Məhkəmə qərarları › İş №2(004)-1266/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1266/2025

07.08.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1266/2025 07.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X46 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2,Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanına olan mənzilə istifadə hüququnun itirilmiş hesab edilərək, mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun qardaşının cavabdehlə arasında olan xx.xx.1996-cı tarixli nikah 14 noyabr 2006-cı il tarixdə pozulmuşdur. Həmin nikahlarından xx xxxxxx 1997-ci il təvəllüdlü Cavabdeh2 və xx xxxxxx 2000-ci il təvəllüdlü Cavabdeh3 adlı övladları dünyaya gəlmişdir.Belə ki, nikahları pozulduqdan sonra uşaqların 18 yaşına satanadək onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X61 küçəsi, ev 79\81 ünvanda yerləşən mənzilində yaşayıblar. Bu azmış kimi heç kimin icazəsi olmadan qanunsuz olaraq pasport qeydiyyatına da düşmüşlər. Hərçənd Cavabdeh2 öz evi var. Cavabdeh ünvan 3 ünvanında yerləşən əmlakın mülkiyyətçisidir. Digər Cavabdeh3 ölkə hüdudlarından kənarda yaşayır. Hazırda cavabdehlərin onun ünvanından istifadə etməsi onun mülkiyyət hüquqlarını məhdudlaşdırır. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 iddiaya etirazını məhkəməyə təqdim edərək, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilərək mənzildən çıxarılma barədə” iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilərək mənzildən çıxarılma barədə" iddia tələbi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin nəzərinə çatdırırlar ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir: İlk növbədə bildirilir ki, hazırki mülki iş üzrə cavabdehlərdən Cavabdeh1 və onun iki övladı Cavabdeh2 və Cavabdeh3 mübahisə predmetini təşkil edən və Bakı şəhəri, Yasamal rayonu, X62 küçəsi, ev 79/81 ünvanında yerləşən, ümumi sahəsi 816.30 kv.m təşkil edən fərdi yaşayış evində qeydiyyatda olmaqla həmin evdə yaşayırlar. Belə ki, 08 dekabr 1996cı il tarixdə iddiaçının qardaşı ilə cavabdehlərdən Cavabdeh1 arasında nikah bağlanmaqla, ailə münasibətləri yaranmış və cavabdeh Bakı şəhəri, Yasamal rayonu, X62 küçəsi, ev 79/81 ünvanında yaşamışlar. Nikahdan hazırki iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 anadan olmuşlar. Nikaha daxil olanadək də Cavabdeh1 göstərilən fərdi yaşayış evində yaşamışdır. Belə ki, mübahisə predmetini təşkil edən fərdi yaşayış evi iddiaçı və cavabdehin nənə-babasından miras qalan mülkdür və iddiaçı ilə cavabdeh arasında əvvəldən qohumluq münasibətləri mövcuddur. Nikah münasibətlərinə daxil olduqdan sonra fərdi yaşayış evinin təxminən 40 kv.m sahədən ibarət hissəsi yeni ailəyə ayrılmış və onlar orada yaşamağa başlamışlar. Nikah pozulduqdan sonra da cavabdehlər həmin hissədə yaşamağa davam etmiş və bugünədək də orada yaşayırlar. Mənzildə faktiki yaşayan cavabdehlər Cavabdeh1 öz övladları ilə birlikdə bu müddətdə ayrıca ailə təsərrüfatını idarə etmiş, bütün kommunal xidmətlər üçün ayrıca müqavilələr bağlanılmış və sayğaclar quraşdırılmışdır. Cavabdehlərdən iddiaçının qardaşının övladları, yəni Cavabdeh2 və Cavabdeh3 və Cavabdeh1 isə həmin fərdi yaşayış evində qeydiyyatda olmaqla istifadə hüququ olan keçmiş gəlinidir. Cavabdehlər 3 nəfər olmaqla, həmin evin bir hissəsində yaşayırlar. İddia ərizəsində göstərildiyi kimi, cavabdehlərdən Cavabdeh2 adına başqa mənzilə dair xüsusi mülkiyyət hüququnun olması, hər üç cavabdehə münasibətdə kompensasiya ödənilmədən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair hüquqi əsas vermir. İddia ərizəsində iddiaçı bildirmişdir ki, “mənim xüsusi mülkiyyətimdə olan Bakı şəhəri, Yasamal rayonu, X62 küçəsi 79/81 ünvanında yerləşən mənzilə istifadə hüququnun itirilmiş hesab edilərək cavabdehlərin mənzildən çıxarılması barədə” qətnamə qəbul edilsin. Lakin, bu zaman iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş kompensasiya məbləğinin ödənilməsi ilə bağlı heç bir fikir bildirməmişdir. Təbii ki, göstərilən əsasla razı deyillər. Belə ki, mənzildən çıxarılma tələbinə dair iddialara baxılarkən ilk növbədə bunun üçün nəzərdə tutulmuş kompensasiya məbləği müəyyən olunmalı, daha sonra iddiaçının cavabdehlərə həmin kompensasiya məbləğini ödəməyə razı olub-olmadığı müəyyənləşdirilməlidir. Təbii ki, kompensasiyanın məbləğini müəyyən etmək məhkəmənin vəzifəsidir. Belə ki, 228.2-ci maddənin şərh edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarında qeyd olunub ki, kompensasiyanın məbləği iddianın predmetinə daxil deyil, məhkəmə iddia ərizəsində kompensasiyanın məbləğinin göstərilibgöstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Kompensasiya ifadəsi latın dilindəki “compesatio" sözündən götürülüb, hərfi mənası “əvəz" kimi başa düşülür. Hüquqi mənası da hərfi mənasına uyğundur: kompensasiya hüququn əvəzi kimi verilə bilər. İstifadə hüququ subyektiv hüquq olaraq bir davranış imkanıdır, ona görə də hüququn kompensasiyası deyiləndə “imkanın əvəzləşdirilməsi” başa düşülür. “Əvəz” və “imkan" arasında bərbərlik işarəsi qoyulmalıdır: əvəz = imkan. Qətnaməyə qədər bərabərliyin hər 2 tərəfi məchuldur. Əvvəlcə “imkan” müəyyənləşdirilməlidir. “İmkan” müxtəlif amillərlə müəyyənləşdirilir; mənzildə istifadəçiyə xas olmuş şərait və s. Bundan sonra “imkana” uyğun olan “əvəz" müəyyənləşdirilməlidir. “Əvəz” də müxtəlif amillərlə müəyyənləşdirilir: mənzil bazarındakı kirayə qiymətləri, istifadəçinin maddi vəziyyəti, sosial vəziyyəti, istifadəçinin özünə yaşayış sahəsi əldə edə bilməsi üçün zəruri olan müddət və s. Göstərilən amilləri məhkəmə araşdırması keçirmədən müəyyən etmək mümkün deyil. Heç kəs kompensasiyanın məbləğini qabaqcadan müəyyən etmək qabiliyyətinə malik deyil, heç bir normativ-hüquqi aktda (Nazirlər Kabinetinin qərarında, Tarif Şurasının qərarında və s.) bu məbləğ göstərilməmişdir. Ona görə də qətnaməyə qədər “kompensasiya” anlayışı məbləğdən asılı olmayan anlayış kimi qəbul olunmalı, “kompensasiya nədir?” sualına "əvəzdir” cavabı verilməli, “əvəzin məbləği nə qədərdir?” sualına “hüququn verdiyi imkan nə qədərdirsə, o qədərdir” cavabı verilməlidir. Kompensasiya institutu mülkiyyət hüququnun müdafəsinə yönəlmişdir. Belə ki, mənzildən başqa şəxsin istifadə hüququnun olması mənzilin (əşyanın) yüklülüyü deməkdir, mənzili yüklülükdən azad etmək mülkiyyətçinin hüququdur, kompensasiya verilməsi isə həmin hüququn həyata keçirilməsinin bir formasıdır. Mülkiyyətçi "kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi barədə” iddia qaldırmaqla mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu istəyin motivi müxtəlif ola bilər: mülkiyyətçinin istifadəçi ilə ailə münasibətləri pozula bilər, istifadəçi mülkiyyətçi üçün arzuolunmaz şəxs ola bilər, istifadəçinin mənzildə yaşaması mülkiyyətçiyə mülkiyyət hüququnu öz mülahizəsinə uyğun olaraq sərbəst həyata keçirməyə maneçilik törədə bilər və s. Kompensasiyanın məbləğini müəyyən etmək səlahiyyəti məhkəməyə aiddir: qətnamənin əsaslandırıcı və nəticə hissəsində göstərilir. Göründüyü kimi, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etsə, cavabdehlərin həmin fərdi yaşayış evində qeydiyyatda olmaqla orada yaşamaq hüquqlarının olmasını və faktiki uzun müddətdir ki, həmin mənzildə yaşadıqlarını nəzərə almamış, eyni zamanda ədalətli kompensasiya məbləği (evdən istifadə etmək hüququ olan şəxslərin sayı, kompensasiya ödənilən şəxsin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya başqaları ilə birlikdə çıxması, kompensasiya təklif olunan şəxsin maddi imkanları, yaşayış sahəsinin yerləşdiyi ərazi və yaşayış sahəsi ilə eyni şəraitli bir otaqlı mənzildə kirayə haqqının məbləği nəzərə alınmamaqla) təklif edilməmişdir. İddiaçı iddia ərizəsinə əlavə olaraq mübahisə predmetini təşkil edən fərdi yaşayış evinin onun xüsusi mülkiyyətində olmasını göstərsə də, təqdim olunan çıxarışdan da göründüyü kimi, Bakı şəhəri, Yasamal rayonu, X62 küçəsi 79/81 ünvanında yerləşən, ümumi sahəsi 816.30 kv.m olan fərdi yaşayış evi birgə mülkiyyətdir və iddiaçıdan əlavə olaraq 5 nəfərin, ümumilikdə 6 nəfərin həmin mülkiyyət üzərində pay hüquqları müəyyən olunmuşdur. Cavabdehlər həmin fərdi yaşayış evinin təxminən 40 kv.m sahəsindən yaşamaq üçün istifadə edirlər. İddiaçı isə həmin fərdi yaşayış evinin 4/5 hissədən bir hissəsinə mülkiyyətçidir. Bu zaman isə haqlı olaraq sual meydana çıxır ki, iddiaçının bu növ iddia qaldırmaq üçün subyektiv hüququ mövcuddurmu?! Belə ki, iddia ərizəsinə əlavə olunmuş sənədlərdən, fərdi yaşayış evinin konkret hansı hissəsinin ona məxsus olması, cavabdehlərin də həmin hissədən istifadə etməsini sübut edən heç bir sənəd mövcud deyildir (Texniki Pasport, pay bölgüsü barədə cizgilər və s ). Hesab edirlər ki, məhkəmə mahiyyəti üzrə işə baxarkən iddiaçının subyektiv hüququnun mövcud olubolmaması məsələsini də digər hallarla birlikdə araşdırmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, cavabdehlərin sözügedən mənzilə istifadə hüquqlarına xitam verilməsi üçün 12000 manat məbləğində kompensasiya verməyə razı olduğunu bildirdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 iddianı qəbul etməyərək, etirazın məzmununa uyğun izahat verərək, iddianın təmin olunmamasını xahiş etdi. İş materiallarında olan Vİİ-ЖГ 321473 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən X38 ilə X27 nikahlarını xx.xx.1996-cı il tarixdə Bakı şəhəri Səadət Sarayında bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 671 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Zeynalabdinov”, arvada “Zeynalabdinova” soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş AZ-İ 054503 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən X38 ilə Cavabdeh1 arasında bağlanmış nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 98 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə Quliyev, qadına ---- soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2016-cı il tarixli arayışa əsasən X34 Bakı şəhəri, Yasamal rayonu, X62 küçəsi, ev 79/81 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2024-cü il tarixli arayışa əsasən Cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, X62 küçəsi, ev 79/81 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, X62 küçəsi, ev 79/81 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət kimi, xx.xx.2023cü il tarixdə ********** nömrə ilə İddiaçı (4/5 hissədən bir hissə) adına, xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə X19 (4/5 hissədən bir hissə) adına, X2 (1/5 hissədən bir hissə) adına, X3 (1/5 hissədən bir hissə) adına, X11 (1/5 hissədən bir hissə) adına, X7 (1/5 hissədən bir hissə) adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-T-0014-8/25 nömrəli məlumatın verilməsi ilə bağlı məktubuna əsasən sözügedən fərdi yaşayış evi ilkin olaraq X5 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 5 saylı DNK-nın 1N-134 reyestr nömrəli xx.xx.1991-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən evin 4/5 hissəsindən bir hissəsi X8 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 53 saylı DNK-nın xx.xx.2012-ci il tarixli 2V-328 reyestr nömrəli qanun üzrə əlik hüququ haqqında şəhadətnaməsinə və 3M-4821 retyestr nömrəli bağışlama müqaviləsinə əsasən evin 4/5 hissəsindən bir hissəsi X6 adına qeydiyyatdan keçmişdir. 2 saylı Bakı ASAN Xidmət mərkəzinin notariusu tərəfindən təsdiqlənmiş xx.xx.2023-cü il tarixli 2V-91 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən evin 4/5 hissəsindən bir hissəsi İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin X29 ünvanladığı xx.xx.2012-ci il tarixli, **********18 nömrəli ərizəyə cavab məktubuna əsasən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 14, 20 saylı mənzilin Yasamal rayon Məhkəməsinin qətnaməsinin 2-2916/05 saylı, xx.xx.2005-ci il tarixli qətnaməsinə əsasən ¼ hissəsi X22 ¾ hissəsi isə Cavabdeh1 adlarına dövlət reyestrində qeydiyyatdan keçmişdir və hal-hazırda mülkiyyətlərindədir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 14, mənzil 20 (Yeni qaydalarla: AZ 1060, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, giriş 62, M2, m2 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət kimi, xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə Cavabdeh2 (3/5 hissə) adına, xx.xx.2024-cü il tarixdə ********** nömrə ilə İddiaçı (2/5 hissə) adına qeydiyyata alınmışdır. İş materiallarında olan X19 ərizəsinə əsasən X62 küçəsi 79/81 nömrəli xüsusi mülkiyyətin digər payçısı olaraq, qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2 və X40 istifadə hüquqlarından məhrum edilməsinə heç bir etirazı olmadığını bildirmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən X1 rayon Qeydiyyat bəsinin 1033 saylı akt qeydinə əsasən xx.xx.1976-cı il tarixdə vəfat etmiş, X3 ölümü Binəqədi rayon Qeydiyyat Şöbəsində, X11 ölümü isə Nəsimi rayon Qeydiyyat Şöbəsində qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən sənədləşmə üzərində payçı kimi görünən vət. X13 şəxsiyyət vəsiqəsi xx.xx.2021-ci il tarixində ölüm səbəbi ilə bağlı qeyri-aktiv edildiyi bildirilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AZ-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Satıcı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 14, mənzil 20 (Yeni qaydalarla : AZ 1060, Bakı şəhəri , Nizami rayonu, Qara Qarayev prospekti, giriş 62, М2, m2) ünvanında yerləşən, ümumi sahəsi 29.5 kv/m olan mənzilin paylı mülkiyyət üzrə on(lar)a məxsus hissəsini, yəni satıcı İddiaçı (2/5 hissə) "Alıcının" mülkiyyətinə verir(lər). Alıcı Cavabdeh2 Satıcı İddiaçı satdığı 2/5 hissəni ondan 20000 manat 00 qəpik (iyirmi min manat sıfır qəpik) qiymətinə almışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.1992-ci il tarixdə vəfat etmiş Quliyev Ağababa qızının vərəsələri: X21, X30, X38, Nümayəndə2 və İddiaçıdır. Şəhadətnamə verilən miras əmlak: Bakı şəhəri, Yasamal rayonu, X62 küçəsi, 79/81 ünvanında yerləşən fərdi yaşayış evinin 4/5 hissəsindən X14 məxsus hissəsindən ibarətdir. İş materiallarında olan X30, X38, Nümayəndə2, İddiaçı ilə X26 arasında bağlanmış xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsinə əsasən X30, X38, Nümayəndə2, İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X4 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, X62 küçəsi, 79/81 ünvanında yerləşən fərdi yaşayış evinin ümumbirgə mülkiyyət üzrə 4/5 hissəsindən X14 məxsus hissəsindən onlara düşən 1/5 hissə vərəsəlik pay hüquqlarını mərhumun vərəsə sırasında arvadı X10 bağışlamışlar. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-760/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçılar X23, X15 və X9 cavabdeh X24 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı qarşı "xx.xx.1991-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.1991-ci il tarixli 195 nömrəli kitabın 10311-ci səhifəsində 30/3329 qeydə alınma nömrəsi iiə qeyd edilmiş qeydiyyat vəsiqəsinin, X19 adına xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmiş Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçasi 79/81 nömrəli fərdi yaşayış evinə dair çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-26/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçılar X41, X25 və X15 cavabdeh X24 qarşı “yaşayış hüququnun tanınması və mənzilə köçürülmə" tələbinə dar iddia ərizəsi təmin edilməmişdir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-826/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən iddia tələbi təmin edilərək, X31, X32 və X23 ünvan 10 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 0-2599/2006 nömrəli, xx.xx.2006-cı il tarixli qətnaməsinə əsasən X20 cavabdehlər Yasamal rayon İcra Hakimiyyətinə, Bakı şəhər 5 saylı Dövlət Notariat Kontoruna yə X24 qarşı Bakı şəhəri. M.Fətəli küçəsində yerləşən 79/81 saylı evə qanun üzrə vərəsə kimi tanınma, Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin 9/13 saylı xx.xx.1991-ci il tarixli qərarının etibarsız hesab edilməsi və həmin evə Bakı şəhər 5 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 02.1 1.1991-ci il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsinə dair iddia tələbləri əsassız olduğu üçün rədd edilmişdir. İş materiallarında olan “X42 Mərkəzi” MMC-nin xx.xx.2025-ci il tarixli, 004-083/2025 nömrəli ekspert rəyinə əsasən aparılmış hesablamalar nəticəsində müəyyən edilmişdir ki, ünvan 11 ünvanında yerləşən mənzildə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 faktiki istifadəsində olan hissə 43.11 m2 sahədən ibarətdir. Həmin sahəyə dair hazırkı dövr üçün müəyyən edilmiş kirayə haqqı qiyməti yuvarlaqlaşdırılmaqla cədvəldə təqdim olunmuşdur: Mənzilin kirayə dəyəri – 320 (üç yüz iyirmi) manat. Bundan başqa iş materiallarına Bakı şəhəri, Yasamal rayonu, X62 küçəsi, ev 79/81 ünvanında yerləşən fərdi yaşayış evinin fotoşəkilləri əlavə olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. 2009-cu il oktyabr ayının 1-dək qüvvədə olmuş (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan) Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 53-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. 53-cü maddəsinin 3-cü hissəsinə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 123-cü maddəsinin 1-ci hissəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2 maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2016-cı il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 iyul 2016-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilmişdir ki, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının qardaşı X38 ilə Cavabdeh1 arasında xx.xx.1996-cı il tarixdə nikah bağlanmış, həmin tarixdən Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, X62 küçəsi, ev 79/81 ünvanında yerləşən fərdi yaşayış evində yaşamağa başlamış, birgə nikahdan xx.xx.1997-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.2000-ci təvəllüdlü Cavabdeh3 doğulmuş və tərəflər arasında bağlanmış nikah xx.xx.2006-cı il tarixdə pozulmuşdur. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 İddiaçı (4/5 hissədən bir hissə), X35 (4/5 hissədən bir hissə), X16 (1/5 hissədən bir hissə), X17 (1/5 hissədən bir hissə), X33 (1/5 hissədən bir hissə) və X7 (1/5 hissədən bir hissə) ümumi paylı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X62 küçəsi, ev 79/81 ünvanında yerləşən fərdi yaşayış evində yaşayırlar və həmin ünvanda qeydiyyatdadırlar. Hazırda İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2,Cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, X62 küçəsi, ev 79/81 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməsi və cavabdehlərin həmin yaşayış sahəsindən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, tərəflər arasındakı yaşayış sahəsindən istifadə ilə bağlı hüquq münasibətləri 2000-ci ilin sentyabr ayının 1-dən əvvəlki dövrə təsadüf etdiyindən mübahisə həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun həll edilməlidir. Belə ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2 maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin yuxarıda göstərilən 123-cü maddəsinin 1-ci hissəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Məhkəmə ilk növbədə qeyd edir ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır. Mülkiyyət hüququ və istifadə hüququ qanunla qorunan hüquqdur. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Fərdi yaşayış evindən istifadə hüququ isə həmin mənzildən istifadə etməyi özündə ehtiva edir və bu hüquq istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan qanunla qorunur. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında tərəflər arasında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu istifadəçiyə yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş «bazar qiyməti ilə müvafiq kompensasiya» ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə müəyyənləşdirilməlidir. Məhkəmə cavabdehlərin sözügedən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləğinin bazar qiymətinə uyğun olaraq müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş, ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, X62 küçəsi, ev 79/81 ünvanında yerləşən mənzildə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 faktiki istifadəsində olan hissənin (43.11 m2) hazırkı dövr üçün kirayə haqqı qiyməti 320 manat müəyyən olunmuşdur. Sözügedən yaşayış sahəsinin aylıq kirayə haqqının 320 manat müəyyən olunduğunu nəzərə alsaq, iddiaçı tərəfindən təklif olunan 12000 manat kompensasiya məbləği cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 təxminən 3 il ərzində başqa yaşayış sahəsində kirayəçi kimi yaşamağa imkan verir. (320*36 =11520 manat) Məhkəmə iddiaçı tərəfindən təklif edilən 12000 manat kompensasiya məbləğininin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 təxminən 3 il ərzində başqa yerdə mübahisəli yaşayış sahəsində onlara xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamağa imkan verdiyini nəzərə alaraq hesab edir ki, cavabdehlərin sözügedən yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməlidir. Məhkəmə həmçinin nəzərə alır ki, tərəflər arasında mövcud olan münaqişəli vəziyyət bir tərəfdən tərəflərin yaşayış sahəsindən birgə istifadəsini qeyri-mümkün edir, digər tərəfdən mülkiyyətçinin öz əmlakından istədiyi kimi istifadə etmək hüquqlarını əsassız məhdudlaşdırır. Belə bir vəziyyətdə tərəflərin gələcəkdə eyni yaşayış sahəsində yaşaması onların arasındakı mübahisənin daha da dərinləşməsinə səbəb ola bilər. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, X62 küçəsi, ev 79/81 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna İddiaçı tərəfindən 12.000 manat məbləğində kompensasiya verilməsi yolu ilə xitam verilməli və cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 həmin yaşayış sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, X62 küçəsi, ev 79/81 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna İddiaçı tərəfindən 12000 (on iki min) manat məbləğində kompensasiya verilməsi yolu ilə xitam verilsin və cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 həmin yaşayış sahəsindən çıxarılsın. Qətnamə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, X62 küçəsi, ev 79/81 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar