə edə bilməsin. Əgər iddiaçı onu həmin evdən çıxarsa övladını da internat məktəbinə yerləşdirəcək. Heç kim onun kimi o evdə, o şəraitdə yaşamaz. O, övladına görə o şəraitdə yaşayır. Suala cavab olaraq bildirir ki, iddiaçıdan boşandıqdan sonra yenidən başqa şəxslə nikaha daxil olmuş və sonra boşanmışdır. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı, 072660 qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən Şərifzadə küçəsi, ev 88, 14 nömrəli mənzil 13.03.1997-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-6949/2014 saylı, 05.12.2014-cü il tarixli qətnaməsinə əsasən İddiaçı ilə İsgəndərova (Həsənova) Həlimə Fizuli qızı arasında bağlanmış 01.09.1997-ci il tarixli nikah pozulmuş, birgə nikahdan olan 26.04.1999-cu il təvəllüdlü X4 atası İddiaçı yanında qalması müəyyən edilmişdir. İş materiallarında olan Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 03.06.2015-ci il tarixli, AZ-İ № 220579 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı ilə İsgəndərova (Həsənova) Həlimə Fizuli qızı arasında bağlanmış nikah 03.06.2015-ci il tarixdə pozulmuşdur. Nikah pozulduqdan sonra kişiyə İsgəndərov, qadına Həsənova soyadı verilmişdir. İş materiallarında olan AR DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışa əsasən Həsənova (İsgəndərova) Həlimə Fizuli qızı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17.05.2016-cı il tarixli, AZ-İİ 119564 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X9 ilə X5 17.05.2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşdur. Nikahdan sonra ərə Azadəliyev, arvada Həsənova soyadı verilmişdir. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, cavabdeh iddiaçı ilə 1997-ci il tarixdə nikaha daxil olmuşdur. Nikaha daxil olduqdan sonra iddiaçının mülkiyyətində olan Yasamal rayonu, Şərifzadə küçəsi, ev 88, 14 saylı mənzildə yaşamışdır. Daha sonra tərəflər arasında nikah 2015-ci ildə pozulmuşdur. Nikah pozulduqdan sonra da cavabdeh həmin mənzildə yaşamaqda davam etmişdir. 17 may 2016-cı ildə cavabdeh X1 Azadəli Sərvər oğlu ilə nikaha daxil olmuşdur. Nikaha daxil olduqdan sonra iddiaçının mənzilini tərk etmişdir. Lakin cavabdeh X1 Azadəli Sərvər oğlu ilə nikah pozulduqdan sonra təkrarən iddiaçının mənzilinə qayıtmış və hazırda həmin mənzildə qeydiyyatda olmaqla yaşayır. Hazırda iddiaçı cavabdehin mənzilə istifadə hüququna xitam verilməsi və onun evdən çıxarılmasını tələb edir. Məhkəmə qeyd edir ki, iddia əsaslıdır. Çünki Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 88, 14 saylı mənzil İddiaçı mülkiyyətindədir. Cavabdeh X9 1997-ci ildə iddiaçı ilə ailə qurmaqla iddiaçının mülkiyyətində olan mənzildə yaşamışdır. Ailə üzvi kimi cavabdehin də həmin mənzilə istifadə hüququ yaranmışdır. Lakin 2016-cı ildə cavabdeh başqa bir şəxslə nikaha girmiş və mənzili tərk etmişdir. Bununla da cavabdehin sözügedən mənzilə istifadə hüququ itirilmişdir. Hazırda cavabdeh yenidən iddiaçının mənzilinə qayıdıb orada yaşasa da onun həmin mənzilə istifadə hüququ yoxdur və onun həmin mənzildə qeydiyyatı formal xarakter daşıyır. Konstitusiya Məhkəməsinin Plenumunu 27.07.2001-ci il tarixli qərarında qeyd etmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə müvafiq olaraq, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29.03.2016-cı il tarixli qərarına əsasən bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: 1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; 2. Yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və AR Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair AR kontsitusiya Məhkəməsinin 16.12.2014-cü il tarixli qərarında yaşayış sahəsindən “istifadə hüququ”nun mülki və ailə qanunvericiliyinə münasibətdə fərqli hüquqi rejimi olması xüsusilə qeyd edilmişdir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Yəni “istifadə hüququ” özü-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından birbirindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətlərini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətlərinin hüquqi rejimi bir-birindən fərqlidir. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahyyətlərini təmin etsələr də, bu imkan təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyətləri aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək olmaz. Nəticə etibarılə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Buna müvafiq olaraq qeyd edilməlidir ki, Mənzil Məcəlləsinin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir”. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qanunun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddia təmin edilməli, X3 Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 88, 14 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilməli və X9 həmin mənzildən əşyaları ilə birlikdə çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X3 Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 88, 14 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilsin və X9 həmin mənzildən əşyaları ilə birlikdə çıxarılsın. X2 Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 88, 14 saylı mənzilə olan qeydiyyatının ləğvi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-1154/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1154/2022
31.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver