Məhkəmə qərarları › İş №2(004)-1191/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1191/2022

09.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1191/2022 09.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı Rəsulzadə (Murtuzzadə) Aydan Bəxtiyar qızının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi Şahid2 iştirakları ilə, İddiaçı Rəsulzadə (Murtuzzadə) Aydan Bəxtiyar qızının Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Rəsulzadə (Murtuzzadə) Aydan Bəxtiyar qızı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 3 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsində 17 iyul 2021ci il tarixdə 1754 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun qonşusudur və aralarında qonşuluq münasibətlərindən başqa heç bir yaxınlıq olmamışdır. Cavabdehə gənc ailə görüntüsü yaratmaqla sosial mənzil almaq zərurəti üzrə sənədlərində ailəli olduğunu göstərilməsi tələb olunduğundan aralarında formal nikah qeydiyyatı rəsmiləşdirilmişdir. Həmin nikah 3 saylı Bakı Asan Xidmət Mərkəzinin qeydiyyat şöbəsində 17.07.2021-ci il tarixdə, 1754 saylı akt qeydi ilə rəsmiləşdirilsə də, onların heç bir ailə nikah münasibtləri olmamış və məqsəd yalnız cavabdehin mənzil probleminin həll olunmasına köməklik edilməsi olmuşdur. Bu barədə hər iki ailənin valideynləri də, məlumatlıdırlar və aralarındada heç bir ailə nikah münasibətlərinin olmadıqlarını təsdiqləyə bilərlər. Cavabdehə onun üçün yaradılan bu lazımsız problemin sülh yolu ilə həll olunması məqsədi ilə müraciət etsə də, işin məhkəmədən kənar həlli baş tutmamış və 27.12.2021-ci il tarixdə “ X2 iştirak edilməməsi” barədə 002370 saylı Arayış verilmişdir. Lakin artıq onun öz şəxsi həyatında dəyişikliklərin baş verməsi və yeni ailə qurmaq zərurətinin yaranmasını nəzərə alaraq 3 saylı Bakı Asan Xidmət Mərkəzinin qeydiyyat şöbəsində 17.07.2021-ci il tarixdə, 1754 saylı akt qeydi ilə bağlanmış nikahın etibarsız elan olunması üçün məhkəmə müdaxiləsinin vacibliyi yaranmışdır. İddiaçı Rəsulzadə (Murtuzzadə) Aydan Bəxtiyar qızının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi Şahid2 məhkəmə iclasında iddia tələbini qəbul edərək, izahatında bildirmişdir ki, tərəflər sosial təminatlı mənzilin alınması məqsədilə formal olaraq nikah bağlamışlar. Onlar heç vaxt birlikdə yaşamamış və birgə təsərrüfat aparmamışlar. Cavabdeh daima onlarla birlikdə, yəni öz valideynləri ilə birlikdə yaşamış, Rəsulzadə (Murtuzzadə) Aydan Bəxtiyar qızı nikah bağlandıqdan sonra onların evinə gəlin köçməmişdir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərini izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 3 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 451486 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X1 ilə Cavabdeh arasında 17.07.2021-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1754 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Murtuzzadə soyadı verilmişdir. İş materiallarında olan Cavabdeh notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, cavabdeh iddia tələbini qəbul etmiş və iddianın təmin edilməsi baədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, qardaşının və onun ailəsi üç otaqlı evdə birlikdə yaşamışlar. İki ailənin bir evdə birlikdə yaşaması çətin olduğundan onlar sosial təminatlı mənzil almaq üçün razılaşaraq Rəsulzadə (Murtuzzadə) Aydan Bəxtiyar qızı ilə Cavabdeh arasında nikah bağlanmışdır. Lakin onların nikahları fomal xarakter daşımış və heç vaxt birlikdə yaşamamışlar. Lakin sonradan onların yaşadığı bina sökülmüş və onlara iki ayrı mənzil veriləcəyi razılaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, tərəflər ev almaq üçün formal olaraq nikah bağlamışlar. Onlar birlikdə böyümüş və bacıqardaş kimi olmuşlar. Onların ailə qurmaq niyyətləri olmamışdır. Mülki Prosessual Məcəllənin 52.2-ci maddəsinin tələblərinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə ddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinin ikinci cümləsində isə göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd olunan prosessual normalardan müəyyən olunur ki, iddia tələbinin etiraf edilməsi cavabdehin hüququdur. Cavabdeh bu hüquqdan istifadə etdikdə, yəni iddia tələbini etiraf etdikdə isə məhkəmə iki məsələni araşdırılmalıdır - birincisi bunun qanuna zidd olub-olmaması, ikincisi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozub-pozmaması. Yalnız bu hallar və ya onlardan hər hansı biri müəyyən olunduqda məhkəmə iddianın etiraf edilməsini qəbul etmir və mübahisəyə mahiyyəti üzrə baxır. Digər hallarda isə cavabdeh tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərəfindən təsdiq edilir, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır və qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Eyni zamanda iddianın etiraf edilməsinin qanuna zidd olub-olmaması yalnız iddia tələblərinin özü-özlüyündə əsaslı olub-olmamasından asılıdır. Yəni iddia buna müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən və iddiaya cavab verməli olan şəxsə qarşı qaldırılıbsa, həmçinin iddiaçının özünün bildirdiyi hallar və mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normaları iddianın əsaslı olması nəticəsinə gəlməyə əsas verirsə, cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanuna zidd hesab edilə bilməz. Əks halda, yəni qeyd olunan şərtlərin hər hansı biri (bir neçəsi) və ya hamısı mövcud deyilsə iddianın etiraf edilməsinin hər hansı əhəmiyyəti yoxdur və qanuna zidd olduğu üçün qəbul edilə bilməz. Hazırkı iş üzrə cavabdeh tərəfindən iddianın etiraf etməsinin qanuna zidd hesab edilməsi üçün isə heç bir əsas yoxdur. Belə ki, tərəflər arasında rəsmi nikahın bağlanması işin mübahisəsiz halıdır. Yəni iddia buna müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən və iddiaya cavab verməli olan şəxsə qarşı qaldırılmışdır. Həmçinin, işdə iştirak edən şəxslərin izahatları və şahidlərin ifadəsi təsdiq edilir ki, tərəflərin ailə qurmaq niyyəti olmamışdır. Nikah bağlandıqdan sonra tərəflər birgə təsərrüfat idarə etməmiş, bir yerdə yaşamamış, ər-arvad münasibətləri olmamışdır. Tərəflər rəsmi nikaha girsələr də, onların nikahı formal olmuşdur. Ailə Məcəlləsinin 25.1-ci maddəsində isə təsbit olunmuşdur ki, bu Məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Ailə Məcəlləsinin 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. Ailə Məcəlləsinin 25.4-cü maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Göründüyü kimi, iddiaçının bildirdiyi hallar və mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq norması iddianın əsaslı olması nəticəsinə gəlməyə əsas verir. Eyni zamanda, cavabdeh iddianı etiraf edir. Belə olan halda isə, iddianın etiraf edilməsi qanuna zidd hesab edilə bilməz. Həmçinin iddianın etiraf edilməsi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, iddianın etiraf edilməsi təsdiq edilməli və iddia tələbləri sübutlar araşdırılmadan təmin edilməlidir. Beləliklə, tərəflərin ailə qurmaq niyyəti olmadığından, həmçinin, cavabdeh tərəfindən iddia etiraf edildiyindən və bu hal məhkəmə tərəfindən təsdiq edildiyindən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Rəsulzadə (Murtuzzadə) Aydan Bəxtiyar qızı ilə Cavabdeh arasında 3 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsində 17 iyul 2021ci il tarixdə 1754 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah etibarsız hesab edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Rəsulzadə (Murtuzzadə) Aydan Bəxtiyar qızı ilə Cavabdeh arasında 3 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsində 17 iyul 2021-ci il tarixdə 1754 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah etibarsız hesab edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar