Məhkəmə qərarları › İş №2(1-8)-768/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-768/2026

10.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Mənəvi zərərin ödənilməsi - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-768/2026 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi, cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülki hüquq pozuntularından (deliktdən) irəli gələn mübahisələr, dövlət orqanları, yerli özünüidarə orqanları və onların vəzifəli şəxslərinin vurduqları zərərdən irəli gələn mübahisələr, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi, cavabdeh2 və cavabdeh1 qarşı “maddi və mənəvi zərərin ödənilməsi barədə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev № **-da yerləşən *** №-li mənzil ##.##.2019-cu ildən iddiaçının mülkiyyətindədir, Laçın rayonundan məcburi köçkün olan cavabdeh cavabdeh1 ailəsi ilə birgə həmin mənzildə yaşayır.

2. Iddiaçının iddiası əsasında Yasamal Rayon Məhkəməsinin qəbul etdiyi ##.##.2001-ci il tarixli *-***/**** nömrəli qətnaməsi ilə cavabdeh cavabdeh1 ailə üzvləri ilə birlikdə mənzildən çıxarılması qət olunmuş, qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş, lakin hal-hazıra kimi icra edilməmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Qaçqınların, X3 üzrə Dövlət Komitəsi və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1-ci cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən Yasamal rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə mindiyi gündən ##.##.2001-ci il tarixdən cavabdeh cavabdeh1 Nürəddin oğlu və onun ailə üzvləri bu evdən çıxarılmasına dair qətnamə icra olunanadək maddi ziyan kimi hər ay 420 manat məbləğində əldən çıxmış fayda olaraq, mənəvi ziyan kimi 60.000 manat pulun tutulması, 2-ci cavabdeh cavabdeh2 üzərinə 3-cavabdeh cavabdeh1 Nürəddin oğlunun və onun ailə üzvlərinin yaşayış sahəsi ilə təmin edilməsi vöəzifəsi qoyulması, 3-cü cavabdeh cavabdeh1 Nürəddin oğlundan ailə üzvlərinin həmin mənzilə köçərkən mənzil üçün aldıqları mebelləri həm istifadə etdikləri, həm də yararsız vəziyyətə saldıqları üçün 10.000 manat məbləğində pulun tutulması və ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Iddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yeni- Yasamal küçəsi, ** saylı evin, *** saylı mənzili şəxsi mülkiyyət hüquqi ilə İddiaçı Ədil oğluna məxsusdur. Bakı şəhəri Yasamal rayon məhkəməsinin *-***/**** saylı ##.##.2001-ci l tarixli qətnaməsindən görünür ki, cavabdeh1 2000-ci ilin sentyabr ayında mənzilin boş olmasından istifadə edərək (həmin vaxtı polis əməkdaşı olan İddiaçı cəbhə bölgəsində Tər-Tər rayonunda xidmətdə olmuş, ailə üzvləri onun yanına getmişlər) evin 9-ci mərtəbəsindən 8-ci mərtəbəsinə iplə düşərək Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yeni-Yasamal küçəsi, ** saylı evin, *** saylı mənzilini qanunsuz zəbt etdiklərindən, həmin mənzildən ailə üzvləri ilə birlikdə çıxarılması qət edilmişdir. Iddiaçı İddiaçı bildirdiyinə görə cavabdeh1 Laçın rayonun Minkənd kəndindən məcburi köçkün düşmüş, evin bir oğludur, atası Nurəddin Allahverdiyev Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitə tərəfindən Müşfiq qəsəbəsində mənzillə təmin edilmiş və həmin mənzildə hal-hazırda bacısı və anası yaşayır. Qətnamənin icrası ilə bağlı aidiyyatı üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasına, Bakı şəhəri Yasamal rayon məhkəməsinə, Icra Şöbəsinə, cavabdeh2nə müraciət olunsa da bu mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ##.##.2024-cü il tarixli məktubundan görünür ki, qətnamənin icrası ilə bağlı müvafiq araşdıma aparılmış, borclunun Laçın rayonundan məcburi köçkün olması müəyyən edilmiş, icra sənədi ilə əlaqədar dəfələrlə cavabdeh2nə müraciət edilmiş, lakin boş mənzil fondu olmadığından icra sənədinin icrası mümkün olmamışdır.

5. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə ## ######## 2025-ci il tarixli qətnaməsi ilə (hakim Əfsanə Heydərova) iddia rədd edilmişdir.

7. Məhkəmə iddiaçının Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə yönləndirdiyi “maddi və mənəvi ziyanın ödənilməsi” ilə bağlı tələbinə münasibətdə qeyd etmişdir ki, Yasamal Rayon Məhkəməsinin ##.##.2001-ci il tarixli qətnaməsi ilə cavabdeh cavabdeh1 və ailə üzvlərinin mübahisələndirilən mənzildən çıxarılması qət edilmişdir və həmin qətnamə bu günədək qüvvədədir. Qətnamə əsasında icraata başlanılması faktı və icra sənədinin icra orqanlarına yönəldilməsi iş materiallarından aydın görünür. Lakin məhkəmə eyni zamanda sübut edib ki, icra tədbirlərinin davam etdirilməsi və qətnamənin tam icrası icra orqanları ilə yanaşı aidiyyəti dövlət qurumlarının da iştirakı tələb edən təşkilati və faktiki həllərdən asılı olmuşdur. Belə ki, iş materiallarında yer alan Ədliyyə Nazirliyinin ##.##.2024-cü il tarixli məktubu və digər yazılı məlumatlar göstərir ki, icra orqanları tərəfindən aparılmış sorğular, aidiyyəti qurumlara edilmiş müraciətlər və əlaqədar araşdırmalar nəticəsində borcluların Laçın rayonundan məcburi köçkün olması müəyyən edilmiş, Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə yönəldilmiş sorğulara cavablar alınıb və həmin Komitə tərəfindən boş mənzil fondu olmadığı səbəbindən icra sənədinin icrasının mümkün olmadığı barədə rəsmi izahatlar təqdim edilmişdir. Bu vəziyyət icra prosesinin hüquqi olmasını və icra orqanlarının işin aparılmasında məqsədli hərəkətlər göstərdiyini istisna etmir, əksinə, məhkəmə üçün həmin sənədlər icra imkanlarının məhdud olduğu barədə obyektiv məlumat rolunu oynayır.

8. Məhkəmə nəzərə almışdır ki, Yasamal Rayon Məhkəməsinin ##.##.2001-ci il tarixli qətnaməsinin icrasının gecikməsi və ya müəyyən müddət ərzində həyata keçirilməməsi nəticəsində iddiaçının maddi ziyanın tələb etməsi üçün yalnız qətnamənin mövcudluğu kifayət etmir. Maddi ziyanın — ödənilməsini tələb etmək üçün həmin zərərin meydana çıxması ilə dövlət orqanının və ya icraedici strukturların qanunsuz, işə məsuliyyətsiz və ya qəbuledilməz hərəkətləri arasında zəruri və birbaşa səbəb-nəticə əlaqəsi olmalıdır. Iş materiallarında təqdim edilmiş sənədlərdən görünür ki, icra edilməmənin səbəbi dövlət orqanlarının məqsədyönlü və qəsdən hərəkətsizliyi deyil, məcburi köçkünlərin yaşayış yeri ilə təmin edilməsi problemlərinin, boş mənzil fondunun mövcud olmamasının və bununla əlaqədar yaranmış obyektiv çətinliklərin varlığı olmuşdur. Bu cür obyektiv maneələr xüsusi hallarda hüquqi məsuliyyəti aradan qaldıra və ya onun əsasını dəyişdirə bilər, çünki dövlət qurumlarının müəyyən resurslar, büdcə imkanı və mənbələr çərçivəsində fəaliyyəti məhduddur və onların öhdəlikləri praktiki imkanlarla tənzimlənir.

9. Məhkəmə vurğulamışdır ki, iddiaçının təqdim etdiyi qiymətləndirmə rəyi —aylıq kirayə dəyərinin 420 manat olduğu barədə ekspert rəyi — yalnız mülkiyyətin bazar dəyərinin və ya potensial gəlirin göstəricisidir və birbaşa olaraq iddiaçının konkret olaraq həmin məbləği həqiqətən əldə edə bilməyəcəyini təsdiqləmir. Yəni ekspert qiymətləndirməsi ziyanın ölçüsünün müəyyənləşdirilməsinə yardım edə bilər, lakin zərərin varlığını və onun yaranma səbəbini sübuta yetirmir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı göstərmişdir ki, iddia maddi ziyan hissəsində təmin edilmədiyindən, mənəvi zərərin ödənilməsi ilə bağlı iddia tələbini əsassız hesab edir. Hazırki iş üzrə icra sənədinin dərhal həyata keçirilməməsinin əsas səbəbi obyektiv təşkilati çətinliklər və boş mənzil fondunun olmamasıdır, hansı ki, bu hallar iş materiallarında rəsmi yazışmalar və izahatlarla təsdiqlənir. Belə durumda Maliyyə Nazirliyinin və ya digər aidiyyəti dövlət strukturlarının məsuliyyətinin məhkəmə tərəfindən mülki məsuliyyət kimi müəyyən edilməsi üçün zəruri olan əsasların — yəni onların qanunsuz hərəkətinin və ya kobud və ya məqsədyönlü məsuliyyətsizliyinin, bu hərəkətlərin birbaşa zərərə səbəb olmasının və zərərin konkret həcminin etibarlı şəkildə sübuta yetirilməsinin — olmadığı qənaətinə gəlmək üçün məhkəmədə əsaslar vardır. Buna görə də iddiaçı tərəfindən Maliyyə Nazirliyinə yönəlmiş tələb əsassız olduğundan rədd edilməlidir.

11. Məhkəmə iddia tələbinin “cavabdeh2 tərəfindən ziyanın məbləğinin artmasının qarşısını almaq məqsədi ilə 3-cü cavabdeh cavabdeh1 və onun ailə üzvlərinin yaşayış sahəsi ilə təmin edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, Komitənin fəaliyyət istiqaməti məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların müvəqqəti yerləşdirilməsi və dövlətin mövcud imkanları çərçivəsində mənzil-məişət problemlərinin mərhələli həlli ilə məhdudlaşır. Komitənin vəzifəsi konkret məhkəmə qətnamələrinin icrası ilə bağlı müstəqil məsuliyyət daşımır və onun funksiyaları icra orqanlarının səlahiyyətlərindən fərqli olaraq hüquqmühafizə xarakteri daşımır.

12. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, iddiaçının tələbi əslində icra sənədinin yerinə yetirilməsi məqsədini güdür, lakin icra prosesində üçüncü şəxslərin yaşayış sahəsi ilə təmin olunması birbaşa Komitənin öhdəliyinə daxil edilə bilməz. Komitə yalnız dövlət büdcəsi və mövcud mənzil fondu çərçivəsində məcburi köçkünlərin yerləşdirilməsi üçün tədbirlər həyata keçirir və bu zaman konkret şəxsin dərhal mənzillə təmin olunması barədə vəzifə daşımır. Digər tərəfdən, boş mənzil fondunun mövcud olmaması faktı da dəfələrlə təsdiqlənmiş və məhz bu səbəbdən cavabdehlərin başqa yaşayış sahəsinə köçürülməsi mümkün olmamışdır.

13. Məhkəmə bu nəticəyə gəlmişdir ki, Dövlət Komitəsinin vəzifəsi iddiaçının göstərdiyi formada ziyanın artmasının qarşısını almaq üçün ayrıca tədbirlər görmək deyil, ümumilikdə məcburi köçkünlərin sosial müdafiəsini təmin etməkdir. Bu səbəbdən iddiaçının Komitəyə qarşı irəli sürdüyü tələbi də əsassız olduğundan rədd edilməlidir.

14. Son olaraq məhkəmə iddia tələbinin “3-cü cavabdeh cavabdeh1 Nürəddin oğlundan ailə üzvlərinin həmin mənzilə köçərkən mənzil üçün aldıqları mebelləri həm istifadə etdikləri həm də yararsız vəziyyətə saldıqları üçün 10.000 manat məbləğində pulun tutulması və ona ödənilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı İddiaçı həmin mebellərin mövcudluğu, həmçinin onların cavabdeh tərəfindən yararsız vəziyyətə saldıqları barədə məhkəməyə hər hansı sübut təqdim etmədiyindən, iddia bu hissədə də rədd edilməlidir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2002-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Iddiaçı apellyasiya şikayəti verərək, Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə ## ######## 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsi ilə oxşarlıq təşkil etmiş və şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 33-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1100-cü maddələrinə, Avropa Insan Hüquqları Konvensiyasına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19.1.7, 76, 77-ci maddələrinə istinad edilmişdir.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli mülki iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), Ikram Şirinov və Elşən Kazımov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

19. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddianın cavabdeh Maliyyə Nazirliyinə qarşı yönəlmiş hissəsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 43.3-cü maddəsində qeyd olunub: “Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər”. Dövlət hər hansı fiziki və ya hüquqi şəxsə zərər vurduğu halda həmin pul Maliyyə Nazirliyinin vasitəsilə dövlət büdcəsində tutulur. Dövlət iddiaçıya zərər vurmayıb, çünki hər hansı dövlət orqanı tərəfindən məcburi köçkünlərin iddiaçının mənzilində yerləşdirilməsi barədə qərar qəbul edilməyib, əksinə, iddiaçı mənzilin boşaldılması barədə iddia verdikdə məhkəmə dövlətin adından məcburi köçkünlərin mənzildən çıxarılması barədə qətnamə qəbul edib və qətnamənin məzmununda hər hansı qeyd-şərt göstərilməyib. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianın cavabdeh Maliyyə Nazirliyinə qarşı yönəlmiş hissəsini rədd etməklə düzgün nəticəyə gəlib.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddianın cavabdeh Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı yönəlmiş hissəsi də əsassızdır. Belə ki, iddiaçının məcburi köçkünlərin yaşayış sahəsi ilə təmin edilməsini Komitədən tələb etmək hüququ, Komitənin isə iddiaçının qarşısında bu barədə vəzifəsi yoxdur. Mülki hüquq və vəzifələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsində müəyyən edilmiş əsaslar olduğu halda əmələ gələ bilər. Odur ki, birinci instansiya məhkəməsi iddianın cavabdeh Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı yönəlmiş hissəsini rədd etməklə düzgün nəticəyə gəlib.

21. Məhkəmə kollegiyası bildirmişdir ki, iddianın cavabdeh cavabdeh1 qarşı yönəlmiş hissəsi əsassızdır. Belə ki, iddiaçı mənzildə ona məxsus mebellərin olması və həmin mebellərin cavabdeh1 tərəfindən yararsız vəziyyətə salınması barədə sübut təqdim etməyib. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin göstərişinə əsaslanaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianın cavabdeh cavabdeh1 qarşı yönəlmiş hissəsini rədd etməklə düzgün nəticəyə gəlib.

22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 21, 43.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

23. Iddiaçı kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının qeyd edilən maddələrinə istinad edilmişdir: 13-cü maddə- Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur, 29-cu maddə (II və IV hissələr): Mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmə qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 33-cü maddə-Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qeyd edilmişdir ki, iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsinə əsasən qeyd edilmişdir ki, dövlət orqanlarının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulan zərərin əvəzini dövlət ödəməlidir. Maliyyə Nazirliyi dövlətin mülki məsuliyyətini həyata keçirən qurum kimi bu zərərin ödənilməsini təmin etməli idi. Nazirliyin passiv davranışı Mülki Məcəllənin 1096, 1097 və 1100-cü maddələrinin pozulması deməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin pozulmuş maddələri: Maddə 21.1 və 21.2: iddiaçıya dəymiş real zərər və əldən çıxmış fayda dövlət tərəfindən ödənilməlidir. - Maddə 1096: Hüquqa zidd hərəkətsizlik nəticəsində zərər vurulduqda, təqsirli şəxs məsuliyyət daşıyır. Maddə 1100: Dövlət orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulan zərərin əvəzini Azərbaycan Respublikası ödəməlidir. Həmin məcəllənin 992 və 993-cü maddələri- mülkiyyət hüququ pozulmuş şəxsə zərərin tam əvəzinin ödənilməsi hüququnu təmin edir. “Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi haqqında” Qanunun 4 və 6-cı maddələrinə əsasən, Komitə məcburi köçkünlərin yerləşdirilməsi və mənzil təminatına görə məsuliyyət daşıyır. Kassatorun mənzilində qanunsuz yerləşdirilən cavabdeh1 və ailəsinin alternativ mənzillə təmin edilməməsi bu orqanın vəzifə borcunun yerinə yetirilməməsidir. Kassatorun mənzilində qanunsuz yerləşdirilən cavabdeh1 və ailəsinin alternativ mənzillə təmin edilməməsi bu orqanın vəzifə borcunun yerinə yetirilməməsidir.

25. Şikayətdə Mülki Prosessual Məcəllənin 19.1.7, 76, 77-ci maddələrinin pozulduğu qeyd edilmişdir. Bildirilmişdir ki, işə baxmış hakim X1 rayonundandır və bu səbəbdən məhkəmə baxışında tərəfsizlik prinsipi pozulmuş, məhkəmənin qərarlarında açıq-aşkar tərəfkeş yanaşma müşahidə edilmişdir. Bu hal MPM-in 19.1.7-ci maddəsinə və Avropa Insan Hüquqları Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması prinsipinə ziddir. Əgər hakimin tərəflərdən birinə şəxsi münasibəti, doğmalıq və ya hər hansı regional mənsubiyyət səbəbindən obyektivliyinə şübhə yaranarsa, həmin hakim işə baxmamalıdır. Bu prinsip məhkəmə ədalətinin və tərəfsizliyin əsas təminatıdır. Məhkəmə iş üçün əhəmiyyətli halları tam və hərtərəfli araşdırmalıdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

27. Maddə 13. 1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

29. Maddə 21. 1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

30. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

31. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

32. Maddə 43.3. Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər.

33. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

34. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Işin hallarından görünür ki, iddiaçı tərəfindən cavabdeh cavabdeh1 qarşı yönəlmiş iddia tələbi yalnız mənzilində olan mebellərin istifadəsi və yararsız hala salınmasna görə 10.000 manat maddi ziyanın tutulması barədə tələb olmuş, mənzildə mebellərin mövcudluğu sübut edilmədiyindən iddia tələbi bu hissədə təmin edilməmişdir. Kassasiya şikayətində bu hissə ilə bağlı dəlil qeyd edilməmişdir.

40. Kollegiya digər cavabdehlərə qarşı irəli sürülmüş iddia tələbləri ilə bağlı qeyd edir ki, iddiaçının xeyrinə qəbul edilmiş Yasamal Rayon Məhkəməsinin qəbul etdiyi ##.##.2001-ci il tarixli *-***/**** nömrəli qətnaməsinin hal-hazıradək icra edilməməsi nəticəsində iddiaçının mülkiyyətində olan əmlakdan maneəsiz istifadə hüququnun pozulduğu mübahisəsizdir. Məhkəmə tərəfindən hüquqi qiymət verilməli olan məsələ bu hüququn pozulmasında dövlət tərəfindən onlara verilmiş səlahiyyətlər çərçivəsində fəaliyyət göstərən orqanların iddiaçıya münasibətdə təqsirli şəkildə qanunsuz hərəkət və ya hərəkətsizliyə yol verilib-verilməməsi olmuşdur.

41. Insan hüquqları üzrə Avropa Məhkəməsinin “Gülməmmədova Azərbaycana qarşı”iş üzrə ##.##.2020-cu il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6cı maddəsinin məqsədləri üçün məhkəmə qərarının icra olunması “araşdırmanın” ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir. Məhkəmə qərarının icrasının təxirə salınması konkret hallarda əsaslandırılmalıdır. Lakin təxirə salınma elə tərzdə olmamalıdır ki, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndi ilə müdafiə olunan hüququn mahiyyətinə zərər vursun. (baxın, Burdov Rusiyaya qarşı, № *****/**, § 35, IHAM 2002-III). Fərdi şəxsə qarşı məhkəmə qərarının icrası üçün dövlətin məsuliyyəti dövlət orqanlarının icra icraatında iştirakından daha irəli getmir. Hakimiyyət orqanları məhkəmə qərarını icra etmək üçün hərəkət etmək öhdəliyi altında olduqda və bunu etmədikdə, onların hərəkətsizliyi Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi üzrə Dövlətin məsuliyyətinə səbəb ola bilər (baxın, mutatis mütandis, Kebotari və digərləri Moldovaya qarşı, № *****/**, 37712/04, 35247/04, 35178/04 və 34350/04, § 39, ## ###### 2009-cu il).

42. Mübahisəyə mahiyyəti üzrə baxmış məhkəmələr tərəfindən iddiaçının xeyrinə qəbul edilmiş Yasamal Rayon Məhkəməsinin qəbul etdiyi ##.##.2001-ci il tarixli *-***/**** nömrəli qətnaməsinin hal-hazıradək icra edilməməsində Icra Şöbəsinin və Azərbaycan Respublikası Qaçqınların, X3 üzrə Dövlət Komitəsinin təqsirli qanunazidd hərəkətsizliyi (delikt) müəyyən edilmədiyindən dövlətdən iddiaçının xeyrinə maddi və mənəvi zərər tutulması uçün MM-nin 1100-cü maddəsinin dispozisiya şərti mövcud olmamışdır.

43. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin iddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli məktubunda qeyd edilənlərə əsasən müəyyən edilmişdir ki, icra sənədinin icrası ilə əlaqədar dəfələrlə Azərbaycan Respublikası Qaçqınların, X3 üzrə Dövlət Komitəsinə müraciətlər edilmiş, lakin məcburi köçkün olan cavabdehin yerləşdirilməsi üçün mənzil fondunda boş mənzil olmadığından icra sənədinin icrası mümkün olmamışdır. O cümlədən, Azərbaycan Respublikası Qaçqınların, X3 üzrə Dövlət Komitəsinin vəkil vəkil2 ##.##.2025-ci il tarixli müraciətinə cavab məktubuna əsasən müəyyən edilmişdir ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı”na uyğun olaraq Laçın rayonunun Minkənd kəndindən olan məcburi köçkün ailələrinin qeydiyyatda olduqları doğma yurduna köçürülməsi başlanan zaman cavabdeh1 ilə imzalanmış ##.##.2024-cü il tarixli razılaşma protokoluna əsasən onun ailəsi ilə birlikdə köçürülməsi və mülkiyyətçinin mənzilinin boşaldılması təmin ediləcəkdir.

44. Kollegiya məhkəmənin hüquqi mövqeyi ilə razılaşır ki, MPM-nin 5-1-ci maddəsinə əsasən iddiaçının hazırkı iş üzrə cavabdeh olan cavabdeh1 və ailəsinin yaşayış sahəsi ilə təmin edilməsini tələb etməyə subyektiv hüququ yoxdur. Belə ki, MPM-nin 5.2-ci maddəsinə əsasən başqa şəxsin, yaxud şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün iddia qaldırmağa yalnız qanunda nəzərdə tutulmuş hallarda yol verilir ki, hazırkı işdə belə bir hal yoxdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə tam və hərtərəfli qiymət verilmiş, maddi hüquq normaları iş üzrə düzgün tətbiq edilmiş, qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan prosessual pozuntulara yol verilməmişdir.

45. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, mübahisələndirilən qətnamənin kassasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:

Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)- ****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar