Məhkəmə qərarları › İş №2(004)-1160/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(004)-1160/2023

14.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1160/2023 14.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Niderland Krallığına getmək üçün viza almaq məqsədilə özünü bu işlər üzrə əlaqəli şəxs qismində təqdim edən Cavabdeh iddiaçıdan işinin düzəlməsi üçün 5000 (beş min) manat pul tələb etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə 3230 (üç min iki yüz otuz) manat və 2021-ci ilin yanvar ayında isə 1745 (min yeddi yüz qırx beş) manat olmaqla ümumilikdə 4975 (dörd min doqquz yüz yetmiş beş) manat pulu cavabdehin işlədiyi “Kaspian Plaza”da ona vermişdir. Lakin, cavabdeh razılaşma üzrə öhdəliklərinə əməl etməmiş və ona 4975 (dörd min doqquz yüz yetmiş beş) manat zərər vurmuşdur. Göstərilənlər nəzərə alınmaqla, 4975 (dörd min doqquz yüz yetmiş beş) manat pul və ödənilmiş 137 (yüz otuz yeddi) manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsini xahiş edir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia ərizəsində göstərilən xüsusatları müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair yazılı ərizəsini (razılıq) nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə uyğun olaraq, işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ***-******* nömrəli Xidmət müqaviləsinə əsasən müəyyən olunur ki, "xxxx" MMC-nin direktoru Cavabdeh imzası ilə İddiaçı ilə "xxxx" MMC arasında müqavilə baxğlanmışdır. Həmin müqavilənin predmeti müqavilənin 1-ci bəndinə əsasən Sifarişçiyə, yəni, İddiaçı Şengen ölkələrindən işçi vizasına sponsorluq edən Niderland Krallığı şirkətindən rəsmi işə qəbul məktubunun və Niderland Krallığı dövlətindən sənədlərin alınmasına dair işlər görülməsi və xidmətlərdir. Müqavilənin 7.1-ci bəndinə əsasən müəyyən olunur ki, Sifarişçi İddiaçı ümumi nəzərdə tutulmuş 5020 (beş min iyirmi) manat xidmət haqqının 3230 (üç min iki yüz otuz) manat hissəsini müraciət edərkən ödəmişdir. 900 avro məbləği isə xx.xx.2020-ci il tarixdə ödəyəcəkdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ƏXZ/1 seriyalı 643701 nömrəli qəbzə əsasən müəyyən olunur ki, 3230 (üç min iki yüz otuz) manat pul "xxxx" MMC-nin direktoru Cavabdeh mədaxil edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzə əsasən müəyyən olunur ki, İddiaçı tərəfindən 3230 (üç min iki yüz otuz) manat pul "xxxx" MMC-nin hesabına ödənilmişdir. Müqavilənin 8.1-ci maddəsinə əsasən müəyyən olunur ki, müqavilənin qüvvədə olma müddəti imzalandığı gündən 5 (beş) ay müddətində qüvvədədir. İş materiallarında olan Yasamal PRİ 27-ci Polis Bölməsinin təhqiqatçısı Səyyad Gözəlov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində olan qeydlərə əsasən müəyyən olunur ki, təhqiqat müddətində İddiaçı aldadaraq 4975 manat pulunu mənimsəmiş Cavabdeh müəyyən edilərək izahatının alınması istiqamətində tədbirlər görülsə də, müsbət nəticə əldə olunmamışdır. Preyudisial olaraq müvafiq qərarda İddiaçı 4975 manat pulunun Cavabdeh tərəfindən mənimsənilməsi faktı öz əksini tapmışdır. Müvafiq qərardan şikayət verilməmişdir və hazırda qüvvədədir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron bazasından əldə olunmuş çıxarışa əsasən müəyyən olunur ki, "xxxx" MMC-nin qanuni təmsilçisi Cavabdehdur. İş materiallarında olan iddiaçı və cavabdeh arasındakı 2021-ci il və 2022-ci il tarixli whatsapp yazışmaları və danışıqlarına əsasən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında tapşırıq müqaviləsi münasibətləri əmələ gəlmişdir və iddiaçı müqavilə öhdəliklərinə əməl etsə də, cavabdeh müqavilə öhdəliklərinə əməl etməmişdir. Whatsapp yazışmalarına əsasən Cavabdeh məxsus olması müəyyən olunan ********** mobil nömrəsi elektron məhkəmə informasiya sistemində olan məlumatlara əsasən həqiqətən də, Cavabdeh məxsusdur. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, müqavilə münasibətləri İddiaçı ilə Cavabdeh arasında yaranmış, Cavabdeh tərəf qismində özünü pərdələməklə müqaviləni formal olaraq direktoru olduğu "xxxx" MMC-nin adından bağlanmışdır. Lakin, faktiki olaraq müqavilə münasibətləri İddiaçı ilə "xxxx" MMC arasında deyil, İddiaçı ilə Cavabdeh arasında baş tutmuşdur. Bu xüsusat, iş materiallarında olan xx.xx.2020-ci il tarixli ƏXZ/1 seriyalı 643701 nömrəli qəbzə, iş materiallarına və digər sübutlara əsasən öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Tərəflər arasında yaranmış münasibətlər tapşırıq müqaviləsi münasibələridir və mübahisənin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin Tapşırıq müqaviləsi ilə bağlı normaları (779.1-ci maddə) çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 779.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 779.2-ci maddəsinə əsasən, vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: 779.2.1. peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; 779.2.2. vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Beləliklə, iddianın hüquqi və faktiki əsasları yuxarıda qeyd olunan mülki hüquq normalarının dispozitiv şərtləri ilə eynilik təşkil edir. Beləliklə, məhkəmə iş materiallarına və digər sübutlara məcmu halında qiymət verərək müəyyən etdi ki, İddiaçı ilə Cavabdeh arasında müqavilə ilə tapşırıq münasibətləri yaranmışdır. Həmin müqavilənin qüvvədə olma müddəti 5 (beş) ay olmuşdur. Həmin müqavilə üzrə İddiaçı Cavabdeh Niderland Krallığında işlə təmin edilmək məqsədilə 3230 (üç min iki yüz otuz) manat ödəniş etmiş, qalan 900 avro məbləği isə xx.xx.2020-ci il tarixdə ödəyəcəyi əksini tapmışdır. İddiaçı müqavilə öhdəliklərinə əməl edərək 4975 (dörd min doqquz yüz yetmiş beş) manat pulu ödəsə də, cavabdeh müqavilə üzrə öhdəliklərinə əməl etməmiş və müqavilə şərtlərini pozmaqla iddiaçıya 4975 (dörd min doqquz yüz yetmiş beş) manat maddi zərər vurmuşdur. Cavabdeh mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə proseslərinin vaxtı və yeri barədə məlumatlandırılsa da, cavabdeh tərəfindən qeyd olunan xüsusatları təkzib edən yazılı və ya şifahi etiraz (mülahizə, izahat) məhkəməyə daxil olmamışdır. Nəticədə, məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş iş materiallarında olan sübutlar həddində mübahisəyə hüquqi qiymət verməyi qanuni və əsaslı hesab edir. Yuxarıda qeyd olunan xüsusatlar nəzərə alınmaqla, Cavabdeh 4975 (dörd min doqquz yüz yetmiş beş) manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 137 (yüz otuz yeddi) manat məhkəmə xərci də cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə görə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 238, 227,358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 4975 (dörd min doqquz yüz yetmiş beş) manat məblğində pul və ödənilmiş 137 (yüz otuz yeddi) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar