Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1347/2022 04.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi 4 saylı evin 4 saylı mənzilini 31 oktyabr 2014-cü il tarixdə alqı-satqı müqaviləsinə əsasən almışdır. Həmin mənzil 06.11.2014-cü il tarixli çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyatdan keçmişdir. Cavabdehlər evin köhnə sakinləridir və mənzili alarkən mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Cavabdehlər əvvəldən həmin mənzildə qeydiyyatda olmuş və onları mənzilə qeydiyyata o salmamışdır. Cavabdehlər həmin mənzilin köhnə sakini olmuş, əgər onların istifadə hüququ mövcud olmuşdursa mülkiyyətçinin dəyişməsi ilə əlaqədar olaraq həmin mənzilə mülkiyyət hüquqularını itirmişdir. Cavabdehlər həmin mənzili ona satarkən mənzildən çıxmağı öhdəsinə götürmüşdür. Məhkəmə qərarı olmadan onları mənzildən qeydiyyatdan çıxara bilmir. Cavabdehlərin ona məxsus mənzildə qeydiyyatda qalması onun üçün bir sıra problemlər yaradır. Belə ki, onun mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur, həmçinin əlavə kommunal xərci ödəmək məcburiyyətində qalır. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 - azyaşlı uşaqları 25.09.2013-cü il təvəllüdlü Cavabdeh1 Fərhad oğlu ilə birlikdə ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi 4 saylı evin 4 saylı mənzilinə istifadə hüququnun olub-olmamasının müəyyən edilməsi və cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması üçün qətnamənin nəticə (qət etdi) hissəsinə “bu qətnamə cavabdehin qeydiyyatdan çıxarılması üçün əsasdır” olması barədə qeydin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə məhkəmədə baxılan zaman İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 azyaşlı uşaqları 25.09.2013-cü il təvəllüdlü Cavabdeh1 Fərhad oğlu ilə birlikdə ona məxsus Bakı şəhəri Yasamal rayonu Qırmızı Şərq küçəsi 4 saylı evin 4 saylı mənzilində dair istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafi edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini etiraf edərək bildirdi ki, o və digər cavabdehlər də sözü gedən mənzilə istifadə hüquqlarının itirilməsinə etiraz etmirlər. Belə ki, Nərminə onun həyat yoldaşı, Fərhad oğlu və Qənirə onun gəlinidir. Onlarda hazırda Saray qəsəbində yaşayırlar, lakin aldıqları evin sənədi olmadığı həmin evə qeydiyyata düşə bilməmişlər. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron sistem vasitəsi ilə SMS göndərilmişdir), eyni zamanda məhkəmə tərəfindən bildiriş digər cavabdehlərin qeydiyyatda olduqları yer üzrə Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmiş, cavadeh Cavabdeh2 məhkəməyə ərizə ünvanlayaraq, iddia tələbini etiraf etdiyini bildirmişdir. Məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 31.10.2014-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, 4 saylı evin 4 nömrəli mənzilini Cavabdeh1 satmışdır. Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, 4 saylı evin 4 nömrəli mənzil Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 06.11.2014-cü il tarixdə qeydiyyata alınmış və sonuncuya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Mənzilin köhnə sahibi 31.05.2015-ci il tarixədək satdığı evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürsə də, mənzilin keçmiş mülkiyyətçisi və onun ailə üzvüləri bu günə kimi qeydiyyatdan çıxmamışdır. Cavabdehlər hazırda başqa ünvanda yaşayır, cavabdehlərdən Cavabdeh2 və Cavabdeh1 iddia tələbini etiraf edir və mənzilə istifadə hüquqlarına xitam verilməsinə etiraz etmirlər. Məhkəmə sübutları araşdıraraq hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddia tələbini etiraf etdiyindən və digər cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququnun itirilməsi barədə iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 203.1-ci maddəsində təsbit edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Beləliklə, qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər tərəfindən etiraf edildiyindən və əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 azyaşlı övladı 25.09.2013-cü il təvəllüdlü Cavabdeh1 Fərhad oğlu ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, 4 saylı evin 4 nömrəli mənzilinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 azyaşlı övladı 25.09.2013-cü il təvəllüdlü Cavabdeh1 Fərhad oğlu ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, 4 saylı evin 4 nömrəli mənzilinə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-1347/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1347/2022
04.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver