Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1319/2025 03.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçı, Cavabdehov oğlunun iştirakı ilə, İddiaçı Cavabdehov oğluna qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehov oğluna qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əmək mübahisəsinə görə aralarında yaranmış son haqqı-hesabın hesablanaraq ödənilməyən 8 aylıq maaşı, ümumilikdə 2700 manat məbləğində pulun və mediasiya prosesi üçün ödənilən 50 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2024-cü ilin yanvar ayından cavabdehə istifadəsində olmaqla ona məxsus olan Bakı şəhər, Binəqədi rayonu, Dərnəgül şosesi ərazisində fəaliyyət göstərən Ford və Renault markalı avtomaşınların ehtiyat hissələri mağazasında işləyərək fəaliyyət göstərmişdir. Aralarında qiyabi razılaşmaya əsasən hər ay 345 manat olmaqla cavabdeh ona pul ödəməyi öhdəliyini üzərinə götürmüşdür. Beləliklə, o, bir iş icraçısı olaraq işini davamiyyətlə yerinə yetirirmiş, işində heç bir nöqsanı və qanuna zidd hərəkətləri olmamışdır. Əksinə o, işlədiyi dövr ərzində bacarıqlı olduğu üçün mağazaya gələn müştərilərin sayı çoxluq təşkil etmişdir. O, mağaza sahibinə, yəni rəhbərliyə inanmış və etibar etmişdir. Cavabdeh işin yaxşı getmədiyini bildirərək, onu 8 ay işlətmiş, yəni 2024-cü ilin may ayından bugünkü tarixə qədər orada işləmişdir. Cavabdeh tərəfindən ona işlədiyi üçün ümumilikdə 2700 manat məbləğində borc yaranmışdır. Lakin, onlar mediasiya prosesini keçsələr də, bundan sonra Cavabdeh mağazada işlədiyi üçün ona yaranmış borc pulun , yəni maaşın verilməsini tələb etsə də, heç bir müsbət nəticəsi olmamışdır. Aralarında mübahisə yarandığı üçün o, məcbur olaraq pozulmuş hüquqlarının bərqərar olması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əmindir ki, məhkəmə işi tam, hər tərəfli, obyektiv araşdıraraq onun haqlı olduğu qənaətinə gələcəkdir. Cavabdehov oğlu iddiaya etirazını məhkəməyə təqdim edərək, İddiaçı ona qarşı Bakı şəhəri, Yasamal rayon Məhkəməsinə qaldırdığı son əmək haqq-hesabın ödənilməməsi ilə bağlı 2700 (iki min yeddi yüz) manat pulun və dövlət rüsumu üçün ödənilmiş 50 (əlli) manat məbləğində pulun tələbinə dair iddiası əsassız olduğu üçün rədd edilməsi barədə qətnamə qəbul edilmisini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı əsassız olaraq əmək haqqının tam şəkildə ödənilməməsi barədə Yasamal rayon Məhkəməsinə müraciət edərək, iddia qaldırmış və xeyrinə qətnamə çıxarılmasını xahiş etmişdir. O hesab edir ki, bu iddia əsassızdır və təmin edilə bilməz. Belə ki, İddiaçı ilə aralarında 07 yanvar 2024-cü il tarixli “Əmək müqaviləsi” bağlanmışdır, İddiaçı işlədiyi dövrdə hər ayın sonu başqa işçilər kimi öz əmək haqqını tam şəkildə almışdır. Əlində olan "xxxx" hesab üzrə çıxarışında da göstərilmişdir ki, onun 446513******8221 saylı biznes kart hesabından iddiaçı Rəşad Arif oğlunun şəxsi bank hesabı olan **********108482 və **********318380 bank kartına 809.00 manat, 403.00 manat, daha sonra 102.00 manat pul köçürülmüşdür. Bununla yanaşı əlavə olaraq hər ay haqq-hesabın edilməsini və üç işçinin də, aylıq maaşların paylanmasını İddiaçı həvalə etmişdir. Bir müddətdən sonra İddiaçı işdən sui-istifadə etməsinin gördükdə bununla bağlı aralarında şəxsi anlaşılmazlıq yarandığı üçün bu əsassız iddianı qaldırmışdır. 18 sentyabr 2024-cü il tarixdə özünün istəyi ilə tutduğu vəzifəsindən azad edilməsini və onunla bağlanmış olan əmək müqaviləsinin ləğv edilməsinə dair ərizə yazmış və işdən azad olunmuşdur. Yuxarıda göstərdiyi səbəbdən də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı Yasamal rayon məhkəməsində ona qarşı qaldırdığı iddia tələbi tamamilə əsassızdır və əsassız olduğu üçün təmin edilmədən rədd edilməlidir. Ona görə də hesab edir ki İddiaçı ona qarşı Bakı şəhəri, Yasamal rayon Məhkəməsinə qaldırdığı son əmək haqq-hesabın ödənilməməsi ilə bağlı 2700 (iki min yeddi yüz) manat pulun və dövlət rüsumu üçün ödənilmiş 50 (əlli) manat məbləğində pulun ödənilməsi ilə bağlı qaldırdığı pulun tələbinə dair iddiası əsassız olduğu üçün rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdehov oğlu iddia tələbini qəbul etməyərək, etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki baxış iclasında iştirak edən şahid X5 ifadəsində, iddiaçının xalasıoğlu, cavabdehin isə əmisioğlu olduğunu, Novruzla şərik olduğunu, Rəşadın kompüter işlərini gördüyünü, elektron hesablarını idarə etdiyini, ümumi 3 işçinin olduğunu, Rəşadın yanvar ayında işə başlayıb, oktyabrda işdən çıxdığını, 350 manat maaş və bonuslar aldığını, maaşların həm onun kartından, həm də Novruzun kartından göndərildiyini, bonusların alındığının səs yazıları ilə təsdiq olunduğunu, daha sonra Rəşadın başqa bir adamla gizli danışıb biznes layihəsini, onların bütün məlumatlarını həmin adama verdiyini, bundan sonra Rəşadın öz xahişi ilə işdən çıxdığını və aralarında heç bir mübahisə olmadığını bildirdi. Məhkəmənin əvvəlki baxış iclasında iştirak edən şahid X6 ifadəsində, Novruzun qohumu olduğunu, Rəşadın əvvəlki iş yoldaşı olduğunu, “Meqaparts”-da satış meneceri işlədiyini, maaşının 400 manat olduğunu, əlavə olaraq bonuslar verildiyini, bonusların satışa görə dəyişdiyini, maaşları Novruzun verdiyini, Novruzun Rəşada maaş verərkən gördüyünü bildirdi. Məhkəmənin əvvəlki baxış iclasında iştirak edən şahid X3 ifadəsində, Novruzun onun dayısıoğlu olduğunu, kuryer işlədiyini, yanvarda işə daxil olduğunu, iyunda işdən çıxdığını, maaşları nağd şəkildə Novruzun verdiyini bildirdi. İş materiallarında olan sosial arayışa əsasən işçi İddiaçı işəgötürən Cavabdeh ilə aralarında bağlanmış 7 yanvar 2024-cü il tarixli, xxxxxxx000200 nömrəli əmək müqailəsinə əsasən aylıq əmək haqqı 345 manat müəyyən olunmaqla satıcı vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən işəgötürən Cavabdeh ilə işçi İddiaçı arasında xx.xx.2024-cü il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə əsasən İddiaçı aylıq əmək haqqı 345 manat olmaqla satıcı vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan fərdi sahibkar Cavabdeh satıcı vəzifəsində çalışan İddiaçı tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizəyə əsasən onu öz istəyi ilə 18 sentyabr 2024-cü il tarixdən tutduğu vəzifədən azad edilməsini və onunla bağlanmış əmək müqaviləsinin ləğv olunmasını xahiş etmişdir. İş materiallarında olan çıxarışa əsasən xx.xx.2024-cü il tarixli, xxxxxxx000200 nömrəli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə ünvanlanan müraciətə əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinin İddiaçı ünvanladığı məktuba əsasən araşdırma zamanı vəzifəli şəxs Cavabdeh Baki Səhəri, ünvan 2 ünvanına, xx.xx.2024-cü il tarixli 3-17-5/2-70603/2024 nömrəli məktubla müraciət olunaraq İddiaçı aid olan sənədlərin, "Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuşdur. Lakin, müəssisə tərəfindən bugünkü tarixədək tələb olunan sənədlər təqdim edilmədiyindən müraciətin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə tərəflərindən baxış keçirilərkən İddiaçı ilə vəzifəli şəxs Cavabdeh arasında xx.xx.2024-cü il tarixində bağlanılmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a” (tərəflərdən birinin təşəbbüsü) bəndinə əsasən xitam verildiyi məlum olmuşdur. Bildirirlər ki, müvafiq qaydada tələb olunmuş sənədlər İddiaçı və müəssisə tərəfindən təqdim edildikdən sonra müraciətə yenidən baxılaraq cavab veriləcəkdir. Qeyd olunan müraciətin ətraflı araşdırılması və əmək müqavilənizə verilmiş xitam və eyni zamanda son haqq hesabla bağlı məsələlərin dəqiqləşdirilməsi məqsədi ilə xx.xx.2024-cü il tarixində müəssisəyə tərəflərindən sənədlərin təqdim olunması məqsədi ilə yenidən sorğu məktubu ünvanlanmışdır. Eyni zamanda, vəzifəli şəxs X1 Bakı şəhəri, Nərimanov, H.Məmmədov küç, 9-da yerləşən ünvanına da xx.xx.2024-cü il tarixli məktubla müraciət olunaraq İddiaçı aid olan sənədlərin təqdim edilməsi tələb olunmuşdur. Qeyd olunan sənədlər təqdim olunduqdan sonra müraciətə yenidən baxılaraq cavab veriləcəkdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Müraciətdə qeyd edilən məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli hesabdan çıxarışa əsasən Cavabdeh xx.xx.2024-cü il tarixdə 446513******8221 nömrəli bank kartına 809 manat məbləğində ödəniş həyata keçirmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli hesabdan çıxarışa əsasən Cavabdeh xx.xx.2024-cü il tarixdə 446513******8221 nömrəli bank kartına 102 manat məbləğində ödəniş həyata keçirmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli hesabdan çıxarışa əsasən Cavabdeh xx.xx.2024-cü il tarixdə 446513******8221 nömrəli bank kartına 403 manat məbləğində ödəniş həyata keçirmişdir. Bundan başqa iş materiallarına whatsapp yazışmalarını və səs yazılarını əks etdirən fotoşəkillər və flash kart əlavə edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 9-cu maddəsinin b bəndinə əsasən əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir. 9-cu maddəsinin d bəndinə əsasən qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir. 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. 49-cu maddəsinin 5-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. 68-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi əsasları kimi tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan hallar, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar müəyyən edilmişdir. 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69-cu maddəsinin 2-ci hissəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir.Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 83-cü maddəsinin 2-ci hissəsinə əsasən elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. 83-cü maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 155-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı işçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. 156-cı maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. 157-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. 158-ci maddəsinin 1-ci hissəsinə əsasən əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla müəyyən edilir. 172-ci maddəsinin 1-ci hissəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. 172-ci maddəsinin 2-ci hissəsinə əsasən kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. 174-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı, bir qayda olaraq, işin icra olunduğu iş yerində verilir. 174-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək haqqı işçinin istəyi ilə onun bankdakı hesabına köçürülə və ya müvafiq ünvana göndərilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, işəgötürən Cavabdeh ilə işçi İddiaçı arasında bağlanmış 7 yanvar 2024-cü il tarixli, xxxxxxx000200 nömrəli əmək müqailəsinə əsasən İddiaçı aylıq əmək haqqı 345 manat müəyyən olunmaqla satıcı vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra işçi İddiaçı xx.xx.2024-cü il tarixli öz istəyi ilə tutduğu vəzifədən azad edilməsinə və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair ərizəsinə əsasən xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hazırda İddiaçı Cavabdeh 8 aylıq əmək haqqının, yəni ümumilikdə 2700 manat və mediasiya prosesi üçün ödənilən 50 manat məbləğində pulun tutularaq ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatları, şahidlərin ifadələri, bank hesabından çıxarışlar, “Whatsapp” mobil tətbiqi vasitəsilə göndərilmiş səsli mesajlar və yazılı ismarıclara əsasən məhkəmə belə qənaətə gəlir ki, işlədiyi dövr ərzində İddiaçı əmək haqqı həm bank hesabına köçürülməklə, həm də nəğd şəkildə ödənilmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, İddiaçı 8 ay ərzində əmək haqqı ödənilmədən işləməsi, əmək münasibətlərini əmək haqqı almadan bu qədər müddət davam etdirməsi inandırıcı və ağlabatan görünmür. Göründüyü kimi, təqdim edilmiş sübutlarla iddia öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimimistinad etdiyi halları sübut etməlidir. 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Məhkəmə iddiaçının mediasiya prosesi üçün ödənilən 50 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi tələbinə münasibətdə isə qeyd edir ki, iddia təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, İddiaçı Cavabdehov oğlundan 8 aylıq əmək haqqının, yəni ümumilikdə 2700 manat və mediasiya prosesi üçün ödənilən 50 manat məbləğində pulun tutularaq ona ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №2(004)-1319/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1319/2025
03.04.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver