Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-130/2022 13.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, cavabdeh "xxxx" MTK-nin nümayəndəsi Vəkil2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan onun xeyrinə 22950 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək, Grand Hayat” MTK-dan onun xeyrinə 35100 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Vəkil2 xx.xx.2021-ci il tarixdə iddia müddətinin tətbiq olunması barədə ərizə verərək iş üzrə iddia müddətinin tətbiq olunaraq iddianın rədd ounması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 izahat verərək bildirmişdir ki, xx.xx.2014-cü il tarixdə iddiaçı cavabdehlə müqavilə bağlayaraq ünvan 1 ünvanındakı yaşayış kompleksində yerləşən 6-cı binanın 13-cü mərtəbəsində yerləşən 4 otaqdan ibarət 75 saylı mənzili 218282 manat ödəyərək alıb. Aralarında bağlanmış olan Bİ 06/211 saylı müqaviləyə əsasən aldığı 75 saylı mənzilin ümumi sahəsi 177 m2, o cümlədən balkon sahəsi 30,62 m2 olmalı idi. Müqavilənin 3-cü bəndinə əsasən aldığı mənzilin bir kvadrat metrlik sahəsinin qiyməti 1350 manat və balkon sahəsinin qiyməti 50 % güzəştli hesablanmaqla 218282 manat müəyyən edilmişdir. Müqavilə qiymətinin 28000 manatı onun, qalan 190282 manat hissəsi isə "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsi əsasında xx.xx.2014-cü il tarixədək ödənilmişdir. Cavabdeh mənzilə dair ilkin təmir-quraşdırma işlərini görmüşdür.Sonradan mənzil iddiaçı tərəfindən təmir edilmiş və hazırda orada yaşayır. Bu yaxınlarda mənzildə bir sıra kosmetik təmir işləri aparılmasını planlaşdıran zaman mənzilin sahəsinin yenidən ölçülməsi zərurəti yaranmış və bu zaman iddiaçıya məlum olmuşdur ki, cavabdeh mənzili iddiaçıya satan zaman müqavilədə göstərdiyi ölçülər real olmamış və ölçülərin hesablanmasında yanlışlıqlara yol verilmişdir. Ölçülərdə yol verilmiş yanlışlıq 17 m2 olmaqla və iddiaçıya dəyən maddi zərər 22950 manat təşkil edir. Nəticə etibarı ilə iddiaçıdan artıq pul vəsaiti alınmışdır. Bunun nəticəsində isə iddiaçıya maddi zərər dəymişdir. İddiaçının bütün səylərinə baxmayaraq cavabdehin iddiaçıdan aldığı pulların geri qaytarılması istiqamətində heç bir addım atmaması iddiaçını məhkəməyə müraciət etməyə məcbur etmişdir. İddiaçı daha sonra iddia tələbini dəyişərək 26 m2 sahə üçün artıq ödədiyi 35100 manat pulun tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MTK-nin nümayəndəsi Vəkil2 əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, tərəflər arasında müqavilə var və həmin müqavilədə tərəflər öz hüquq və vəzifələrini məhdudlaşdırmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən mənzilin ümumi sahəsinə yaşayış, yardımçı, balkon sahələri və sxemə uyğun divaraltı sahə daxildir. İddiaçı müqavilə ilə tanış olub və imzalayıb. Müqavilədə mənzilin ümumi sahəsi dedikdə hər şey aydın olur. İddiaçı mənzilin konstruksiyasında dəyişiklik edib. İş materiallarında olan mənzilin sxemində iddiaçının imzası var. Həmin sxemdə ölçülər göstərilib. Müqavilədə nəzərdə tutulub ki, həmin sxem müqavilənin tərkib hissəsidir. Analoji mülki işdə iddia rədd olunub. Həmçinin müqavilə 2014-cü ildə bağlandığı halda iddia müddəti də ötürülüb. Əlavə olaraq bildirir ki, ekspert rəyi ilə razıdır. Hesab edir ki, tərəflər arasında imzalanmış xx.xx.2014-cü il tarixli, B1 06/211 nömrəli müqavilə üzrə cavabdeh MTK üzərinə götürdüyü öhdəliyi tam icra etdiyindən, məhkəmə araşdırması zamanı da mübahisə predmetini təşkil edən mənzilin ümumi sahəsi ilə bağlı hər hansı qanun pozuntusuna yol verilməsi faktı müəyyən edilmədiyindən və bununla bağlı hər hansı sübut İddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən iddia tələbi əsassız hesab edilməlidir. İddianın rədd olunmasını xahiş edirəm. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, B1 06/211 saylı müqaviləyə əsasən Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanındakı yaşayış kompleksində 6-cı bina, 13-cü mərtəbədə yerləşən 4 otaqdan ibarət 75 saylı mənzil İddiaçı 218282 manata satılmışdır. Həmin müqavilənin 1ci bəndinə əsasən mənzilin ümumi sahəsi 177 m2, o cümlədən, eyvan sahəsi 30,62 m2 təşkil edir. Mənzilin ümumi sahəsinə yaşayış, yardımçı, balkon sahələri və sxemə uyğun divaraltı sahə daxildir. İş materiallarında olan AR ƏN Mərkəzi Ekspertiza mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/245 nömrəli ekspert rəyinə əsasən Cavabdeh MTK tərəfindən inşa olunmuş Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllədə inşa edilən hündürmərtəbəli 6 saylı binanın 13-cü mərtəbəsində yerləşən İddiaçı məxsus 75 nömrəli mənzilin ümumi faydalı sahəsi (net sahə) 158,2 m2, mənzilin tikintialtı sahəsi (brut sahə) isə 177,48 m2 təşkil etdiyi müəyyən olunmuşdur. Mənzilin tikintialtı sahəsinin (brut sahə) 177,48 m2 təşkil etdiyini nəzərə alaraq, qeyd olunur ki, tərəflər arasında imzalanmış xx.xx.2014-cü il tarixli N° B1, 06/211 saylı müqavilənin 1.1-ci bəndində qeyd olunan sahə ilə mənzilin ümumi tikintialtı sahəsi uyğunluq təşkil edir. Qeyd edilən mənzildə xx.xx.2014-cü il tarixli N° B1, 06/211 saylı müqaviləyə əlavə edilmiş sxemdən fərqli qaydada edilmiş konstruktiv dəyişikliklər mənzilin ümumi tikintialtı sahəsinə və ümumi faydalı sahəsinə hər hansı bir formada təsir göstərmir. Belə ki, aparılmış dəyişikliklər mənzilin sərhədləri daxilində aparılmışdır. Vergilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin çıxarışından müəyyən olunur ki, qurumun əvvəlki adı Cavabdeh MTK, hazırki adı isə "xxxx" MTK-dır. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında mənzilin alğı-satqısı barədə müqavilə bağlanmış, müqaviləyə əsasən ümumi sahəsi 177 m2 olan mənzil iddiaçıya satılmışdır. İddiaçı müqavilədə razılaşdırılmış qaydada mənzilin dəyərini ödəmişdir. Hazırda iddiaçı ümumi sahəsi 177 m2 olan mənzilin dəyərini ödəsə də, cavabdeh tərəfindən ona 151 m2 olan mənzil təhvil verildiyini bildirərək yaranmış 26 m2 fərqin əvəzi olan 35100 manat məbləğində pulun onun xeyrinə tutulmasını xahiş edir. Cavabdehin nümayəndəsi isə bildirir ki, mənzilin ümumi və yaşayış sahəsi müqaviləyə uyğun olduğundan iddia əsassızdır. Məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, ekspert rəyindən müəyyən olunur ki, mübahisə predmeti olan mənzilin ümumi, yəni tikintialtı sahəsi (brut sahə) 177,48 m2, ümumi faydalı, yəni net sahəsi isə 158,2 m2 təşkil edir. Tərəflər arasında imzalanmış xx.xx.2014-cü il tarixli N° B1, 06/211 saylı müqavilənin 1.1-ci bəndində qeyd olunan sahə ilə mənzilin ümumi tikintialtı sahəsi uyğunluq təşkil edir. Tərəflər arasında bağlanmış müqavilənin 1.2-ci bəndinə əsasən mənzilin ümumi, yəni tikintialtı sahəsinə yaşayış, yardımçı, balkon sahələri və sxemə uyğun divaraltı sahə daxildir. Müqavilədə də mənzilin net sahəsi deyil, məhz ümumi sahəsi əks olunmuşdur. Bekəliklə, məhkəmə müəyyən edir ki, cavabdeh iddiaçı qarşısında öz öhdəliyini pozmamış, iddiaçıya müqavilədə razılaşdırılmış sahədən az olmayan mənzil təhvil vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin məcəllənin 405.1-ci tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iddia müddətinin tətbiq olunması ilə bağlı cavabdehin verdiyi ərizəyə münasibətdə qeyd edir ki, iddia müddətinin ötürülməsi sübut olunmur. Mülki Məcəllənin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı cavabdeh "xxxx" MTK-dan 35100 (otuz beş min yüz) manat məbləğində pulun onun xeyrinə tutulması barədə iddiası təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddia rədd edildiyindən keçirilmiş ekspertizaların xərci iddiaçıya adi edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı cavabdeh "xxxx" MTK-dan 35100 (otuz beş min yüz) manat məbləğində pulun onun xeyrinə tutulması barədə iddiası təmin olunmasın. Keçirilmiş ekspertizaların xərcinin əvəzi olan 100 (yüz) manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-130/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-130/2022
13.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver