Məhkəmə qərarları › İş №2(004)-1200/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1200/2021

15.02.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1200/2021 15.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Dövlət Məşğulluq Agentliyi”nə qarşı “işə bərpa və əmək haqqı” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh “Dövlət Məşğulluq Agentliyi” X8rşı “işə bərpa və əmək haqqı” tələbi ilə məhkəməyə müraciət edərək, “Dövlət Məşğulluq Agentliyi” X11 tərəfindən əmək müqaviləsinə xitam verilməsi haqqında verilmiş xx.xx.2020-ci il tarixli, **********2 nömrəli əmrin etibarsız hesab edilməsi, onun işə bərpa olunması, ona məcburi iş buraxmaya görə əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirir ki, xx.xx.2013-cü ildə Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi 11/7-60-nömrəli əmrlə verilmişdir. xx.xx.2016-cı ildə Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanunun 29.2-ci maddəsinin 2-ci hissəsinə əsasən Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Ağstafa rayon X2 məşğulluq tədbirləri sektoruna məsləhətçi vəzifəsinə 09/11-594 nömrəli əmrlə təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2020-ci ildə **********3 nömrəli əmrlə Nazirlik tabeliyində Dövlət Məşğulluq Agentliyinin 22 saylı ərazi Məşğuluq Mərkəzinin sənədlərlə, müraciətlərlə iş və inzibati şöbəsinin inzibatçı vəzifəsinə təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən tutduğu vəzifədən azad edimişdir. Onu da bildirir ki, onun işdən azad olunmağı əsassız səbəblərdəndir. Onun 23 illik əmək stajını təqaüd yaşına 2 il qaldığı vaxta onu işdən azad etmək qanunvericiliyə ziddir. Fəaliyyəti dövründə bir çox müdirlərlə fəaliyyət göstərmişdir. Hər birinin qanuni tapşırıq və göstərişlərini vaxtında icra etmişdir. İşlədiyi müddətdə heç vaxt bir dəfə də, olsun qanun pozuntularına yol verməmişdir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Dövlət Məşğulluq Agentliyi” X11 ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsindən müəyyən edilir ki, İddiaçı xx.xx.2020-ci il tarixdən Dövlət Məşğulluq Agentliyinin 22 saylı X5 filialının sənədlərlə, müraciətlərlə iş və inzibati şöbəsində inzibatçı vəzifəsinə təyin edilmişdir. Müqavilə 3 ay müddətinə bağlanmışdır və işin birinci ayı sınaq müddəti hesab edilmişdir. İş materiallarında olan “Dövlət Məşğulluq Agentliyi” İdarə Heyətinin sədri tərəfindən imzalanmış əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli, **********2 nömrəli əmrdən çıxarışa əsasən İddiaçı AR ƏM-nin 70-ci maddəsinin “d” bəndinə əsasən tutduğu vəzifədən xx.xx.2020-ci il tarixdən azad edilmişdir İş materiallarında olan ******* №-li əmək kitabtaçısının notarial qaydada təsdiq edilmişsurətindən müəyyən olunur ki, iddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.1998-ci ildə №-738 əmrlə ödənilməklə Ağstafa rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktor müavini vəzifəsinə təyin edilmiş; xx.xx.2000-ci ildə Ağstafa rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Direktor müavini pensiya və müavinətlər şöbəsinin müdiri ilə bağlanmış, Əmək Müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi ilə xitam verilmiş; xx.xx.2001-ci ildə müvəqqəti olaraq mərkəzə sahə mühasibi təyin edilmiş; xx.xx.2003-cü ildə əvəz etdiyi sahə mühasibi işə qayıtdığı üçün xx xxx 2003-cü il tarixdən işdən azad edilmiş; Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Baş Məşğulluq İdarəsi Ağstafa rayon X3 Müavinəti xx.xx.2003-cü ildə təyin edilmiş; xx.xx.2003-cü ildə işə göndərildiyi üçün müavinətin ödənilməsinə xitam verilmiş; xx.xx.2003-cu il tarixdə Ağstafa rayon Əhalinin Sosial Müdafiəsi mərkəzi kompyuter üzrə mütəxəssis təyin edilmiş; xx.xx.2003-cü ildə Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 3-cü dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmiş; xx.xx.2013-cü ildə Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmiş; xx.xx.2016-cı ildə Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanunun 29.2-ci maddəsinin 2-ci hissəsinə əsasən Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Ağstafa rayon X2 məşğulluq tədbirləri sektoruna məsləhətçi vəzifəsinə təyin edilmiş; xx.xx.2020-ci il tarixdə Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən tutduğu vəzifədən azad edilmiş; xx.xx.2020-ci ildə Nazirlik tabeliyində Dövlət Məşğulluq Agentliyinin 22 saylı ərazi Məşğuluq Mərkəzinin sənədlərlə, müraciətlərlə iş və inzibati şöbəsinin inzibatçı vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında müayinəyə dair məlumatdan xx.xx.2019-cu il tarixli çıxarışa əsasən xx.xx.1985-ci il təvəllüdlü X4 xx.xx.2016-cı il tarixdə şizofreniya nəticəsində baş verən ağır psixi qüsur halı üzrə birinci dərəcəli əlillik diaqnozu qoyulmuşdur. İş materiallarında olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Ekspert Komissiyasının 526497 saylı arayışından müəyyən olunur ki, 1989-cu il təvəllüdlü X7 569 №-li, xx.xx.2015-ci il tarixli müayinə aktına əsasən ikinci dərəcəli əlil kimi qeydiyyata alınmışdır. İş materiallarında olan Ağstafa rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətinə əsasən X1 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Beləliklə, işin müəyyən edilmiş halları odur ki, iddiaçı ailənin yeganə gəlir gətirəni olmaqla himayəsində 2 əlil övladı vardır. Bundan əlavə, iddiaçının 23 illlik əmək stajı vardır və onunla əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə istinad edilməklə xitam verilmişdir. Həmin bəndə əsasən işçi sınaq müddəti ərzində özünü doğrultmadıqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilə bilər. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin qəbul edilməsinin əsas səbəblərindən biri işçinin mənafeyinin qorumaqdır. Çünki işçi sosial və iqtisadi cəhətdən işəgötürəndən asılıdır və tərəflər bərabər vəziyyətdə deyillər. Əmək Məcəlləsinin 2-ci maddəsinin üçüncü bəndinə əsasən Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipinə əsaslanır. Sınaq müddəti işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyalarını icra etmək bacarığını yoxlamaq məqsədi daşıyır. Hazırki işin hallarından müəyyən olunur ki, işçi əvvəllər Ağstafa rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktor müavini, sahə mühasibi, kompüter üzrə mütəxəssis, Ağstafa rayon Məşğulluq Mərkəzində məsləhətçi və digər vəzifələrdə çalışmışdır. Məhkəmə hesab edir ki, hazırki halda iddiaçı ilə sınaq müddəti müəyyən edilməkə əmək müqaviləsinin bağlanması qanunvericilikdə nəzərdə tutulmuş sınaq müddəti müəyyən edilməklə əmək müqaviləsinin bağlanmasının məqsədlərinə uyğun gəlmir. Bundan əlavə, iddiaçı ilə bağlanmış əmək müaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməmişdir. Habelə, əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə işçinin sınaq müddəti ərizində özünü doğrultmaması əsaslandırlmalıdır. Ən əsası isə odur ki, iddiaçının öhdəsində İ dərəcə əlilliyi olan övladı olduğundan onunla əmək müqaviləsinə Əmək Məcələsinin 70-ci maddəsi ilə xitam verilməsi qadağan olunduğu halda işəgötürən tərəfindən əmək müqaviləsi Əmək Məcələsinin 70-ci maddəsinin «d» bəndinə əsasən ləğv edilmişdir. Əmək Məcələsinin 70-ci maddəsinin «d» bəndinə əsasən sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir. Həmin Məcəllənin 53-cü maddəsinin 4-cü bəndinə əsasən sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər. Həmin Məcəllənin 79-cu maddəsinə əsasən işəgötürən tərəfindən öhdəsində İ qrup əlilliyi olan ailə üzvü olan işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrinin vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə qeyd edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh “Dövlət Məşğulluq Agentliyi” İdarə Heyətinin sədri tərəfindən imzalanmış əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli, **********2 nömrəli əmr etibarsız hesab olunmalı, İddiaçı Dövlət Məşğulluq Agentliyinin 22 saylı X5 filialının Sənədlərlə, müraciətlərlə iş və inzibati şöbəsinin inzibatçısı vəzifəsinə bərpa edilməli, İddiaçı işdən çıxarıldığı xx xxxxxxxx 2020-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Dövlət Məşğulluq Agentliyi” İdarə Heyətinin sədri tərəfindən imzalanmış əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli, **********2 nömrəli əmr etibarsız hesab olunsun. İddiaçı “Dövlət Məşğulluq Agentliyi” –nin 22 saylı X5 filialının Sənədlərlə, müraciətlərlə iş və inzibati şöbəsinin inzibatçısı vəzifəsinə bərpa edilsin. İddiaçı işdən çıxarıldığı xx xxxxxxxx 2020-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar