Məhkəmə qərarları › İş №2(004)-1242/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1242/2021

05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1242/2021 05.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 150000 rubl və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə məhkəməyə etiraz ərizəsi verərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirir ki, cavabdehi tanıyır. Onun Bakı şəhərində mülki problemləri var idi. Səbuhi onadan problemlərin həll edilməsinin əvəzində 150000 rubl istəmişdir. O da pulu göndərmişdir. Hətta onun işlərini yerinə yetirməsi üçün cavabdehə etibarnamə vermişdir. Lakin o, heç bir köməkdarlıq etməmiş, pulu isə mənimsəmişdir. Hazırda pulu vermir. Onu aldadır. Dəfələrlə pulu istəsə də verməmişdir. Qeyd edir ki, pulu göndərməsini təsdiq edən bank sənədi də vardır. İddianın təmin olunmasını xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, İddiaçı onun bacısı oğlu Əliyev Elbəyin vasitəsi ilə tanımışdır. Təxminən 2019-cu ilin yay aylarında Əliyev Elbəy ona zəng edərək bildirmişdir ki, dayısı Rusiya Federasiyasından gələndə yolda “Toyota Rav4” markalı maşının matoru xarab olmuşdur. Həmçinin Elbəy ondan xahiş etmişdir ki, dayısına maşının təmir edilməsində köməklik etsin. Elbəyin xahişini nəzərə alaraq dayısı İddiaçı lazımı köməkliyi göstərmişdir və o, artıq təmir edilmiş avtomobili ilə Rusiya Federasiyasına qayıtmış və nəticədə ona 2600 manat borclu qalmışdır. Bu onun özünə də məlum idi. Daha sonra İddiaçı Rusiya Federasiyasına çatdığı gündən təxminən 10 gün sonra onun adına pul köçürmə şirkəti olan “Zolotaya Korona” vasitəsi ilə 150 000 rubl (təxminən 3400 manat) məbləğində vəsaiti göndərmişdir. Ona olan 2600 manat borcundan əlavə 800 manat məbləği İddiaçı özü RF ərazisində yaşadığına görə Bakı şəhərində olan başqa işləri üçün vermişdir. Lakin sonradan o işlər alınmadığı üçün o, 800 manat məbləğində pulu İddiaçı dostunun oğlu İlqar Atakişiyevə vermişdir. Bütün qeyd etdiklərini adı çəkilən Elbəy və İlqar adlı şəxslər də şahid kimi təsdiq edə bilərlər. Bundan başqa, bu fakt üzrə İddiaçı tərəfindən Yasamal RPİ-nin 29-cu PB- nə şikayət verilmişdir. Lakin şikayəti əsassız olduğu üçün icraata xitam verilmişdir. Beləki, lazım olan bütün izahat və digər sənədlərin surətlərini müvafiq olaraq Yasamal RPİ-nin 29cu Polis bölməsindən almaq məqsədi ilə zəruri sorğular məhkəmə tərəfindən verilə bilər. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, ********* nömrəli qəbzin surətindən müəyyən olunur ki, İddiaçı Cavabdeh “Zolotaya Korona” ödəniş sistemi vasitəsilə 150000 rubl məbləğində pul köçürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 863432 saylı etibarnamənin surətinə əsasən İddiaçı tərəfindən Cavabdeh Azərbaycan respublikasının istisnasız olaraq bütün dövlət, qeyri-dövlət idarə və təşkilatlarında və digər dövlət strukturlarında, prokurorluqlarda, istintaq orqanlarında, Daxili işlər Nazirliyi orqanlarında, Polis idarələrində vəkillə müqavilə bağlamağı, onun nümayəndəsi olmağı, sənədləşmə işləri aparmağı, sənədləri və arayışları təqdim etməyi və almağı, zəruri sənədlərin alınması ilə bağlı dövlət, qeyri-dövlət və hüququ mühafizə orqanlarında ərizələrin verilməsi, ərizədə imza etməyi və tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün digər hərəkətləri etməyi, o cümlədən hüquqularının müdafiə edilməsi etibar edilmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, iddiaçı və cavabdeh qohumudur. İddiaçının yolda maşını xarab olmuşdur. Ustaya pul lazım olduğu üçün o, özü Səbuhinin əli ilə pulu vermişdir ki, sonradan ala bilsin. 2600 manat pulu Səbuhiyə vermişdir. Sonradan Səbuhidən pulu keçən ilin yayında almışdır. Beləliklə, işin mübahisəsiz halı odur ki, İddiaçı Cavabdeh 150000 rubl məbləğində “Zolotaya Korona” ödəniş sistemi vasitəsilə pul köçürmüşdür. İddiaçı bildirir ki, bu pulu cavabdehə verdiyi etibarnamə əsasında ona mülki işlərin həyata keçirilməsi məqsədilə göndərmişdir. Cavabdeh isə pulun ona göndərilməsini etiraf etsə də, bu puldan 2600 manat X2 borcunu ödədiyini, 800 manat isə İlqara verdiyini bildirir. Ona görə də iddianın rədd olunmasını xahiş edir. Məhkəmə qeyd edir ki, cavabdeh pulun ona göndərildiyini etiraf etsə də, iddiaçının ona 2600 manat borcu olmasını və o səbəbdən iddiaçı tərəfindən pul göndərildiyini sübut edə bilməmişdir. Bundan əlavə, cavabdeh ona belə bir tapşırıq verilmədiyi halda Elbəy və İlqar adlı şəxslərə pulu verdiyini qeyd edir. İşdə olan etibarnamədən də aydın görünür ki, iddiaçı cavabdehə onu dövlət, qeyri-dövlət idarə və təşkilatlarında və digər dövlət strukturlarında, prokurorluqlarda, istintaq orqanlarında, Daxili işlər Nazirliyi orqanlarında, Polis idarələrində təmsil etmək səlahiyyətini vermişdir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Mülki Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 150000 rubl (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 150000 (yüz əlli min) rubl (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar