Məhkəmə qərarları › İş №2(004)-1291/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1291/2022

21.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1291/2022 21.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh X1 2021-ci ilin əvvəllərində 5000 manat məbləğində pul vəsaitini qaytarmaq şərti ilə faizsiz olaraq borc vermişdir. Gülmayə pulun ona oğlunun işləri ilə əlaqədar lazım olmasını bildirib, həmçinin qarşılıqlı razılaşmaya əsasən cavabdeh ondan aldığı pulu 2-3 aya qaytamağı vəd etmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq cavabdeh ondan aldığı pulu qaytarmır, əksinə iddiaçıya olan borcunu qaytarmasını bildirdikdə, iddiaçı barəsində 02.08.2021-ci il tarixdə Daxili İşlər Nazirliyinin 102 xidmətinə şikayət edərək, guya hədələndiyini bildirməklə, iddiaçıya böhtan atmağa cəhd etmiş və şikayət əsasında Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsində araşdırma aparılmışdır. Gülmayə Məmmədova bölmədə izahat verərkən iddiaçıya olan borcunu etiraf etmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsinin ərizəsinə əsasən əsl olmayan cavabdeh əsl Cavabdeh ilə əvəz edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh iddia ərizəsinə etiraz və mülahizərinə dair ərizəni məhkəməyə təqdim edərək bildirmişdir ki, o, iddiaçıdan 2021-ci ilin aprel ayının 27-də İsveçin Stokholm şəhərində iddiaçının yaşadığı evdə iddiaçıdan 25000 İsveç kronu məbləğində pulu geri qaytarmaq şərti ilə öz işi ilə bağlı borca götürmüşdür və İsveçə geri dönəndə geri qaytaracağını bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mərkəzi Bankının 20.04.2021-30.04.2021 tarixlərdə İsveç kronunun Azərbaycan manatına olan məzənnəsi 0,2018-0,2040 manat təşkil etmişdir. Qeyd edilən məzənnə nəzərə alınmaqla cavabdehin borc götürdüyü tarixə (0,2026) 25 000 İsveç kronu təxminən 5000 manat təşkil etmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı cavabdehə aralarında olan şifahi razılaşmaya əsasən geri qaytarmaq şərti ilə 5000 manat borc vermiş, lakin cavabdeh vədinə əməl etməyərək borcu qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2.–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunanlara əsasən iddia əsaslıdır və təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilmədiyindən iddianın verilməsi üçün ödənilmiş 70 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat borc tutularaq İddiaçı xeyrinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar