Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-127/2023 28.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçı Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı intizam tənbehi verilməsi barədə əmrin ləğvi, əmək haqqı, əmək qabiliyyətinin olmamasına görə müavinətin tam ödənilməsi, mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, ona töhmət verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli N438 k/d saylı əmrin ləğv edilməsi, cavabdehdən verilişlərinin bərpa olunması, ona vurulmuş maddi ziyana görə 6000 manat (sentyabr, oktyabr və yanvar ayı ərzində (3 ay) alacağı qonorarın hər gecikdirilmiş günü üçün 1 faiz olmaqla, eləcə də xəstəlik vərəqələrinə görə aylıq qonorarının 60 faiz deyil, 100 faiz hesablanaraq ödənilməsi və mənəvi ziyana görə 2000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1986-cı ildən "xxxx" QSC-də (bundan sonra idarə) çalışır. Uzun müddətdir ki, idarədə "Azərbaycan Radiosunun” Proqramlar Direktorluğunda radionun “Uşaq və Gənclik verilişləri" baş redaksiyasında böyük redaktor vəzifəsində çalışır. Hər ay “Uğur” adlı iki veriliş hazırlayırdı (120 dəqiqə üçün 166 manat). İki verilişə görə 332 manat yazılır, 250 manat qonorar alırdı. Son veriliş xx.xx.2021-ci il tarixində efirə təqdim edilmişdir. xx.xx.2021-ci il tarixində (həftənin bazar günü) səhhətində problem yaranmışdır. Vəziyyətinin ciddiliyi ilə əlaqədar 16 saylı Şəhər Poliklinikasının həkimi ona xəbərdarlıq etmişdir ki, evdən çıxmaq olmaz. Buna baxmayaraq işə gəlməyini bildirdiklərinə görə xx.xx.2021-ci il tarixində işə çıxmışdır. Kadrlar Departamentinin rəisi ondan izahat tələb etmiş və iddaçı yazılı formada izahat vermişdir. İddiaçı 2021-ci ilin dekabr ayında əmək məzuniyyətinə çıxmalı idi. 2021-ci ilin avqust ayında isə “12 avqust- Beynəlxalq Gənclər günü” və “26 avqust-Beynəlxalq Azərbaycan Muğamı günü”nə həsr olunmuş iki veriliş hazırlamalı idi. Lakin ona məhz avqust ayında məcburi qaydada əmək məzuniyyətinə çıxması bildirilmiş və o da məcbur qalıb əmək məzuniyyəti ilə əlaqədar olaraq rəhbərliyə məzuniyyət ərizəsini təqdim etmişdir. 2021-ci ilin sentyabr ayında isə (23 və 30-u tarixlərində) iki veriliş hazırlamalı idi. Hətta, bununla bağlı plan da təqdim etmişdir. Əmək məzuniyyətindən qayıtdıqdan sonra ilk verilişini hazırlamışdır. Lakin verilişin efirə getməsinə icazə verilməmişdir. Buna baxmayaraq verilişləri “hazır verilişlər qovluğuna” göndərmişdir. 2021-ci ilin sentyabr ayının 24-də idarənin sədrinə verilişlərinin heç bir səbəb olmadan efirə getməsinə icazə verilməməsi ilə bağlı məlumat vermişdir. Bundan sonra, sədr və sədr müavini verilişlərin hazırlanmasına icazə vermişlər. Lakin, yenə "bəzi qüvvələr" tərəfindən verilişləri efirə təqdim edilməmişdir. Heç bir səbəb göstərilmədən verilişləri efirə getmədiyindən qonorarı dayandırılmışdır. O, redaksiyada böyük redaktor vəzifəsində çalışsa da, işəmuzd olaraq 268 manat qonorar alır. Oktyabr ayında da eyni qaydada verilişlərinin efirə getməsinə icazə verilməmişdir. Yenə dəfələrlə rəhbərliyə müraciət etmişdir. Sonradan verilişin hazırlanmasına icazə verilmişdir. Veriliş hazırlamış, lakin bilmədiyi səbəbdən efirə verilməmişdir. Nəticədə oktyabr ayı üzrə də aylıq qonorarı dayandırılmışdır. Halbuki, sentyabr və oktyabr aylarında işdə olmuş və müəyyən sayda veriliş hazırlamışdır. Artıq bütün bu olanlara son verilməli idi və bununla bağlı olaraq rəhbərliyə müraciət etməli idi. Belə ki, 2021-ci ilin oktyabr ayının 13-də sədrə ərizə ilə müraciət etmişdir. Ərizə yazdığına görə kadrlar departamenti tərəfindən ona xəbəri və heç bir səbəb olmadan 18 oktyabr 2021-ci il tarixli № 438 k/d saylı əmr əsasında töhmət verilmişdir. Əmrdə qeyd edilir ki, radionun “Uşaq və Gənclik Verilişləri” baş redaksiyasının böyük redaktoru İddiaçı öz vəzifə borcuna səhlənkar və son dərəcə məsuliyyətsiz yanaşaraq qarşısına qoyulan tapşırıqları yerinə yetirməyib, redaksiyanın əməkdaşları ilə kobud davranaraq daxili nizam-intizam qaydalarını kobud surətdə pozmuşdur. Halbuki, o, işlədiyi dövrdə nə işinə səhlənkar yanaşmış, nədə ki, redaksiyanın əməkdaşları ilə kobud davranmışdır ki, daxili nizam-intizam qaydaları pozsun. Bu qeyd olunanlar ona qarşı olan intriqa və "qarayaxma"dan başqa bir şey deyildir. Əmr verildikdən sonra 21 oktyabr 2021ci il tarixində o, “Kadrlar və Xüsusi İşlər Departamenti”nə çağırılaraq ondan izahat tələb edilmişdir. Halbuki Əmək Məcəlləsinin 187-ci maddəsinin tələbinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb etməlidir. Hətta bu haqda kadrlar departamentinə də fikrini bildirmişdir. 25 oktyabr 2021-ci il tarixdə isə idarənin hüquq şöbəsinə müraciət etmişdir. Məsələnin araşdırılaraq məlumat veriləcəyini bildirmişdilər. Bundan sonra verilmiş töhmət iddiaçının səhhətində ciddi problemlər yaratmışdır. 26 oktyabr 2021-ci il tarixdə xəstəlik vərəqəsi ilə işdən müvəqqəti azad edilmişdir. Bir neçə gündən sonra idarənin hüquqşünası ona idarəyə gəlməli olduğunu bildirmişdi. Xəstə olmağına baxmayaraq işə getmişdir. Orada onu təqdimatda olan iki cümlə ilə tanış etdilər, lakin əmrin surətini vermədilər. Belə ki, Kadrlar departamenti tərəfindən töhmət əmrinin surətinin yalnız onlar deyən ərizəni imzaladıqdan sonra veriləcəyini bildirilmişdir. İddiaçı isə əmrlə tanış olmamışdır. Halbuki, Əmək Məcəlləsinin 189.3-cü maddəsinin tələbinə əsasən intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. Lakin, həmin gün əmrin surətini ona təqdim etmədilər. Əmrdə aşağıdakı qeyd edilib: ƏSAS: radionun "Uşaq və Gənclik Verilişləri” Baş Redaksiyasının Baş Redaktorunun təqdimatı və akt əsasında verilib. Təqdimat xx.xx.2021-ci il tarixdə yazılıb, əmr həmin tarixdə verilib, akt isə yanvar ayında yazılıb. Kadrlar Departamentinin rəisi akt və təqdimatı yalnız məhkəməyə təqdim edəcəyini bildirmişdir. 2016-cı ildən səhhətində yaranan bir başqa xəstəliyi ilə əlaqadar olaraq əməliyyat olunmuşdur. Səhiyyə Nazirliyinin göstərişi ilə hər il 2 ay ona xəstəlik vərəqəsi verilməklə müalicə və müayinə olunmalı idi. İddiaçı isə 5 il ərzində heç zaman idarəyə xəstəlik vərəqəsi təqdim edə bilməmişdir. Səbəb isə xəstəlik vərəqələrinə görə aylıq qonorarının 60 faiz hesablanmasıdır. Halbuki onun 39 il iş stajı vardır. İddiaçı isə bu səbəbdən məcbur olub il ərzində ancaq məzuniyyət vaxtı müalicə və müayinə olunurdu. Hətta sözügedən məsələ ilə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına da məlumat vermişdir. 2021-ci ilin dekabr ayında da məzuniyyət vaxtı müalicə və müayinə olunmalı idi, lakin məcburi qaydada məzuniyyətə göndərildiyindən dekabr ayında xəstəlik vərəqəsi ilə işdən müvəqqəti azad edilmişdir. 05 yanvar 2022-ci il tarixdə xəstəlik vərəqəsinə görə işə çıxmağına icazə verilsə də, həkim tərəfindən daha 3 həftə xəstəxanada müalicə və müayinə olunmağı bildirilmişdir. Dəfələrlə idarəyə zəng vurub xəstəlik vərəqələrinə görə veriləcək vəsaitin hesablanmasını xahiş etsə də, nəzərə alınmamışdır. Bu səbəbdən məcbur olub xəstəxanaya olan göndərişdən imtina etmişdir. xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə kimi, o cümlədən xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi xəstəlik vərəqələri üzrə müavinət qazancının 60 faiz nəzərə alınmaqla hesablanıb. Bundan başqa, müharibə veteranının övladı olaraq əmək vergisindən azad olunmalı idi. Lakin bu cəmi 2 ay tətbiq edilmişdir. Bütün bunlardan sonra, həkim tərəfindən 05 yanvar 2022-ci il tarixində işə başlamağına icazə verilsə də, sədrə ərizə ilə müraciət edib bildirmişdir ki, verilişləri ona məlum olmayan səbəblərdən efirə buraxılmır, üstəlik aylıq qonorarı verilmir, istifadə etdiyi kompyüter ondan alınıb, eləcə də həmin kompüterdə ona məxsus olan qovluqlar silinmişdir. Həmin ərizədə qeyd etmişdir ki, məcbur olub işdən çıxmağı ilə bağlı bu ərizəni yazır ki, əmrin surətini ala bilsin. Əmrin surətinin rəsmi qaydada poçt vasitəsi ilə göndərilməsini xahiş etmişdir. Lakin ərizəsinə cavab verilməmişdir. Yalnız 2 həftədən sonra Kadrlar Departamentinə zəng etmişdir. Cavabında ona iddiaçını belə ərizə ilə işdən azad edə bilməyəcəklərini demişlər. Nəhayət 04 fevral 2022-ci il tarixdə sədrə təkrarən ərizə ilə müraciət etmişdir. Müraciətində töhmət haqqında əmrin surətinin verilməsini xahiş etmişdir. Bu ərizədən sonra ona Kadrlar Departamenti tərəfindən üzərində verilmə tarixi və möhür olmadan əmr təqdim edilmişdir. Təbii ki, o, razılaşmayaraq etirazını bildirmişdir və ona sonradan üzərində tarix və möhür olan 18 oktyabr 2021-ci il tarixli №438 k/d saylı əmri təqdim etmişlər. Əmək Məcəlləsinin 186.3-cü maddəsinin tələbinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Lakin rəhbərlik tərəfindən bunların heç biri nəzərə alınmadan ona töhmət verilmişdir. Halbuki o “Uşaq və Gənclik verilişləri” baş redaksiyasında kifayət qədər staja malik böyük redaktordur. Göründüyü kimi, böyük redaktor olaraq ona qarşı haqsızlıq edilmiş, heç bir səbəb olmadan və ona öncədən hər hansı xəbərdaredici məlumat verilmədən verilişləri dayandırılmış, verilişlərinin efirə getməməsi səbəbindən qonorarı dayandırılmış, üstəlikdə müvafiq əmr əsasında töhmət verilmişdir. Verilmiş töhmət əsasında səhhəti həddindən artıq pisləşmiş və üz nahiyəsində problem yaranmışdır. Bununla bağlı, müayinə və müalicə olunmuşdur. Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(009)-1096/2022 saylı qərardadı ilə mülki iş aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı iddia tələblərinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə qarşı xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsi, verilişlərinin bərpa olunması və 2021-ci ilin sentyabr, oktyabr və 2022-ci ilin yanvar ayı, eləcə də 2022-ci ilin 6 may tarixindən başlayaraq məcburi iş buraxmaya görə işəgötürən tərəfindən verilişləri bərpa olunan tarixədək olan müddət üçün əmək müqaviləsində göstərilən aylıq əmək haqqının ödənilməsi (alacağı əmək haqqının hər gecikdirilmiş günü üçün 1 faiz olmaqla, eləcə də xəstəlik vərəqələrinə görə aylıq qonorarın 60 faiz deyil, 100 faiz hesablanaraq) eləcə də mənəvi zərərə görə 2000 manat pul məbləğinin ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddiaya etiraz etmiş, bu barədə etiraz təqdim edərək aşağıdakıları qeyd etmişdir: İddia ərizəsində qeyd edilənlər həqiqəti əks etdirmir. İddiaçı iddiasında 2021-ci ilin sentyabr ayında (23 və 30- u tarixlərində) iki veriliş hazırlamalı olduğunu və bununla bağlı plan da təqdim etdiyini, lakin sözü gedən verilişlərin efirə təqdim edilmədiyini bildirir. Belə ki, Azərbaycan Radiosunun “Uşaq və gənclik” redaksiyasının baş redaktoru tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin sədrinə iddiaçı barəsində 15 oktyabr 2021-ci il tarixli təqdimat daxil olmuşdur. Həmin təqdimatda qeyd olunur ki, redaksiyanın əməkdaşlarına yeni layihəli verilişlərin təqdim olunması tapşırılmışdır. Lakin digər əməkdaşlardan fərqli olaraq tapşırıq verilən müddət ərzində böyük redaktor İddiaçı tərəfindən yeni veriliş təqdim olunmayıb. Bu azmış kimi iddiaçı, illərlə ssenari müəllifi olduğu “Uğur” adında köhnə məzmunlu uşaq verilişinin ssenarisini təqdim edərək, Radionun Proqram direktorluğundan həmin köhnə verilişin efirə salınmasını tələb etmişdir. İddiaçıya, təqdim etdiyi ssenarinin günün tələblərinə qətiyyən cavab vermədiyi bildirilsə də, onun cavabı “mən bunu bacarıram” olmuş və o, bundan başqa heç bir veriliş təqdim etməmişdir. Bundan başqa, İddiaçı iddia ərizəsində əmr verildikdən sonra, 21 oktyabr 2021-ci il tarixində Kadrlar və Xüsusi İşlər Departamentinə çağrılaraq ondan izahat tələb edildiyini, əmrin ona təqdim olunmadığını və s. bu kimi halları göstərir. Bütün bunlar da yalandır. Belə ki, 15 oktyabr 2021-ci il tarixli yuxarıda qeyd olunan təqdimatdan sonra həmin gün iddiaçıdan izahat verməsi tələb edilmişdir. Lakin iddiaçı izahat verməkdən imtina etmişdir. Bununla bağlı eyni tarixli akt da tərtib olunub. Bununla bərabər, İddiaçı ona verilmiş töhmət əmri ilə tanış olmaqdan və həmin əmrin surətini almaqdan da imtina etmişdir. Bu hal 20 oktyabr 2021-ci il tarixli aktla öz təsdiqini tapır. İddiaçı bir əməkdaş kimi kollektivlə sağlam, səmimi münasibət qurmağı bacarmır, əməkdaşları heç bir səbəb olmadan etik normalara sığmayan ifadələrlə təhqir edir. Oturduğu otaqda daim gərginlik yaradır və əməkdaşlarla hədə-qorxu ilə danışır. Bu hərəkətləri ilə redaksiyadakı yaradıcı, sağlam mühitə xələl gətirməyə çalışır. Buna dair iddiaçı ilə bir strukturda işləyən əməkdaşlar 14 oktyabr 2021-ci il tarixli müvafiq akt tərtib etmiş və imzalamışlar. Radionun “Uşaq və gənclik” redaksiyasının böyük redaktoru İddiaçı öz vəzifə borcuna səhlənkar və son dərəcə məsuliyyətsiz yanaşaraq qarşısına qoyulan tapşırıqları yerinə yetirmədiyinə, habelə redaksiyanın əməkdaşları ilə kobud davranaraq daxili nizam-intizam qaydalarını kobud surətdə pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a" bəndinə əsasən ona töhmət verilmişdir. İddiaçı ona təqdim olunan xx.xx.2021 -ci il 438 k/d saylı töhmət əmri ilə tanış olmaqdan və bir nüsxəsini götürməkdən imtina etmişdir. Bununla da İddiaçı Əmək Məcəlləsinin 10-cu maddəsinin “b” (əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək), “e” (iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq) və “f ’ (əmək qanunvericiliyinin tələblərinə əməl etmək) bəndlərinə əsasən əmək müqaviləsi üzrə vəzifə borcunu yerinə yetirməmişdir. Göründüyü kimi, iddiaçının hazırkı iş üzrə mübahisələndirdiyi töhmət tam qanuni əsaslarla verilmişdir. Eyni zamanda, Cəmiyyətdə işəmuzd işləyən iddiaçının maddi və mənəvi zərərin ödənilməsinə dair iddia tələbi də əsassızdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki,iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək. Maddə 186.1 İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Maddə 187.2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Maddə 195. İşəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyət daşıdığı hallar İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır: a) əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilməsi nəticəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda; məhkəmənin qətnaməsi (qərarı) ilə müəyyən edildikdə; Maddə 196. İşçiyə dəymiş maddi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi qaydası
1. Bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfindən aşkar edilərək müəyyən olunduqda, habelə müvafiq səlahiyyətli vəzifəli şəxsin (orqanın) — müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafiq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir.
5. İşçiyə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş qaydada müəyyən olunur. Maddə 290. Fərdi əmək mübahisələrində tərəflərin vəzifələri və məsuliyyəti Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Qeyd: Bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Məhkəməyə təqdim edilmiş təqdimatdan müəyyən edilmişdir ki, iddiaçıya günün tələbinə cavab verən yeni verilişlərin hazırlanması tapşırılmış, iddiaçı isə yeni veriliş hazırlamamış və bunun əvəzinə köhnə verilişi təqdim etmişdir. Bundan əlavə cavabdehin işçiləri tərəfindən tərtib edilmiş aktdan görünür ki, iddiaçı redaksiyanın əməkdaşları ilə kobud davranaraq daxili nizam-intizam qaydalarını pozmuşdur. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddiaçı əmək funksiyasını yerinə yetirmədiyinə görə işəgötürən tərəfindən düzgün olaraq ona intizam tənbehi verilmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən əsaslı olaraq həmin veriliş efirə verilməmişdir. Belə ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinə əsasən Cəmiyyətin həyata keçirdiyi əsas funksiyalardan biri də televiziya və radio proqramlarının yüksək ideya-bədii səviyyəsini təmin edilməsidir. Odur ki, məhkəmə hesab edir ki, iddia xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsi, verilişlərinin bərpa olunması və 2021-ci ilin sentyabr, oktyabr və 2022-ci ilin yanvar ayı, eləcə də 2022-ci ilin 6 may tarixindən başlayaraq məcburi iş buraxmaya görə işəgötürən tərəfindən verilişləri bərpa olunan tarixədək olan müddət üçün əmək müqaviləsində göstərilən aylıq əmək haqqının ödənilməsi (alacağı əmək haqqının hər gecikdirilmiş günü üçün 1 faiz ödəncin də ödənilməsi) tələbləri, eləcə də həmin tələblərin nəticəsi olaraq mənəvi zərərə görə 2000 manat pul məbləğinin ödənilməsi tələbləri hissəsində iddia əsassızdır və rədd edilməlidir. Məhkəmə xəstəlik vərəqələrinə görə müavinətin qazancın 60 faiz deyil, 100 faiz miqdarında hesablanaraq ödənilməsi tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin qeyd hissəsinə əsasən əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında “Əsasnamənin 62-ci bəndinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında müavinət aşağıdakı miqdarda verilir: qazancın 100 faizi miqdarında: 12 il və daha çox sosial sığorta stajı olan işçilərə... İddiaçı iddia ərizəsinin əsaslandırılmasında 39 il iş stajı olmasına baxmayaraq ona xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə kimi, o cümlədən xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi xəstəlik vərəqələri üzrə müavinətin qazancının 60 faizi miqdarında hesablanıb ödənilməsini bildirmiş və həmin dövr üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilməli müavinətin düzgün olaraq qazancının 100 faizi miqdarında hesablanaraq ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2096 saylı xx.xx.2023-cü il tarixli rəyinə əsasən iş materiallarında olan əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilməli olan müavinətlə bağlı son haqq-hesab məlumatına əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilməli olan müavinətin miqdarı ümumilikdə 911,44 manat təşkil edir. İş materiallarında olan bank hesabından çıxarış məlumatlarına əsasən İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilmiş müavinətin miqdarı ümumilikdə 507,18 manat məbləğində müəyyən edilir. Lakin xx.xx.2023-cü il tarixdə iddiaçı və cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli və xx.xx.2022-ci il tarixli məktublarından görünür ki, iddiaçıya iddia etdiyi müddət üçün əmək qabiliyiyyətinin olmaması vərəqələri üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanma dərəcəsi 100 faiz ilə nəzərə alınmışdır. Eyni zamanda iş materiallarına əlavə edilmiş (iş vərəq 95) Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilmiş iddiaçının bank hesabından çıxarışdan görünür ki, iddia ərizəsində mübahisələndirilən dövr üçün, yəni xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə, xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi olan müddət üçün DSMFnin məktublarında göstərilən cədvəllərdə qeyd olunmuş müavinət məbləğləri (46,94, 41,31, 190,86, 125,15) iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində ödənilmişdir. İddiaçı isə məhkəməyə iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia xəstəlik vərəqələrinə görə aylıq qonorarın 60 faiz deyil, 100 faiz hesablanaraq ödənilməsi hissəsində də əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.1. əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar; 9.1.14. məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr... Məhkəmə hesab edir ki, tərəflər dövlət rüsumu ödəməkdən azad olduğundan dövlət rüsumu tutula bilməz. Eyni zamanda məhkəmə hesab edir ki, iddia rədd edildiyinidən mühasibatlıq ekspertizasının dəyəri iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
Qət etdi:
İddia rədd edilsin. 100 (yüz) manat məbləğində məhkəmə mühasibatlıq ekspertizasının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO13601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Təhminə Xəlilova