Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-135/2022 28.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh1 iştirakı ilə, İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, “kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın hərracdan satılması, mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzilin boşaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, “kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın hərracdan satılması, mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC-nin “Premium” filialı ilə cavabdehlər arasında bağlanmış 07.05.2014-cü il tarixli, İP-064/14P saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 26.08.2021-ci il tarixinə olan 17.148,7 manat əsas borc, 4354,96 manat faiz borcu, ümumilikdə 21.503,6 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bank "xxxx" ASC-nin xeyrinə tutulması, cavabdehlə bağlanan 07.05.2014-cü il tarixli, GMİ-064/14P saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən 106 saylı mənzilə tutmanın yönəldilməsi, mənzilin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmasına və Cavabdeh4 mənzildən istifadə hüququna xitam verilməsinə və mənzilin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC-nin “Premium” filialı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında 07.05.2014-cü il tarixli İP-064/14P saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən Bank "xxxx" ASC 41600 manat məbləğində krediti 300 ay müddətinə Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanında yerləşən 104 saylı, 105 kv.m ümumi sahədən ibarət olan 2 otaqlı mənzilin alınması üçün vermişdir. Kreditin təminatı qismində cavabdeh X1 Ulduz Əmiraslan qızını təmsil edərək 07.05.2014-cü il tarixdə iddiaçıyla GMİ-064/14P saylı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan ünvan 3 ünvanında yerləşən 106 saylı mənzili ipoteka saxlayana ipotekaya qoymuşdur. İpoteka predmeti Bank "xxxx" ASC-nin “Premium” filialı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında 07.05.2014-cü il tarixli İP-064/14P saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi üçün Bank "xxxx" ASC-nin “Premium” filialı ilə X6 arasında bağlanmış 07.05.2014-cü il tarixli GMİ-064/14P saylı ipoteka müqaviləsinə əsasən Bank "xxxx" ASC-də ipotekaya qoyulmuşdur. Belə ki, cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədə qeyd edilmişdir ki, Cavabdeh1 04.06.2021-ci il tarixində 20.000 AZN ödəniş etmişdir və Bank "xxxx" ASC-nin Böyük Kredit Komitəsinin növbəti yığıncağının 04 iyun 2021-ci il tarixli BKK-252-2021 saylı protokolu ilə Cavabdeh1 müraciəti əsasında Cavabdeh1 ilə Bank "xxxx" ASC arasında imzalanmış 07.05.2021-ci il tarixli İP-064/14P saylı kredit müqaviləsi üzrə ödəniləcək 20.000 AZN məbləğində ödənişin əsas borcdan silinməsi təsdiq edilmişdir. Ödənilən 20.000 AZN məbləğində vəsait gecikdirilmiş əsas borcdan silinmişdir. Qeyd olunan kredit hal-hazırda X5 530 gün gecikmədədir. Müştəri ödənişi əsas məbləğ üzrə etdiyi üçün müştərinin faiz üzrə gecikməsi mövcuddur. İpoteka Fondunun qaydalarına və kredit müqaviləsinin 5.3-cü bəndinə əsasən borcalanın ödəniş qrafikində nəzərdə tutulmuş məbləğdən artıq ödəniş aparması onu növbəti aylar üçün ödənişlərdən tam və ya qismən azad etmir. Belə ki, 26.08.2021-ci il tarixə Cavabdeh1 banka əsas borc məbləği 17.148,7 manat, ümumi faiz borcu 4354,9 manat, cəmi borc 21.503,6 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək, yuxarıda qeyd edilmiş izahata uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia ərizəsini qismən qəbul etdiyini bildirərək, izahatında bildirdi ki, o borcunun olduğunu qəbul edir, borcunu ödəyəcək, lakin məhkəmədən ona ödəniş etməsi üçün vaxt verilməsini və qətnamənin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit və ipoteka müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikası MM-nin 739-cu maddəsinə əsasən kredit müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Eyni zamanda Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 (borc alan) arasında bağlanmış 07 may 2014cü il tarixli, İP-064/14P nömrəli kredit müqaviləsinə əsasən Bank "xxxx" ASC 41600 manat məbləğində krediti 300 ay müddətinə illik 8 % dərəcəsi ilə Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanında yerləşən 104 saylı, 105 kv.m ümumi sahədən ibarət olan 2 otaqlı mənzilin alınması üçün vermişdir, borc alan isə krediti qəbul etməyi və bərabər hissələrlə, müəyyən olunmuş qrafik əsasında krediti və faizləri qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra edərək cavabdehlərə - borc alanlara krediti versə də, borc alanlar müəyyən olunmuş qrafik əsasında ödənişləri həyata keçirməmişdir. Kredit müqaviləsi üzrə borcun məbləğinin müəyyən edilməsi üçün məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. 21.01.2022-ci il tarixli, 9/7494 saylı ekspert rəyinə əsasən Cavabdeh1 və birgə borcalan Cavabdeh2 26.08.2021-ci il tarixə banka 18682,94 manat əsas, 4725,28 manat faiz borcu olmaqla, ümumilikdə 23408,22 manat borcu olduğu müəyyən edilmişdir. Beləliklə, cavabdeh – borc alan müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh – borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliyi Cavabdeh3 təmsil edən X6 ilə iddiaçı arasında bağlanmış 07 may 2014-cü il tarixli, GMİ-064/14P nömrəli ipoteka müqaviləsi ilə təmin olunmuşdur. İpoteka müqaviləsinə əsasən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan ünvan 3 ünvanında yerləşən 106 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası MM-nin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. “İpoteka haqqında” Qanunun (bundan sonra – Qanun) 1.0.6, 3.1, 10.4, 11.1, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Cavabdeh əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə ki, Qanunun 34.1.1-ci və 34.1.2-ci maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. 29.10.2021-ci il tarixli X7 Mərkəzi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 29,1 kv.m olan 106 saylı mənzilin hazırki likvid dəyəri 50.000 manat təşkil edir. Cavabdeh tərəf ipoteka predmetinin dəyərini mübahisələndirməmişdir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun və 0,40 manat bank xidməti haqqının cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməmələri nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu və digər xərcləri ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınmaqla yanaşı eyni zamanda, iddiaçının dövlət rüsumunu və digər xərcləri ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və digər xərclər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalıdır. Belə ki, 21.01.2022-ci il tarixli, 9/7494 saylı ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 200 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olaraq 200 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin Cavabdeh4 ünvan 1 ünvanında yerləşən 106 saylı mənzildən istifadə hüququna xitam verilməsini və mənzilin boşaldılması hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən, yəni mənzilin boşaldılması hissəsində təmin edilməlidir. Belə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3 və 59.3.1 maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və ya o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekaya qoyulmuş olsun. Bundan əlavə, qeydiyyatda olan şəxslərin mənzilə istifadə hüququna xitam verilməsi tələbi ilə iddia qaldırmaq, subyektiv hüquq olaraq mənzilin mülkiyyətçisinə aid olduğundan, mənzili əldə etmiş yeni mülkiyyətçisi tərəfindən qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət oluna bilər. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilərək, Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 07 may 2014-cü il tarixli kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 17148,7 (on yeddi min yüz qırx səkkiz manat yetmiş qəpik) manat əsas borc, 4354,96 (dörd min üç yüz əlli dörd manat doxsan altı qəpik) manat faiz borcu olmaqla, cəmi 21503,66 (iyirmi bir min beş yüz üç manat altmış altı qəpik) manat məbləğində borc, 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində pul vəsaiti iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, İddia tələbi Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 106 saylı mənzilə yönəldilərək, açıq hərracda satılmalı, ünvan 1 ünvanında yerləşən 106 saylı mənzilin ilkin satış qiyməti 50000 (əlli min) manat müəyyən edilməklə, onun satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilməli, iddiaçının tələbi ödənildikdən sonra Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 15 ünvanında yerləşən 106 saylı mənzilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi Cavabdeh3 verilməli, ünvan 1 ünvanında yerləşən 106 saylı mənzilin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti mövcud borcun ödənilməsinə kifayət etməzsə qalan məbləğ cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalı, ünvan 1 ünvanında yerləşən 106 saylı mənzil açıq hərracda satıldıqdan sonra həmin mənzil 1 (bir) ay ərzində boşaldılmalıdır və iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan əlavə Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 07 may 2014-cü il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 17148,7 (on yeddi min yüz qırx səkkiz manat yetmiş qəpik) manat əsas borc, 4354,96 (dörd min üç yüz əlli dörd manat doxsan altı qəpik) manat faiz borcu olmaqla, cəmi 21503,66 (iyirmi bir min beş yüz üç manat altmış altı qəpik) manat məbləğində borc, 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq, iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 106 saylı mənzilə yönəldilərək, açıq hərracda satılsın. ünvan 1 ünvanında yerləşən 106 saylı mənzilin ilkin satış qiyməti 50000 (əlli min) manat müəyyən edilməklə, onun satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilsin. İddiaçının tələbi ödənildikdən sonra Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 15 ünvanında yerləşən 106 saylı mənzilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi Cavabdeh3 verilsin. ünvan 1 ünvanında yerləşən 106 saylı mənzilin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti mövcud borcun ödənilməsinə kifayət etməzsə qalan məbləğ cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulsun. Məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqatının dəyəri olaraq 200 (iki yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. ünvan 1 ünvanında yerləşən 106 saylı mənzil açıq hərracda satıldıqdan sonra həmin mənzil 1 (bir) ay ərzində boşaldılsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-135/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-135/2022
28.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver