Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-129/2021 04.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mənzildən çıxarılma, mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mənzildən çıxarılma, mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05.07.2016-cı il tarixli, 2(004)-7897/2016 saylı icra vərəqəsinə uyğun olaraq ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi 02.08.2017-ci il tarixdə hərrac vasitəsi ilə satılmışdır. Alqı-satqı nəticəsində əmlaka dair mülkiyyət hüququ İddiaçı ASC-yə keçmiş və bu hüquq 31.08.2018-ci tarixdə Daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının qanununun 59.3-cü maddəsinə əsasən “İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma önəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1 - yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin taytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2 ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq milmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürülmüş sayılırlar. Qanundan da göründüyü kimi həmin yaşayış sahəsində qeydiyyatda olmadan faktiki yaşayan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 yaşayış sahələrini 1 (bir) ay ərzində boşaltmalı olduqları halda bu günədək vəzifələrini icra etməmişlər. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ünvan 1 ünvanda yerləşən yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxardılması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə məhkəmədə baxılan zaman iddiaçının nümayəndəsi bir nəçə dəfə iddia tələbinə dəqiqləşmə verərək, sonuncu dəfə 04.05.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ünvanlayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 34 saylı evin, 38 nömrəli mənzilindən əşyaları ilə birlikdə çıxardılması, həmin yaşayış sahəsinin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehə dəfələrlə evinin satılması barədə güzəşt edilmiş, hətta mənzil bankın mülkiyyətinə keçiriləndən sonra da, cavabdehə həmin mənzili daha baha qiymətə satıb qalan pulu özünə götürməsi təklif edilmişdir. Daha sonra cavabdeh mənzilin qiymətinin böyük hissəsini ödəyərsə ona qalan məbləği hissə-hissə ödəməsi də təklif edilmiş, lakin cavabdeh bundan da imtina etmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbi ilə bağlı bildirdi ki, əvvəlki məhkəmə iclaslarının heç birindən məlumatı olmamışdır. Heç bir məhkəmə iclaslarında iştirak etməmişdir. Bankın onun evini öz mülkiyyətinə keçirtməsindən də xəbəri olmamışdır. Bundan başqa o, bankdan manatla kredit istədiyi halda ona dollarla kredit verilmişdir. O, bankdan 28000 manat kredit götürmüş, ondan 8000 manatını ödəmişdir. Öz hesablamasına görə banka 20000 manat borcu qalmışdır. Lakin bank 46000 manat borcu olduğunu iddia edir. Təxminən 5-6 ay bundan əvvəl icradan ona 6200 manat pulunu götürüb evdən çıxmağını bildirmişlər. O, bu dəqiqə krizisdədir və maddi vəziyyəti çox aşağıdır. Banka da müaciət edərək bildirmişdir ki, onun maddi vəziyyətini nəzərə alsınlar. O, evdən çıxaçağı halda çöldə qalacaqdır. Bank tərəfindən ona evə müştəri tapmaq təklif edilmişdir. Ev nə qədər baha satılsa ona o qədər xeyirdi. Lakin o, evin hazırki şəraitdə yüksək qiymətə satılmasına inanmır. Bununla yanaşı btanışları vasitəsi ilə bir qədər pul düzəldərək, banka müraciət etsə də, bank həmin məbləği də qəbul etməmişdir. O, bu günkü gündə 3 uşaqla çöldə qala bilmir. Qeyd edilənlərə əsasən məhkəmədən ədalətli qərarın çıxarılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş iş üzrə digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 02.08.2017-ci il tarixli müqaviləyə əsasən, tələbkar İddiaçı ASC Cavabdeh1 məxsus olan ünvan 2 ünvanında yerləşən 38 saylı mənzili 52912 manata əldə etmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri RX seriyalı, ******* nömrəli çıxarışına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev 34, mənzil 38 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 1804 nömrəli reyestr kitabının 166049 nömrəli vərəqində qeydiyyata alınmışdır. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 203.1-ci maddəsində təsbit edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Beləliklə, qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 59.3 və 59.3.1 maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və ya o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekaya qoyulmuş olsun. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 34 saylı evin, 38 nömrəli mənzilindən əşyaları ilə birlikdə çıxardılmalı, həmin yaşayış sahəsi boşaldılmalı və İddiaçı ASC-yə təhvil verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 34 saylı evin, 38 nömrəli mənzilindən əşyaları ilə birlikdə çıxardılsın. Həmin yaşayış sahəsi boşaldılsın və İddiaçı ASC-yə təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-129/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-129/2021
04.05.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver