Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1273/2022 07.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı İsmail İsmailovun Cavabdeh qarşı "yaşayış sahəsindən çıxarılma tələbinə dair" iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İsmail İsmailov Cavabdeh qarşı "yaşayış sahəsindən çıxarılma tələbinə dair" iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evin onun xüsusi mülkiyyətində olan 1/12 hissədə yaşayış sahəsindən cavabdehin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Nabat Aşurbəyova küçəsi, 169 saylı evin 1/12 hissədə mülkiyyət hüququ ********** qeydiyyat nömrəsi ilə 27.10.2021 -ci il tarixdə qeydiyyata alınmışdır. 03.01.1960-cı il təvəllüdlü Cavabdeh onun payına aid hissədə bir otağı zəbt etmişdir. Dəfələrlə mənzili tərk etməsini tələb etsə də, cavabdeh mənzili tərk etməmiş və bununla da, onun mülkiyyət hüquqlarını pozmuşdur. Odur ki, cavabdehin ona məxsus yaşayış sahəsindən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ətəbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, məhkəməyə verdiyi izahatında göstərmişdir ki, qeyd edilən mənzilə 1979-cu ilin avqust ayında gəlin köçmüşdür. Mənzili iddiaçının babası Adil İsmayılovdan qaynatası almışdır. Alqı-satqı müqaviləsi bağlanmamışdır. Mənzil 1979-cu ildə qonşuların iştirakı ilə tərtib olunmuş akt əsasında, qeydiyyata salınmaqla əldə edilmişdir. Mənzili 7000 manata almışdır. Bütün kommunal xidmətlər onun adınadır, ödənişlər etmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, məhkəməyə verdiyi izahatında göstərmişdir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Nabat Aşurbəyova küçəsi, 169 saylı evin 1/12 hissədə mülkiyyət hüququnun tanınması ilə əlaqədar çıxarışın Cavabdeh 1979-cu ildən, yəni 43 il ərzində istifadəsində və sahibliyində olan 1 otaqlı mənzilə aidiyyətiinin olub-olmamasına dair heç bir mötəbər sübut təqdim edilməmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışa əsasən müəyyən edilmişdir ki, ünvan 1 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 2/12 hissədə X5, X1 (A-tikilisində 1-ci mşrtəbədə y/s- 6.7 kv.m, k/s-5.5 kv.m, 2-ci mərtəbədə y/s- 12.8 kv.m, y/s-12.2 kv.m, k/s-4.5 kv.m, Btikilisində 2-ci mərtəbədə y/s-15.8 kv.m, y/s-10.9 kv.m, k/s-19.0 kv.m.), 2/12 hissədə X11, 1/12 hissədə X9, 2/12 hissədə X6, 1/48 hissədə Əzimova SevlncToflq qızının, 1/12 hissədə İsmail İsmailovun və 1/12 hissədə X10 adlarına qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri, Yasamal rayonu 61 saylı MKİS-in 15.03.2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh İmaməddm qızı iki uşağı - 14.12.1981 təvəllüdlü X3 və 28.01.1984 təvəllüdlü X7 ilə birlikdə 30.03.1984-cü ildə əri X2 yanına, yəni ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə qeydıyyata düşmüşdür. 3-cü uşağı X4 14.05.1985-ci ildə həmin ünvanda doğulmuşdur. 27.01.2021-ci ildə oğlu X7 vəfat etmişdir. Həmin tarixdən bu günədək Cavabdeh övladları ilə həmin ünvanda qeydi\yatdadırlar və bütün kommunal vergiləri vaxtında ödəmişlər. Qeyd etmək lazımdır ki, Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmazdır və onun subyekti qismində bir və ya bir neçə şəxs çıxış edə bilər. Yəni əmlak eyni vaxtda bir neçə şəxsə məxsus ola bilər və mülki qanunvericilikdə bu münasibətlər ümumi mülkiyyətə dair normalarla tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus əmlak üzərində öz mülahizəsinə əsasən sahiblik edir, onun barəsində sərəncam verir və ondan istifadə edir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özünün sahibliklə əlaqədar olmayan pozulmuş hüquqlarının bərpa olunmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə görə, əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsində göstərilir ki, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Habelə, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “E.Şahbazovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 mart 2021-ci il tarixli Qərarında qeyd etməyi zəruri hesab etmişdir ki, məhkəmələr tərəfindən ər-arvadın ümumi əmlakının bölünməsi və ya vərəsəlik qaydasında keçməsi ilə bağlı işlərə baxılarkən, ilk növbədə, həmin əmlakın ərarvadın birgə nikah dövründə və onların ümumi gəlirləri hesabına əldə olunması məsələsi araşdırılmalı, bu zaman tərəflərin öz tələblərini əsaslandırdığı hallar, etiraz və dəlillər ətraflı müzakirə edilməli, bununla bağlı verilmiş vəsatətlər həll edilərək əsaslandırılmış qərar qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Baxılan iş üzrə iddiaçı İsmail İsmailovun belə bir iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olduğunu təsdiq etmək üçün ilk növbədə Cavabdeh ünvan 1 saylı fərdi yaşayış evinin ona məxsus 1/12 hissəsini zəbt etməsini təsdiq edən sübutlar təqdim etməli olduğu halda bunu edə bilməmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, qanunvericiliyin tələbləri baxımından iddia tələbi əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən də məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı İsmail İsmailovun Cavabdeh qarşı "yaşayış sahəsindən çıxarılma tələbinə dair" iddia tələbi təmin edilməsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-1273/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1273/2022
07.04.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver