Məhkəmə qərarları › İş №2(004)-1308/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1308/2021

17.02.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1308/2021 17.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədirliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh'' MMC-yə qarşı öhdəliyin icrası tələbinə dair mülki işə baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “Cavabdeh'' MMC-yə qarşı öhdəliyin icrası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə onun işlə təmin olunması və onunla yenidən əmək müqaviləsinin bağlanması öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə verdiyi izahatında bildirmişdir ki, o, xx.xx.2012-ci il tarixdə Cavabdeh MMC-nin İstehsalat şöbəsinin qazanxana sahəsində qazanxana operatoru vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2015-ci il tarixli 038/İR15 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin “ç” bəndinə əsasən (işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada məcburi öhdəlik götürdükdə;) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsindən 5 ilə yaxın müddət keçməsinə baxmayaraq, cavabdeh təşkilat üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək, onu işlə təmin etməmişdir. Dəfələrlə müraciətlər etməsinə baxmayaraq cavabdeh təşkilat müxtəlif bəhanələrdən istifadə edərək uzun müddətdir ki, onu işlə təmin etməkdən imtina edir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanmaqla işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sübutlara əsasən (Azərbaycan Respublikasının Ali Məhkəməsinin MK-nın xx.xx.2017-ci il tarixli, 2(102)- 6852/2017 saylı Qərarı, əmək kitabçasının surəti) məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2012-ci il tarixdə cavabdeh təşkilatda İstehsal şöbəsinin qazanxana sahəsində operator vəzifəsinə işə qəbul edilmiş, həmin təşkilatın xx.xx.2015-ci il tarixli, 038/İR15 saylı əmri ilə AR ƏM-nin 75-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bu zaman müqaviləyə xitam verilməsinin əsası kimi cəmiyyətdə istehsal olunan məhsulların satılmaması və yeni sifarişlərin olmaması, eləcə də qazanxana sahəsində də işin dayandırılması qeyd olunmuş, müvafiq sahə fəaliyyətə başlayacağı təqdirdə iddiaçının da dərhal işə çağırılıacağının təmin edilərək onunla yeni əmək müqaviləsinin bağlanacağı nəzərdə tutulmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iş materiallarında olan sübutlara əsasən müəyyən edilmişdir ki, cavabdeh “Cavabdeh'' MMC-də istehsal olunan məhsulların satılmaması və yeni sifarişlərin olmaması, eləcə də qazanxana sahəsində də işin dayandırılması səbəbindən İddiaçı xx.xx.2012-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2015-ci il tarixli, 038/İR15 saylı əmri ilə Əmək qanunvericiliyinin tələblərinə uyğun oaraq xitam verilmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı müəssisənin fəaliyyət göstərməsini bildirsə də, məhkəmə araşdırılması zamanı iddiaçı buna dair heç bir sübut təqdim etməmiş, qeyd edilən xüsusatlar öz təsdiqini tapmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbləri də əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 1-ci bəndinə görə tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Həmin Məcəllənin 75-ci maddəsinin 2-ci bəndinin “ç” bəndinə əsasən Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər: ç) işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada məcburi öhdəlik götürdükdə. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddiaçı Cavabdehnə qarşı “öhdəliyin icrası” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar