Məhkəmə qərarları › İş №2(004)-123/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-123/2024

12.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-123/2024 12.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi və vəkili Nümayəndə, Maraqlı şəxs Azərbaycan Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Dövlət Miqrasiya Xidmətinə qarşı “şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Dövlət Miqrasiya Xidmətinə qarşı “şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi” tələbinə dair ərizə və sonradan dəqiqləşdirmə ərizəsilə məhkəməyə müraciət edərək, vətəndaşlığı olmayan Ərizəçi Azərbaycan Respublikasında daimi yaşaması və Ukrayna və ABŞ dövlətlərin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 21 iyun 1996-cı il tarixdə Azərbaycan Respublikası sərhədindən keçərək ölkənin ərazisində bu günə kimi daimi yaşayır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 03 oktyabr 2022-ci il tarixli məktubunda bildirilir ki, 10 iyun 2021-ci il tarixdə Dövlət Migrasiya Xidmətinə daxil olmuş sorğu əsasında Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti araşdırılmış və onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqırıda” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Bundan əlavə, 1996-cı il tarixdən hazırki dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağının və heç bir dövlətin vətəndaşlığına mənsub olmadığı faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilər. Məhkəmə iclasında iştirak edən Ərizəçi və onun nümayəndəsi və vəkili Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X3 ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının Vətəndaşlığı haqqında Qanunun 14-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır (bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hal istisna olmaqla). Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti o halda fasiləsiz hesab edilir ki, şəxs il ərzində Azərbaycan Respublikasının ərazisini üç aydan çox olmayan müddətə tərk etmiş olsun. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. İş materiallarında olan X1 səfirliyi tərəfindən verilmiş 30 may 2023-cü il tarixli arayışdan görünür ki, 19 fevral 1947-ci il təvəllüdlü Ərizəçi X1 vətəndaşı olması barədə qeyd yoxdur. Ukraynanın Azərbaycandakı səfirliyi tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi Ukraynada vətəndaşlıq almamışdır. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin məktubundan görünür ki, 19 fevral 1947-ci il təvəllüdlü Ərizəçi 2001-ci il tarixədək dövlət sərhədindən hərəkəti barədə məlumatların təqdim edilməsi texniki cəhətdən imkan xaricindədir. Bununla yanaşı 19 fevral 1947-ci il təvəllüdlü Ərizəçi xx.xx.2002-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Beləliklə iş materiallarından da görünür ki, Ərizəçi 1996-cı il tarixdən Azərbaycan Respublikasına daxil olmuş və heç bir dövlətin vətəndaşlığında qeydə alınmamışdır. Azərbaycan Respublikasında vətəndaşlığı olmayan şəxs kimi 1996-cı il tarixdən yaşayır və heç bir devlətin vətandaşlığı olmadığı müəyyən olunur. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı və qanuni olduğundan təmin edilməli, Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı və vətəndaşlığı olmayan Ərizəçi Azərbaycan Respublikasında daimi yaşaması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 305-341-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı və vətəndaşlığı olmayan Ərizəçi Azərbaycan Respublikasında daimi yaşaması faktı müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar