Məhkəmə qərarları › İş №2(004)-1298/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1298/2025

04.03.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1298/2025 04.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən həyətdəki mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Xaliq oğlu onun doğma qardaşı oğludur. O, ünvan 2 ünvanında dünyaya gəlmiş və böyümüşdür. Ailə həyatı qurmuş və 3 övladı bu həyətdə dünyaya gəlmişdir. Atası ona həyətin içində 42 kv.m sahədən ibarət ev vermişdir. O, yoldaşı, övladları və nəvələri ünvan 2 ünvanında qeydiyyatdadır. Evdə söz-söhbət olduğundan o məcbur başqa evdə yaşayır. Cavabdeh evindən çıxmır və çıxmayacağını bildirir. Artıq oğlunun ailəsi böyüşmüşdür, o da yaşlı adam olduğundan səs-küy qəbul edə bilmir. Cavabdeh onun atası tərfindən ona verilmiş evi geri qaytarmır. Ev dədə-baba mülküdür. Mülkiyyət qeydiyyatdan keçməmişdir. Daha sonra, Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək etirazında qeyd etmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdikləri yalandır. O anadan olan vaxtdan həmin ünvanda yaşayır. Mərhum atası X3, anası, qardaşı və bacısı ilə birlikdə uzun illərdir ki, həmin ünvanda yaşamışlar. Həmin evi atası ilə birlikdə tikmişdir. 1989-cu ildə ev alaraq həmin evdən köçmüşdür. 1989-cu il tarixdən sözügedən evdə cavabdehin atası yaşamışdır. Sonradan o bir neçə dəfə gəlib həyətdə ev tələb etsə də, valideynləri onu rədd etmişlər. Təxminən 1990-cı ildən sonra əmisi, ailəsi orada yaşamamışdır. Bunu ailə üzvlərindən başqa qonşuları da təsdiq edir. Yuxarıda qeyd etdiyi kimi iddiaçı və ailəsi iddia etdikləri mənzildən 1989-cu il tarixindən çıxıb getmişlər (yeni mənzil alaraq) o zamandan o ailsəi ilə həmin mənzildə yaşayır. Həmin mənzildə təmir işləri aparmış, yaşamaq üçün yararlı vəziyyətə salmışdır. Göründüyü kimi onun yaşadığı mənzil təxminən 50-55 kv.metrdən ibarətdir. Orada yaşayan ailə üzvləri isə o, anası, həyat yoldaşı, 2 uşağı, bacısı olmaqla, hər biri həmin ünvanda qeydiyyatdadırlar. Bu səbəbdən iddiaçının iddia etdiyi mənzilə köçürülməsi qeyri-mümkündür. İddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Həmin ev iddiaçının ata evidir. İddiaçı həmin evin böyük oğludur. İddiaçı həmin evə gedib-gəlir. Həmin evin qaz təchizatı ilə bağlı müqavilə iddiaçı ilə bağlanmışdır. İddiaçı, onun oğlu həmin evdə doğulmuşlar. İddiaçı həmin evə gəlin gətirmişdir. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Nümayəndə və vəkilinin dedikləri ilə razıdır. Həmin evdə anadan olmuşdur. Həmin evi atası ilə birlikdə tikdirmişlər. İddianın təmin edilməsini xahiş edir. O, ev alaraq, 1989-cu ildə həmin evdən köçmüşdür. 1989-cu ildən etibarən həmin evdə cavabdehin atası yaşamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddianın rədd edilməsini xahiş edir. Hal-hazırda həmin evdə özü yaşayır. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanının qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Aktda qeyd edilmişdir ki, Cavabdeh anadan olduğu vaxtdan valideynləri, qardaşı və bacısı ilə ünvan 3 ünvanındakı evdə yaşamışdır. Atası X3 2024-cü ilin noyabr ayında rəhmətə getmişdir. Cavabdeh hal-hazırda da həmin ünvanda yaşayır. 1990-cı illərin əvvəlindən hal-hazıra kimi həmin ünvanda Cavabdeh ailə üzvlərindən başqa adamın orada yaşadığını görməmişlər. Akt Cavabdeh, X1, X2, X4 tərəfindən imzalanmışdır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh əmisidir. İddiaçı hazırda ünvan 2 ünvanında yerləşən cavabdehin faktiki sahibliyində olan mənzilə köçürülməsini xahiş edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır. Məhkəmə qeyd edir ki, işin mübahisə olunmayan halına görə ünvan 2 ünvanında yerləşən mənzil qanunsuz tikilidir. Bu səbəbdən üzərində mülkiyyət hüququ olmayan evə faktiki sahiblik edən şəxsin razılığı ilə köçmüş və orada yaşamış digər şəxslərin (evə faktiki sahiblik edən şəxsin arvadı, uşaqları və s.) yaşayış sahəsindən istifadə hüququ yarana bilməz, çünki bu şəxslərin yaşayış sahəsindən istifadə hüququ mülkiyyətçinin iradəsindən törəyir. Qanunvericilik digər şəxslərin yaşayış sahəsinə istifadə hüququnun yaranmasını mülkiyyətçidən və onun iradəsindən asılı edib (əvvəlki Mənzil Məcəlləsi, maddə 123; hazırkı Mənzil Məcəlləsi, maddə 30; hazırkı Mülki Məcəllə, maddə 228). Əgər ev üzərində mülkiyyət hüququ yoxdursa, bu o deməkdir ki, mülkiyyətçi və mülkiyyətçinin iradəsi də yoxdur. Bununla belə, iddiaçıların köçürülməsini tələb etdiyi sahənin yataqxana olması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, qeyd olunan normada “mənzil” ifadəsindən istifadə olunur, “mənzil” anlayışı mənzil qanunvericiliyində müəyyən olunub (Mənzil Məcəlləsi, maddə 13.3), əgər həmin konstitusion normanın tətbiqi mənzil qanunvericiliyində müəyyən olunmuş “mənzil” anlayışı ilə məhdudlaşsa onun məqsədinin təmin edilməsi mümkün olmayacaq. Nəzərə alınmalıdır ki, insanlar yalnız mənzildən deyil, evdən, yataqxanadan, özbaşına inşa olunmuş tikilidən və digər obyektlərdən də yaşamaq məqsədilə istifadə edirlər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Məhkəmə qeyd edir ki, hazırkı işdə nə birinci nə də ki ikinci halın mövcudluğu müəyyən edilməmişdir. Belə ki, iddiaçı köçmək istədiyi mənzildə yaşaması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Əksinə iddiaçının izahatından aydın olur ki, o oğlunun ailəsi ilə birlikdə başqa mənzildə yaşamışdır. Bundan başqa, iddiaçının əvvəl həmin mənzildə yaşadığı hesab edilsə belə, yaşadığı yerdən məhrum edilmə halı mövcud deyildir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı sözügedən mübahisəli ünvandan 1990-cı ildən çıxıb getmiş, həmin ünvanla əlaqəsi 35 ildən çoxdur ki, kəsilmişdir. Birinci və ikinci halın mövcudluğu müəyyən edilmədiyindən, məhkəmə mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə əsasən, digər halın araşdırılmasına lüzum qalmadığı qənaətinə gəlir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, sözügedən mübahisəli mənzilin qanunsuz tikili olmasına baxmayaraq, 1990-cı illərin əvvəlindən hal-hazıra kimi Cavabdeh ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşamaqla onun mübahisəli mənzilə gözlənilən mülkiyyət hüququ mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbi əsassız olduğundan təmin edilməməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar