Məhkəmə qərarları › İş №2(004)-1330/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1330/2022

31.01.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1330/2022 31.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundov Toğrul Bəhruz oğlu, ərizəçi İddiaçı maraqlı şəxslər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti və Yasamal rayon İcra Şöbəsinə qarşı əmək müqaviləsinə xitam verilməsi və məlumatların elektron informasiya sisteminə daxil edilməsinin həvalə edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi İddiaçı maraqlı şəxslər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti və Yasamal rayon İcra Şöbəsinə qarşı əmək müqaviləsinə xitam verilməsi və məlumatların elektron informasiya sisteminə daxil edilməsinin həvalə edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" MMC arasında bağlanmış 01 noyabr 2017-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə (müəssisə ləğv edildikdə) əsasən xitam verilməsi, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatların elektron informasiya sisteminə daxil edilməsinin X1 Xidmətinə həvalə edilməsi barədə qərnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddiaçı məhkəməyə təqdim etdiyi ərizəni və mülki işin materiallarını tədqiq edərək hesab edirəm ki, Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Bundan başqa məhkəmə həmçinin qeyd edir ki, Mediasiya Haqqında Azərbaycan Respublikasının Qanununun 3.1.3-cü bəndinə əsasən əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq olunur. Azərbaycan Respublikası MPM-nin 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Həmin Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi iddia ərizəsinə ərizəçi tərəfindən mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsi, yəni Mediasiya Şurasına müraciət edilməsinə dair sübutlar əlavə edilməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, ərizəçi hazırki tələblə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə və eləcə də, xüsusi icraat qaydasında müraciət etməkdə haqlı olmamışdır. Belə ki, ərizəçi hazırki halda, aidiyyəti inzibati orqandan məlumatların elektron informasiya sisteminə daxil edilməsinin həvalə edilməsi barədə imtina aldıqdan sonra, məlumatların elektron informasiya sisteminə daxil edilməsinin öhdəliyinin müvafiq inzibati orqanın üzərinə qoyulmasına dair iddia ərizəsi ilə, həmin inzibati orqanan qarşı Bakı İnzibati Məhkəməsinə müraciət etməli idi. Beləliklə, məhkəmə hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrinin tələblərinə əməl edilmədən verildiyi üçün, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi İddiaçı maraqlı şəxslər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti və Yasamal rayon İcra Şöbəsinə qarşı əmək müqaviləsinə xitam verilməsi və məlumatların elektron informasiya sisteminə daxil edilməsinin həvalə edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar