Məhkəmə qərarları › İş №2(3-8)-226/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-226/2026

15.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Mənəvi zərərin ödənilməsi - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-226/2026 15.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı Cümşüdov İlham Firəddin oğlunun cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X2 ibarət tərkibdə, Əliyeva Aytən İlqar qızının katibliyi, iddiaçı Cümşüdov İlham Firəddin oğlunun, cavabdeh Cavabdeh, onun vəkili və nümayəndəsi vəkil1 (sonucu məhkəmə iclasında iştirak etməmişdirlər) iştirakları ilə, İddiaçı Cümşüdov İlham Firəddin oğlunun cavabdeh Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Chery Tiggo 7 Pro minik markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cümşüdov İlham Firəddin oğlunun adına qeydə alınmışdır.

2. Bakı şəhər DYPŞ tərəfindən verilmiş ##.##.2024-cü il tarixli TP******* nömrəli yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir.

3. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli qüsur aktından görünür ki, Chery Tiggo 7 Pro markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə texniki baxış keçirilmiş və müəyyən olunmuşdur ki, 30059.8 manat ziyan dəymişdir.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı Cümşüdov İlham Firəddin oğlu cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 30059.8 manat dəymiş ziyanın, 5000 manat mənəvi ziyanın, ümumilikdə isə 35060 manat pulun və ödənilmiş 196 manat dövlət rüsumunun tutularaq, ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh ##.##.2024-cü il tarixdə Bakı şəhəri, Azadlıq ərazisində, Mercedes Benz C200 minik markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirmiş və nəticədə Chery Tiggo 7 Pro markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi baş vermişdir. Qeyd olunanlara dair cavabdeh Cavabdehla bağlı inzibati xəta haqqında protokol tərtib edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə 80 manat məbləğində cərimə edilmişdir. İddiaçı mülkiyyətində olan avtomobilə dəymiş ziyanı müəyyən etmək üçün “xxxx” MMC-də İxtisaslaşdırılmış Avtomobil Mərkəzinə müraciət etmiş və ziyan aktı almışdır. Ziyan aktına əsasən sıradan çıxmış ehtiyyat hissələrinin adları, ehtiyyat hissələrinin qiymətləri müəyyən edilmiş və təmir ilə birlikdə ümumi hesablanmışdır. Avtomobilin tam sökülüb yığılmasına, təmirinə, rənglənməsinə sərf olunan, görülən işlərin ümumi dəyəri 30059.8 (otuz min əlli doqquz manat 80 qəpik) manat müəyyən edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilinə ümumilikdə 30059.8 manat ziyan dəymişdir. Bundan başqa, 5000 (beş min) manat mənəvi ziyan dəymişdir. Ziyan aktında göstərilən dəymiş ziyanın, maddi və mənəzi ziyanın ödənilməsinə dair cavabdeh Cavabdeh ##.##.2024-cü il tarixdə qeydiyyatda olduğu ünvan 1 ünvanına pretenziya göndərilmişdir. Cavabdeh həmin ünvanda qeydiyyatda olsa da, həmin ünvanda yaşamadığı üçün pretenziyanın ona çatdırılması mümkün olmamışdır. Cavabdehə bu barədə telefon vasitəsilə məlumat verilmiş, o, dəymiş ziyanı ödəməyə imkanının olmadığını bildirmişdir. Hesab edir ki, iddiaçıya dəymiş 30059 manat maddi və 5000 manat mənəvi ziyanın əvəzi cavabdeh Cavabdeh tutulmalıdır.

6. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, müəyyən edilmiş ziyanın 5000 manat hissəsinin sığorta şirkəti tərəfindən iddiaçıya ödənildiyini əsas gətirərək, cavabdeh Cavabdeh 25059.8 manat dəymiş maddi ziyanın, 5000 manat mənəvi ziyanın, ümumilikdə isə 30059,8 manat pulun və ödənilmiş 196 manat dövlət rüsumunun tutularaq, iddiaçı Cümşüdov İlham Firəddin oğluna ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli qərardadı ilə (hakim Fərid Yaqubov) iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuşdur.

8. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli rəyində qeyd olunur ki, Chery Tiggo 7 Pro markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə dəyişilməli olan və təmir edilməli olan hissələri (detalları) və həmin hissələrə aid görüləcək işlərin (xidmətlərin) dəyəri “xxxx” MMCnin ##.##.2024-cü il tarixli qüsur aktında göstərilən qiymətə uyğun olaraq 30058 manat müəyyən edilmişdir.

9. Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim Fərid Yaqubov) iddia qismən təmin edilmiş, vurulmuş maddi ziyanın əvəzi olaraq 25058 manat məbləğində pulun, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 200 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 135,17 manatın cavabdeh Cavabdeh iddiaçı Cümşüdov İlham Firəddin oğlunun xeyrinə tutulması və iddianın qalan hissəsə təmin olunmaması qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21, 1096, 1097-ci maddələri, Mülki Prosesual Məcəllənin 14.2, 77, 119.1, 217.3, 217.4 və 218.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin maddi ziyanın tutulması hissədində ləğv edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki iş üzrə qətnamə qəbul edilərkən sübutlar düzgün qiymətləndirməmiş, işə mahiyyəti üzrə düzgün və obyektiv baxmamışdır. İş üzrə icraatda məhkəmənin çəkişmə prinsipi əsasında aparılması tələblərinə riayət edilməmiş, iddia ərizəsinə əlavə edilən sənədlər və prosesin gedişatı zamanı iddiaçı tərəfindən təqdim edilən reallığı əks etdirməyən ziyan aktı qismində təqdim etdiyi sübut tam və ətraflı araşdırılmamış, bununla da sübutların düzgün qiymətləndirilməməsi nəticəsində qətnamə qəbul edilərkən düzgün nəticəyə gəlinməmişdir. İş üzrə mübahisə yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş maddi ziyanın məbləğinin düzgün müəyyən edilib-edilməməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi maddi ziyanı yalnız iddiaçı tərəfindən təqdim edilmiş qiymətləndirmə (qüsur aktı) sənədi və məhkəmədə işə baxılan zaman mütəxəssis rəyi əsasında məhkəməyə təqdim edilən “qiymətləndirmə rəyi” əsasında müəyyən etmişdir. Həmin qiymətləndirmə rəyi ilə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilən və iddia tələbinin həcmini məhz həmin ziyan aktı əsasında müəyyən edilən “qüsur aktı” ilə eyni məbləğ təşkil etməsi məhkəmə üçün heç də şübhəli görünməmiş və dəymiş ziyanın müəyyən edilməsində real bazar qiymətinin aşkar edilməsi üçün proses zamanı buna etirazını bildirilməsinə rəğmən ekspertiza təyin etməmişdir. Maddi ziyanın məbləği sübutlarla təsdiq edilməmişdir. Məhkəmə maddi ziyanın müəyyən edilməsi zamanı təqdim edilmiş qiymətləndirmə sənədini tənqidi qiymətləndirməmiş, onun obyektivliyini, bazar qiymətlərinə uyğunluğunu və zədələrin real həcmi ilə adekvatlığını araşdırmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh Cavabdeh, onun vəkili və nümayəndəsi vəkil1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdirlər.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Cümşüdov İlham Firəddin oğlu apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

16. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

17. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

18. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. (...)

19. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. (...)

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

21. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

22. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 101. Ekspert rəyi 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

24. Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

25. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

27. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

28. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı apellyasiya şikayətinin dəlilləri ilə mübahisələndirilən hissədə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. İşdə olan Bakı şəhər DYPŞ tərəfindən verilmiş ##.##.2024-cü il tarixli TP******* nömrəli yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Mercedes Benz C200 minik markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Azadlıq ərazisində idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və 80 manat cərimə edilmə haqqında tənbeh verilmişdir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsində cavabdehin təqsirli olması işin mübahisəsiz halıdır. Belə olan halda dəymiş zərər üçün cavabdeh məsuliyyət daşıyır və vurulmuş zərər onun tərəfindən iddiaçıya ödənilməlidir.

32. İddiaçı cavabdehin hüquqazidd əməli nəticəsində ona məxsus avtomobilin təmirinə ümumilikdə 30500 manat məbləğində xərci çıxdığını, onun 5000 manatının sığorta tərəfindən ödənildiyini qeyd etmiş və geri qalan 25058 manat məbləğin ödənilməsini tələb etmişdir.

33. Məhkəmə iclasında verdiyi izahatında cavabdeh tələb edilən məbləğin şişirdilmiş məbləğ olduğunu və vurulmuş zərərə görə ancaq 5000 manat məbləğində pul ödəyə biləcəyini bildirmişdir.

34. İş materiallarında olan “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli rəyində qeyd olunur ki, “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli qüsur aktına əsasən, iddiaçıya məxsus Chery Tiggo 7 Pro markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə dəyişilməli olan və təmir edilməli olan hissələri (detalları) və həmin hissələrə aid görüləcək işlərin (xidmətlərin) dəyəri 30058 manat təşkil edir.

35. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir.

36. Kollegiya cavabdehin apellyasiya şikayətinə qiymət verərək qeyd edir ki, cavabdeh avtomobilin zədələnməsi nəticəsində dəymiş zərərin miqdarının həmin rəydə göstərilən məbləğdən az olması, o cümlədən rəyin əsassızlığı barədə məhkəməyə hər hansı sübut növü təqdim etməmişdir.

37. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

39. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar