Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1288/2021 26.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri X2 və X1 iştirakı ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “işə bərpa” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “işə bərpa” tələbi ilə məhkəməyə müraciət edərək, işdən azad olunmasının qanunsuz hesab olunması və yenidən işə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında bildirir ki, o, xx.xx.1995-ci ildən DSMF-nin Siyəzən Rayon şöbəsində sığorta sektorunda çalışır. Heç bir zaman töhmət almamışdır. Lakin xx.xx.2020-ci ildə onu 3 aylıq əmək müqaviləsinin bitməsini bildirərək işdən azad etmişlər. İşdən azad olunması üçün heç bir səbəb olmamışdır. Belə ki, attestasiya zamanı keçid balı 42 olsa da o, 45 bal toplamışdır. Sonra da bildirmişlər ki, onun ali təhsili yoxdur, çünki texnikum bitirmişdir. O, bunu məntiqli bir cavab kimi görmür, ona görə ki, bu illər ərzində çalışmışdır, onu işə qəbul edəndə bu təhsillə qəbul ediblər. Lakin bu gün həmin idarədə ondan az bal toplayan işçilər çalışır. Dəfələrlə Nazirliyə müraciət etsə də, Fond cavablandırmır və problemi həll etmir. Ailəsinə ondan başqa gəlir gətirən yoxdur və öhdəliyində məktəbli övladı var. İşdən azad olunmağının qanunsuz sayılması ilə bərabər, yenidən işinə bərpa olunmağı haqqında qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 izahat verərək bildirir ki, yeni publik hüquqi şəxs yaranmışdır və hüquqi şəxsin tələbi inzibati vəzifə tutan şəxsin ali təhsilinin olmasıdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin səbəbi isə müddətli əmək müqaviləsinin müddətinin bitməsidir. İşəgötürən qanuna uyğun olaraq müddətli əmək müqaviləsinin müddəti bitdikdən sonra bir həftə ərzində müqaviləyə xitam verə bilər. Əvvəl şöbələrdə bir çox əməkdaşların ali təhsili yox idi, lakin yeni publik hüquqi şəxs yarandıqdan sonra ali təhsil tələb olunduğundan bu məsələyə baxılır. İddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahat verərək bildirir ki, Fond publik hüquqi şəxsə çevrilib və publik hüquqi şəxs olaraq fondun idarə heyəti tərəfindən vəzifələrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmaqla təyinat həyata keçirilir. İddiaçı qeyd edir ki, nazirliyə məktublar yazır, amma fond cavablandırmır. Bunun səbəbi odur ki, işçi ilə müqaviləni fond müstəqil qaydada bağlayıb. Müqavilənin xitam edilmə səbəbi də müddətin bitməsidir. İddiaçıya xx xxxxxx 2020-ci il tarixdə müqavilə müddətinin bitməsi ilə əlaqədar xəbərdarlıq təqdim edilmişdir. Lakin o, imzalamaqdan imtina etmişdir. Bununla bağlı akt tərtib olunmuşdur. Digər tərəfdən Dövlət qulluğuna qəbul olunarkən ali təhsil tələb olunur. Fonda qəbul isə dövlət qulluğu ilə deyil, özünün daxili təlimatı əsasında həyata keçirilir. Orada da göstərilir ki, işçi ali təhsilli olmalıdır. İddiaçı ilə 3 aylıq müqavilə bağlanmasına səbəb isə sınaq müddətinin müəyyən olunmasıdır. İddianın təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, xxxxxxx000300 №-li əmək müqaviləsinin surətinə əsasən İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 3 saylı regional ərazi filialına ştatdankənar işçi vəzifəsinə təyin edilmişdir. Müqavilə 3 ay müddətinə bağlanmışdır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli, **********8 №-li işdən azad edilmə haqqında əmrə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunda çalışan İddiaçı AR Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti bitdiyinə görə xx.xx.2020-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan ******* №-li əmək kitabçasının surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2020-ci il tarixdə “Dövlət qulluğu haqqında” qanunun 33.1.1-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilmiş, xx.xx.2020-ci il tarixdə **********6 №-li əmrlə AR Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsinə və 47-ci maddəsinin “f” bəndinə və 51ci maddəsinin 1-ci hissəsinə əsasən AR Cavabdeh 3 saylı regional ərazi filialının ştatdankənar işçisi təyin edilmişdir. İşin müəyyən olunan halları odur ki, iddiaçı uzun illər sosial sığorta sahəsində çalışmışdır. xx.xx.2020-ci il tarixdə öz arzusu ilə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2020-ci il tarixdə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 3 saylı regional ərazi filialına ştatdankənar işçi vəzifəsinə təyin edilmişdir. Məhkəmə hesab edir ki, iddia əsassızdır. Çünki iddiaçı öz arzusu ilə tutduğu vəzifədən azad edildikdən sonra cavabdehlə üç aylıq əmək müqaviləsi bağlamış və üç ay müddət bitdikdən sonra işəgötürən əmək münasibətlərini davam etdirməmiş və əmək müqaviləsinə xitam vermişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin məcəllənin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Həmin məcəllənin 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə qeyd edir ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı işdən azad olunmağının qanunsuz sayılması və işə bərpa olunması tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı işdən azad olunmağının qanunsuz sayılması və işə bərpa olunması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-1288/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1288/2021
26.02.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver