Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1226/2024 19.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6700 (altı min yeddi yüz) manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhərində yaşayan Cavabdeh 6700 (altı min yeddi yüz) manat külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Hadisə Bakı şəhəri Nizami rayonunda baş vermişdir. Dəfələrlə Cavabdeh pulunu geri tələb etməyinə baxmayaraq, Cavabdeh pulunu qaytarmaqdan qəsdən yayınırdı. Bu barədə Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə şikayət etmişdir. Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsində araşdırma aparılmış, təhqiqat zamanı Cavabdeh 6700 (altı min yeddi yüz) manat pul borcu olmasını etiraf etmiş və pulu hissə-hissə verəcəyinə söz versə belə öhdəliyini icra etməmişdir. Hər dəfə söz verməklə borcunu ödəməkdən yayınır. Odur ki, iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, bildirmişdir ki, iddiaçıdan müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə borc götürmüşdür. Götürülən məbləğlərdən müəyyən qədər ödənişlər etmiş, son olaraq iddiaçıya 6100 manat borcu qalmışdır və polis bölməsində verdiyi izahatında da borcunun qeyd etdiyi məbləğdə olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını, iddia tələbinin dəlillərini, cavabdehin qismən etirafını və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Nizami Rayon Polis İdarəsinin 25-ci PB-nin təhqiqatçısı Pünhan Mehdiyevin 2/2- 10917 nömrəli materialı üzrə 14 oktyabr 2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və İddiaçı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. 14 oktyabr 2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarından, eyni zamanda görünür ki, Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı barəsində vermiş olduğu şikayət ərizəsi ilə tanış olmuşdur. İddiaçı ərizəsində göstərmiş olduğu hallarla razı deyil barəsində vermiş olduğu ərizədə göstərdikləri şər və böhtandır, İddiaçı təxminən 7 ilə yaxındır ki, tanımış İddiaçı 7 ilə yaxın tanıdığı müddət də, ondan dəfələrcə borc pul götürərək üstündə əlavə pul olaraq ona geri qaytarmışdır. Sonuncu dəfə o, İddiaçı 10.000 manat əsas borc olan pulunu ödəmiş və həmin puldan ona 750 manat borcu qalmışdır. Nüşabə ona vermiş olduğu pulu başqa bir şəxsdən götürdüyünü və həmin şəxsə qızıl əşyalarını girov qoyduğunu əks halda borcu ödəməyəcəyi təqdirdə qızıllarının batacağını bildirmişdir. Daha sonra onun özünə də pul lazım olduğu üçün o, Nüşabə xanıma ona 1500 manat borc pul tapmasını, həmin puldan 750 manat borcunu çıxmasını yerdə qalan pulu ona lazım olduğu üçün verməsini istəmiş və Nüşabə xanım ona 1500 manat pulu borc vermiş və həmin pulu 7 ay ərizində ona aylıq 250 manat olmaqla qaytaraçağını bildirmişdir. Daha sonra ona olan borcunu tam olaraq qaytarmamış İddiaçı bir daha 1600 manat pul götürərək aylıq 160 manat olaraq ödəyəcəyini bildirmiş və 1600 manat pul götürmüşdür. Daha sonra o, İddiaçı evdə xəstə olduğunu və ona təcili pul lazım olduğunu bildirib ondan 4000 manat borc olaraq pul verməsini istəmiş həmin pulu İddiaçı almış və ona həmin 4000 manat pulun üzərində 300 manat pul verməsini bildirmiş, onunla razılığa gəlmiş və həmin 4.000 manat məbləğində pulu üzərində 300 manat faiz olmaqla 3 günə qaytarcağına söz vərərək ondan almışdır. Daha sonra işdən aldığı maaş tutulduğu üçün o, İddiaçı aldığı borc pulu vaxtında ona dediyi zamanda qaytara bilməmişdir. Əlavə olaraq onun İddiaçı ümumilikdə 6.100 manat borcu olduğunu, həmin məbləğdə pulu ona hissə-hissə qaytaracağına söz vermişdir. Aparılmış təhqiqatla müəyyən edilmişdir ki, vətəndaş Cavabdeh İddiaçı yaşadığı ünvana gələrək xəstəsinin olmasını yaranmış problemləri həll etmək lazım olduğundan ondan ümumilikdə 6.100 manat pulu borc olaraq almış və borcunu qaytaracağını bildirmişdir. Lakin Cavabdeh bu vaxta qədər onun borcunu geri qaytarmamışdır. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 87 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk növbədə iddia ərizəsinin borc tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər; 740.2- ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında yaranan münasibətlər borc münasibətləri olsa da, qanunvericiliyin tələbinə uyğun olaraq yazılı borc müqaviləsi bağlanmamışdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, borc verən İddiaçı borcalan Cavabdeh 6700 manat məbləğində borc pul verdiyini bildirir. Cavabdeh isə iddiaçının ona ümumilikdə 6100 manat məbləğində borc verdiyini bildirir. Məhkəmə iddaçının 6700 manat borc verməsini təsdiq edən sübut təqdim edə bilməməsini, lakin borcun həqiqətən də verilməsinə dair hissədə bu halı cavabdehin qismən etirafı, yəni 6100 manat məbləğində pulun borc verilməsini işin mübahisəsiz halı kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 6100 manat pulun borc kimi verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə, cavabdeh iddiaçının ona borc olaraq 6100 manat pul verdiyini etiraf etmişdir. Ona görə də, tərəflər arasında bağlanmış 6100 manat pulun borc kimi verilməsinə dair müqavilə etibarsız olduğundan, cavabdeh etibarsız əqd üzrə iddiaçıdan aldığı 6100 manat məbləğində pulu ona geri qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 87 (səksən yeddi) manat məbləğində dövlət rüsumunun 81 (səksən bir) manat hissəsi Cavabdeh İddiaçı xeyrinə tutulmalı, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 6100 (altı min yüz manat) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 87 (səksən yeddi) manat məbləğində dövlət rüsumunun 81 (səksən bir) manat hissəsi Cavabdeh İddiaçı xeyrinə tutulsun, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-1226/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1226/2024
19.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver