Məhkəmə qərarları › İş №2(004)-1246/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1246/2022

01.03.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1246/2022 01.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, "xxxx" ASCnin 10.03.2020-ci il tarixli 213-K nömrəli əmrinin ləğv edilməsi, onun "xxxx" ASC-nin müəssisədən kənar tibbi xidmətlərin təşkili şöbəsi, təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifəsinə bərpa edilməsi, 10.03.2020-ci il tarixdən başlayaraq işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 26 fevral 1980-ci ildə Şəhərlərarası Rabitə Televiziya Ərazi istehsalat birliyində sürücü kimi iş fəaliyyətinə başlamışdır. 01 oktyabr 1999-cu ildə Birlik ləğv olunduğu üçün Cavabdeh İstehsalat Birliyinin nəqliyyat sexinə sürücü vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası ƏMDK-nin 22 iyun 2015ci il tarixli 183 saylı sərəncamına əsasən Cavabdeh İstehsalat Birliyinin təşkilati-hüquqi forması dəyişdirilərək Cavabdehnə çevrilmişdir. 07 fevral 2018-ci ildən Cavabdeh yeni redaksiyada təsdiq edilməsi haqqında əmrinə əsasən Təchizat və Logistika şöbəsinin Nəqliyyat sektoruna yük avtonəqliyyat sürücüsü vəzifəsinə keçirilmişdir. 10 iyul 2019-cu ildən Cavabdeh baş ofisinin strukturunun təsdiq edilməsi haqqında əmrinə əsasən Nəqliyyat və Logistika şöbəsinin Nəqliyyat sektoruna yük avtonəqliyyat sürücüsü vəzifəsinə keçirilmişdir. Cavabdeh direktorunun 05 noyabr 2021-ci il tarixli 1763 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşəgötürən həmin əmri ona poçt vasitəsi ilə göndərmiş və əmrin surəti əmək kitabçası ilə birlikdə 07 noyabr 2021-ci il tarixdə çatdırılmışdır. İşəgötürən ona 03 sentyabr 2021-ci il tarixli 1BD05- 08/62 saylı xəbərdarlıq məktubu göndərərək xəbərdarlığı aldığı gündən 9 təqvim həftəsinindən sonra onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəyini, xəbərdarlıq müddəti ərzində əvvəlcədən razılaşdırılmış gündə əmək haqqı saxlanılmaqla hər iş həftəsində 1 iş günü müddətində əmək funksiyalarının icrasından azad edilərək iş axtarmağa imkan yaradılması, yazılı razılığı olduğu təqdirdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinin tələbinə uyğun olaraq, hazırkı xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 misli miqdarında birdəfəlik ödəniş edilməklə əmək müqaviləsinə həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilə biləcəyi, 03 sentyabr 2021-ci il tarixdən başlanan xəbərdarlıq müddəti 04 noyabr 2021-ci il tarixdə başa çatacağını bildirmişdir. Xəbərdarlıq məktubunu aldıqdan sonra ailə və maddi vəziyyəti barədə Azərbaycan Respublikasının Prezidentinə, Birinci Vitse prezidentə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə müraciət etsə də, cavabdeh bu halları nəzərə almadan onunla əmək müqaviləsinə hazırda mübahisələndirdiyi əmrlə xitam vermişdir. 16 noyabr 2021-ci il tarixdə cavabdehə poçt vasitəsi ilə mediasiya prosesinin tətbiqi barədə müraciət göndərmiş və müraciət cavabdehə çatdıqdan sonra 24 noyabr 2021-ci il tarixdə Mediasiya Şurasına ərizə göndərərək mediatorun təyin edilməsini xahiş etmişdir. Lakin rəsmi dəvət edilməsinə baxmayaraq cavabdeh, mediator Akif Kərimovun təyin etdiyi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. O, 26 fevral 1980-ci ildən işdən azad olunana kimi eyni vəzifədə nöqsansız işləmiş, dəfələrlə mükafat almışdı. Ştatda saxlanılan digər sürücü X2 həmin vəzifədə 2013-cü ildən işləyir. 5 il əvvəl idarə etdiyi yük avtomobilinin mühərrikini xarab etdiyi üçün əmək haqqı alsa da işsiz olmuş və 01.06.2021-ci ilin iyun ayının 1-də o, məzuniyyətdə olan işçini əvəz edərkən UAZ-3301 markalı 318 nömrəli yük avtomobili ilə yol nəqliyyat hadisəsi törətmiş və avtomobilin təmiri üçün dövlət 1500 manat sığorta ödənişi etmişdir. Buna baxmayaraq işəgötürən ixtisarla əlaqədar onu deyil, iddiaçını işdən azad etmişdir. O, 2012-ci ildən “şəkərli diabet tip İİ” diaqnozu ilə xəstədir və himayəsində 62 yaşı olan arvadı var. Ailənin yeganə qazanc gətirəni odur. İddiaçı X1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin eidlməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, iddiaçı ştatların ixtisarı ilə əlaqədar olaraq işdən azad edilmişdir. Ona qanunvericiliyin tələbinə uyğun olaraq əvvəlcədən xəbərdarlıq edilmiş və müavinət ödənilmişdir. İddiaçı işdən azad edilərkən Əmək Məcəlləsinin tələbləri gözlənilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı əmək kitabçasının surətindən görünür ki, İddiaçı 10 iyul 2019-cu ildən Cavabdeh baş ofisinin strukturunun təsdiq edilməsi haqqında əmrinə əsasən Nəqliyyat və Logistika şöbəsinin Nəqliyyat sektoruna yük avtonəqliyyat sürücüsü vəzifəsinə keçirilmişdir. İş materiallarında olan Cavabdeh 03.09.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Ə-87/21 saylı 21,06.2021-ci il tarixli əmrinə əsasən Cavabdeh strukturunda müvafiq dəyişikliklər həyata keçirilmiş, o cümlədən həmin əmrə əsasən Cavabdeh MMCnin strukturunda iddiaçının tutduğu yük avtonəqliyyatı sürücüsü vəzifəsi ştatı ixtisar olunmuşdur. Bununla əlaqədar, bu xəbərdarlığı aldığı gündən 9 (doqquz) təqvim həftəsindən sonra onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəyi barədə məklumat verilmişdir. Həmçinin sözügedən xəbərdarlıq müddəti ərzində iradəsinə uyğun olaraq əvvəlcədən razılaşdırılmış gündə əmək haqqı saxlanılmaqla hər iş həftəsində 1 (bir) iş günü müddətində əmək funksiyalarının icrasından azad edilərək iş axtarmağa imkan yaradılması və yazılı razılığı olduğu təqdirdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinin tələbinə uyğun olaraq, hazırkı xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 misli miqdarında birdəfəlik ödəniş edilməklə bağlanılmış əmək müqaviləsinə həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilə bilməsi barədə məlumat verilmişdir. İş materiallarında olan Cavabdeh 05.11.2021-ci il tarixli 1763 nömrəli əmrin surətindən görünür ki, Nəqliyyat və Logistika şöbəsinin Nəqliyyat sektoruna yük avtonəqliyyat sürücüsü İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmiş, İddiaçı əmək haqqı və son haqqhesab (istifadə etmədiyi məzuniyyət günləri üçün 23 təqvim günü nəzərə alınmaqla) hesablanaraq ödənilməsi, kollektiv müqavilənin 4.3-cü bəndinə əsasən ona orta aylıq əmək haqqının iki misli miqdarında işdənçıxarma müavinətinin ödənilməsi əmr edilmişdir. Əmrin verilməsinə əsas kimi NRYTN-nın 21.06.2021-ci il tarixli Ə-87/21 nömrəli əmri və NRYTİHİ Bakı şöbəsinin razılıq məktubu göstərilmişdir. İş materiallarında olan Cavabdeh 01.03.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı uyğun vakant vəzifə olmadığı üçün ona hər hansı iş təklif edilməmişdir. Həmçinin İddiaçı işdən çıxma ilə bağlı müavinət ödənilmişdir. İş materiallarında olan əmək haqqı barədə hesabatın surətindən görünür ki, 2021-ci ilin noyabr ayında Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən İddiaçı 1138,18 manat işdən çıxarma müavinəti, istifadə edilməmiş məzuniyyət günləri üçün 430,56 manat kompensasiya, noyabr ayı 23,13 manat əmək haqqı, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 107,76 manat olmaqla, cəmi 1699,63 manat pul hesablanmış və tutulmalar çıxıldıqdan sonra 1642,09 manat ödənilmişdir. İş materiallarında olan Göyçay RMX Poliklinika şöbəsinin Ambulator stasionar xəstənin tibbi kartından çıxarışın surətindən görünür ki, İddiaçı 2012-ci ildən “şəkərli diabet tip İİ” diaqnozu ilə xəstədir. Məhkəmə qeyd edir ki, ixtisar etmək işəgötürənin hüququdur. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin “ə” bəndinə görə “...işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək’' işəgötürənin əsas hüquqları kimi təsbit olunmuşdur. Əmək Məcəlləsində işəgötürənin bu hüququnun məhdudlaşdırılması və yaxud şərtləndirilməsinə dair müddəa yoxdur. Əmək Məcəlləsi ilə işəgötürənə verilən bu hüquqdan istifadə edilərək, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Ə-87/21 saylı 21,06.2021-ci il tarixli əmrinə əsasən Cavabdeh strukturunda müvafiq dəyişikliklər həyata keçirilmiş, o cümlədən həmin əmrə əsasən Cavabdeh MMC-nin strukturunda iddiaçının tutduğu yük avtonəqliyyatı sürücüsü vəzifəsi ştatı ixtisar olunmuşdur. Həmin Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsinə əsasən “İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, ... işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür”. Məcəllənin 77-ci maddəsinin tələblərinə müvafiq olaraq, əmək müqaviləsinə xitam verilən işçinin təminatları gözlənilmişdir. İşçi doqquz təqvim həftəsi əvvəldən rəsmi xəbərdarlıq edilmişdir. İşiçinin stajı nəzərə alınmaqla ona orta aylıq əmək haqqının 2 misli miqdarında işdən çıxma müavinəti ödənilmişdir. İddiaçı daha yüksək peşəkarlıq səviyyəsinə malik olduğuna görə işdə saxlanmağa üstünlük hüququna malik olduğunu qeyd etdə də, bu qayda işçilərin sayının azaldılması hallarına aiddir. İddiaçının vəzifəsi ləğv edildiyindən, qeyd olunmalıdır ki, ştat mövcud deyilsə, həmin vəzifədə işləmək də mümkün deyil. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79cu maddəsi əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar adlandırılır. Həmin maddəyə əsasən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Maddədən göründüyü kimi “işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə əmək müqaviləsinin ləğv edilməsi” əmək müqaviləsinin ləğv olunmasının qadağan edilən halıdır. Hazırki iş üzrə isə iddiaçı ilə əmək müqaviləsinə xitam verilmə əsası ştatın ixtisarıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz. Tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə əsasən əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq, on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi rəsmi xəbərdar edilməlidir. Həmin maddənin 3-cü bəndinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq, on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında işdənçıxarma müavinəti ödənilir. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 77-ci maddəsinin 1, 2 və 3-cü hissələrinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq rəsmi xəbərdar edilməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq işdənçıxarma müavinəti ödənilir.Həmin Məcəllənin 78-ci maddəsinin 1-ci hissəsinə görə isə müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Göründüyü kimi, işçilərin əmək hüquqlarının müdafiəsi məqsədi ilə qanunvericilikdə işəgötürən tərəfindən əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən bir sıra təminatlar nəzərdə tutulmuşdur. Əmək hüquqlarının müdafiəsinə və əhalinin məşğulluğunun təmin olunmasına yönəlmiş dövlət siyasətini nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, işəgötürən tərəfindən əmək müqaviləsi yuxarıda göstərilən əsaslarla ləğv edilərkən əmək qanunvericiliyinin göstərilən normalarının tələblərinə ciddi əməl edilməlidir. Məhkəmə iddia tələblərinin iddiaçının tutduğu vəzifədən azad edilməsi barədə 05 noyabr 2021-ci il tarixli 1763 nömrəli əmrin ləğv edilməsi hissəsinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən etmədiyindən, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının cavabdehdən tutularaq ona verilməsi hissələri üzrə araşdırma aparılmasına və bu tələblərə hüquqi qiymət verilməsinə zərurət görmür. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar